Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2(060)-3934/2025 28.07.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Şirəliyeva Vəfa Zavrulla qızının sədrliyi, Quliyeva Günay Tahir qızının katibliyi, Cavabdehlər Cavabdeh1, Cavabdeh2 iştirakı ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və X3 qarşı “borcun tutulması” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddia tələbi:
1. İddiaçı Açıq Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh1, Cavabdeh2 və X3 qarşı iddia qaldıraraq cavabdehlər Cavabdeh1 və Cavabdeh3, Cavabdeh2 birgə qaydada İddiaçı ASC-nin xeyrinə 9478,91 manat məbləğində əsas borcun, 1309,77 manat məbləğində faiz borcunun, 714,49 manat məbləğində cərimə borcunun cəmi 11503,17 manat borcun və 126 manat məbləğində ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
İddia tələbinin əsaslandırıldığı hallar :
2. İddia onunla əsaslandırılmışdır ki, Cavabdeh1 ilə İddiaçı ASC arasında bağlanmış xx.xx.2023-cü il tarixli kredit sazişi müqaviləsinə əsasən bank borcluya 36 ay müddətinə, illik 21.5% olmaqla 15000 manat məbləğində kredit vermişdir. Hazırda borclu “Ödəniş cədvəli”nə əsasən ödəməli olduğu kredit və hesablanmış faizləri banka ödəməkdən yayınır və beləliklə kredit müqaviləsinin tələblərini pozaraq üzərinə düşən öhdəliyi yerinə yetirmir. Kredit şərtlərinə əsasən ödəniş cədvəli ilə müəyyən edilən müddətlər kredit alan tərəfindən 2 aydan artıq müddətə gecikdirildikdə, habelə ardıcıl olaraq 2 dəfə pozulduqda bank pul öhdəliyinin vaxtından əvvəl icrasını tələb edə bilər. İddia ərizəsinə tələbinin sübutu kimi kredit müqaviləsi, ödəniş cədvəli, pulun kredit alana verilməsini təsdiq edən sənəd (kassa məxaric orderi), kredit alanın şəxsiyyətini təsdiq edən sənədin surəti, borc barədə maliyyə arayışı, iddia ərizəsini imzalayan bankın nümayəndəsinin buna səlahiyyəti olması barədə etibarnaməsi, bankın əməkdaşı olması barədə əmək kitabçasından çıxarış, bankın sədrinin həqiqətən hazırda sədri olması barədə Vergilər Nazirliyinin “hüquqi şəxslərin qeydiyyatı barədə reyestr”dən çıxarış əlavə edilmişdir.
Tərəflərin mövqeləri:
3. İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X5 ərizə ilə məhkəməyə müraciət edərək iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
4. Məhkəmə iclasında iştirak edən Cavabdeh2 izahatında bildirdi ki, Cavabdeh1 1500 manat məbləğində kredit götürəcəyini bildirərək ondan zamin olmağını istəmişdir. Ondan başqa qohumu olmadığı üçün zamin olmağa razılaşmışdır. Tələsdiyinə görə müqavilənin şərtlərini oxumamış, tez-tələsik imza çəkmişdir. Daha sonra bilmişdir ki, Cavabdeh1 1500 deyil 15000 manat kredit götürübmüş. 5-6 ay sonra bankdan ona zəng gəldi ki, Mahirə xanıma ödənişi etməyi barədə məlumat versin. Lakin ona heçnə deməmişdir. Dayısı oğlu olduğu üçün borcu ödəməyə qərar vermişdir. Bank ona borcun 1500 deyil 15000 manat olduğunu bildirmişdir. Banka gedib özündən tələb etmələrini bildirmişdir. Əgər o vəfat edərsə o zaman borcu ödəyəcəyini bildirmişdir.
5. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 izahatında bildirdi ki, qızıl satışı ilə məşğul olmaq üçün kredit götürmüşdür. Kredit məbləği ilə müəyyən qədər qızıl-zinət əşyaları almışdır. Həyat yoldaşının bank işçisi ilə münasibəti yaxşı idi. Həmin zaman bank işçisi ona bildirmişdir ki, alınan qızıl-zinət əşyalarını ona verdikləri təqdirdə satışından əldə olunan gəliri onlara verəcəkdir. Qızıl-zinət əşyaları bank işçisinə verilsə də, o, dələduzluq edərək ölkə xaricinə qaçmışdır. Bununla da müflis olmuşdurlar. Həmçinin başqa şəxsə də borcu vardır. Bununla bağlı məhkəmə prosesi olmuşdur. Hazırda qeyd etdiyi borcu ödəyir. Himayəsində 2 uşağı vardır. Maddi imkanı yoxdur. Buna görə İddiaçı ASC-ə olan borcunu ödəyə bilmir.
6. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdeh X4 məhkəmə iclasına gəlməmiş və gəlməməyinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tədqiq olunan sübutlar:
7. İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2023-cü il tarixli, MK/42114/90/11 saylı kredit sazişindən görünür ki, İddiaçı ASC tərəfindən X2 Mahirə Qəhrəman qızına 36 ay müddətinə illik 21,5 faiz dərəcəsi ilə 15000 manat məbləğində kredit xətti açılmışdır.
8. Ödəniş cədvəlindən görünür ki, ödənişlərin icra edilməsi müddəti xx.xx.2023-cü il tarixdən xx.xx.2026-cı il tarixədək müəyyənləşdirilmişdir.
9. İddiaçı ASC tərəfindən tərtib edilmiş 24 fevral 2025-ci il tarixli arayışda qeyd olunmuşdur ki, Cavabdeh1 9478,91 manat əsas borc, 1309,77 manat faiz borcu və 714,49 manat məbləğində cərimə borcu vardır.
10. 24.02.2025-ci il tarixli bildirişdən görünür ki, İddiaçı ASC tərəfindən Cavabdeh1 kredit borcunun dərhal ödənilməsi tələb olunmuş, əks təqdirdə borc tələbi ilə bağlı məhkəməyə müraciət olunacağı barədə xəbərdarlıq edilmişdir.
Tətbiq edilən hüquq:
11. Azərbaycan Respublikası Mülki Məcəlləsinin:
- 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. -743.1-ci maddəsinə əsasən kredit müqaviləsinə görə borcverən pul vəsaitinə mülkiyyət hüququnu müqavilədə göstərilən məbləğdə və şərtlərlə borcalana verməyi, borcalan isə aldığı pul vəsaitini müqavilədə müəyyən edilmiş müddətə faizlərin və (və ya) müqavilədə göstərilən digər ödənişlərin ödənilməsi şərtilə borcverənə qaytarmağı öhdəsinə götürür. Kredit müqaviləsi üzrə borcverən yalnız normativ hüquqi aktlara uyğun olaraq kreditlərin verilməsi fəaliyyətinin həyata keçirilməsi hüququna malik şəxs ola bilər. -743.2-ci maddəsinə əsasən bu Məcəllənin bu paraqrafının müddəalarından ayrı qayda irəli gəlmirsə, kredit müqaviləsinə bu Məcəllənin borc müqaviləsi haqqında müddəaları müvafiq surətdə tətbiq edilir. - 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. - 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. - 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. - 425.1-ci maddəsinə görə öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. -462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. -467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. -470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. -472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. -472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. -472.3-cü maddəsinə görə birgə zamin olmuş şəxslər, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, kreditor qarşısında birgə məsuliyyət daşıyırlar.
Sübutların tədqiqi və məhkəmənin mövqeyi:
12. Məhkəmə iddia ərizəsini və iş materiallarını tədqiq edərək və işdə olan sübutları qiymətləndirərək, qeyd edir ki, iddia tələbi təmin edilməlidir.
13. Belə ki, mülki qanunvericiliyə əsasən tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, Mülki Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır.
14. İş materiallarına əlavə edilmiş sənədlərlə müəyyən olunur ki, İddiaçı MMC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2023-cü il tarixli, MK/42114/90/11 saylı kredit sazişindən görünür ki, İddiaçı ASC tərəfindən X2 Mahirə Qəhrəman qızına 36 ay müddətinə illik 21,5 faiz dərəcəsi ilə 15000 manat məbləğində kredit xətti açılmışdır. Qeyd edilən kredit müqaviləsinin təminatı olaraq Cavabdeh2 və X4 həmin müqavilə üzrə öhdəliyin icra edilmədiyi halda məsuliyyəti öz üzərlinə götürmüşdür.
15. Cavabdehlər tərəfindən müqavilə üzrə borcun ödənilməsi tam təmin edilmədiyindən iddiaçı tərəfindən onlara bildiriş göndərilərək borcun ödənilməsi tələb edilmiş, əks təqdirdə məhkəməyə müraciət olunacağı barədə xəbərdarlıq edilmişdir.
16. Göründüyü kimi, iddiaçı ilə Cavabdeh1 arasında kredit müqaviləsindən irəli gələn öhdəlik münasibətləri mövcud olmuşdur. İddiaçı qeyd olunan müqavilə üzrə üzərinə düşən vəzifəni yerinə yetirərək pul vəsaitini cavabdehin hesabına köçürmüş və onlar ödənişlərin müddəti və məbləği barədə razılığa gəlmişlər. Lakin Cavabdeh1 müqavilədən irəli gələn kreditin ödənilməsinə dair öhdəliyini vaxtında və lazımi qaydada icra etməmişdir. Nəticədə cavabdehin iddiaçı qarşısında icra edilməmiş öhdəliyi yaranmışdır.
17. Beləliklə, məhkəmə iş üzrə təqdim olunmuş sübutları məcmu halında qiymətləndirərək, sadalanan maddi hüquq normalarına əsaslanaraq və həmin maddələrin tələblərini işin faktiki hallarına tətbiq edərək belə nəticəyə gəlir ki, iddia tələbi əsas borcun və faiz borcunun ödənilməsi hissəsində əsaslı olduğundan təmin edilməlidir.
18. Məhkəmə işin hallarını, o cümlədən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafelərini nəzərə alaraq, 714,49 manat təşkil edən cərimə məbləğinin 50 (əlli) manata qədər azaldılmasını məqsədəmüvafiq hesab edir.
19. Məhkəmə iddianın zaminlər Cavabdeh2 və X3 qarşı hissəsinə münasibətdə qeyd edir ki, İddiaçı MMC ilə cavabdehlər arasında bağlanmış xx.xx.2023-cü il tarixli, MK/42114/90/11 saylı kredit sazişindən görünür ki, tərəflərin hüquq və vəzifələri, məsuliyyəti, müqavilələrə xitam verilməsi əsasları və tərəflərin arasında müqavilələrdən irəli gələn münasibətlərin bağlanması ilə bağlı digər şərtlər İddiaçı ASC-nin xx.xx.2014-cü il tarixli Müştərilərinə Kreditləşmə və Xidmət Şərtləri ilə müəyyən olunur. İddiaçı ASC-nin xx.xx.2014-cü il tarixli Müştərilərinə Kreditləşmə və Xidmət Şərtlərinin 6.12-ci bəndinə əsasən zamin müqavilədən irəli gələn pul öhədlikləri müştəri tərəfindən icra edilmədikdə və ya lazımınca icra edilmədikdə həmin öhdəlikləri tamamilə icra edilməsi üçün tam məsuliyyəti öz üzərinə götürür və bank qarşısında müştəri ilə birlikdə məsuliyyət daşıyır.
20. Mülki qanunvericiliyə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Zaminlik müqaviləsi yazılı formada bağlanmalıdır. Yazılı formaya riayət edilməməsi zaminlik müqaviləsinin etibarsızlığına səbəb olur.
21. Beləliklə, məhkəmə hesab edir ki, qeyd edilən müqavilə üzrə zaminlər Cavabdeh2 və X4 tərəfindən sözügedən müqavilə üzrə öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi təqdirdə həmin öhdəliyin icra edilməsi üçün borclu ilə birgə məsuliyyət daşıması ilə bağlı üzərinə öhdəlik götürdüyündən iddia cavabdehlər Cavabdeh2 və X3 dair hissədə də təmin edilməlidir.
22. Beləliklə, məhkəmə hesab edir ki, Cavabdeh1, Cavabdeh2 və X1 9478,91 manat əsas borc, 1309,77 manat faiz, 50 manat cərimə borcu olmaqla, cəmi 10838 (on min səkkiz yüz otuz səkkiz) manat, 68 (altmış səkkiz) qəpik məbləğində pul vəsaiti və ödənilmiş dövlət rüsumunun 122 (yüz iyirmi iki) manat, 60 (altmış) qəpik hissəsi tutularaq İddiaçı ASC-yə ödənilməlidir.
Nəticə:
23. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-cı maddələrini rəhbər tutaraq, məhkəmə
QƏTETDİ:
İddia qismən təmin edilsin. Cavabdeh1, Cavabdeh2 və X1 9478,91 manat əsas borc, 1309,77 manat faiz, 50 manat cərimə borcu olmaqla, cəmi 10838 (on min səkkiz yüz otuz səkkiz) manat, 68 (altmış səkkiz) qəpik məbləğində pul vəsaiti və ödənilmiş dövlət rüsumunun 122 (yüz iyirmi iki) manat, 60 (altmış) qəpik hissəsi tutularaq İddiaçı ASC-yə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən, məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Vəfa Şirəliyeva