Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2(060)-3958/2025 01.09.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Giriş hissə: Hakim Həxiyeva Şəbnəm Səlim qızının sədrliyi, Vəlixanova Pəri Murtuza qızının katibliyi, İddiaçı "xxxx" Açıq Səhmdar Cəmı̇ yyətinin nümayəndəsi Nümayəndə1 iştirakı ilə, İddiaçı "xxxx" Açıq Səhmdar Cəmı̇ yyətinin Cavabdeh qarşı “ölmüş şəxsin kredit borcunun mirası qəbul etmiş vərəsələrdən tutulması tələbi"nə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə:
1. İddiaçı "xxxx" Açıq Səhmdar Cəmı̇ yyəti Cavabdeh qarşı “ölmüş şəxsin kredit borcunun mirası qəbul etmiş vərəsədən tutulması tələbi"nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı "xxxx" ASC-nin “Yeni Sumqayıt” filialı ilə X6 arasında bağlanmış BPM**********45 nömrəli, xx.xx.2023-cü il tarixli kredit müqaviləsinə əsasən X5 illik 18,9 faizlə, 24 ay müddətinə 2000 manat məbləğində kredit verilmişdir. Eyni zamanda, "xxxx" ASC-nin “Yeni Sumqayıt” filialı ilə X6 arasında bağlanmış BPM**********45 nömrəli, xx.xx.2023-cü il tarixli kredit müqaviləsinə əsasən X5 illik 24 faizlə, 35 ay müddətinə 300 manat məbləğində kredit verilmişdir. Elektron informasiya sistemindən əldə edilmiş çıxarışa əsasən X6 xx.xx.2024-cü il tarixində vəfat etmişdir. 1 saylı Sumqayıt regional “ASAN xidmət” mərkəzinin notariat ofisi tərəfindən təqdim edilmiş 500 saylı, xx.xx.2025-ci il tarixli məktuba əsasən müəyyən edilmişdir ki, Cavabdeh X3 vərəsəsi kimi tanınmışdır. Bankın Yeni Sumqayıt filialı tərəfindən təqdim edilmiş xx.xx.2025-ci il və xx.xx.2025-ci il tarixli maliyyə arayışlarına əsasən, X3 xx.xx.2025-ci ilədək Banka ödənilməmiş kredit müqaviləsi üzrə 1010 manat əsas, 16,16 manat faiz borcu olmaqla, cəmi 1026,16 manat borcu, xx.xx.2025-ci ilədək kredit xətti üzrə 299,74 manat əsas, 5 manat faiz borcu olmaqla, cəmi 304,74 manat məbləğində kredit borcu qalmışdır. Eyni zamanda, tərəflərindən iddia ərizəsi ilə məhkəməyə müraciət etmək üçün 33,31 manat dövlət rüsumu və 0,4 manat bank xidmət haqqı ödənilmişdir. Cavabdeh mərhum X1 qalmış mirası qəbul etməsinə baxmayaraq, miras qoyanın "xxxx" ASC qarşısında olan öhdəliyini icra etməmişdir. Mübahisənin məhkəmədən kənar həlli üçün cavabdehə xx.xx.2025-ci il tarixində 6-2- 22/2-10991/2025 nömrəli xəbərdarlıq məktubu göndərilməsinə baxmayaraq, cavabdeh öz öhdəliyini bu günədək tam şəkildə yerinə yetirməmişdir. Beləliklə, borc alanın müqavilələr üzrə kredit borcu mirası qəbul etmiş vərəsə tərəfindən ödənilmədiyi üçün, borcun məhkəmə qaydasında tələb edilməsi zərurəti yaranmışdır. Göstərilənlərə əsasən X3 vərəsəsi Cavabdeh iddiaçı "xxxx" ASC-nin xeyrinə kredit müqaviləsi üzrə 1010 manat əsas, 16,16 manat faiz borcu olmaqla, cəmi 1026,16 manat borcu, xx.xx.2025-ci ilədək kredit xətti üzrə 299,74 manat əsas, 5 manat faiz borcu olmaqla, cəmi 304,74 manat əsas borcun və ödənilmiş 33,31 manat dövlət rüsumunun və 0,40 manat xidmət haqqının tutulması barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. a) Məhkəmə icraatı iştirakçılarının izahatları:
3. Məhkəmə iclasında iddiaçı "xxxx" Açıq Səhmdar Cəmı̇ yyətinin nümayəndəsi Nümayəndə1 izahat verərək bildirmişdir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir.
4. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, Cavabdeh məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir.
5. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
6. Məhkəmə, iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir.
Əsaslandırıcı hissə: a) Mülki işin materialları:
7. İş materiallarında olan "xxxx" ASC ilə X6 arasında bağlanmış xx.xx.2023-cü il tarixli, BPM**********45 saylı kredit müqaviləsinə əsasən bank tərəfindən X5 24 ay müddətinə, illik 18,9 % ödəmək şərtilə 2000 manat məbləğində kredit verilmişdir.
8. İş materiallarında olan "xxxx" ASC ilə X6 arasında bağlanmış xx.xx.2023-cü il tarixli, BPM**********45 saylı tam kart müqaviləsinə əsasən bank tərəfindən X5 35 ay müddətinə, illik 24 % ödəmək şərtilə 300 manat məbləğində kredit xətti açılmışdır.
9. İş materiallarında olan Sumqayıt şəhər Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, AZ-İİ № 476420 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X6 xx.xx.2024-cü il tarixdə miokardın kəskin transmural infarktı xəstəliyindən ölmüşdür.
10. İş materiallarında olan "xxxx" ASC tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli maliyyə arayışından görünür ki, X3 xx.xx.2013-cü il tarixli kredit müqaviləsi üzrə banka 299,74 manat əsas borc, 5 manat faiz borcu olmaqla, cəmi 304,74 manat məbləğində borcu mövcuddur.
11. İş materiallarında olan "xxxx" ASC tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli maliyyə arayışından görünür ki, X3 xx.xx.2013-cü il tarixli kredit müqaviləsi üzrə banka 1010 manat əsas borc, 16,16 manat faiz borcu olmaqla, cəmi 1026,16 manat məbləğində borcu mövcuddur.
12. İş materiallarında olan Sumqayıt şəhər Nikah evi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixdə verilmiş AZ-İİ № 638160 saylı nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X6 ilə X2 nikahlarını 18 iyul 1987-ci il tarixdə nikahlarını bağlamışlar, elə həmin tarixdə nikahın bağlanması akt qeydləri kitabında 737 nömrə ilə qeydiyyata alınmışdır. Nikah bağlandıqdan sonra arvada Əsədova soyadı verilmişdir.
13. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş Çıxarışın surətindən görünür ki, ünvan 1 ünvanında yerləşən torpaq sahəsi xüsusi mülkiyyət hüququ əsasında X3 adına xx.xx.2024-cü il tarixdə ********** saylı nömrə ilə qeydiyyata alınmışdır.
14. İş materiallarında olan 1 saylı Sumqayıt Regional “ASAN xidmət” mərkəzində notariat ofisinin xx.xx.2025-ci il tarixli məktubunda qeyd edilmişdir ki, xx.xx.2025-ci il tarixdə açılmış vərəsəlik işi üzrə 15 dekabr 2024-cü ildə vəfat etmiş X3 arvadı Cavabdeh onun vərəsəsidir.
15. İş materiallarında olan "xxxx" ASC tərəfindən Cavabdeh ünvanlanmış xəbərdarlıqdan görünür ki, cavabdehə kredit müqaviləsi üzrə borcun ödənilməsi ilə bağlı xəbərdarlıq edilmişdir.
b) Məhkəmə tərəfindən müəyyən edilən hallar:
16. Beləliklə, məhkəmə iclasında müəyyən olundu ki, "xxxx" ASC ilə X6 arasında bağlanmış xx.xx.2023-cü il tarixli, BPM**********45 saylı kredit müqaviləsinə əsasən bank tərəfindən X5 24 ay müddətinə, illik 18,9 % ödəmək şərtilə 2000 manat məbləğində və xx.xx.2023-cü il tarixli, BPM**********45 saylı tam kart müqaviləyə əsasən bank tərəfindən X5 35 ay müddətinə, illik 24 % ödəmək şərtilə 300 manat məbləğində kredit xətti açılmış, X6 xx.xx.2024-cü il tarixdə vəfat etmişdir. Kreditor mülki qanunvericiliyin göstərişlərinə istinad edərək borclunun hüquqi varisi Cavabdeh borclunun miras passivinə görə mülki məsuliyyət daşıdığını iddia edir və borcun ödənilməsini tələb edir.
17. Təqdim edilmiş sənədlərdən göründüyü kimi iş üzrə Cavabdeh borclu X3 qanun üzrə vərəsəsidir.
c) Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə:
18. Hazırki iddia tələbi ilə bağlı məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir.
19. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
20. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur.
21. Qeyd olunan Məcəllənin 448.1-ci maddəsinə əsasən borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.
22. (köhnə redaksiya) Eyni Məcəllənin 449.1-ci maddəsinin tələbinə görə özgənin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda, məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər.
23. (köhnə redaksiya) Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər.
24. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1146-cı maddəsinə əsasən miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır.
25. Eyni Məcəllənin 1254-cü maddəsinə əsasən, vərəsə mirasın qəbulundan imtina üçün bu Məcəllənin 1256-cı maddəsində müəyyən edilmiş müddət bitənədək notarius tərəfindən mirasın siyahıya alınmasını tələb edə bilər. Mirasın siyahıya alınması barədə vərəsənin notariusa müraciət etdiyi andan mirasın qəbulundan imtina üçün müəyyən edilmiş müddətin axımı dayandırılır. Mirasın notarius tərəfindən siyahıya alındığı (siyahıya alınacaq əmlakın olmadığı hallarda isə vərəsənin müraciətinin cavablandırıldığı) andan mirasın qəbulundan imtina üçün müəyyən edilmiş müddətin axımı bərpa edilir. Notarius tərəfindən mirasın siyahıya alınması bu barədə müraciətin daxil olduğu gündən iki ay ərzində “Notariat haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada həyata keçirilir.
26. Eyni Məcəllənin 1255-ci maddəsinə əsasən qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır.
27. Həmin Məcəllənin 1256-cı maddəsinə əsasən, vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirasın qəbulundan imtina edə bilər. Üzrlü səbəb olduqda məhkəmə bu müddəti iki aydan çox olmayaraq uzada bilər. Mirasın qəbulundan imtina notariat orqanında rəsmiləşdirilməlidir.
28. Həmin Məcəllənin 1269-cu maddəsinə əsasən, mirasa sahiblik etməyə və ya onu idarə etməyə faktik başlamış vərəsə mirasın qəbulu üçün müəyyənləşdirilmiş vaxt ərzində mirasın qəbulundan imtina edə bilər. Bu barədə ərizə ilə o, notariat orqanına müraciət etməlidir.
29. Eyni Məcəllənin 1306.1-ci maddəsinə əsasən, vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar.
30. Eyni Məcələnin 1307-ci maddəsinə əsasən, mirasın notarius tərəfindən siyahıya alındığı haldan başqa, vərəsə miras qoyanın borclarının mirasdan çox olduğunu sübut etməlidir. (21 iyun 2025-ci il tarixədək qüvvədə olan).
31. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “N.Rzazadə və R.Rzazadənin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 30 oktyabr 2017-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 11 dekabr 2018-ci il tarixli Qərarında Konstitusiya Məhkəməsinin Plenumu bir daha vurğulamışdır ki, məhkəmələr miras qoyanın borcuna görə vərəsələrin məsuliyyəti ilə bağlı işlərə baxarkən, ilk növbədə, mirasın həcmini araşdırmalı və yalnız bundan sonra miras aktivinə mütənasib surətdə onların məsuliyyətinin həddini müəyyən etməlidirlər.
32. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1 və 1306-cı maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 04 iyun 2018-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470, 472-ci, eləcə də 1146, 1255 və 1306-cı maddələrinə uyğun olaraq, borclunun ölümündən sonra, ilk növbədə, mirası qəbul etmiş vərəsələr miras açıldığı gündən onlara çatan miras payı həcmində miras qoyanın kreditorları qarşısında birgə məsuliyyət daşıyırlar. Miras qoyanın kreditorları tərəfindən vərəsələrə qarşı öhdəliyin icrası tələbi irəli sürülərkən, mirasın qəbulu ilə bağlı qanunvericilikdə müəyyən edilmiş müddətlər nəzərə alınmalıdır.
33. Məhkəmə bu sahəni tənzimləyən qanunvericiliyin yuxarıda göstərilən və digər aidiyyəti normalarına istinad edərək ilk növbədə qeyd edir ki, hazırki mülki iş üzrə Cavabdeh xx.xx.2024-cü il tarixdə ölmüş X3 övladları olmaqla, onun birinci növbədə vərəsəsidir.
34. Bu cür mübahisənin düzgün həlli üçün yuxarıda sadalanan maddi hüquq normalarının dispozisiya şərtlərinin mövcudluğunu sübuta yetirmək yükünün tərəflərdən hansının üzərinə düşdüyü düzgün müəyyən olunmalıdır. Təbii ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməyə borcludur. Ancaq konkret mübahisəyə baxarkən hansı halların sübuta yetirilməli olduğunu məhkəmə müəyyən etdikdən sonra sübutetmə yükünün də hansı tərəfin üzərinə düşdüyü müəyyən edilməlidir. Bir qayda olaraq sübutetmə yükü iddiaçının üzərinə düşür. Lakin bu qaydadan istisnalar da ola bilir. Çünki qanunla sübutetmə yükü qarşı tərəfin üzərinə qoyula bilər və ya qarşı tərəf mövcud vəziyyətin əksi olan yeni bir hala istinad edirsə sübutetmə yükü artıq onun üzərinə düşəcəkdir.
35. Həmçinin, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir
36. Məhkəmə iddianın ödənilmiş dövlət rüsumunun və xidmət haqqının tutulması ilə bağlı hissəsini araşdıraraq hesab edir ki, iddia təmin olunduğundan, dövlət rüsumu və xidmət haqqı ilə bağlı tələb də təmin edilməli, cavabdehlərdən ödənilmiş 33,31 manat dövlət rüsumu və 0,4 manat xidmət haqqı tutularaq iddiaçıya ödənilməlidir.
37. Belə olan halda, məhkəmə hesab edir ki, iddia təmin edilməli, Cavabdeh xx.xx.2023-cü il tarixli kredit müqaviləsi üzrə 1010 (bir min on) manat əsas, 16,16 (on altı manat, on altı qəpik) manat faiz borcu olmaqla, cəmi 1026,16 (bir min iyirmi altı manat, on altı qəpik) manat, kredit xətti müqaviləsi üzrə 299,74 (iki yüz doxsan doqquz manat, yetmiş dörd qəpik) manat əsas, 5 (beş) manat faiz borcu olmaqla, cəmi 304,74 (üç yüz dörd manat, yetmiş dörd qəpik) manat, ümumilikdə 1330,9 (bir min üç yüz otuz manat, doxsan qəpik) məbləğində pul, 33,31 (otuz üç manat, otuz bir qəpik) manat ödənilmiş dövlət rüsumunun və 0,4 (qırx qəpik) manat xidmət haqqının əvəzi alınaraq iddiaçı "xxxx" Açıq Səhmdar Cəmı̇ yyətinə ödənilsinödənilməlidir.
38. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
39. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.
40. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.
41. Eyni Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
42. Qeyd olunan Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
43. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
Nəticə hissəsi:
44. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh xx.xx.2023-cü il tarixli kredit müqaviləsi üzrə 1010 (bir min on) manat əsas, 16,16 (on altı manat, on altı qəpik) manat faiz borcu olmaqla, cəmi 1026,16 (bir min iyirmi altı manat, on altı qəpik) manat, xx.xx.2023-cü il tarixli kredit xətti müqaviləsi üzrə 299,74 (iki yüz doxsan doqquz manat, yetmiş dörd qəpik) manat əsas, 5 (beş) manat faiz borcu olmaqla, cəmi 304,74 (üç yüz dörd manat, yetmiş dörd qəpik) manat, ümumilikdə 1330,9 (bir min üç yüz otuz manat, doxsan qəpik) məbləğində pul, 33,31 (otuz üç manat, otuz bir qəpik) manat ödənilmiş dövlət rüsumunun və 0,4 (qırx qəpik) manat xidmət haqqının əvəzi alınaraq iddiaçı "xxxx" Açıq Səhmdar Cəmı̇ yyətinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Şəbnəm Həxiyeva