Məhkəmə qərarları › İş №e-2(060)-388/2023

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(060)-388/2023

18.04.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2(060)-388/2023 18.04.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Abdullayev Emin Ağamusa oğlunun sədrliyi, X2 oğlunun katibliyi, iddiaçının nümayəndəsi X1, Cavabdeh2 iştirakları ilə, iddiaçı LPO "xxxx" ASC-nin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı borcun tutulması tələbinə dair mülki işə Sumqayıt Şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: LPO "xxxx" ASC (bundan sonra - iddiaçı) Cavabdeh2 və Cavabdeh1 (bundan sonra – cavabdehlər) qarşı iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, 1950,27 manat əsas, 1659,37 manat faiz, 1681,09 manat cərimə, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 267,30 manat faiz borcu və iş üzrə ödənilmiş 75,59 manat dövlət rüsumunun cavabdehlərdən müştərək qaydada tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, iddiaçə ilə Cavabdeh2 arasında bağlanmış ********* nömrəli, xx.xx.2015-ci il tarixli kredit müqaviləsinə əsasən mal alışı məqsədilə cavabdehə 24 ay müddətinə, illik 21,5 % dərəcəsi ilə ödəmək şərtilə, 3000 ABŞ dolları məbləğində kredit verilmişdir. Həmin müqaviləyə əsasən kredit borcalana mal alışı məqsədi ilə verilsə də, vergi uçotuna alınmış vergi ödəyiciləri barədə məlumat əldə etmək üçün Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi Yanında Dövlət Vergi Xidmətinin İnternet Vergi İdarəsində fiziki şəxslər üzrə ada görə Cavabdeh2 vergi ödəyicisi kimi axtarılmış, lakin buna baxmayaraq həmin ada uyğun VÖEN müəyyən edilməmişdir. Cavabdeh2 kredit verilərkən Cavabdeh1 ilə iddiaçı arasında 110011243/ZM nömrəli, xx.xx.2015-ci il tarixli zaminlik müqaviləsi bağlanmışdır. Borcun ödənilməsi barədə cavabdehlərə dəfələrlə şifahi müraciət olunmasına, habelə **********138 saylı, xx.xx.2022ci il tarixli bildiriş məktublarının göndərilməsinə baxmayaraq, cavabdehlər borcun ödənilməsi üçün heç bir tədbir görməmişlər. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadı ilə iş üzrə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmiş və iş üzrə icraat ekspertin rəyi alınanadək dayandırılmışdır. xx.xx.2023-cü il tarixində iş üzrə ekspertin rəyi məhkəməyə daxil olmuş və iş üzrə icraat təzələnmişdir. Cavabdeh2 məhkəməyə ərizə ünvanlayaraq Azərbaycan Respublikasında Fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli, 551 №-li Fərmanında olan xüsusatların ona da şamil olunmasını xahiş etmişdir. İddiaçının nümayəndəsi məhkəmə iclasında iddia ərizəsinin məzmununa uyğun izahat verdi, əlavə olaraq bidlirdi ki, cavabdeh tərəfindən banka restrukturizasiya ilə bağlı müraciət edilməmişdir. Lakin müqavilənin “Fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər görülməsinə dair” Azərbaycan Respublikasının Prezidentinin 28 fevral 2019-cu il tarixli Fərmanın əhatə dairəsinə düşməsi inkar edilmir. Qeyd edilənlərə əsasən iddiaçının nümayəndəsi iddianın təmin edilməsini xahiş etdi. Cavabdeh2 məhkəmə iclasında bildirdi ki, müqavilə Fərmanın təsir dairəsinə düşür. Lakin bununla bağlı iddiaçıya müraciət etməyib. O, 2019-cu ildə ödənişlər üçün vaxtın uzadılması ilə bağlı iddiaçıya müraciət etmişdir. Lakin bu müraciət cavabsız qalmışdır. Qeyd edilənlərə əsasən cavabdeh iddianın rədd edilməsini xahiş etdi. Cavabdeh1 məhkəmə iclasının vaxtı və yeri barədə bildiriş göndərilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə işə Cavabdeh1 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin və Cavabdeh2 izahatlarını dinləyib, iş materiallarını və iddia ərizəsinin dəlillərini araşdıraraq aşağıdakı nəticəyə gəlir. İş materialları ilə müəyyən edilir ki, Cavabdeh2 xx.xx.1964-cü ildə, Gədəbəy rayonu, Ağamalı kəndində anadan olmuşdur. O, ünvan 1 ünvanında qeydiyyatdadır. Cavabdeh1 xx.xx.1966-cı ildə, Saatlı rayonu, Musall kəndində anadan olmuşdur. O, ünvan 3 ünvanında qeydiyyatdadır. İddiaçı ilə Cavabdeh2 arasında bağlanmış ********* nömrəli, xx.xx.2015-ci il tarixli kredit müqaviləsinə əsasən iddiaçı cavabdehə 24 ay müddətinə illik 21,5 % dərəcəsi ilə, 3000 ABŞ dolları məbləğində kredit vermişdir. Ödəniş cədvəlinə əsasən cavabdeh iddiaçıya kredit müqaviləsinə əsasən hər ay 154,92 ABŞ dolları, sonuncu ay isə 154,79 ABŞ dolları ödəniş etməli idi. Sonuncu ödəniş xx.xx.2017-ci il tarixində edilməli idi. İddiaçı ilə digər Cavabdeh1 arasında bağlanmış 110011243/ZM nömrəli, xx.xx.2015-ci il tarixli zaminlik müqaviləsinə əsasən o, Cavabdeh2 kredit müqaviləsindən irəli gələn iddiaçı qarşısında öhdəlikləri üzrə zaminliyi öz üzərinə götürmüşdür. İddiaçı ilə Cavabdeh2 arasında xx.xx.2017-ci il tarixində yenidən kredit müqaviləsi üzrə əlavə saziş bağlanmış və kreditin müddəti xx.xx.2019-cu ilə kimi müəyyən edilmişdir. Eyni zamanda kredit borcu 1 ABŞ dolları-1,5 manata konvertasiya edilərək, ümumi borc 4329,50 manat müəyyən edilmişdir. Həmin saziş üzrə ödəniş cədvəlinə əsasən Cavabdeh2 xx.xx.2019-cu il tarixinədək hər ay 161,34 manat, sonuncu ay 161,38 manat ödəniş etməli idi. İddiaçı tərəfindən cavabdehlərə borcun ödənilməsi ilə bağlı xəbərdarlıq məktubu göndərilmişdir. xx.xx.2022-ci il tarixli maliyyə arayışına əsasən cavabdehin xx.xx.2022-ci il tarixinə 1950 manat əsas borc, 1659,37 manat faiz borcu, 1681,09 manat cərimə, 267,30 manat gecikdirilmiş faiz borcu olmaqla, cəmi 5558,03 manat borcu vardır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli, 9/243 saylı ekspert rəyində göstərilmişdir ki, cavabdehin kredit müqaviləsinin bitdiyi xx.xx.2019-cu il tarixə əsas borc üzrə 1943,15 manat, faiz borcu üzrə 957,97 manat , məhkəməyə müraciət olunduğu xx.xx.2022-ci il tarixə əsas borc üzrə 1943,15 manat, faiz borcu üzrə 1238,64 manat təşkil edir. İşdən göründüyü kimi cavabdehə borcun ödənilməsi ilə bağlı xəbərdarlıq göndərilmişdir. Mərkəzi Bankın elektron (cbar.az) portalına daxil olaraq “Problemli kreditlər” bölməsində yerləşdirilmiş çıxarışa əsaslanaraq aydın oldu ki, Cavabdeh2 ilə bağlanmış kredit müqaviləsi Azərbaycan Respublikasının Prezidentinin 28 fevral 2019-cu il tarixli Fərmanın təsir dairəsinə düşür. Lakin Banka müraciət etmədiyi üçün, cavabdeh ilə restrukturizasiya müqaviləsi bağlamaq mümkün olmamışdır. İşdə olan mədaxil qəbzindən görünür ki, iddiaçı iddia ərizəsinin verilməsi üçün 75,59 manat dövlət rüsumu ödəmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx.xx.2017-ci il tarixli, 2-1(103)-3194/17 saylı qərarı ilə İddiaçı ASC müflis elan edilmiş, Əmanətlərin Sığortalanması Fondu İddiaçı ASC-nin ləğvedicisi təyin edilmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinə (bundan sonra - Mülki Məcəllə) əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür (739.1). Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər (739.2). Göründüyü kimi iddiaçı ilə Cavabdeh2 arasında kredit müqaviləsi bağlanmışdır. Mülki Məcəllədə qeyd edilir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır (385.1). Öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür (442). Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır (445.2.1). Cavabdeh kredit öhdəliklərini lazımınca icra etməmiş və banka borcu qalmışdır. Fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər görülməsinə dair” Azərbaycan Respublikasının Prezidentinin 28 fevral 2019-cu il tarixli Fərmanının 5.1-ci bəndində göstərilmişdir ki, Fərman qüvvəyə mindiyi tarixə fiziki şəxslərin xarici valyutada əsas məbləği 10 000 ABŞ dollarınadək, milli valyutada isə 17 000 manatadək olan kreditlər üzrə vaxtı keçmiş kredit borclarının restrukturizasiyası məqsədilə, Azərbaycan Respublikası Maliyyə Bazarlarına Nəzarət Palatasının müraciəti əsasında, banklara 682 000 000 manat məbləğinədək dövlət zəmanəti ilə təmin edilmiş güzəştli kredit verilməsinin təmin edilməsi Azərbaycan Respublikasının Mərkəzi Bankına tövsiyə edilsin (5.1). İş üzrə təyin edilmiş məhkəmə-mühasibatlıq ekspertizasının rəyinə əsasən cavabdehin müqavilənin müddətinin bitdiyi xx.xx.2019-cu il tarixinə borcu əsas borcu 1943,15 manat müəyyən edilmişdir. İş materiallarından görünür ki, tərəflər arasında kredit müqaviləsi 2015-ci ildə bağlanmışdır. Kreditin məbləği və gecikmə müddəti müqavilənin “Fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər görülməsinə dair” Azərbaycan Respublikasının Prezidentinin 28 fevral 2019-cu il tarixli Fərmanın əhatə dairəsinə düşməsini təsdiq edir. “Problemli kreditlər” bölməsində yerləşdirilmiş çıxarışdan da həmin fakt öz təsdiqini tapmışdır. Bu səbəbdən məhkəmə hesab edir ki, tərəflər arasında bağlanmış kredit müqaviləsi yuxarıda qeyd edilən Fərmanın əhatə dairəsinə düşdüyündən iddia yalnız əsas borcun tutulması hissəsində təmin edilməli, digər hissələrdə isə təmin edilməməlidir. Göründüyü kimi cavabdehin ekspert rəyi ilə müəyyən olunmuş əsas borcu iddia ərizəsində tələb olunan borcdan azdır. Məhkəmə hesab edir ki, müqavilənin müddətinin bitdiyi tarixə ekspert rəyində göstərilən məbləğdə, yəni 1943,15 manat məbləğində borc cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Mülki Məcəllənin 477.0.4-cü maddəsinə əsasən zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda zaminliyə xitam verilir. Belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. İşdən göründüyü kimi kredit müqaviləsinin icra müddəti xx.xx.2019-cu il tarixində bitmişdir. Lakin iddia ərizəsi 1 illik müddəti ötürməklə xx.xx.2022-ci il tarixində məhkəməyə təqdim edilmişdir. Bu səbəbdən iddia tələbi zaminə aid hissədə təmin edilə bilməz. MPM-in 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən iş üzrə iddiaçı tərəfindən iddia ərizəsinin verilməsi ilə əlaqədar ödənilmiş 75,59 manat dövlət rüsumunun 30 manatı Cavabdeh2 aid edilməlidir. Yuxarıdakılara əsasən və MPM-in 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Əsas borc üzrə 1943 (min doqquz yüz qırx üç) manat 15 (on beş) qəpik pul və 30 (otuz) manat dövlət rüsumu Cavabdeh2 tutularaq iddiaçı LPO "xxxx" ASC-yə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 145 manatın 100 (yüz) manatı LPO "xxxx" ASC-dən, 45 (qırx beş) manatı isə Cavabdeh2 tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Emin Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar