Məhkəmə qərarları › İş №e-2(060)-393/2025

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(060)-393/2025

08.04.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2(060)-393/2025 08.04.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Şirəliyeva Vəfa Zavrulla qızının sədrliyi, Quliyeva Günay Tahir qızının katibliyi, İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank Olmayan Kredit Təşkilatının nümayəndəsi X3, Cavabdeh, onun nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank Olmayan Kredit Təşkilatının Cavabdeh qarşı “borcun tutulması” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddia tələbi:

1. İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank Olmayan Kredit Təşkilatı Cavabdeh qarşı iddia qaldıraraq Cavabdeh “vakala” borc müqaviləsi üzrə əsas borc üzrə 2053,17 manat, faiz borcu üzrə 195,29 manat olmaqla, cəmi 2248,46 manat məbləğində pul vəsaitinin və həmçinin ödənilmiş 42,48 manat məbləğində dövlət rüsumunun tutulub İddiaçı QSC-nin xeyrinə ödənilməsinə dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.

İddia tələbinin əsaslandırıldığı hallar :

2. İddia onunla əsaslandırılmışdır ki, "xxxx" Açıq Səhmdar Cəmiyyətinin dövlətə məxsus səhmlərinin özəlləşdirilməyə hazırlanması ilə bağlı sağlamlaşdırılma tədbirləri haqqında Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 15 iyul tarixli, 570 saylı Fərmanına əsasən, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 194-cü maddəsinə uyğun olaraq "xxxx" ASC ilə İddiaçı QSC arasında bağlanmış, tələb hüququnun güzəşt edilməsinə dair xx.xx.2015-ci il tarixli müqaviləyə görə "xxxx" ASC-nin problemli aktivlərinin tələb hüququ İddiaçı QSC-yə keçmişdir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 10 fevral 2017-ci il tarixli, 101S saylı Sərəncamının icrası ilə əlaqədar İddiaçı QSC tərəfindən "xxxx" ASC-dən problemli aktivlərin satın alınması ilə bağlı borclu şəxs Cavabdeh dair sənədlər S-FK-5B-90 saylı, 10 aprel 2018-ci il tarixli təhvil-təslim aktına əsasən İddiaçı QSC-yə verilmişdir. "xxxx" ASC-nin İslam Bankçılığı Departamenti ilə Cavabdeh arasında xx.xx.2014-cü il tarixdə, № 113/14 saylı “vakala” Borc Müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən cavabdehə 24 ay müddətinə, 20%-lə, 3151 manat məbləğində pul vəsaiti verilmişdir. xx.xx.2014-cü il tarixli kassa məxaric orderindən də göründüyü kimi Cavabdeh ayrılmış kredit vəsaitini məxaric edərək ssuda hesabından istifadə etmişdir. Müqaviləyə əsasən bank borc alana “Kirby” firmasının istehsalı olan “Sentria” modelli ********** seriya №-li avadanlığın (avtomatik yuyucu) alınması məqsədi ilə kredit müqaviləsi üzrə 3151 manat məbləğində kreditin verilməsini öhdəsinə götürmüşdür. Həmin müqaviləyə əsasən kredit vəsaitindən istifadə müddətinin axımı borcalanın ssuda hesabına kredit vəsaitinin köçürüldüyü təqvim tarixindən sonrakı gün başlanır. (5.4 bəndi) Borcalana verilən kredit vəsaitindən istifadə müddəti 24 aydır. Cavabdeh bank qarşısındakı öhdəliklərini bu günə kimi lazımınca yerinə yetirməmişdir. Belə ki, Cavabdeh təhvil verilmiş akta əsasən müqavilə üzrə hazırda olan əsas borc üzrə 2053,17 manat, faiz borcu üzrə 195,29 manat olmaqla, cəmi 2248,46 manat məbləğində təşkil edir. Bank tərəfindən öz növbəsində pul məbləğinin ödənilməsi tələbi ilə dəfələrlə cavabdehə şifahi formada, o cümlədən yazılı bildirişlərin göndərilməsi yolu ilə xəbərdarlıqlar edilmiş və qeyd olunan kredit müqaviləsi üzrə əsas, borcdan istifadəyə və öhdəliyin icrasının gecikdirilməsinə görə hesablanmış faiz borcu haqqında məlumat verilmiş və onların tez bir zamanda banka ödənilməsi qarşı tərəfdən tələb olunmuşdur. Lakin qeyd olunan öhdəlik bugünədək yerinə yetirilməmişdir. Borclunun kredit borcu Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli Azərbaycan Respublikasında “fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Fərmanın təsir dairəsinə düşmüşdür. Belə ki, analoji mübahisələr mübahisənin hazırki məhkəmədən kənar həlli qaydası qeyd olunan Fərmanla müəyyən edildiyindən həmin işlər üzrə zəruri prosedurlara sərf edilmiş ağlabatan müddət iddia müddətinə daxil olmamalıdır. Çünki həmin Fərman məhz fiziki şəxslərin xarici valyutada olan kreditləri üzrə üzləşmiş olduqları maliyyə itkisini qarşılamaq, o cümlədən problemli kreditlər məsələsinin həllinə dövlət dəstəyi göstərilməsi məqsədi ilə verilmişdir. Yəni Fərman vətəndaşların mənafeyi üçün verildiyindən həmin prosedurlara sərf edilmiş müddət bankların ziyanına ola bilməz. Odur ki, hesab edir ki, İddiaçı QSC tərəfindən cavabdehə qarşı iddia verilməsi üçün nəzərdə tutulmuş iddia müddəti ötürülməmişdir. Cavabdehin qeydiyyat ünvanınının dəyişibdəyişilməməsi ilə bağlı Azərbaycan Respublikası DİN Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsinə İddiaçı QSC-nin Nizamnaməsinə edilmiş 12 oktyabr 2015-ci il tarixli **********1 saylı dəyişiklikdəki 2.5-ci maddəyə əsasən Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 15 iyul tarixli, 570 saylı Fərmanında nəzərdə tutulmuş aktivlərin idarə edilməsi Kredit Təşkilatının tabeliyində yaradılmış hüquqi şəxs statuslu qurum “X4 Edilməsi Agentliyi” MMC tərəfindən xx.xx.2024-cü il tarixli 76 saylı müraciət məktubu ilə müraciət edilmiş və İdarə tərəfindən xx.xx.2024-cü il tarixli 18/2-1555/2024 saylı cavab məktubu ilə bildirilmişdir ki, “İnformasiya əldə etmək haqqında” Azərbaycan Respublikası Qanununun 15.3-cü maddəsinə əsasən “Fərdi məlumatlar haqqında” 13.1-ci maddəsinə əsasən fərdi məlumatların istənilən üçüncü şəxsə verilməsinə yalnız subyektin yazılı razılığı əsasında yol verilir. Bu səbəbdən də iddiaçı olaraq cavabdeh barədə MAPS arayışını məhkəməyə təqdim edə bilmir.

İddia müddətinin tətbiqi haqqında ərizənin əsaslandırıldığı hallar:

3. Cavabdeh məhkəmə iclasında ərizə ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, yaşadığı ünvan üzrə 2014-cü ildə Kirvi şirkətinin əməkdaşlarının təklif etdiyi tozsoranı kredit vasitəsilə əldə etmişdir. Bunun üçün Kirvi şirkəti ilə kredit müqaviləsi imzalamışdır. İlk ayın krediti ödənildikdən sonra məhsulun işləmə prinsipi istənilən nəticəni vermədiyi üçün müqavilədə göstərilən şərtlərə uyğun olaraq geri qaytarmışdır. Hadisədən 10 il müddət keçdikdən sonra İddiaçı QSC-nin qaldırdığı iddiaya əsasən onun kredit borcu olduğu irəli sürülür və məhkəməyə müraciət edilmişdir. İddiaçı QSC-dən heç bir məbləğ və ya məhsul almamışdır. Əgər onun İddiaçı QSC-yə borcu var idisə, 10 il müddətində nəyə görə bu iddia irəli sürülməmişdir. Hal-hazırda 77 yaşındadır və pensiya ilə dolanır. Müqavilənin şərtlərinə uyğun olaraq məhsulu geri qaytardığı halda bu borcun ona aidiyyəti olmamalıdır. Onun bu kredit borcunu ödəmək öhdəliyinin olmadığı qənaətindədir. İddianın əsassız olduğunu bildirmişdir.

Tərəflərin mövqeləri:

1. Məhkəmə iclaslarında iştirak edən İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank Olmayan Kredit Təşkilatının nümayəndəsi X6 iddia ərizəsinin məzmununa uyğun izahat verərək bildirdi ki, avadanlığın alınması məqsədilə qarşı tərəfə pul vəsaiti verilmiş, cavabdeh avadanlığı qaytarsa da, bank qarşısındakı öhdəliyini yerinə yetirməmişdir. Görünür “Kirby” şirkətilə Azərbaycan Beynəlxalq bankı arasında sövdələşmə olmuşdur. Həmin şirkət evləri gəzərək bankın məhsullarını təklif etmişdir. Cavabdeh tərəf isə bu sövləşmə ilə razılığa gəlmişdir. Bank məişət avadanlığının qiymətini şirkətə ödəmiş, nəticədə cavabdehin pulu ödəmək vəzifəsinin yerinə yetirilməsinin tələb olunması hüququ banka keçmişdir. Tələb hüququ 2015-ci ildən sonra ötürülmüşdür. Cavabdeh tərəfindən cəmi 1 dəfə ödəniş olmuşdur.

2. Məhkəmə iclaslarında iştirak edən Cavabdeh izahatında bildirdi ki, şirkət qapıqapı gəzərək öz məişət avadanlıqlarını satırdı. Bu zaman tozsoran almışdırlar. Bununla bağlı müqavilə imzalanmışdır. Müqavilədə qeyd olunan imza ona məxsusdur. 1 ay ödəniş etmişdir. Daha sonra həmin avadanlığı şirkətə qaytarmış və bu barədə akt tərtib olunmuşdur. Lakin banka məlumat verilməmişdir. Həmin müqavilənin bağlanmasından 10 ildən artıq müddət keçmişdir. Hesab edir ki, iddia müddəti ötdüyündən iddia təmin edilməməlidir.

3. Məhkəmə iclaslarında iştirak edən Cavabdeh nümayəndəsi X2 izahatında bildirdi ki, 2012-2013-cü şirkət qapı-qapı gəzərək öz məişət avadanlıqlarını satırdı. Bu zaman tozsoran almışdırlar. Evdə bankla müqavilə bağlana bilməz. Kredit götürməmiş, tozsoran almışdırlar. Müqavilədə göstərilmişdir ki, 2 ay ərzində avadanlığı qaytara bilərlər. Onlara ayda 160 manat ödəmək üçün kartı vermişdirlər. Onlara çek də vermişdirlər. 1 ay keçəndən sonra avadanlıqda problemlər olmuşdur. Avadanlığı şirkətin özünə geri qaytarmışdırlar. Həmin vaxtdan 10 il müddət keçmişdir. Lakin bu vaxta qədər borcun ödənilməsi ilə əlaqədar onunla əlaqə yaradılmamışdır.

Tədqiq olunan sübutlar:

4. Azərbaycan Beynəlxalq Bankı İslam Bankçılığı Departamenti ilə Cavabdeh arasında bağlanmış xx.xx.2014-cü il tarixli, 113/14 saylı “Vakala” borc müqaviləsindən görünür ki, borcalan “Kirby” firmasının istehsalı olan “Sentria” modelli, ********** seriya nömrəli avadanlığın (avtomatik yuyucu) borc aldığı pul vəsaiti ilə dərhal almağı, borcu qəbul etməyi, müqavilədə göstərilən müddətdə və qaydada borcu və bank gəlirini borcverənə qaytarmağı, borcverən isə borcalana 3151 manat məbləğində borc verməyi öhdəsinə götürmüşdür.

5. xx.xx.2014-cü il tarixli, 113/14 saylı müqaviləyə 1 nömrəli Əlavədən görünür ki, ödənişlərin icra edilməsi müddəti xx.xx.2014-cü il tarixdən xx.xx.2016-cı il tarixədək müəyyən edilmişdir.

6. 17 mart 2014-cü il tarixli məxaric orderindən görünür ki, Cavabdeh "xxxx" ASCdən 3119 manat məbləğində kredit vəsaitini qəbul etmişdir.

7. "xxxx" ASC-nin problemli aktivləri üzrə tələb hüququnun İddiaçı QSC-yə güzəşt edilməsinə dair xx.xx.2015-ci il tarixli müqavilədən görünür ki, "xxxx" ASC-nin dövlətə məxsus səhmlərinin özəlləşdirilməyə hazırlanması ilə bağlı sağlamlaşdırılması tədbirləri haqqında Azərbaycan Respublikası Prezidentinin 15 iyul 2015-ci il tarixli 570 nömrəli Fərmanına uyğun olaraq "xxxx" ASC həmin Fərmanın 1-ci hissəsində nəzərdə tutulmuş özünə məxsus problemli aktivləri mərhələli şəkildə müvafiq həcmdə likvid vəsait müqabilində bankın balansından çıxararaq İddiaçı QSC-nin idarəetməsinə verir və eyni zamanda həmin problemli aktivlər üzrə borclu şəxslərə qarşı özünün tələb hüququnu da İddiaçı QSC-yə güzəşt edir.

8. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 10 fevral 2017-ci il tarixli, 101s saylı Sərəncamının icrası ilə əlaqədar İddiaçı QSC tərəfindən "xxxx" ASC-dən problemli aktivlərin satın alınması ilə bağlı müvafiq sənədlərin təhvil-təsliminə dair xx.xx.2018-ci il tarixli Aktdan görünür ki, Cavabdeh 113/14 saylı, 17 mart 2014-cü il tarixli müqavilə üzrə 2053,17 manat məbləğində əsas borcu, 195,29 manat məbləğində faiz borcu üzrə təhviltəslim aparılmışdır.

9. “X4 Edilməsi Agentliyi” MMC tərəfindən Cavabdeh ünvanlanmış xx.xx.2024-cü il tarixli bildirişdən görünür ki, 10 gün müddətinə borcu ilə bağlı ödənişi icra etməsi tələb edilmiş, əks təqdirdə 2248,46 manat borcun tutulmasına dair iddia tələbi ilə məhkəməyə müraciət olunacağı barədə xəbərdarlıq olunmuşdur.

10. İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank Olmayan Kredit Təşkilatı tərəfindən tərtib edilmiş 19 sentyabr 2024-cü il tarixli arayışda qeyd olunmuşdur ki, Cavabdeh 2053,17 manat əsas borc, 195,29 manat faiz borcu vardır.

Məhkəmə baxışının hədləri:

11. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

Tətbiq edilən hüquq:

12. Azərbaycan Respublikası Mülki Məcəlləsinin:

- 739-cu maddəsinə əsasən (əvvəlki redaksiya) borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. - 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. - 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. - 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. - 425.1-ci maddəsinə görə öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. -462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. -467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. -372.1-ci maddəsinə əsasən başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. -372.2-ci maddəsinə əsasən hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. -375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. -373.2-ci maddəsinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir.

“Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 03 iyun 2013-cü il tarixli qərarı: Kredit münasibətlərindən yaranan mübahisələrə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci maddəsində nəzərdə tutulan üç illik iddia müddəti tətbiq edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 377.2-ci maddələrinin mənasına görə kredit müqaviləsində başqa hal nəzərdə tutulmayıbsa, iddia müddətinin axımı bu müqavilədə müəyyənləşdirilmiş bütün öhdəliklər üzrə icra müddəti bitdikdə başlanır.

Sübutların tədqiqi və məhkəmənin mövqeyi:

13. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, tərəfləri dinləyərək, iş materiallarını tədqiq edərək və işdə olan sübutları qiymətləndirərək, qeyd edir ki, iddia tələbi təmin edilməməlidir.

14. Belə ki, mülki qanunvericiliyə əsasən tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, Mülki Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır.

15. İş materialarına əlavə edilmiş sənədlərlə müəyyən olunur ki, Azərbaycan Beynəlxalq Bankı İslam Bankçılığı Departamenti ilə Cavabdeh arasında xx.xx.2014-cü il tarixli, 113/14 saylı “Vakala” borc müqaviləsi bağlanmış, borcalan “Kirby” firmasının istehsalı olan “Sentria” modelli, ********** seriya nömrəli avadanlığın (avtomatik yuyucu) borc aldığı pul vəsaiti ilə dərhal almağı, borcu qəbul etməyi, müqavilədə göstərilən müddətdə və qaydada borcu və bank gəlirini borcverənə qaytarmağı, borcverən isə borcalana 3151 manat məbləğində borc verməyi öhdəsinə götürmüşdür. Ödənişlərin icra edilməsi müddəti xx.xx.2014-cü il tarixdən xx.xx.2016-cı il tarixədək müəyyən edilmişdir. "xxxx" ASC-nin problemli aktivləri üzrə tələb hüququnun İddiaçı QSC-yə güzəşt edilməsinə dair xx.xx.2015-ci il tarixli müqavilə bağlanmış və "xxxx" ASC-nin dövlətə məxsus səhmlərinin özəlləşdirilməyə hazırlanması ilə bağlı sağlamlaşdırılması tədbirləri haqqında Azərbaycan Respublikası Prezidentinin 15 iyul 2015-ci il tarixli 570 nömrəli Fərmanına uyğun olaraq "xxxx" ASC həmin Fərmanın 1-ci hissəsində nəzərdə tutulmuş özünə məxsus problemli aktivləri mərhələli şəkildə müvafiq həcmdə likvid vəsait müqabilində bankın balansından çıxararaq İddiaçı QSC-nin idarəetməsinə vermiş və eyni zamanda həmin problemli aktivlər üzrə borclu şəxslərə qarşı özünün tələb hüququnu da İddiaçı QSC-yə güzəşt etmişdir.

16. Göründüyü kimi, "xxxx" ASC ilə cavabdeh arasında kredit müqaviləsindən irəli gələn öhdəlik münasibətləri mövcud olmuşdur. Bank qeyd olunan müqavilə üzrə üzərinə düşən vəzifəni yerinə yetirərək pul vəsaitini cavabdehin hesabına köçürmüş və onlar ödənişlərin müddəti və məbləği barədə razılığa gəlmişlər. Lakin Cavabdeh müqavilədən irəli gələn kreditin ödənilməsinə dair öhdəliyini vaxtında və lazımi qaydada icra etməmişdir. "xxxx" ASC tərəfindən 10 aprel 2018-ci il tarixdə Cavabdeh sözügedən müqavilə üzrə tələb hüququ İddiaçı QSC-yə güzəşt edilmişdir.

17. Hazırda cavabdehin iddiaçı qarşısında icra edilməmiş öhdəliyi yaranmışdır. Lakin məhkəmə iclasında cavabdeh iddia müddətinin tətbiqi barədə ərizə təqdim edərək iddia ərizəsinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.

18. Məhkəmə qeyd edir ki, iddiaçının tələbi əsaslı olsa da, cavabdeh tərəfindən iddia müddətinin ötürülməsi barədə məhkəməyə ərizə təqdim edilmişdir.

19. Məhkəmə qeyd edir ki, Azərbaycan Beynəlxalq Bankı İslam Bankçılığı Departamenti ilə Cavabdeh arasında xx.xx.2014-cü bağlanmış “Vakala” borc müqaviləsi üzrə öhdəliyin icra edilməsi müddəti 17 mart 2016-cı il tarixədək müəyyən edilmişdir. İddiaçı isə öhdəliyin icrası müddəti bitdikdən uzun müddət sonra, yəni 25 sentyabr 2024-cü il tarixdə məhkəməyə müraciət etmişdir.

20. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 03 iyun 2013-cü il tarixli qərarında göstərilmişdir ki, kredit münasibətlərindən yaranan mübahisələrə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci maddəsində nəzərdə tutulan üç illik iddia müddəti tətbiq edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 377.2-ci maddələrinin mənasına görə kredit müqaviləsində başqa hal nəzərdə tutulmayıbsa, iddia müddətinin axımı bu müqavilədə müəyyənləşdirilmiş bütün öhdəliklər üzrə icra müddəti bitdikdə başlanır.

21. İddia müddəti institutu mülki dövriyyənin, hüquq münasibətlərinin müəyyənliyini və sabitliyini yaratmaq, onların iştirakçılarını intizamlandırmaq, hüquq münasibətlərinin subyektlərinin hüquq və qanuni maraqlarının müddət baxımından vaxtında müdafiəsini və bərpasını təmin etmək məqsədi daşıyır. Belə ki, pozulmuş hüquqların məcburi müdafiəsi üçün ağlabatan müddət məhdudiyyətlərinin olmaması işin baxılması üçün əhəmiyyət kəsb edən sübutların toplanmasının və saxlanmasının lazım olduğunu nəzərə almayan cavabdehlərin və üçüncü şəxslərin qanunla qorunan hüquq və maraqlarının pozulmasına gətirib çıxarardı. Mübahisə tərəfinin ərizəsi əsasında məhkəmə tərəfindən iddia müddətinin tətbiqi mülki mübahisə tərəflərini əsaslandırılmamış çəkişmələrdən qoruyur və eyni zamanda, onları öz hüquqlarını vaxtında həyata keçirmələrinə və müdafiəsinə məcbur edir”.

22. İddia müddətinin axımının başlanğıcı bir tərəfdən subyektiv hüququn pozulduğu obyektiv anla, digər tərəfdən isə səlahiyyətli şəxsin öz hüquqlarının pozulduğunu bildiyi və ya bilməli olduğu subyektiv anla əlaqəlidir. Bu iki amilin mövcudluğu, habelə onların heç də həmişə üst-üstə düşməməsi iddia müddətinin başlanğıcının təyin olunmasına təsir göstərən mühüm amildir.”

23. Məhkəmə qeyd edir ki, sözügedən müqavilənin icra edilməsi müddətinin bitməsi anından 9 ildən artıq müddət keçmişdir. Ödənişinin icra edilməsi müddətinin 17 mart 2016-cı il tarixədək müəyyən edildiyi nəzərə alındıqda, cavabdehin bank qarşısında öhdəliyinin müddətinin 17 mart 2016-cı il tarixində bitməsi, bu müddət ərzində sözügedən borc müqaviləsi üzrə icra edilməmiş öhdəliyinin olması və iddiaçının bu halı sorğulamaması anlaşılan deyildir. Hətta sözügedən müqavilə üzrə borcun tələb edilməsinin xx.xx.2018-ci il tarixdə iddiaçıya güzəşt edildiyi nəzərə alınsa belə, həmin müddətdən də xeyli vaxt keçmişdir.

24. Beləliklə məhkəmə hesab edir ki, iddiaçı iddia müddətini ötürməklə məhkəməyə müraciət etdiyindən və cavabdeh iddia müddətinin tətbiqi barədə ərizə verərək iddia müddətinin tətbiq edilməsini məhkəmədən xahiş etdiyindən iddia təmin edilməməlidir.

Nəticə:

25. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏTETDİ: İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank Olmayan Kredit Təşkilatının Cavabdeh qarşı “borcun qaytarılması” tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən, məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Vəfa Şirəliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar