Məhkəmə qərarları › İş №e-2(060)-3973/2022

Sumqayıt Şəhər Məhkəməsi Qərardad — İş №e-2(060)-3973/2022

20.05.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № e-2(060)-3973/2022 20.05.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Ələkbərov Əfqan Qəzənfər oğlu, İddiaçı LPO İddiaçı ASC-nin cavabdehlər Cavabdeh2 və qeyrilərinə qarşı pul tələbinə dair iddia ərizəsini və ona əlavə olunmuş sənədləri məhkəmənin inzibati binasında nəzərdən keçirərək, məhkəmə müəyyən etdi: İddiaçı LPO İddiaçı ASC cavabdehlər Cavabdeh2 və qeyrilərinə qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə, iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, həmin ərizə və sənədlər geri qaytarılmalıdır. Belə ki, İddiaçı ASC ilə Cavabdeh2 arasında bağlanmış 23.11.2017-ci il tarixli bank vəsaiti ilə verilən kreditlər üzrə kredit müqaviləsindən görünür ki, biznes sahibi borcluya dövriyyə mallarının artırılması məqsədilə 18 ay müddətinə, 29% olmaqla 2.500 manat kredit verilmişdir. Həmçinin ********** №-li VÖEN Cavabdeh2 məxsusdur. Eyni zamanda iddia ərizəsinə əlavə olunmuş cavabdehin bank hesabından çıxarışdan görünür ki, ona rezident fərdi sahibkarlara verilmiş uzunmüddətli hesab növü açılmışdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 24.2-ci maddəsinə əsasən mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir. Həmin Məcəllənin 24.3-cü maddəsinə əsasən məhkəmə mübahisənin məhkəmə aidiyyəti ilə əlaqədar məsələlərini ərizənin məhkəmənin icraatına qəbul edilməsi zamanı yoxlamalıdır. Bu Məcəllənin 26.1-ci maddəsinə əsasən sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Həmin Məcəllənin 152.1.3-cü maddəsinə əsasən əgər iş ərazi və ya məhkəmə aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Bu Məcəllənin 152.4-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 18.09.2020-ci il tarixli, 10 №-li Qərarının 13-cü bəndində qeyd olunmuşdur ki, əsas tələb (yaxud birlikdə baxılması mümkün olan əsas tələblərdən ən azı biri) üzrə mübahisənin ən azı iki qarşı tərəfin birgə həyata keçirilən sahibkarlıq fəaliyyətindən irəli gəldiyi mübahisələrə müqavilə münasibətlərindən yaranan tələblər aiddir. İş üzrə ən azı iki qarşı tərəfin sahibkarlıq fəaliyyətinin birgə və yaxud ayrı-ayrılıqda həyata keçirdiyi zaman yarana bilən mübahisələrə əşya-hüquqi münasibətlərdən irəli gələn istifadə, sahiblik və mülkiyyət hüquqlarının müdafiəsi, habelə deliktdən irəli gələn tələblər aiddir. Tərəflərin bağlı olduqları bir sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən meydana gələn mübahisələrə isə kommersiya hüquqi şəxsi ilə bağlı korporativ mübahisələr aiddir. Şərh olunanlara əsasən məhkəmə bu nəticəyə gəlir ki, hazırda mövcud olan mübahisə sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olduğundan iş məhkəmə aidiyyəti üzrə kommersiya məhkəməsinə aiddir. Mülki iş materiallarından görünür ki, ərizəyə 79.28 manat dövlət rüsumunun ödənilməsi barədə qəbz əlavə edilmişdir. AR MPM-nin 114.1.3-cü maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa ödənilmiş dövlət rüsumu qaytarılır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasinin Qanununun 5.1.1-ci maddəsinə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 24 iyun 2002-ci il tarixli, 98 saylı Qərarı ilə təsdiq edilmiş «Düzgün tutulmamış və ya artıq ödənilmiş dövlət rüsumunun qaytarılması» Qaydalarının 2.1.1-ci bəndinə əsasən qanunla müəyyən edilmiş miqdardan artıq dövlət rüsumu ödənildikdə ödənilmiş dövlət rüsumu dövlət büdcəsindən qismən və ya tamamilə qaytarılır. Həmin Qanunun 5.3-cü maddəsinə əsasən düzgün tutulmamış və ya artıq ödənilmiş dövlət rüsumu dövlət rüsumunun ödəyicisinin ərizəsinə əsasən 20 gün müddətində ona qaytarılır. 5.4. Düzgün tutulmamış və ya artıq ödənilmiş dövlət rüsumunun qaytarılması üçün 5 il ərzində iddia verilə bilər. 5.5. Düzgün tutulmamış və ya artıq ödənilmiş dövlət rüsumunun qaytarılması qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Məhkəmə hesab edir ki, iddia ərizəsi məhkəməyə verilərkən AR MPM-nin 26.1-ci maddəsinin tələbləri pozulduğundan, həmin Məcəllənin 152.1.3-cü maddəsinə əsasən iddia ərizəsi geri qaytarılmalı, iddiaçıya aidiyyəti məhkəməyə müraciət etmək hüququ izah olunmalı, həmin iddiaya görə 12.05.2022-ci il tarixdə "xxxx" ASC-yə ödənilmiş 79.28 manat məbləğində dövlət rüsumu dövlət büdcəsindən ərizəçiyə geri qaytarılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.2-152.4, 263, 264 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı LPO İddiaçı ASC-nin cavabdehlər Cavabdeh2 və qeyrilərinə qarşı pul tələbinə dair iddia ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılsın. İddiaçıya izah edilsin ki, iddia ərizəsinin qaytarılması ümumi qaydada aidiyyəti məhkəməyə müraciət etməyə mane olmur. LPO İddiaçı ASC-nin 12.05.2022-ci il tarixdə "xxxx" ASC-yə ********* nömrəli qəbzlə ödəmiş olduğu 79.28 manat məbləğində dövlət rüsumu ona geri qaytarılsın. Qərardadın icrası rüsumun qaytarılması hissəsində Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Sumqayıt şəhəri üzrə Maliyyə İdarəsinə həvalə edilsin. Qərardaddan, qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Sumqayıt Şəhər Məhkəməsinə şikayət vermək olar. Hakim Əfqan Ələkbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar