Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2(060)-3872/2021 30.09.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hüseynov Elmir Xoşbəxt oğlunun sədrliyi, İbrahimova Nuranə Əjdər qızının katibliyi, İddiaçı MMC-nin nümayəndəsi və vəkili Vəkil, Cavabdeh iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı maddi ziyanın ödənilməsi tələbinə dair mülki işə Sumqayıt Şəhər Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı MMC-nin Cavabdeh qarşı maddi ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh İddiaçı MMC-yə məxsus nəqliyyat vasitəsinə vurduğu zərərin əvəzi olaraq, ondan 30910 (otuz min doqquz yüz on) manatın tutulub İddiaçı MMC-yə ödənilməsi haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Cavabdeh İddiaçı MMC-də əmək müqaviləsi əsasında sürücü vəzifəsində işləyəndə MMC-yə məxsus **-JV-*** dövlət qeydiyyat nömrə nişanlı yük avtomobili ilə yol nəqliyyat hadisəsi törədərək, İddiaçı MMCyə zərər vurmuşdur. Onun yol nəqliyyat hadisəsi törədərkən içkili və təqsirli olması Xaçmaz RPŞ-nin 01 dekabr 2020-ci il tarixli qərarı ilə təsdiq edilir. Cavabdehin İddiaçı MMC-yə məxsus nəqliyyat vasitəsinə vurduğu zərər "xxxx" MMC tərəfindən 30910 manat məbləğində müəyyən edilmişdir. Cavabdeh ilə İddiaçı MMC-nin arasında əmək müqaviləsi ilə yanaşı, tam maddi məsuliyyət haqqında da müqavilə mövcud olmuşdur. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək, iddia tələbinin əsaslı olduğunu və təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında cavabdeh iddianı qəbul etməyərək, izahat verərək nəqliyyat hadisəsi törədərkən içkili olmadığını, hazırda işsiz olduğunu, 3 azyaşlı övladının olduğunu bildirdi və bütün bunların nəzərə alınmasını xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq və iş üzrə sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan: - 02 mart 2020-ci il tarixli Əmək müqaviləsindən görünür ki, Cavabdeh İddiaçı MMCə sürücü (yük avtomobili) vəzifəsində işə qəbul edilmişdir. - 02 mart 2020-ci il tarixli tam maddi məsuliyyət haqqında müqavilənin 3.1-ci bəndindən görünür ki, həm işçi həm də işəgötürən bu müqavilə ilə nəzərdə tutulmuş ziyanın vurulmasına görə tam maddi məsuliyyət daşıdıqları üçün qarşı tərəfə vurduqları ziyanı tam həcmdə ödəməyə borcludurlar. - 01 dekabr 2020-ci il tarixli “cinayət işi başlanmasının rədd edilməsi barədə” qərardan görünür ki, Cavabdeh Araz oğlu baş vermiş yol-nəqliyyat hadisəsi zamanı içkili vəziyyətdə olmuşdur. Cavabdeh Araz oğlunun barəsində toplanmış materialda cinayət hadisəsi olmadığı üçün cinayət işinin başlanması rədd edilmişdir. -"xxxx" MMC-nin verdiyi 10.03.2021-ci il tarixli qüsur aktından avtomobilin təmir işlərinə çəkilən xərclərin miqdarı 30910 (otuz min doqquz yüz on) manat məbləğində müəyyən edilmişdir. İş üzrə keçirilmiş məhkəmə məhkəmə-əmtəəşünaslıq ekspertizasının 06 sentyabr 2021-ci il tarixli, 9/4750 saylı rəyindən görünür ki, "xxxx" MMC-nin 10.03.2021-ci il tarixli qüsur aktındakı məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla 2011-ci il buraxılışlı “Daff” markalı **-JV-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci avtoehtiyat hissələrinə köhnəlmə faizi tətbiq edilməklə təxminən 24998 (iyirmi dörd min doquz yüz doxsan səkkiz) manat müəyyən edilmişdir. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, Cavabdeh Araz oğlu ilə İddiaçı MMC arasında əmək müqaviləsi olmuşdur, həmin müqaviləyə əsasən cavabdeh iddiaçı şirkətə məxsus avtomoblin sürücüsü işləmişdir. Əmək müqaviləsi ilə yanaşı cavabdehlə iddiaçı arasında tam maddi məsuliyyət haqqnda müqavilə bağlanmışdır. 01.11.2020-ci ildə cavabdeh iddiaçı şirkətə məxsus Daff markalı, **-JV-*** dövlət qeydiyyat nömrə nişanlı yük avtomobili ilə Xaçmaz rayon ərazisindən keçən ipək yolu kimi tanınan magistral yolda hərəkətdə olarkən avtomobil yolun ortasına qoyulmuş beton arakəsmələrə çırpılmışdır. Hadisə ilə əlaqədar cavabdeh sümük sınığı və alkoqol sərxoğluq diaqnozu ilə xəstəxanaya daxil olmuşdur. Cavabdehin hərəkətləri nəticəsində iddiaçıya maddi ziyan vurulmuşdur. Məhkəmə iddia tələbi ilə bağlı aşağıdakı hüquq normalarının qeyd edilməsini zəruri hesab edir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 191-ci maddəsinə əsasən Əmək münasibətləri prosesində əmək müqaviləsi üzrə işəgötürən və işçi öhdəliklərini yerinə yetirərkən birinin digərinə vurduğu ziyana görə bu Məcəllədə və müvafiq normativ hüquqi aktlarda göstərilmiş qaydada qarşılıqlı maddi məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 192-ci maddəsinə əsasən -Tərəflərin maddi məsuliyyəti işəgötürənin və işçinin hərəkət və ya hərəkətsizliyi nəticəsində birinin digərinə ziyan vurduğu aşkar edildiyi andan başlayır. Tərəflər, maddi ziyanın məbləğini və onun vurulduğunu, habelə digər tərəfə ziyan vurmaqda təqsiri olmadığını iddia etdikdə bunu sübut etməyə borcludurlar. Həmin Məcəllənin 194-cü maddəsinə əsasən - ziyan vurmaqda təqsirli olan tərəf cinayət məsuliyyətinə, habelə inzibati və digər məsuliyyətə cəlb edilməsindən asılı olmayaraq müəyyən edilmiş qaydada maddi ziyanın məbləğini ödəməyə borcludur. Ziyan vurulduqdan sonra əmək münasibətlərinə xitam verilməsi təqsirkar tərəfi maddi məsuliyyətdən azad etmir. Həmin Məcəllənin 199-cu maddəsinə əsasən - İşçi qanunazidd hərəkətləri ilə aşağıdakı hallarda vurduğu ziyana görə tam həcmdə maddi məsuliyyət daşıyır: -inzibati xətalar, yaxud cinayət, habelə vergi qanunvericiliyi ilə cəza verilməsi nəzərdə tutulmuş hərəkət və ya hərəkətsizliyində ictimai təhlükəli əməllərin əlamətləri olduqda; [221] - alkoqol, toksik (zəhərli), psixotrop maddələrdən və ya narkotik vasitələrdən sərxoş vəziyyətdə ziyan vurulduqda. Həmin Məcəllənin 200-cü maddəsinə əsasən -İstər bilavasitə əmək müqaviləsi bağlanarkən, istərsə də əmək münasibətləri prosesində işəgötürən etibar edərək verdiyi əmlakın maddi və ya digər sərvətlərin saxlanması, emalı, satışı, daşınması, istifadəsi və başqa əməliyyatların aparılması ilə bilavasitə əlaqədar işlər görən və ya xidmətlər göstərən 18 yaşına çatmış işçilərlə onların tam maddi məsuliyyət daşıması barədə yazılı müqavilə bağlaya bilər. Həmin Məcəllənin 202-ci maddəsinə əsasən - İşəgötürənin əsas fondu (vəsaitləri) hesab edilən əmlakının itirilməsi, korlanması və oğurlanması hallarında ziyanın məbləği, müvafiq aşınma normaları nəzərə alınmaqla maddi qiymətli əşyaların balans dəyərindən (maya dəyərindən) hesablanır. Digər hallarda ziyanın məbləği ziyan vurulan vaxtda mövcud olan bazar qiymətləri ilə hesablanır. Həmin Məcəllənin 206-cı maddəsinə əsasən - Məhkəmə təqsirlilik dərəcəsini, konkret şəraiti, işçinin maddi vəziyyətini və iş üzrə əhəmiyyət kəsb edən digər halları nəzərə alaraq müəyyən olunmuş ziyanın məbləğini azalda və ya ziyanın məbləğinin azaldılması barədə tərəflərin barışıq sazişini təsdiq edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096-cı maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Həmin Məcəllənin 1115-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Beləliklə, məhkəmə iş üzrə təqdim olunmuş sübutları məcmu halında qiymətləndirərək, sadalanan maddi hüquq normalarına əsaslanaraq və həmin maddələrin tələblərini işin faktiki hallarına tətbiq edərək belə nəticəyə gəlir ki, cavabdeh tərəfindən iddiaçıya maddi ziyan vurulması və Cavabdeh buna gətirib çıxaran əməldə təqsiri iş materialları ilə təsdiq olunur. Dəymiş zərərin məbləği isə, ekspertin rəyi ilə müəyyən olunmuş 24998 (iyirmi dörd min doquz yüz doxsan səkkiz) manat müəyyən edilməli və həmin məbləğ cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Eyni zamanda məhkəmə ekspertizası tədqiqatının dəyərinin əvəzi olaraq Cavabdeh 100 manat tutularaq X1 hesabına ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, Q Ə T E T D İ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh 24998 manat tutularaq İddiaçı MMC-nə ödənilsin. Məhkəmə ekspertizası tədqiqatının dəyəri olaraq Cavabdeh 100 manat tutularaq X1 müxbir hesabına köçürülsün. (Kod:210005,VÖEN:**********,Müxbir hesab:AZ41NABZ********************) İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə qəbul edildiyi gündən 1(bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Elmir Hüseynov
Məhkəmə qərarları › İş №e-2(060)-3872/2021
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(060)-3872/2021
30.09.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver