Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2(060)-3733/2025 04.09.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Kazımov Elçin Məmməd oğlunun sədrliyi, Bəhramlı Ümid Fəxri oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə Sumqayıt Şəhər Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 3165 manat və dövlət rüsumu olaraq ödədiyi 52 manat pulun tutulub ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçının dayısı qızı Cavabdeh onu aldadaraq 3165 manat pulunu mənimsəmişdir. Dayısı qızı olduğu üçün etibarından suiistifadə edən, banklarda kredit götürməsi üçün ona zamin dayanmasını istəyən Cavabdeh sonradan ona görə banklara ödədiyi pulu qaytarmamış, həmçinin zamin olduğu üçün son 2 aylıq kredit məbləği onun pensiyasından tutulmuşdur. 26 fevral 2025-ci il tarixdə ona bankdan kredit götürüb pul vermişdir. Hazırda həmin borc üzrə 2117 manat və 3 dəfə pensiyasından (687,84 manat 21 aprel 2025-ci ildə, 358,10 manat 24 fevral 2025-ci ildə və 252,76 manat 24 yanvar 2025-ci ildə) tutulmaqla, cəmi 3165 manat borcu yaranmışdır. O, ehtiyatda olan zabit kimi müharibə iştirkaçısıdır, pensiya ilə dolanır. Lakin gəlirinin əksər hissəsi Aidanın kreditlərinə gedir. Ona qarşı etdiyi əmələ görə 21 aprel 2025-ci il tarixdə polis araşdırması zamanı Cavabdeh borcunu 25 aprel tarixinə kimi ödəyəcəyini bildirsə də, ödəməmişdir. Sonradan məlum olmuşdur ki, çox adama qarşı bu cür əməllər törətmişdir. Aida telefonlara cavab vermir, qaçıb gizdənməklə məşquldur. Atası, bütün qohumları bu xanımı danlasa da, borcunu qaytarmır. Göstərilənlərə əsasən iddia təmin olunmalıdır. Sonradan iddiaçı MPM-nin 53-cü maddəsinə istinad edərək məhkəmədən Cavabdeh 3165 manat, əlavə tutulan 740 manat və dövlət rüsumu olaraq ödədiyi 52 manat pulun tutulub ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verərək tələbin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Belə olan halda məhkəmə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iddiaçını dinləyib, iş materiallarını araşdıraraq və iş üzrə sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan: - Bakı şəhər Nəsimi RPİ 19 saylı PŞ-nin xx.xx.2025-ci il tarixli qərarından görünür ki, İddiaçı Cavabdeh barəsində 2727 manat borca görə etdiyi şikayət ərizəsi əsasında toplanmış material üzrə cinayət işinin başlanılması rədd edilmişdir. Araşdırma zamanı Cavabdeh qeyd etmişdir ki, 2024-cü ildə "xxxx" ASC-dən kredit götürən zaman İddiaçı ona zamin durmuş, hazırki vaxtadək kredit borcunu ödəmiş, lakin sıxıntı olduğu üçün qalan borcunu ödəyə bilməmişdir. xx.xx.2025-ci ildən sonra banka olan borcunu ödəməyə başlayacaqdır. - İşdə olan xx.xx.2025, xx.xx.2025 və xx.xx.2025-ci il tarixli ödəmə qəbzlərinin surətindən görünür ki, 687,89 manat, 358,10 manat və 252,76 manat olmaqla cəmi 1298,75 manat vəsait ödənilmişdir. - İşdə olan xx.xx.2025 və xx.xx.2025-ci il tarixli ödəmə qəbzlərinin surətindən görünür ki, 369,57 və 370,31 manat olmaqla cəmi 739,88 manat vəsait ödənilmişdir. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, tərəflər qohum olduqlarından onların arasında pul münasibətləri yaranmış və cavabdehin öhdəlikləri iddiaçıya məxsus gəlirlərlə ödənildiyindən ona maddi ziyan dəymişdir. Bununla bağlı Kərimov X1 Aida Faiq qızı barəsində müvafiq polis orqanına şikayət etmiş və Bakı şəhər Nəsimi RPİ 19 saylı PŞ-nin xx.xx.2025-ci il tarixli qərarı ilə bu şikayət ərizəsi əsasında toplanmış material üzrə cinayət işinin başlanılması rədd edilmişdir. Araşdırma zamanı Cavabdeh qeyd etmişdir ki, 2024-cü ildə "xxxx" ASC-dən kredit götürən zaman İddiaçı ona zamin durmuş, hazırki vaxtadək kredit borcunu ödəmiş, lakin sıxıntı olduğu üçün qalan borcunu ödəyə bilməmişdir. xx.xx.2025-ci ildən sonra banka olan borcunu ödəməyə başlayacaqdır. Məhkəmə iddia tələbi ilə bağlı aşağıdakı hüquq normalarının qeyd edilməsini zəruri hesab edir. Azərbaycan Respublikasının Mülki Məcəllənin 21-ci maddəsinə görə, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətlərdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Sözügedən Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 448.2-ci maddəsinə görə, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır İşin faktiki hallarından görünür ki, indiyədək iddiaçıdan 3905 manat vəsait tutulmuşdur. Göründüyü kimi, Cavabdeh bu məbləğdə iddiaçıya zərər vurduğundan həmin məbləğ ondan İddiaçı xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 80-ci maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Həmin Məcəllənin 82.1-ci maddəsinə əsasən hamıya bəlli olan hallar və ya faktlar mübahisə edilə bilməz və onların sübuta ehtiyacı yoxdur. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh cəmi 3905 manat pul alınaraq İddiaçı verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 115.0.6-cı maddəsinə əsasən vəkillərə etdikləri kömək üçün ödənilən xərclər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. Həmin Məcəllənin 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və təqdim edilmiş məlumatlar qiymətləndirilməklə, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Məhkəmə iddianın ödənilmiş dövlət rüsumunun tutulması ilə bağlı hissəsini araşdıraraq hesab edir ki, iddia bu hissədə də təmin edilməlidir. Belə ki, iddianın qiyməti 1000 manatdan 10000 manatadək olduqda məhkəməyə ödənilməli olan dövlət rüsumunun məbləği 30 manat + 1000 manatdan yuxarı olan iddia qiymətinin 1 %-i qədər olmalıdır. (“Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsi) Hazırda iddia tələbinin təmin edilən hissəsi 3905 manat olduğundan iddiaçı tərəfindən ödənilmiş 52 manat dövlət rüsumunun əvəzi cavabdehdən tutularaq iddiaçılara ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Yenə də həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 3905 manat pul və ödənilmiş 52 manat dövlət rüsumunun əvəzi tutularaq İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Elçin Kazımov
Məhkəmə qərarları › İş №e-2(060)-3733/2025
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(060)-3733/2025
04.09.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver