Məhkəmə qərarları › İş №e-2(060)-4030/2022

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(060)-4030/2022

08.07.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2(060)-4030/2022 08.07.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Abdullayev Emin Ağamusa oğlunun sədrliyi, X1 oğlunun katibliyi ilə, iddiaçı “X2 Azərbaycan” Qapalı Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı borcun tutulması tələbinə dair mülki işə Sumqayıt Şəhər Məhkəməsinin binasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: “X2 Azərbaycan” Qapalı Səhmdar Cəmiyyəti (bundan sonra - iddiaçı) Cavabdeh (bundan sonra - cavabdeh) qarşı kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, cavabdehdən iddiaçının xeyrinə 588,79 manat əsas, 61,99 manat faiz borcu, 36,71 manat cərimə, 2 manat müqavilədə nəzərdə tutulmuş xərclər və komissiyalar üzrə, 4,80 manat bildirişlərin (pretenziyaların) göndərilməsi üzrə poçt xərcləri olmaqla, cəmi 694,29 manat pulun və 30 manat dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, xx.xx.2013-cü il tarixində tərəflər arasında bank hesabı, debet kartı, kredit kartı və zaminlik haqqında qarışıq müqavilə bağlanmışdır. Kredit müqaviləsinin 4.26-cı bəndinə əsasən cavabdehə 800 manat kredit limiti ayrılmışdır. Cavabdehə dəfələrlə şifahi və yazılı xəbərdarlıq edilməsinə baxmayaraq cavabdeh borcun ödənilməsini təmin etməmiş, öz müqavilə öhdəliklərini yerinə yetirməmişdir. Bu səbəbdən iddia ərizəsində göstərilən məbləğlər cavabdehdən tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinə (bundan sonra - MPM) əsasən Mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir (284-1). Ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. (284-5.1.). Cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər (284-5.2.). Ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır (284-5.3.). İddia ərizəsi xx.xx.2022-ci il tarixində məhkəməyə daxil olmuşdur. Ərizə məhkəməyə daxil olduqdan sonra icraata qəbul edilmiş, cavabdehə bildiriş göndərilmiş və iddiaya dair yazılı etirazını və əlavə edilmiş sənədləri 10 iş günü müddətində məhkəməyə təqdim etməsi təklif edilmişdir. Cavabdehin iş materiallarında olan ünvanına göndərilmiş məhkəmə bildirişi rabitə orqanı tərəfindən geri qaytarılmışdır. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. İşdə olan şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, cavabdeh xx.xx.1982-ci ildə, anadan olmuş, hazırda ünvan 1 ünvanında qeydiyyatdadır. Belə ki, iş materialları ilə müəyyən edilir ki, tərəflər arasında xx.xx.2013-cü il tarixli kredit müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən iddiaçı bank hesabı üzrə cavabdehə cari hesab açmağı, hesaba daxil olan pul vəsaitini qəbul etməyi və hesaba salmağı, cavabdeh isə bu əməliyyatlara görə şərtləşdirilmiş qaydada haqq ödəməyi, debet kartı üzrə iddiaçı cavabdehin bankda olan hesabındakı pulun ATM aparatlarından nağd şəkildə alınması, hər hansı ödəniş etmədən bank hesabından istifadə edərək alqı-satqı və digər əməliyatları həyata keçirmək üçün cavabdehi debet kartla təmin etməyi, kredit kartı üzrə cavabdehi onun müraciət edəcəyi təqdirdə aparılan təhlil nəticəsində kredit kartı ilə təmin etməyi öhdələrinə götürmüşlər. Müqavilənin 2.5-ci maddəsinə əsasən iddiaçı cavabdehin bank hesabındakı pul vəsaitinə dair qarantiya verməklə pul vəsaitindən istifadə edə bilər. 2.6-cı maddəyə əsasən cavabdehin sərəncamları əsasında həyata keçirilən əməliyyatlara görə cavabdeh iddiaçıya haqq ödəyir. İşdə olan xx.xx.2022-ci il tarixli maliyyə arayışında göstərilmişdir ki, iddiaçı ilə cavabdeh arasında bağlanmış xx.xx.2013-cü il tarixli kredit müqaviləsinin şərtlərinə görə bank tərəfindən cavabdehə 800 manat məbləğində kredit verilmişdir. Cavabdehin iddiaçıya olan borcu əsas borc üzrə 588,79 manat, faiz borcu üzrə 61,99 manat, cərimə üzrə 36,71 manat təşkil edir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinə (bundan sonra – Mülki Məcəllə) əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər (390.1.). Tərəflər bu Məcəllədə nəzərdə tutulmuş müxtəlif müqavilələrin ünsürlərini əhatə edən müqavilə (qarışıq müqavilə) bağlaya bilərlər. Tərəflərin razılaşmasından və ya qarışıq müqavilənin mahiyyətindən ayrı hal irəli gəlmirsə, qarışıq müqavilə üzrə tərəflərin münasibətlərinə qarışıq müqavilədə ünsürləri olan müqavilələrə dair qaydalar müvafiq hissələrdə tətbiq edilir (390.4.). Göründüyü kimi tərəflər arasında bağlanmış xx.xx.2013-cü il tarixli müqavilə kredit müqaviləsidir. Bu müqavilənin əsasını cavabdehə bank hesabının açılması təşkil etdiyi üçün hazırkı mübahisəyə mülki qanunvericiliyin bank hesabı müqaviləsinə aid müddəaları tətbiq edilməlidir. Mülki Məcəlləyə əsasən bank hesabı müqaviləsinə görə bank müştəriyə (hesabın sahibinə) açılmış hesaba daxil olan pul vəsaitini qəbul etməyi və hesaba salmağı, hesabdan müvafiq məbləğlərin köçürülməsinə və verilməsinə, hesab üzrə digər əməliyyatların aparılmasına dair müştərinin sərəncamlarını yerinə yetirməyi öhdəsinə götürür (954.1.). Bank hesabı müqaviləsi yazılı formada bağlanır (955.1.). Bank hesabı müqaviləsinə müvafiq surətdə, pul vəsaitinin olmadığına baxmayaraq, bankın ödənişləri həyata keçirdiyi hallarda (hesabın kreditləşdirilməsi) bank bu cür ödənişi həyata keçirdiyi gündən müştəriyə müvafiq məbləğdə kredit vermiş sayılır (960.1.). Tərəflərin hesabın kreditləşdirilməsi ilə bağlı hüquq və vəzifələri borc və kredit haqqında qaydalarla müəyyənləşdirilir, bu şərtlə ki, bank hesabı müqaviləsində ayrı hal nəzərdə tutulmasın (960.2.). Müştəri hesabdakı pul vəsaiti ilə əməliyyatların aparılması üzrə bank xidmətlərinin haqqını ödəyir (961.1.). İddiaçı tərəfindən cavabdehə kredit limiti ayrıldığı üçün hazırkı münasibətlərə kredit münasibətləri zəminində yanaşılmalıdır. Mülki Məcəllədə həmçinin nəzərdə tutulur ki, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür (739.1). Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər (739.2). Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır (385.1). Öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür (442). Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır (445.2.1). Göründüyü kimi cavabdeh kredit müqaviləsinə əsasən üzərinə götürdüyü öhdəlikləri lazımınca yerinə yetirməmiş və onun xx.xx.2021-ci il tarixinə əsas borc üzrə 588,79 manat, faiz borcu üzrə 61,99 manat borcu qalmışdır. Bu səbəbdən məhkəmə həmin hissədə iddianı əsaslı hesab edir. İşdə olan poçt qaiməsindən görünür ki, iddiaçı cavabdehə pretenziyanın göndərilməsi üçün sürətli poçt operatoruna 4,80 manat ödəmişdir. Bu səbəbdən həmin xərcin cavabdehdən tutulması hissəsində iddia təmin edilməlidir.Eyni zamanda müqavilədə nəzərdə tutulmuş xərclər və komissiyalar üzrə 2 manat məbləğində xərc də cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Müqavilədə nəzərdə tutulmuş xərclər və komissiyalar üzrə borc da cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Dəbbə pulu ilə bağlı qeyd edilməlidir ki, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir (462.1.). Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir (467). Məhkəmə hesab edir ki, 588,79 manat əsas borc məbləğinə 36,71 manat cərimənin hesablanaraq tələb edilməsi məqsədə müvafiqdir. MPM-in 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə məhkəmə hesab edir ki, iş üzrə iddiaçı tərəfindən iddia ərizəsinin verilməsi ilə əlaqədar ödənilmiş 30 manat dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Yuxarıdakılara əsasən və MPM-in 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Əsas borc üzrə 588,79 manat, faiz borcu üzrə 61,99 manat, cərimə üzrə 36,71 manat, müqavilədə nəzərdə tutulmuş xərclər və komissiyalar üzrə 2 manat məbləğində xərc, bildirişlərin (pretenziyaların) göndərilməsi üzrə poçt xərcləri üzrə 4,80 manat olmaqla, cəmi 694 (altı yüz doxsan dörd) manat 29 (iyirmi doqquz) qəpik pul və 30 (otuz) manat dövlət rüsumu Cavabdeh tutularaq “X2 Azərbaycan” Qapalı Səhmdar Cəmiyyətinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Emin Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar