Məhkəmə qərarları › İş №e-2(060)-3970/2024

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(060)-3970/2024

18.07.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2(060)-3970/2024 18.07.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Şirəliyeva Vəfa Zavrulla qızının sədrliyi, Hüseynzadə Gülçöhrə Kamal qızının katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı borcun tutulması tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddia tələbi:

1. İddiaçı Açıq Səhmdar Cəmiyyəti Cavabdeh qarşı iddia qaldıraraq İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli, 307078- CNS29265 saylı “Nağd pul krediti müqaviləsi” üzrə xx.xx.2024-cü il tarixə banka borclu olduğu 1218,86 manat məbləğində əsas borc, 21,16 manat məbləğində faiz borcu, 10,85 manat məbləğində cərimə, xx.xx.2023-cü il tarixli, 307078-CNS-44245 saylı “Kredit borcunun restrukturizasiyasına dair müqavilə” üzrə 3652,71 manat məbləğində əsas borc, 141,47 manat məbləğində faiz borcu, 37,65 manat məbləğində cərimə borcu olmaqla, hər iki müqavilə üzrə 5082,7 manat pul məbləğinin və məhkəməyə müraciət etmək üçün ödənilmiş 70,83 manat dövlət rüsumunun Cavabdeh tutularaq İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.

İddia tələbinin əsaslandırıldığı hallar :

2. İddia onunla əsaslandırılmışdır ki, bank ilə Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli, 307078-CNS-29265 saylı “Nağd pul krediti müqaviləsi”nə əsasən illik 21,9 faiz hesablanması şərti ilə 48 ay müddətinə müvafiq olaraq 2140 manat və xx.xx.2023-cü il tarixli, 307078-CNS-44245 saylı “Kredit borcunun restrukturizasiyasına dair müqaviləyə”nə əsasən illik 11 faiz hesablanması şərti ilə 59 ay müddətinə müvafiq olaraq 3652,71 manat məbləğində kredit Cavabdeh verilmişdir. Lakin borclu şəxs Cavabdeh üzərinə götürdüyü kredit öhdəliyini 307078-CNS-29265 saylı müqavilə üzrə xx.xx.2024-cü il tarixdən, 307078-CNS-44245 saylı müqavilə üzrə isə xx.xx.2024-cü il tarixdən lazımınca icra etməmiş və bunun nəticəsində cavabdehin hər iki müqavilə üzrə cəmi 5082,7 manat məbləğində borcu yaranmışdır. Tərəflər arasında bağlanmış kredit müqaviləsinin tələbinə əsasən bu müqavilə ilə üzərinə götürdüyü öhdəlikləri vaxtında və lazımınca icra etmək və onların pozulmasına yol verməmək “kredit alan”ın vəzifəsidir.

Tərəflərin mövqeləri:

3. İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X1 xx.xx.2024-cü il tarixdə ərizə ilə məhkəməyə müraciət edərək hazırki işə iştirakları olmadan baxılaraq iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

4. Məhkəmə iclaslarında iştirak edən Cavabdeh izahatında bildirdi ki, borcu qəbul edir. 21 iyun tarixində 200 manat məbləğində ödəniş etmişdir. Vaxtı-vaxtında ödəyəcəyinə söz vermişdir. Borcun əmək haqqına yönəldilməsini istəyir. Minimum dərəcədə ödəniş etmək imkanı vardır.

Tədqiq olunan sübutlar:

5. xx.xx.2023-cü il tarixli, 307078-CNS-44245 saylı «Kredit borcunun restrukturizasiyasına» dair müqavilədən görünür ki, bank Cavabdeh illik 11% ödəmək şərti ilə, 59 ay müddətinə 3652,71 manat məbləğində kredit ayırmağı, borcalan isə krediti qaytarmağı və müqavilə ilə müəyyən olunan şərtlərlə və qaydada kreditdən istifadəyə görə banka müqavilənin 2.2-ci bəndində göstərilən illik faizi ödəməyi öhdələrinə götürmüşlər.

6. xx.xx.2021-ci il tarixli, 307078-CNS-29265 saylı «Nağd pul krediti» müqaviləsindən görünür ki, bank Cavabdeh illik 21,90% ödəmək şərti ilə, 48 ay müddətinə 2140 manat məbləğində kredit verməyi, borcalan isə verilmiş krediti qəbul edib, müqavilə ilə müəyyən olunan şərtlərlə və qaydada kreditdən istifadə etməyi, krediti qaytarmağı və kreditdən istifadəyə görə banka müqavilənin 2.2-ci bəndində göstərilən illik faizi ödəməyi öhdələrinə götürmüşlər.

7. xx.xx.2021-ci il tarixli, 307078-CNS-29265 saylı kredit müqaviləsinə 1 saylı əlavədən görünür ki, tərəflər sözügedən müqavilə üzrə 2140 manat əsas borc, 1092,50 manat faiz borcunun, ümumilikdə 3232,50 manat məbləğində pul vəsaitinin 23 dekabr 2021-ci il tarixdən 24 noyabr 2025-ci il tarixədək hissə-hissə, yəni hər ay 67,31 manat, sonuncu ay isə 68,93 manat olmaqla ödənilməsi barədə razılığa gəlmişlər.

8. İddiaçı ASC tərəfindən tərtib edilmiş 24 aprel 2024-cü il tarixli arayışda qeyd olunmuşdur ki, Cavabdeh İddiaçı ASC-yə xx.xx.2021-ci il tarixli, 307078-CNS-29265 saylı “Nağd pul kredit müqaviləsi” üzrə xx.xx.2024-cü il tarixinə 1218,86 manat əsas borc, 21,16 manat faiz borcu, 10,85 manat cərimə borcu olmaqla, cəmi 1250,87 manat borcu vardır.

9. İddiaçı ASC tərəfindən tərtib edilmiş 24 aprel 2024-cü il tarixli arayışda qeyd olunmuşdur ki, Cavabdeh İddiaçı ASC-yə xx.xx.2023-cü il tarixli, 307078-CNS-44245 saylı «Kredit borcunun restrukturizasiyasına» dair müqavilə üzrə xx.xx.2024-cü il tarixinə 3652,71 manat əsas borc, 141,47 manat faiz borcu, 37,65 manat cərimə borcu olmaqla, cəmi 3831,83 manat borcu vardır.

10. İddiaçı ASC tərəfindən Cavabdeh ünvanlanmış xx.xx.2024-cü il tarixli, 1675 P saylı və xx.xx.2024-cü il tarixli, 1676 P saylı pretenziyalardan və 906426 saylı, 906427 saylı qaimələdən görünür ki, iddiaçı tərəfindən cavabdehə 3381,83 manat və 1250,87 manat məbləğlərində borcun 3 iş günü ərzində ödənilməsi, ödənilmədiyi təqdirdə isə məhkəməyə müraciət olunacağı barədə pretenziya məktubu göndərilmiş, Cavabdeh tərəfindən şəxsən təhvil alınmışdır.

Məhkəmə baxışının hədləri:

11. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

Tətbiq edilən hüquq:

12. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin :

- 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. - 284-5.1-ci maddəsinə əsasən ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. - 284-5.2-ci maddəsinə əsasən cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. - 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır.

13. Azərbaycan Respublikası Mülki Məcəlləsinin:

- 739-cu maddəsinə əsasən (əvvəlki redaksiya) borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. - 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. - 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. - 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. - 425.1-ci maddəsinə görə öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. -462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. -467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır.

Sübutların tədqiqi və məhkəmənin mövqeyi:

14. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, iş materiallarını tədqiq edərək və işdə olan sübutları qiymətləndirərək, qeyd edir ki, iddia tələbi təmin edilməlidir.

15. Belə ki, mülki qanunvericiliyə əsasən tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, Mülki Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır.

16. İş materialarına əlavə edilmiş sənədlərlə müəyyən olunur ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında xx.xx.2021-ci il tarixli, 307078-CNS-29265 saylı «Nağd pul krediti» müqaviləsi bağlanmış və həmin müqaviləyə əsasən bank Cavabdeh illik 21,90% ödəmək şərti ilə, 48 ay müddətinə 2140 manat məbləğində kredit verməyi, borcalan isə verilmiş krediti qəbul edib, müqavilə ilə müəyyən olunan şərtlərlə və qaydada kreditdən istifadə etməyi, krediti qaytarmağı və kreditdən istifadəyə görə banka müqavilənin 2.2-ci bəndində göstərilən illik faizi ödəməyi öhdələrinə götürmüşlər. Eyni zamanda İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında xx.xx.2023-cü il tarixli, 307078-CNS-44245 saylı «Kredit borcunun restrukturizasiyasına» dair müqaviləsi bağlanmış və həmin müqaviləyə əsasən bank Cavabdeh illik 11% ödəmək şərti ilə, 59 ay müddətinə 3652,71 manat məbləğində kredit ayırmağı, borcalan isə krediti, müqavilə ilə müəyyən olunan şərtlərlə və qaydada kreditdən istifadəyə görə banka müqavilənin 2.2-ci bəndində göstərilən illik faizi ödəməyi öhdələrinə götürmüşlər.

17. Cavabdeh tərəfindən müqavilələr üzrə borcun ödənilməsi tam təmin edilmədiyindən iddiaçı tərəfindən ona bildirişlər göndərilərək borcun ödənilməsi tələb edilmiş, əks təqdirdə məhkəməyə müraciət olunacağı barədə xəbərdarlıq edilmişdir.

18. Göründüyü kimi, iddiaçı ilə cavabdeh arasında kredit müqavilələrindən irəli gələn öhdəlik münasibətləri mövcud olmuşdur. İddiaçı qeyd olunan müqavilələr üzrə üzərinə düşən vəzifəni yerinə yetirərək pul vəsaitini cavabdehin hesabına köçürmüş və onlar ödənişlərin müddəti və məbləği barədə razılığa gəlmişlər. Lakin Cavabdeh müqavilələrdən irəli gələn öhdəliyini icra etməyərək kreditin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımi qaydada icra etməmişdir. Nəticədə cavabdehin iddiaçı qarşısında icra edilməmiş öhdəliyi yaranmışdır. Belə olan halda iddiaçı qeyd olunan müqavilələr üzrə əsas və faiz borc məbləğini tələb etməkdə haqlı olmuşdur.

19. Məhkəmə iclasında cavabdeh 307078-CNS-29265 saylı müqavilə üzrə 200 manat məbləğində ödəniş edildiyini təsdiq edən 21 iyun 2024-cü il tarixli qəbzi məhkəməyə təqdim etmişdir. Bu səbəbdən məhkəmə hesab edir ki, cavabdeh tərəfindən edilən ödənişin miqdarı nəzərə alınaraq sözügedən müqavilə üzrə tələb qismən təmin olunmalıdır.

20. Məhkəmə iddianın cavabdehdən cərimələrin tutulması hissəsinə münasibətdə hesablanan cərimələrin cavabdehin borcuna görə tənasübsüz surətdə yüksək hesablanması qənaətinə gələrək cərimə məbləğinin 10 (on) manat məbləğinə qədər azaldılmasını məqsədə müvafiq hesab edir.

21. Beləliklə, məhkəmə hesab edir ki, Cavabdeh xx.xx.2021-ci il tarixli, 307078- CNS-29265 saylı müqavilə üzrə 1045,02 manat məbləğində, xx.xx.2023-cü il tarixli, 307078-CNS-44245 saylı müqavilə üzrə 3652,71 manat əsas borc, 141,47 manat faiz borcu, cərimə borcu 5 manat olmaqla, cəmi 4844 (dörd min səkkiz yüz qırx dörd) manat, 20 (iyirmi) qəpik məbləğində pul vəsaiti və dövlət rüsumu olaraq ödənilmiş 70,83 manat məbləğində pul vəsaitinin 68 (altmış səkkiz) manat, 44 (qırx dörd) qəpik hissəsi tutularaq İddiaçı ASC-yə ödənilməlidir.

Nəticə:

22. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏTETDİ:

İddia tələbi qismən təmin edilsin. Cavabdeh xx.xx.2021-ci il tarixli, 307078-CNS-29265 saylı müqavilə üzrə 1045,02 manat məbləğində, xx.xx.2023-cü il tarixli, 307078-CNS-44245 saylı müqavilə üzrə 3652,71 manat əsas borc, 141,47 manat faiz borcu, cərimə borcu 5 manat olmaqla, cəmi 4844 (dörd min səkkiz yüz qırx dörd) manat, 20 (iyirmi) qəpik məbləğində pul vəsaiti və dövlət rüsumu olaraq ödənilmiş 70,83 manat məbləğində pul vəsaitinin 68 (altmış səkkiz) manat, 44 (qırx dörd) qəpik hissəsi tutularaq İddiaçı ASC-yə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən, məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Vəfa Şirəliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar