Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2(060)-4032/2022 09.08.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Ələkbərov Əfqan Qəzənfər oğlunun sədrliyi, Məmmədli Rəşad Mehman oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə Sumqayıt Şəhər Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 4.500 manat məbləğində borcun və ödədiyi 65 manat məbləğində dövlət rüsumunun əvəzinin alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, cavabdeh ondan 4.500 manat məbləğində borca pul almışdır. xx.xx.2021-ci il tarixdə aralarında Bakı şəhəri 16 saylı Notariat Ofisində borc müqaviləsi bağlanmış və cavabdeh 4.500 manat məbləğində borcunu xx.xx.2023-cü il tarixədək ödəyəcəyi barədə üzərinə öhdəlik götürmüşdür. Cavabdehə onun tərəfindən həmin borcun qaytarılması barədə dəfələrlə xəbərdarlıq edilsə də bunun heç bir nəticəsi olmamışdır. Sonuncu dəfə xx.xx.2022-ci ildə rəsmi qaydada pretenziya məktubu göndərilmiş, həmin məktub xx.xx.2022-ci ildə cavabdehə poçt vasitəsilə rəsmi qaydada təqdim edilsə də, heç bir nəticəsi olmamışdır. Müqavilədə nəzərdə tutulmuş müddətdən xeyli vaxt keçsə də, hələ də borc cavabdeh tərəfindən ödənilməmişdir. Görünür ki, cavabdeh könüllü olaraq borcunu ödəmək niyyətində deyildir, hər dəfə müxtəlif bəhanələrlə borcu ödəməkdən boyun qaçırır. Buna görə də məhkəməyə müraciət etmək zərurəti yaranmış və hesab edir ki, mövcud qanunvericiliyin müvafiq tələblərinə əsasən cavabdeh ona olan borcuna dair öhdəlik götürdüyündən və bu günədək həmin öhdəliyi lazımi qaydada icra etmədiyindən cavabdehdən bu borcun tutulmasına dair qətnamə qəbul edilməlidir. İddiaçının nümayəndəsi məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddia ərizəsində göstərilənlərə uyğun eyni məzmunlu izahat verib, məhkəmədən iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdehə məhkəmə iclası barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmişdir. Qanunvericiliyin tələbləri baxımından məhkəmə mülki işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iddiaçının nümayəndəsinin izahatını dinləyərək, iş materiallarını araşdıraraq və iş üzrə sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan: - xx.xx.2021-ci il tarixli kredit müqaviləsindən görünür ki, İddiaçı Cavabdeh hər növbəti ay 200 manat ödəmək şərtilə, faizsiz 4.500 manat borc pul vermiş və cavabdeh həmin pul məbləğini xx.xx.2023-cü il tarixədək qaytarmağı öz öhdəsinə götürmüşdür. - Cavabdehə ünvanlanan pretenziya məktubundan görünür ki, cavabdeh borcun qaytarılmasına dair xəbərdar edilmişdir. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, iddiaçı xx.xx.2021-ci ildə kredit müqaviləsinə əsasən cavabdehə hər növbəti ay 200 manat ödəmək şərtilə, faizsiz 4.500 manat borc pul vermişdir. Cavabdeh 4.500 manat pulu almış, həmin pul məbləğini xx.xx.2023-cü il tarixədək qaytarmağı öz öhdəsinə götürmüş, lakin üzərinə götürdüyü öhdəliyi icra etməmiş və aldığı pulları da qaytarmamışdır. İddiaçı borcu vaxtından əvvəl bütünlüklə tələb edir. Tərəflər arasında bağlanmış müqavilədə kreditin qaytarılması vaxtından əvvəl tələb edilməsi nəzərdə tutulmamışdır. Məhkəmə iddia ilə bağlı aşağıdakı hüquq normalarının qeyd edilməsini zəruri hesab edir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətlərdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə görə, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Bu Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş diqər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Sözügedən Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 5.3-cü maddəsinə əsasən, mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 742.1-ci maddəsinə əsasən əgər borcun qaytarılması üçün müddət qoyulmayıbsa, o, borc verən və ya borc alan tərəfindən borc müqaviləsi ləğv edilərkən qaytarılmalıdır. Həmin Məcəllənin 743-cü maddəsinə əsasən əgər borc alanın əmlak vəziyyəti əhəmiyyətli dərəcədə pisləşərsə, bu isə borcun qaytarılması tələbi üçün təhlükə yaradarsa, borc verən borcun dərhal qaytarılmasını tələb edə bilər. Bu hüquq həmçinin borc alanın əmlak vəziyyəti müqavilə bağlanmazdan əvvəl pisləşdikdə, borc verənə isə bu yalnız borc müqaviləsi bağlandıqdan sonra məlum olduqda da qüvvədədir. Beləliklə, məhkəmə iş üzrə təqdim olunmuş sübutları məcmu halında qiymətləndirərək, sadalanan maddi hüquq normalarına əsaslanaraq və həmin maddələrin tələblərini işin faktiki hallarına tətbiq edərək belə nəticəyə gəlir ki, Cavabdeh İddiaçı qarşısında borc pul qaytarmaq öhdəliyi daşıyır və həmin öhdəliyin əmələ gəlməsi əsası onların bağladıqları kredit müqaviləsidir. Tərəflər arasında bağlanmış müqavilədə kreditin qaytarılması vaxtından əvvəl tələb edilməsi nəzərdə tutulmadığından, bunun üçün qanunvericilikdə təsbit olunmuş şərtlər mövcud olmadığından, habelə, borc alanın əmlak vəziyyətinin pisləşməsinə, borcun qaytarılması tələbi üçün təhlükə yaranmasına dair sübutlar məhkəməyə təqdim edilmədiyindən, lakin borcun hissə-hissə qayatrılması şərtləşdirildiyindən iddia qismən əsaslıdır. Belə ki, müqavilə bağlanandan hazırki qərar verilən tarixədək on üç ay keçdiyindən və cavabdeh hər ay 200 manat pul qaytarmaq öhdəliyi daşıdığından, bu vaxtadək iddiaçıya ödənilməli məbləğ 26.000 manat təşkil edir. Məhkəmə, iddianın ödənilmiş dövlət rüsumunun tutulması ilə bağlı hissəsini araşdıraraq hesab edir ki, iddia qismən təmin olunduğundan dövlət rüsumu ilə bağlı tələb də qismən təmin edilməli, cavabdehdən ödənilmiş 46 manat dövlət rüsumu tutularaq iddiaçıya ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə hesab edir ki, iddia qismən təmin olunmalı, Cavabdeh 2.600 manat borc və ödənilmiş 46 manat dövlət rüsumu İddiaçı xeyrinə tutulmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Yenə də həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh 2.600 manat borc və ödənilmiş 46 manat dövlət rüsumu tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Əfqan Ələkbərov
Məhkəmə qərarları › İş №e-2(060)-4032/2022
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(060)-4032/2022
09.08.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver