Məhkəmə qərarları › İş №e-2(060)-3950/2025

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(060)-3950/2025

19.11.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2(060)-3950/2025 19.11.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Kazımov Elçin Məmməd oğlunun sədrliyi, Bəhramlı Ümid Fəxri oğlunun katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə, Cavabdeh iştirakı ilə, İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı kredit borcunun tutulması tələbinə dair mülki işə Sumqayıt Şəhər Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh "xxxx" MMC-nin xeyrinə 19 may 2020-ci il tarixli, 2020/00773 saylı kredit müqaviləsi üzrə 5500 manat, 1559,55 manat, Mərkəzi Bankın uçot dərəcəsi üzrə hesablanmış faiz (7.5%) 810,75 manat və dəbbə pulu 3317 manat olmaqla, cəmi 11187,30 manat kredit borcunun və 123,56 manat dövlət rüsumunun ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, 19 may 2020-ci il tarixdə “X2 Kredit Təşkilatı” MMC ilə Cavabdeh arasında 2020/00773 saylı kredit müqaviləsi bağlanmışdır. Bu müqaviləyə əsasən cavabdehə illik 32% olmaqla, 36 ay müddətinə 31000 manat məbləğində kredit verilmişdir. Müqavilənin şərtlərinə əsasən kredit üzrə ödənişlər aylıq qrafik üzrə, hər ay vaxtında həyata keçirilməli idi. Kreditin qaytarılmasının təmin edilməsi məqsədilə cavabdeh öz mülkiyyətində olan, ünvan 1 ünvanında yerləşən yaşayış sahəsini 2020/00773-İP saylı ipoteka müqaviləsi ilə təminat kimi təqdim etmiş və bu əmlak ipoteka ilə yüklü edilmişdir. İpoteka müqaviləsi Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətində dövlət qeydiyyatına alınmışdır. Cavabdeh kredit müqaviləsi üzrə öhdəliklərini pozmuş, vaxtında ödənişlər etməmiş və nəticə etibarilə 12 fevral 2021-ci il tarixdə ipoteka predmetinə tutmanın yönəldilməsinə dair icra qeydi verilmişdir. İcra tədbirləri nəticəsində cavabdeh icra qeydi üzrə borc olan 47145,69 manat məbləğini ödəmişdir. Cavabdeh “ipoteka müqaviləsinə xitam verilməsi və ipoteka yüklülüyünün dövlət qeydiyyatının ləğv edilməsi” tələbi ilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə müraciət etmişdir. Həmin məhkəmənin xx.xx.2024cü il tarixli, 2(004)-2768/2024 saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş, ipoteka müqaviləsinə xitam verilmiş və mənzilin ipoteka yüklülüyü ləğv edilmişdir. Bu qətnamədən "xxxx" BOKT MMC apellyasiya şikayəti vermiş, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(103)-499/2025 saylı qətnaməsi ilə şikayət təmin edilməmiş və Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(004)-2768/2024 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İpoteka müqaviləsinə xitam verilməsi, yalnız icra qeydi üzrə borcun ödənilməsi ilə əlaqədar olmuşdur. Halbuki kredit müqaviləsinin qüvvədə olduğu müddət (yəni xx.xx.2023-cü il tarixinə qədər) ərzində yaranmış qalıq borc ödənilməmişdir. "xxxx" MMC-nin xx.xx.2025-ci il tarixli arayışına əsasən, cavabdehin bu günə olan borcu aşağıdakı kimidir: Əsas borc: 5500 manat, faiz borcu: 1559,55 manat, Mərkəzi Bankın uçot dərəcəsi üzrə hesablanmış faiz (7.5%) borcu: 810,75 manat, dəbbə pulu (cərimə): 3317 manat, cəmi borc: 11187,30 manat. Cavabdeh 05 may 2025-ci il tarixdə şəxsən iddiaçının ofisinə yaxınlaşaraq bu borc barədə yazılı bildirişi qəbul etmiş, lakin bu günədək borcu ödəməmişdir. Göstərilənlərə əsasən iddia təmin olunmalıdır. İddiaçının nümayəndəsi Nümayəndə məhkəmə iclasında iddianı müdafiə etdi və onun təmin edilməsini xahiş etdi. O, iş üzrə keçirilmiş ekspertizanın rəyi ilə razılaşdığını bildirdi. Məhkəmə ivlasında Cavabdeh iddianı qəbul etmədi və onun rədd olunmasını xahiş etdi. O, qeyd etdi ki, müqaviləs üzrə onun borcu qalmamışdır. Məhkəmə proses iştirakçılarını dinləyib, iş materiallarını araşdıraraq və iş üzrə sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan: - "xxxx" MMC ilə Cavabdeh arasında bağlanılmış 19 may 2020-ci il tarixli, 2020/00773 saylı kredit müqaviləsindən görünür ki, Cəmiyyət tərəfindən cavabdehə illik 32 % faizlə, 36 ay müddətinə 31000 manat kredit verilmişdir. - "xxxx" MMC-nin xx.xx.2025-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh sözügedən kredit müqaviləsinə əsasən Cəmiyyətə borcu aşağıdakı kimidir: Əsas borc: 5500 manat, faiz borcu: 1559,55 manat, Mərkəzi Bankın uçot dərəcəsi üzrə hesablanmış faiz (7.5%) borcu: 810,75 manat, dəbbə pulu (cərimə): 3317 manat, cəmi borc: 11187,30 manat. - "xxxx" MMC-nin cavabdehin ünvanına göndərilən xx.xx.2025-ci il tarixli xəbərdarlıq məktubunun surətindən görünür ki, cavabdeh borcun qaytarılmasına dair xəbərdar edilmişdir. - Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(004)- 2768/2024 nömrəli qətnaməsindən görünür ki, iddia qismən təmin edilərək "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 19 may 2020-ci il tarixli, 2020/00773 saylı kredit müqaviləsinin təminatı kimi 19 may 2020-ci il tarixli, 2020/00773-İP saylı ipoteka müqaviləsinə əsasən “Kəpəz Bokt" MMC-nin xeyrinə yüklü edilmiş, ünvan 1 ünvanda yerləşən daşınmaz əmlakın ipotekasına xitam verilmiş, Bakı şəhəri, Nərimanov rayonu, Xətai prospekti, ev 21 ünvanında yerləşən 64 saylı mənzil ipoteka yüklülüyündən azad edilmiş və ipoteka yüklülüyünün dövlət qeydiyyatı ləğv edilmişdir. İpoteka yüklülüyünün dövlət qeydiyyatının ləğv edilməsi vəzifəsinin Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhəri 1 saylı Ərazi İdarəsinə həvalə edilməsi qət edilmişdir. - Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(103)-499/2025 saylı qətnaməsindən görünür ki, "xxxx" MMC-nin apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(004)-2768/2024 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. - xx.xx.2025-ci il tarixli, 3-16-16/2-9/4291/2025 saylı ekspert rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2020-ci il tarixli 2020/00773 saylı kredit müqaviləsi üzrə xx.xx.2023-cü il tarixə (sualda soruşulan tarixə) banka olan borcu ümumilikdə 2456,51 manat məbləğində müəyyən edilir. O cümlədən: əsas borc üzrə 1913,83 manat; faiz borcu üzrə 542,68 manat. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, "xxxx" MMC ilə borcalan Cavabdeh arasında bağlanmış xx.xx.2020-ci il tarixli 2020/00773 saylı krеdit müqaviləsinə əsasən borcluya 36 ay müddətinə, illik 32 % dərəcəsi ilə 31000 manat kredit verilmiş, cavabdehə məxsus mənzil ipoteka ilə yüklü edilmişdir. Sonradan kredit ödənilmədiyindən tutma icra qeydinə əsasən ipoteka predmetinə yönəldilmiş və mənzil hərracda satılaraq borcun bir hissəsi ödənilmişdir. Bununla razılaşmayan Cavabdeh "xxxx" MMC və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhəri 01 saylı Ərazi İdarəsinə qarşı “ipoteka müqaviləsinə xitam verilməsi və ipoteka yüklülüyünün dövlət qeydiyyatının ləğv edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “X2 Kredit Təşkilatı” MMC ilə arasında, iddiaçıya məxsus Bakı Şəhəri Nərimanov rayonu Xətai pr., ev 21, 64 saylı mənzilə dair bağlanmış ipoteka müqaviləsinə xitam verilməsi, Bakı Şəhəri Nərimanov rayonu Xətai pr., ev 21, 64 saylı mənzilin ipoteka yüklülüyündən azad edilməsi, əmlakın üzərində ipoteka yüklülüyünün dövlət qeydiyyatının ləğv edilməsinin cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyest Xidmətinə həvalə edilməsini xahiş etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(004)-2768/2024 nömrəli qətnaməsindən görünür ki, iddia qismən təmin edilərək "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 19 may 2020-ci il tarixli, 2020/00773 saylı kredit müqaviləsinin təminatı kimi 19 may 2020-ci il tarixli, 2020/00773-İP saylı ipoteka müqaviləsinə əsasən “Kəpəz Bokt" MMC-nin xeyrinə yüklü edilmiş, ünvan 1 ünvanda yerləşən daşınmaz əmlakın ipotekasına xitam verilmiş, Bakı şəhəri, Nərimanov rayonu, Xətai prospekti, ev 21 ünvanında yerləşən 64 saylı mənzil ipoteka yüklülüyündən azad edilmiş və ipoteka yüklülüyünün dövlət qeydiyyatı ləğv edilmişdir. İpoteka yüklülüyünün dövlət qeydiyyatının ləğv edilməsi vəzifəsinin Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhəri 1 saylı Ərazi İdarəsinə həvalə edilməsi qət edilmiş, qətnamə Cəmiyyət tərəfindən mübahisələndirilmişdir. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(103)-499/2025 saylı qətnaməsindən görünür ki, "xxxx" MMC-nin apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(004)-2768/2024 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Hazırda "xxxx" MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh "xxxx" MMC-nin xeyrinə 19 may 2020-ci il tarixli, 2020/00773 saylı kredit müqaviləsi üzrə əsas borc 5500 manat, fazi borcu 1559,55 manat, Mərkəzi Bankın uçot dərəcəsi üzrə hesablanmış faiz (7.5%) 810,75 manat və dəbbə pulu 3317 manat olmaqla, cəmi 11187,30 manat kredit borcunun və 123,56 manat dövlət rüsumunun ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bank borcun məbləğini özünün maliyyə arayışına əsasən hesablamışdır. İşdən görünür ki, borcalan əsas öhdəliyi lazımınca icra etməmiş və krеditin təsdiq оlunmuş hissə-hissə ödəmə qrafikini pоzmuşdur. Cavabdehə rəsmi хəbərdarlıq olunsa da, o, Cəmiyyətə olan borclarını ödəməmişdir. Məhkəmə iddia tələbi ilə bağlı aşağıdakı hüquq normalarının qeyd edilməsini zəruri hesab edir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətlərdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş diqər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəlləsinin 5.3-cü maddəsinə əsasən, mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Beləliklə, məhkəmə iş üzrə təqdim olunmuş sübutları məcmu halında qiymətləndirərək, sadalanan maddi hüquq normalarına əsaslanaraq və həmin maddələrin tələblərini işin faktiki hallarına tətbiq edərək belə nəticəyə gəlir ki, Cavabdeh iddiaçıdan aldığı kredit üzrə əsas borcu və müqavilə ilə müəyyən edilmiş faizləri iddiaçıya qaytarmalı olmasına dair öhdəliklərin daşıyıcısı olmuşdur, lakin cavabdeh xx.xx.2020-ci il tarixli kredit müqaviləsini pozaraq, iddiaçı qarşısında pul öhdəliyini tam yerinə yetirməmişdir. Borcun məbləğinin daha dəqiq müəyyənləşdirilməsi üçün iş üzrə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmiş və xx.xx.2025-ci il tarixli, 3-16-16/2-9/4291/2025 saylı ekspert rəyi ilə müəyyən edilmişdir ki, "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2020-ci il tarixli 2020/00773 saylı kredit müqaviləsi üzrə xx.xx.2023-cü il tarixə, yəni müqavilənin son müddətinə banka olan borcu ümumilikdə 2456,51 manat məbləğində müəyyən edilir. O cümlədən: əsas borc üzrə 1913,83 manat; faiz borcu üzrə 542,68 manat. Məhkəmə bu rəylə razılaşır və hesab edir ki, tələb edilən əsas və faiz borcu məhz bu məblğdə tutulmalıdır. Bundan başqa, işdən görünür ki, Cəmiyyət cavabdehdən Mərkəzi Bankın uçot dərəcəsi üzrə hesablanmış faiz (7.5%) borcunu, yəni 810,75 manatı da tələb edir. Mülki Məcəlıənin 439.3-cü maddəsinə əsasən qanuna və ya müqaviləyə əsasən borcun üstünə faizlər hesablanmalı olduqda, əgər bu Məcəllə ilə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, onlar iki faiz bəndi əlavə edilməklə Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən müəyyən edilən uçot dərəcəsi miqdarında, lakin ildə azı beş faiz miqdarında hesablanır. Qeyd ediliyi kimi, cavabdeh kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyi tam yerinə yetirmədiyindən iddiaçının ondan bank uçot dərəcəsi üzrə hesablanmış faiz (7.5%) borcunu tələb etməsi qanunidir və bu tələb təmin edilməlidir. Müqavilə üzrə 3317 manat dəbbə pulunun tələb edilməsinə gəldikdə isə məhkəmə bu məbləğin tənasübsüz surətdə şişirdildiyi qənaətinə gəlir. Belə ki, Mülki Məcəllənin 467-ci maddəsinə əsasən Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Məhkəmə işin hallarını nəzərə alaraq dəbbə pulu borcunun 100 manata enditrilməsini daha obyektiv və ədalətli hesab edir. Eyni zamanda, məhkəmə belə hesab edir ki, ekspertiza tədqiqatının dəyəri olan 100 manatın əvəzi Cavabdeh tutularaq X1 ödənilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 119.1.-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə hesab edir ki, Cavabdeh 1913,83 manat əsas, 542,68 manat faiz borcu, 810,75 manat Mərkəzi Bankın uçot dərəcəsi üzrə hesablanmış faiz (7.5%) borcu, 100 manat dəbbə pulu borcu, dövlət rüsumunun 100 manat hissəsi iddiaçı "xxxx" ASC-nin xeyrinə tutulmalı, ekspertiza tədqiqatının dəyəri olan 100 manat cavabdehdən tutularaq X1 (Müxbir hesab: AZ34CTRE**********00003944, kod:210005, VÖEN:**********) ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4.-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci, 360cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh 1913,83 manat əsas, 542,68 manat faiz borcu, 810,75 manat Mərkəzi Bankın uçot dərəcəsi üzrə hesablanmış faiz (7.5%) borcu, 100 manat dəbbə pulu borcu, dövlət rüsumunun 100 manat hissəsi iddiaçı "xxxx" MMC-nin xeyrinə tutulsun. İddia tələbi qalan hissədə rədd edilsin. Qalan dövlət rüsumu iddiaçıya aid edilsin. Ekspertiza tədqiqatının dəyəri olan 100 manat Cavabdeh tutularaq X1 (Müxbir hesab: AZ34CTRE**********00003944, kod:210005, VÖEN:**********) ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Elçin Kazımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar