Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2(060)-3727/2023 26.07.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Giriş hissə: Sumqayıt Şəhər Məhkəməsi Hakim Həxiyeva Şəbnəm Səlim qızının sədrliyi, İbrahimzadə Zəhra Şahverdi qızının katibliyi ilə İddiaçı MMC-nin Cavabdeh qarşı “maddi ziyanın ödənilməsi tələbi”nə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə:
1. İddiaçı MMC Cavabdeh qarşı “maddi ziyanın ödənilməsi tələbi”nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, “SNTV” əmtəə nişanı ilə fəaliyyət göstərən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti Azərbaycan Respublikasının, Sumqayıt şəhərində kabel şəbəkəsinin qurulması və əhaliyə kabel televiziyası xidmətləri göstərilməsi məqsədi ilə Azərbaycan Respublikasının “Televiziya və radio yayımı haqqında” Qanununa uyğun olaraq, Milli Televiziya və Radio Şurasından 07 may 2005-ci il tarixli, TR 057 saylı və 07 may 2012-ci il tarixli, TR 066 saylı xüsusi razılıqlar (lisenziyalar) almışdır. Bu məqsədlə kabel şəbəkəsini qurmaqla kabel televiziyasının yayımlanması üçün vətəndaşlarla müqavilə əsasında onların mənzillərinə kabel xəttləri çəkir. Kabel televiziyasının xidmətlərindən istifadə üçün aylıq abunə haqqı xx.xx.2015-ci il tarixədək 9 manat, xx.xx.2015-ci il tarixdən etibarən 10 manat təşkil edir. Lakin bir çox vətəndaşlar "xxxx" MMC ilə müqavilə bağlamadan qanunsuz olaraq “SNTV”-yə məxsus kabel şəbəkəsinə qoşulurlar. Bu qanunsuzluqların qarşısının alınması məqsədi ilə "xxxx" MMC tərəfindən "xxxx" hüquq firması ilə xx.xx.2008-ci il, xx.xx.2011-ci il, xx.xx.2014-cü il, xx.xx.2015-ci il və xx.xx.2018-ci il tarixdə hüquqi xidmətlərin göstərilməsi dair müqavilələr imzalanmışdır. Belə ki, iddia ərizəsinə əlavə 1 saylı MKİS-dən olan arayışdan görünür ki, Cavabdeh, ünvan 1 ünvanında yerləşən mənzilin sahibidir. Belə ki, xx.xx.2015-ci il tarixdə və xx.xx.2015-ci il tarixdə "xxxx" hüquq firmasının və “SNTV” kabel televiziyasının əməkdaşları sözügedən ünvanda kabel şəbəkəsinə baxış keçirən zaman, həmin mənzilin kabel şəbəkəsinə qanunsuz qoşulması faktı aşkar edilmiş, bu barədə xx.xx.2015-ci il tarixdə 0723 S saylı və xx.xx.2015-ci il tarixdə 0723 S saylı akt tərtib olunmuş və qanunsuz qoşulmuş kabel şəbəkədən ayrılmışdır. Həmin ünvanda kecirilmiş son baxış xx.xx.2014-cü il tarixində olmuşdur. Sözügedən mənzilin son baxış tarixi olan xx.xx.2014cü il tarixdə şəbəkədən ayrılmasından, qanunsuz qoşulma barədə tərtib olunan xx.xx.2015-ci il tarixli, 0723 S saylı aktın tərtib olunma tarixinədək olan müddət olan müddət 195 gün təşkil edir. Bir günlük abunə haqqının 33 qəpik olmasını nəzərə alaraq müəyyən olunmuşdur ki, cavabdehin iddiaçıya abunə haqqı qismində vurduğu zərər 64,35 manat təşkil edir. "xxxx" MMC ilə "xxxx" hüquq firması arasında bağlanmış hüquqi xidmətlərin göstərilməsinə dair müqavilənin 4.1-ci bəndinə əsasən xidmətlərin göstərilməsi və qrafik üzrə keçirilən nazarət baxışı zamanı binaların yoxlanması üçün 50 manat pul ödəyir. Ödənilən dövlət rüsumu 30,4 manat təşkil edir. Beləliklə, Cavabdeh "xxxx" MMC-yə ödəməli olduğu məbləğ cəmi 144,75 manat (50+30,40+64,35 manat) təşkil edir. Göstərilənlərə əsasən Cavabdeh “SNTV” əmtəə nişanı ilə fəaliyyət göstərən "xxxx" MMCnin kabel şəbəkəsinə müvafiq müqavilə bağlamadan qanunsuz qoşulma nəticəsində 64,35 manat abunə haqqı qismində vurulmuş zərərin, hüquqi göstərilməsi və qrafik üzrə 50 manat, iddia ərizəsi verilərkən ödənilmiş 30,4 manat məbləğində bank xidmət haqqının, cəmi 144,75 manat məbləğində pulun tutulub iddiaçı "xxxx" MMC-yə verilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir.
a) Məhkəmə icraatı iştirakçılarının izahatları:
3. Əvvəlki məhkəmə iclasında iştirak etmiş İddiaçı MMC-nin nümayəndəsi Nümayəndə iddia tələbini müdafiə edərək, tələbin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Sonuncu iclasla bağlı məhkəməyə teleqram göndərərək, işə onların iştirakları olmadan baxılmasını məhkəmədən xahiş etmişdir.
4. Məhkəmə işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
5. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, Cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir.
6. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
7. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını nəzərdən keçirib hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir.
Əsaslandırıcı hissə: a) Mülki işin materialları:
8. İş materiallarında olan "xxxx" MMC-nin “SNTV” kabel şəbəkəsinə qanunsuz qoşulmanın aşkar edilməsi haqqında xx.xx.2015-ci il tarixli, 0723 S saylı və xx.xx.2015-ci il tarixli, 0735 S saylı aktlardan görünür ki, "xxxx" MMC-nin, "xxxx" MMC-nin və Rabitə və İnformasiya Yüksək Texnologiyaları Nazirliyinin nümayəndələrinin iştirakları ilə Sumqayıt şəhəri, 5-ci məhəllə, 13/16 evin kabel şəbəkəsinə nəzarət baxışı keçirən zaman, həmin binanın 5 saylı mənzilinin “SNTV” kabel şəbəkəsinə qanunsuz olaraq qoşulduğu aşkar edilmişdir.
b) Məhkəmə tərəfindən müəyyən edilən hallar:
9. Beləliklə, məhkəmə iclasında müəyyən olundu ki, Cavabdeh ona məxsus Sumqayıt şəhəri, 5-ci məhəllə, ev 13/16, mənzil 5 ünvanında “SNTV” brendi ilə fəaliyyət göstərən "xxxx" MMC-nin kabel şəbəkəsinə müvafiq müqavilə bağlamadan qanunsuz olaraq qoşulmuş və bu qanunsuz qoşulma nəticəsində vurulmuş zərərə görə borcu yaranmışdır.
c) Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə:
10. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.
11. Həmin Məcəllənin 21.2-ci maddəsinin tələbinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.
12. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1-ci maddəsinə görə mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir).
13. Qeyd edilən Məcəllənin 1097.1-ci maddəsinin tələbinə görə mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir.
14. «Telekommunikasiya haqqında» Azərbaycan Respublikası Qanunun 35.3-cü maddəsinə əsasən telekommunikasiya şəbəkələrinə, vasitələrinə və qurğularına razılaşdırılmamış qoşulma, müdaxilə və zədələnmə nəticəsində yaranan zərərin əvəzi təqsirkar şəxslər tərəfindən aidiyyəti operatora, provayderə tam həcmdə ödənilir.
15. Məhkəmə iddianın hüquqi xidmət xərclərinin əvəzi kimi 50 manat məbləğində pulun cavabdehdən alınıb iddiaçıya verilməsi hissəsinə qiymət verərək qeyd edir ki, MPMnin 121.1-ci maddəsinin tələbinə görə məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır.
16. Məhkəmə qeyd olunan qanunun normasını rəhbər tutaraq hesab edir ki, hüquqi xidmət xərclərinin əvəzi ağlabatan məbləğdə - 15 (on beş) manat məbləğində müəyyən edilməli və həmin pul məbləği cavabdehdən alınaraq iddiaçıya verilməlidir.
17. Məhkəmə işin hallarına şərh olunan hüquq normalarına əsasən qiymət verərək bu qənaətə gəlir edir ki, iddiaçının zərərin əvəzinin ödənilməsi ilə bağlı iddia tələbi əsaslıdır, cavabdeh vurduğu zərər həddində mülki məsuliyyət daşıyır.
18. Beləliklə, məhkəmə göstərilənlərə əsasən hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh 64,35 (altmış dörd manat, otuz beş qəpik) manat məbləğində vurulmuş zərər, hüquqi xidmətə görə 15 (on beş) manat, iddia ərizəsi verilərkən ödənilmiş 30 (otuz) manat dövlət rüsumu və 0,40 (qırx qəpik) manat məbləğində bank xidmət haqqı, cəmi 109,75 (bir yüz doqquz manat, yetmiş beş qəpik) manat məbləğində pul alınaraq İddiaçı MMC-yə ödənilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir.
19. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
20. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.
21. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.
22. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
23. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
24. Qeyd olunan Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
25. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
Nəticə hissəsi:
26. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ:
İddia tələbi qismən təmin edilsin. Cavabdeh 64,35 (altmış dörd manat, otuz beş qəpik) manat məbləğində vurulmuş zərər, hüquqi xidmətə görə 15 (on beş) manat, iddia ərizəsi verilərkən ödənilmiş 30 (otuz) manat dövlət rüsumu və 0,40 (qırx qəpik) manat məbləğində bank xidmət haqqı, cəmi 109,75 (bir yüz doqquz manat, yetmiş beş qəpik) manat məbləğində pul alınaraq İddiaçı MMC-yə verilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Sədrlik edən Şəbnəm Həxiyeva