Məhkəmə qərarları › İş №e-2(060)-3864/2025

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(060)-3864/2025

13.10.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2(060)-3864/2025 13.10.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Kazımov Elçin Məmməd oğlunun sədrliyi, Bəhramlı Ümid Fəxri oğlunun katibliyi, Cavabdeh2 iştirakı ilə, İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı borcun ödənilməsi tələbinə dair iddiası üzrə mülki işə Sumqayıt Şəhər Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı ASC iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada 10057,28 manat əsas kredit borcu, 364,86 manat kreditdən istifadəyə görə faiz borc, 12,19 manat cərimə borc olmaqla, cəmi 10434,33 manat borcun, həmçinin 121,3 manat ödənilmiş dövlət rüsumunun İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC ilə bağlanmış xx.xx.2023-cü il tarixli, 16310***-*******01L saylı əsas kredit limiti razılaşmasına əsasən Cavabdeh2 120 ay müddətinə, illik faiz dərəcəsi 29%-dən yuxarı olmamaq şərti ilə 50000 (əlli min) manat məbləğində kredit limiti ayrılmışdır. Əsas kredit limiti razılaşması üzrə öhdəliklərin icrasının təmini kimi bankla digər Cavabdeh1 ilə xx.xx.2023-cü il tarixli 16FİZAM196689601saylı zaminlik müqaviləsi bağlanmış və o, əsas kredit limiti razılaşması üzrə öhdəliklərin icrası üçün məsuliyyəti öz üzərinə götürmüşdür. xx.xx.2023-cü il tarixli SMS razılaşmasına əsasən İddiaçı ASC tərəfindən Cavabdeh2 41 ay müddətinə illik 17.5% dərəcəsi ilə (aylıq ödəniş 587,04 manat olmaqla hər ayın 03-dək ödənilmək şərti ilə) 18000 manat məbləğində kredit verilmişdir. Lakin kredit öhdəlikləri vaxtında və lazımi qaydada icra etməyən Cavabdeh2 banka borcu xx.xx.2025-ci il tarixli maliyyə arayışına əsasən 10057,28 manat əsas, 364,86 manat faiz, 12,19 manat cərimə olmaqla, ümumi kredit borcunun məbləği 10434,33 manat təşkil edir. Cavabdehlərə dəfələrlə şifahi və bildirişlə müraciət etmələrinə baxmayaraq, kreditin və kreditdən istifadəyə görə faizlərin ödənilməsi üçün tədbir görülməmiş, müqavilələrdən irəli gələn öhdəlikləri lazımi qaydada icra etməmişdirlər. Bu səbəbdən məhkəməyə müraciət etmək məcburiyyətində qalmışlar. İddiaçı ASC-nin nümayəndəsi ərizə ilə məhkəməyə müraciət edərək məhkəmə iclasının iştirakları olmadan keçirilməsini və iddia tələblərinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh2 iddia tələbini qəbul etdiyini, bildirdi. Məhkəmə iclasının vaxtı və yeri barədə məlumatlandırılmasına baxmayaraq Cavabdeh1 məhkəmə iclasında iştirak etməmiş, bunun üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən məhkəmə mülki işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq və iş üzrə sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan: - Cavabdeh2 ilə İddiaçı ASC arasında bağlanmış xx.xx.2023-cü il tarixli, 16310***- *******01L saylı əsas kredit limiti razılaşmasından görünür ki, bank borcluya 120 ay müddətinə, illik 29 %-dən yuxarı olmamaqla 50000 manat kredit limiti ayırmışdır. - xx.xx.2023-cü il tarixli SMS razılaşmasına əsasən İddiaçı ASC tərəfindən Cavabdeh2 41 ay müddətinə, illik 17,5% dərəcəsi ilə aylıq ödəniş 587,04 manat olmaqla hər ayın 3-dək ödənilmək şərti ilə 18000 manat məbləğində kredit verilmişdir. - xx.xx.2023-cü il tarixli, 16FİZAM196689601 saylı zaminlik müqaviləsindən görünür ki, Cavabdeh1 zaminlik müqaviləsi ilə öhdəliklərinin icrası üçün məsuliyyəti öz üzərinə götürmüşdür. - xx.xx.2025-ci il tarixli maliyyə arayışından görünür ki, cavabdehlərin banka 10057,28 manat əsas, 364,86 manat faiz, 12,19 manat cərimə olmaqla, cəmi 10434,33 manat məbləğində borcları vardır. Beləliklə, məhkəmə araşdırılması zamanı müəyyən olundu ki, Cavabdeh2 ilə İddiaçı ASC arasında bağlanmış xx.xx.2023-cü il tarixli SMS razılaşmalarına əsasən borclu götürdüyü kredit borcunu, faiz dərəcələri ilə birlikdə 41 ay müddətinə ödəməyi öhdəsinə götürmüş, borcun təminatı olaraq Cavabdeh1 ilə xx.xx.2023-cü il tarixli zaminlik müqaviləsi bağlanmışdır. Lakin nəzərdə tutulan öhdəliyin yerinə yetirilməsinə dair cavabdehlərə xəbərdarlıq məktublarının göndərilməsinə baxmayaraq, öhdəlik cavabdehlər tərəfindən yerinə yetirilməmişdir. Cavabdehlərin xx.xx.2025-ci il tarixinə xx.xx.2023-cü il tarixli SMS razılaşması ilə 10057,28 manat əsas, 364,86 manat faiz, 12,19 manat cərimə borcu olmaqla ümumilikdə 10434,33 manat məbləğində borcları yaranmışdır. Məhkəmə iddia tələbi ilə bağlı aşağıdakı hüquq normalarının qeyd edilməsini zəruri hesab edir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətlərdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə görə, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Bu Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş diqər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Sözügedən Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəlləsinin 5.3-cü maddəsinə əsasən, mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Həmin Məcəllənin 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə,əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Beləliklə, məhkəmə iş üzrə təqdim olunmuş sübutları məcmu halında qiymətləndirərək, sadalanan maddi hüquq normalarına əsaslanaraq və həmin maddələrin tələblərini işin faktiki hallarına tətbiq edərək belə nəticəyə gəlir ki, Cavabdeh2 iddiaçıdan aldığı kredit üzrə əsas borcu və müqavilə ilə müəyyən edilmiş faizləri iddiaçıya qaytarmalı olmasına dair öhdəliklərin daşıyıcısı olmuşdur. Zaminlik müqaviləsi üzrə zamin kreditor qarşısında borclunun kredit müqaviləsi üzrə öhdəliklərinin tam həcmdə yerinə yetirilməsinə görə məsuliyyəti tam olaraq üzərinə götürmüşdür. Lakin, cavabdehlər xx.xx.2023-cü il tarixli SMS razılaşmaları üzrə öhdəliklərini icra etməyərək razılaşmaların tələblərini pozmuş və iddiaçı qarşısında pul öhdəliyini yerinə yetirməmişdir. Ona görə də iddiaçının xx.xx.2023-cü il tarixli SMS razılaşmaları üzrə əsas və faiz borcun cavabdehlərdən tutulmasına dair hissədə iddia tələbi təmin edilməlidir. İddia tələbindən göründüyü kimi cavabdehlərdəndən eyni zamanda hesablanmış 12,19 manat cərimə (dəbbə) pulunun tutulması tələb olunur. Məhkəmə hesab edir ki, cavabdehlərdən 12,19 manat məbləğində cərimə (dəbbə) pulunun tutulması tərəflərin maraqlarına uyğun hesab edilməlidir. Ona görə də iddia tələbi bu hissədə də təmin edilməlidir. Məhkəmə iddianın ödənilmiş dövlət rüsumunun tutulması ilə bağlı hissəsini araşdıraraq hesab edir ki, iddia bu hissədə də təmin edilməli, iddia qiyməti 10.000 manatdan 100.000 manatadək olduqda məhkəməyə ödənilməli olan dövlət rüsumunun məbləği 120 manat + 10.000 manatdan yuxarı olan iddia qiymətinin 0,3 faizi miqdarında olmalıdır. (“Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.3-cü maddəsi). Hazırda iddia tələbinin təmin edilən hissəsi 10434,33 manat olduğundan (10057,28 manat əsas + 364,86 manat faiz + 12,19 manat cərimə borcu = 10434,33) iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumunun əvəzi 121,3 manat cavabdehlərdən tutularaq iddiaçıya ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 xx.xx.2023-cü il tarixli SMS razılaşmasına əsasən 10057,28 manat əsas, 364,86 manat faiz, 12,19 manat cərimə borcu olmaqla ümumilikdə 10434,33 manat borcun və ödənilmiş 121,3 manat dövlət rüsumunun əvəzi İddiaçı ASC-nin xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası MPM-nin 77.1.-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh2 və Cavabdeh1; xx.xx.2023-cü il tarixli SMS razılaşmasına əsasən 10057,28 manat əsas borc, 364,86 manat faiz borcu, 12,19 manat cərimə borcu; ümumilikdə isə 10434,33 manat borcun və ödənilmiş 121,3 manat dövlət rüsumunun əvəzi İddiaçı ASC-nin xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Elçin Kazımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar