Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2(060)-4040/2023 15.08.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Ələkbərov Əfqan Qəzənfər oğlunun sədrliyi, Məmmədli Rəşad Mehman oğlunun katibliyi, Tərəflərin iştirakı olmadan, İddiaçı LPO İddiaçı ASC-nin Cavabdeh qarşı pul tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı LPO İddiaçı ASC Cavabdeh qarşı kiçik iddialara dair sadələşdirilmiş qaydada ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehdən 699.37 manat əsas, 426.57 manat faiz borcu, 232.39 manat cərimə, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 103.40 manat faiz borcu olmaqla, cəmi 1461.73 manat borc və ödənilmiş 34.62 manat dövlət rüsumunun tutulub LPO İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh tərəfindən məhkəməyə iddiaya dair etiraz ərizəsi daxil olduğundan Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadı ilə iş üzrə iddia icraatına keçilmişdir. İddia onunla əsaslandırılmışdır ki, cavabdeh ilə xx.xx.2015-ci il tarixli kredit kartın verilməsi və istifadəsi üzrə müqavilə bağlanmışdır. Bankın cavabdehin nəfinə 12 ay müddətinə rəsmiləşdirdiyi Visa Gold tipli kartına əsasən cavabdehə 1500 manat məbləğində kredit xətti açılmışdır. Həmin məbləğ kredit xəttinin limiti kimi müəyyən edilmişdir. Kredit xətti xx.xx.2015-ci il tarixdən xx.xx.2016-cı il tarixinədək hesablanmışdır. Kredit xəttinin müddəti kredit müddətindən çox olmamalıdır. Kreditin istifadəsinə görə cavabdeh Banka illik 14% ödəyir. İddiaçı ASC ilə Cavabdeh arasında 01 saylı, xx.xx.2016-cı il tarixli Əlavə Saziş bağlanaraq, əsas müqavilənin adında olan “Kredit kartın verilməsi və istifadəsi üzrə Müqavilə” ifadəsi “Kredit müqaviləsi” ifadəsi ilə dəyişdirilmişdir. Borcalanın kreditor qarşısındakı kredit kartı üzrə əsas borc üzrə qalığı 1499.59 manat təşkil etmişdir. Kreditin müddəti 24 ay müddətinə uzadılmışdır. 02 saylı xx.xx.2017-ci il tarixli Əlavə Sazişə əsasən kredit restrukturizasiya edilmişdir. Borcalanın kreditor qarşısındakı kredit öhdəliyinin qalığı 1069.52 manat təşkil edir. Kreditin müddəti xx.xx.2020-ci il tarixinə kimi uzadılmışdır. Kreditin istifadəsinə görə borcalan kreditora illik 15% faiz ödəməli idi. Müqavilənin müvafiq bəndinə əsasən borcalan ödəniş qrafikində nəzərdə tutulmuş müddətlərdə kredit üzrə hesablanmış faizləri və cərimələri, habelə tariflərə uyğun olaraq komissiya haqlarını, çıxarış və arayışların borcalana verilməsi və ya borcalanın adından göndərilməsi üzrə xərcləri kreditora vaxtında və tam olaraq ödəməyi öhdəliyinə götürmüşdür. Bank, tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, cavabdeh həmin müqavilə üzrə üzərinə düşən öhdəlikləri yerinə yetirməmişdir. Cavabdeh məhkəməyə müraciət edərək bildirmişdir ki, sonuncu dəfə 2019-cu il bankdan onunla əlaqə saxlanılmışdır. Həmin ildən bu günə kimi bank əməkdaşlarından heç biri onunla əlaqə saxlamamışdır. 2023-cü ilin mart ayında ona zəng edərək kredit borcunun üstünə faiz gəldiyini, onu ödəməli olduğunu demişlər. O da niyə 4 ildən sonra əlaqə saxladıqlarını soruşsa da tutarlı bir cavab verilməmişdir. Daha sonra ona məhkəməyə verilməsi ilə bağlı bildiriş gəlmişdir. Ailədə tək özü çalışır, yoldaşı şəkərli diabet xəstəsidir və dərman xərclərini o qarşılayır. O, bankla yenidən güzəştli müqavilə imzalamağa da hazırdır. Qeyd olunanların nəzərə alınmasını xahiş edir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmişdir. Bundan başqa iddiaçının nümayəndəsi ərizə ilə məhkəməyə müraciət edərək, iddia tələbini müdafiə etdiyini və məhkəmə iclasının onların nümayəndəsinin iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Qanunvericiliyin tələbləri baxımından məhkəmə mülki işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iş materiallarını araşdıraraq və iş üzrə sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan: - 02 saylı xx.xx.2017-ci il tarixli Əlavə Sazişdən görünür ki, kredit restrukturizasiya edilmiş, borcalanın kreditor qarşısındakı kredit öhdəliyinin qalığı 1069.52 manat təşkil edir. Kreditin müddəti xx.xx.2020-ci il tarixinə kimi uzadılmışdır. - xx.xx.2023-cü il tarixli maliyyə arayışından görünür ki, borclunun iddiaçıya 699.37 manat əsas, 426.57 manat faiz borcu, 232.39 manat cərimə, gecikdirilmiş vaxt üçün illik 5% olmaqla 103.40 manat borc olmaqla, cəmi 1461.73 manat borcu vardır. - Cavabdehə məxsus bank hesabından çıxarışdan görünür ki, son bank kredit ödənişi xx.xx.2019-cu il tarixdə edilmişdir. - Bildiriş məktubunun surətindən görünür ki, cavabdeh öhdəliklərini yerinə yetirmədiyi təqdirdə, məhkəmə qaydasında ondan pul tələb olunması barədə xəbardarlıq edilmişdir. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, 02 saylı xx.xx.2017-ci il tarixli əlavə sazişlə kredit restrukturizasiya edilmiş, borcalanın kreditor qarşısındakı kredit öhdəliyinin qalığı 1069.52 manat təşkil etmişdir. İddiaçı sözügedən müqavilə üzrə üzərinə düşən öhdəliyini yerinə yetirsə də, borclu öhdəliklərini lazımi qaydada yerinə yetirməmiş, nəticədə 699.37 manat əsas və 426.57 manat faiz borcu yaranmışdır. Məhkəmə iddia ilə bağlı aşağıdakı hüquq normalarının qeyd edilməsini zəruri hesab edir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətlərdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə görə, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Bu Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş diqər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Sözügedən Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 5.3-cü maddəsinə əsasən, mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Beləliklə, məhkəmə iş üzrə təqdim olunmuş sübutları məcmu halında qiymətləndirərək, sadalanan maddi hüquq normalarına əsaslanaraq və həmin maddələrin tələblərini işin faktiki hallarına tətbiq edərək belə nəticəyə gəlir ki, cavabdeh iddiaçıdan aldığı kredit üzrə əsas borcu və müqavilə ilə müəyyən edilmiş faizləri iddiaçıya qaytarmalı olmasına dair öhdəliklərin daşıyıcısı olmuşdur. Lakin cavabdeh kredit müqaviləsi üzrə öhdəliklərini pozaraq, iddiaçı qarşısında pul öhdəliyini yerinə yetirməmişdir. Ona görə də iddia kredit müqaviləsi üzrə əsas və faiz borcunun tutulması hissəsində təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə əsasən borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 24 dekabr 2014-cü il tarixli qərarına əsasən kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. Bu zaman pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi illik beş faizdən yüksək olduqda, kreditor tərəfindən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsi ilə əlaqəli şəkildə kreditin ödənişi üzrə gecikdirilmiş vaxt üçün həmin Məcəllənin 449.1-ci maddəsinə müvafiq olaraq müəyyənləşdirilən miqdarda faizlər hesablanır. Məhkəmə, iddianın gecikdirilmiş vaxt üçün hesablanan borcun tutulması ilə bağlı hissəsini araşdıraraq hesab edir ki, iddia həmin hissədə də təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Məhkəmə, işin hallarını nəzərə alaraq hesab edir ki, dəbbə pulu tənasübsüz surətdə yüksək miqdarda müəyyən edilmişdir və tərəflərin qarşılıqlı mənafeyinə uyğun gəlmir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Məhkəmə iddianın cərimə borcu hissəsinə münasibətdə qeyd edir ki, cavabdehdən 35 manat məbləğində cərimənin tutulması tərəflərin maraqlarına uyğun hesab edilməlidir. Odur ki, iddia bu hissədə qismən təmin edilməlidir. Məhkəmə iddianın məhkəmə xərclərinin tutulması ilə bağlı hissəsini araşdıraraq hesab edir ki, iddia qismən təmin olunduğundan, dövlət rüsumu ilə bağlı tələb də qismən təmin edilməli, cavabdehdən ödənilmiş 32.64 manat dövlət rüsumu tutularaq iddiaçıya ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə hesab edir ki, cavabdehdən 699.37 manat əsas, 426.57 manat faiz borcu, 35 manat cərimə, gecikdirilmiş vaxt üçün 103.40 manat faiz borcu olmaqla, cəmi 1264.34 manat borc və ödənilmiş 32.64 manat dövlət rüsumu İddiaçı ASC-nin xeyrinə tutulmalıdır. AR MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bu Məcəllənin 217.4cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsaslanaraq və AR MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh 699.37 manat əsas, 426.57 manat faiz borcu, 35 manat cərimə, gecikdirilmiş vaxt üçün 103.40 manat faiz borcu olmaqla, cəmi 1264.34 manat borc və ödənilmiş 32.64 manat dövlət rüsumu tutularaq iddiaçı LPO İddiaçı ASC-yə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Əfqan Ələkbərov
Məhkəmə qərarları › İş №e-2(060)-4040/2023
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(060)-4040/2023
15.08.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver