Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2(060)-4002/2025 30.06.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Giriş hissə: Sumqayıt Şəhər Məhkəməsinin hakimi Həxiyeva Şəbnəm Səlim qızının sədrliyi ilə, İddiaçı ASC-nin Cavabdeh qarşı “pul tələbi” barədə iddia ərizəsi üzrə mülki işə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə:
1. İddiaçı ASC Cavabdeh qarşı «pul tələbi»nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında (https://vtb.az/about-bank/documents/ saytına yerləşdirilmiş) “Bank Xidmətlərinin göstərilməsi haqqında müqavilənin ümumi şərtlərinə” əsasən xx.xx.2023-cü il tarixli “Nağd pul kreditinin əsas şərtlərinə dair müştəri Ərizəsi” əsasında oferta aksept qaydalarına uyğun olaraq bağlanılmış müqavilə üzrə illik 26 faiz hesablanması şərti ilə 36 ay müddətinə 3000 manat məbləğində kredit verilmişdir. Lakin borclu şəxs Cavabdeh üzərinə götürdüyü kredit öhdəliyini xx.xx.2024-cü il tarixdən lazımınca icra etməmiş və bunun nəticəsində cavabdehin Banka, ümumilikdə 1938.40 manat məbləğində borcu yaranmışdır. Göstərilənlərə əsasən İddiaçı ASC ilə Cavabdeh arasında “Bank Xidmətlərinin göstərilməsi haqqında müqavilənin ümumi şərtlərinə” əsasən xx.xx.2023-cü il tarixli, 363333-CNS-42209 saylı “Nağd pul kreditinin əsas şərtlərinə dair müştəri Ərizəsi” əsasında oferta aksept qaydalarına uyğun olaraq bağlanılmış müqaviləyə əsasən xx.xx.2025-ci il tarixinə Banka borclu olduğu 1535,56 manat məbləğində əsas borc, 180,44 manat məbləğində faiz borcu, 222,40 manat cərimə borcu olmaqla, ümumilikdə 1938,40 manat pul məbləğinin və məhkəməyə müraciət etmək üçün ödənilmiş 39,38 manat dövlət rüsumunun Cavabdeh tutularaq İddiaçı ASC-nə ödənilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir.
3. Məhkəmə iddia ərizəsinə dair mülki işə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəfindən Mülki-Prosessual qanunvericiliyə əsasən cavabdehə rəsmi qaydada bildiriş göndərilsə də, cavabdeh iddiaya qarşı əsaslandırılmış etirazını məhkəməyə göndərməmişdir.
4. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir.
5. Eyni Məcəllənin 284-5.2-ci maddəsinin tələblərinə görə cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər.
6. Məhkəmə iş materiallarını araşdırıb, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir.
Əsaslandırıcı hissə: a) Mülki işin materialları:
7. İş materiallarında olan İddiaçı ASC ilə Cavabdeh arasında “Bank Xidmətlərinin göstərilməsi haqqında müqavilənin ümumi şərtlərinə” əsasən xx.xx.2023-cü il tarixli “Nağd pul kreditinin əsas şərtlərinə dair müştəri Ərizəsi” əsasında oferta aksept qaydalarına uyğun olaraq bağlanılmış müqavilə üzrə bank tərəfindən Cavabdeh illik 26 faiz hesablanması şərti ilə 36 ay müddətinə 3000 manat məbləğində kredit verilmişdir.
8. İş materiallarında olan İddiaçı ASC tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli arayışdan görünür ki, Cavabdeh Banka 1535,56 manat əsas, 180,44 manat faiz borcu və 222,40 manat cərimə borcu olmaqla, ümumilikdə 1938,40 manat məbləğində borcu vardır.
9. İş materiallarında olan «Bank VTB (Azərbaycan)” ASC-nin Cavabdeh ünvanladığı bildirişdən görünür ki, Cavabdeh borcun ödənilməsi ilə bağlı xəbərdar olunmuşdur.
b) Məhkəmə tərəfindən müəyyən edilən hallar: 10.Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, İddiaçı ASC ilə Cavabdeh arasında “Bank Xidmətlərinin göstərilməsi haqqında müqavilənin ümumi şərtlərinə” əsasən xx.xx.2023-cü il tarixli “Nağd pul kreditinin əsas şərtlərinə dair müştəri Ərizəsi” əsasında oferta aksept qaydalarına uyğun olaraq bağlanılmış müqavilə üzrə bank tərəfindən Cavabdeh illik 26 faiz hesablanması şərti ilə 36 ay müddətinə 3000 manat məbləğində kredit verilmiş, cavabdeh üzərinə düşən öhdəlikləri tam icra etməmiş və nəticədə onun banka ödənilməmiş borcu yaranmışdır.
c) Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə:
11. Hazırki iddia tələbi ilə bağlı məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir.
12. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 408.1-ci maddəsinə əsasən müqavilə bağlanması haqqında təklif (oferta) o zaman verilmiş sayılır ki, bir və ya bir neçə şəxsə ünvanlanmış bu təklifdə onu vermiş şəxsin (oferentin) razılıq (aksept) olduqda, öz təklifinin icrasına hazır olduğu ifadə edilsin. Ofertada müqavilənin mühüm şərtləri əks olunmalıdır.
13. Həmin Məcəllənin 408.7-ci maddəsinə əsasən əgər müqavilənin bütün mühüm şərtlərini əks etdirən təklifdən onu irəli sürmüş şəxsin təklifdə göstərilmiş şərtlər ilə müqaviləni cavab verən istənilən şəxslə bağlamaq iradəsi aydın görünürsə, belə təklif ümumi oferta sayılır.
14. Eyni Məcəllənin 409.1-ci maddəsinə əsasən ofertanın ünvanlandığı şəxsin ofertanı qəbul etməsi haqqında cavabı aksept sayılır. Aksept tam və qeyd-şərtsiz olmalıdır.
15. Həmin Məcəllənin 409.7-ci maddəsinə əsasən əgər ofertada aksept üçün müddət müəyyənləşdirilibsə, ofertanı göndərmiş şəxs aksepti ofertada göstərilən müddət ərzində aldıqda müqavilə bağlanmış sayılır.
16. Göründüyü kimi cavabdeh iddiaçının ümumi ofertasını ərizə əsasında qəbul etmiş və cavabdehə bunun əsasında kredit verilmişdir. Bu səbəbdən tərəflər arasındakı münasibətlərə kredit (borc) münasibətləri kimi yanaşılmalıdır.
17. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
18. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur.
19. Eyni Məcəllənin 445.2-ci maddəsinə əsasən, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır.
20. Qeyd olunan Məcəllənin 448.1-ci maddəsinə əsasən borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.
21. Eyni Məcəllənin 449.1-ci maddəsinin tələbinə görə özgənin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda, məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər.
22. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər.
23. Məhkəmə qeyd edir ki, cavabdeh kredit müqaviləsi üzrə üzərinə düşən öhdəlikləri yerinə yetirmədiyindən, bank kredit müqaviləsi üzrə yaranmış borcun tutulması ilə əlaqədar məhkəmədə iddia qaldırmaqda haqlı olmuşdur.
24. Həmçinin, Mülki Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər.
25. Hazırkı halda məhkəmə hesab edir ki, iddia cərimə borcu hissəsində qismən təmin edilərək cərimə borcu 50 manat məbləğində müəyyən edilməlidir.
26. Azərbaycan Respublikasının MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
27. Məhkəmə iddianın ödənilmiş dövlət rüsumunun tutulması ilə bağlı hissəsini araşdıraraq hesab edir ki, iddia qismən təmin olunduğundan, dövlət rüsumu ilə bağlı tələb də qismən təmin edilməli, cavabdehdən ödənilmiş 37,66 manat dövlət rüsumu tutularaq iddiaçıya ödənilməlidir.
28. Beləliklə, məhkəmə mülki qanunvericiliyin yuxarıda qeyd edilən normalarını nəzərə alaraq hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh 1535,56 (bir min beş yüz otuz beş manat, əlli altı qəpik) manat əsas, 180,44 (bir yüz səksən manat, qırx dörd qəpik) manat faiz, 50 (əlli) manat cərimə borcu, cəmi 1766 (bir min yeddi yüz altmış altı) manat məbləğində pul, 37,66 (otuz yeddi manat, altmış altı qəpik) manat ödənilmiş dövlət rüsumunun əvəzi alınaraq İddiaçı ASC-yə verilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir.
29. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
30. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.
31. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.
32. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
33. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
34. Qeyd olunan Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
Nəticə hissəsi:
35. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1, 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh 1535,56 (bir min beş yüz otuz beş manat, əlli altı qəpik) manat əsas, 180,44 (bir yüz səksən manat, qırx dörd qəpik) manat faiz, 50 (əlli) manat cərimə borcu, cəmi 1766 (bir min yeddi yüz altmış altı) manat məbləğində pul, 37,66 (otuz yeddi manat, altmış altı qəpik) manat ödənilmiş dövlət rüsumunun əvəzi alınaraq İddiaçı ASC-yə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Şəbnəm Həxiyeva