Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2(060)-406/2024 18.09.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Giriş hissə: Hakim Həxiyeva Şəbnəm Səlim qızının sədrliyi, İbrahimzadə Zəhra Şahverdi qızının katibliyi, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X2, Cavabdeh1 iştirakları ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı "kreditin, ona hesablanmış faiz və cərimənin qaytarılması tələbi"nə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə:
1. İddiaçı Açıq Səhmdar Cəmiyyəti cavabdehlər cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı "kreditin, ona hesablanmış faiz və cərimənin qaytarılması tələbi"nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh1 ilə İddiaçı ASC arasında bağlanmış xx.xx.2022-ci il tarixli kredit sazişi müqaviləsinə əsasən bank borcluya 48 ay müddətinə, illik 21% olmaqla, 14000 manat məbləğində kredit vermişdir. Hazırda borclu “Ödəniş cədvəli”nə əsasən ödəməli olduğu kredit və hesablanmış faizləri banka ödəməkdən yayınır və beləliklə kredit müqaviləsinin tələblərini pozaraq üzərinə düşən öhdəliyi yerinə yetirmir. Kredit şərtlərinə əsasən ödəniş cədvəli ilə müəyyən edilən müddətlər kredit alan tərəfindən 2 aydan artıq müddətə gecikdirildikdə, habelə ardıcıl olaraq 2 dəfə pozulduqda bank pul öhdəliyinin vaxtından əvvəl icrasını tələb edə bilər. İddia ərizəsinə tələbin sübutu kimi kredit müqaviləsi, ödəniş cədvəli, pulun kredit alana verilməsini təsdiq edən sənəd (kassa məxaric orderi), kredit alanın şəxsiyyətini təsdiq edən sənədin surəti, borc barədə maliyyə arayışı, iddia ərizəsini imzalayan bankın nümayəndəsinin buna səlahiyyəti olması barədə etibarnaməsi, bankın əməkdaşı olması barədə əmək kitabçasından çıxarış, bankın sədrinin həqiqətən hazırda sədri olması barədə Vergilər Nazirliyinin “hüquqi şəxslərin qeydiyyatı barədə reyestr”dən çıxarış əlavə edilmişdir. Göstərilənlərə əsasən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 birgə qaydada İddiaçı ASC-nin xeyrinə 12261,58 manat məbləğində əsas borcun, 1758,15 manat məbləğində faiz borcunun, 322,95 manat məbləğində cərimə borcunun, cəmi 14342,68 manat borcun və 134 manat məbləğində ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsi məhkəmədən xahiş edilmişdir.
a) Məhkəmə icraatı iştirakçılarının izahatları:
3. Məhkəmə iclasında İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X3 izahat verərək bildirmişdir ki, ekspert rəyində göstərilən məbləğ ilə razıdır və qeyd olunan borcun cavabdehdən tutulmasının təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
4. Məhkəmə iclasında Cavabdeh1 izahat verərək bildirmişdir ki, iddia tələbi ilə razı deyildir. Ödənişlər edilməsinə baxmayaraq, tələb edilən məbləğ həddindən çox şişirdilmişdir.
5. Cavabdeh2 məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada məhkəmə bildirişləri göndərilsə də, “bu ünvanda yaşamır” qeyd ilə bildirişlər ona çatdırılmadan məhkəməyə geri qaytarılmışdır.
6. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 146-cı maddəsinə əsasən işə Cavabdeh2 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
7. Məhkəmə, proses iştirakçılarının izahatlarını dinləyərək, iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir.
Əsaslandırıcı hissə: a) Mülki işin materialları:
8. İş materiallarında olan İddiaçı ASC ilə Cavabdeh1 və Cavabdeh2 arasında bağlanmış xx.xx.2022-ci il tarixli, CC/63976/85/19 saylı kredit sazişinə əsasən bank tərəfindən Cavabdeh1 48 ay müddətinə, illik 21% ödəmək şərtilə 14.000 manat məbləğində kredit verilmişdir. Eyni zamanda zamin Cavabdeh2 borclu Cavabdeh1 bank qarşısında kredit müqaviləsi üzrə öz öhdəliklərini vaxtında və lazımınca icra etmədikdə öhdəliklərin icrası üçün borclu ilə birgə məsuliyyət daşıması barədə öz üzərinə öhdəlik götürmüşdür.
9. İşin materiallarında olan İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, Cavabdeh1 xx.xx.2022-ci il tarixli kredit müqaviləsi üzrə İddiaçı Açıq Səhmdar Cəmiyyətinə 12261,58 manat əsas, 1758,15 manat faiz, 322,95 manat məbləğində cərimə borcu vardır.
10. İş materiallarında olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh1 və Cavabdeh2 ünvanladığı xx.xx.2023-cü il tarixli bildirişlərdən görünür ki, Cavabdeh1 və Cavabdeh2 borcun ödənilməsi ilə bağlı təklif edilmiş, borcun ödənilməyəcəyi təqdirdə məhkəməyə müraciət ediləcəyi ilə bağlı xəbərdarlıq edilmişdir.
11. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2024-cü il tarixli, 9/1651 saylı ekspert rəyinə əsasən, “Borcalan” Cavabdeh1 tərəfindən İddiaçı ASC-dən alınmış kredit vəsaiti üzrə banka ödənməli olan borcu xx.xx.2023-cü il tarixə əsas borc üzrə 12250,97 manat, faiz borcu üzrə 1726,62 manat müəyyən edilir. Ekspertiza tədqiqatının dəyəri 145 manat təşkil edir.
b) Məhkəmə tərəfindən müəyyən edilən hallar:
12. Beləliklə, məhkəmə iclasında müəyyən olundu ki, İddiaçı ASC ilə Cavabdeh1 və Cavabdeh2 arasında bağlanmış xx.xx.2022-ci il tarixli, CC/63976/85/19 saylı kredit sazişinə əsasən bank tərəfindən Cavabdeh1 48 ay müddətinə, illik 21% ödəmək şərtilə 14.000 manat məbləğində kredit verilmiş, zamin Cavabdeh2 borclu Cavabdeh1 bank qarşısında kredit müqaviləsi üzrə öz öhdəliklərini vaxtında və lazımınca icra etmədikdə öhdəliklərin icrası üçün borclu ilə birgə məsuliyyət daşıması barədə öz üzərinə öhdəlik götürmüşdür. Hazırda cavabdehlərə xəbərdarlıq edilməsinə baxmayaraq, onlar kredit müqaviləsi üzrə üzərlərinə düşən öhdəlikləri tam icra etməmişlər və nəticədə banka ödənilməmiş borcları yaranmışdır.
c) Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə:
13. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
14. Eyni Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
15. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur.
16. Qeyd olunan Məcəllənin 448.1-ci maddəsinə əsasən borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.
17. Eyni Məcəllənin 449.1-ci maddəsinin tələbinə görə özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda, məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər.
18. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər.
19. Bundan əlavə, Mülki Məcəllənin 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öhdəliyini tamamilə və ya hissəhissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür.
20. Qeyd olunan Məcəllənin 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar.
21. Bundan əlavə, iş materiallarından göründüyü kimi ekspert rəyində cavabdehin banka 12250,97 manat əsas, 1726,62 manat faiz borcu qeyd olunduğu halda, iddia ərizəsində 12261,58 manat əsas, 1758,15 manat faiz borcu tələb edilir. Belə olan halda məhkəmə ekspert rəyini nəzərə almaqla hesab edir ki, 12250,97 manat əsas, 1726,62 manat faiz borcu tutulmalıdır.
22. Məhkəmə qeyd edir ki, Mülki Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər.
23. Hazırkı halda məhkəmə hesab edir ki, iddia dəbbə pulu hissəsində qismən təmin edilərək, tələb edilən 322,95 manat məbləğində dəbbə pulu (cərimə) azaldılaraq 100 (bir yüz) manat məbləğində müəyyən edilməlidir.
24. Beləliklə, məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 12.250,97 (on iki min iki yüz əlli manat, doxsan yeddi qəpik) manat əsas, 1726,62 (bir min yeddi yüz iyirmi altı manat, altmış iki qəpik) manat faiz, 100 (bir yüz) manat cərimə borcu olmaqla, cəmi 14.077,59 (on dörd min yetmiş yeddi manat, əlli doqquz qəpik) manat məbləğində pul və 134 (bir yüz otuz dörd) manat ödənilmiş dövlət rüsumunun əvəzi alınaraq İddiaçı ASC-yə verilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir.
25. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
26. Həmin Məcəllənin 76.1-ci və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.
27. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.
28. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
29. Qeyd olunan Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
30. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
31. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
32. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 145 (bir yüz qırx beş) manat cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutulub Az.MEM, VÖEN **********, X1, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ******************** SWİFT BİK CTREAZ 22 AZ34CTRE******************** hesabına köçürülməlidir.
Nəticə hissəsi:
33. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ:
İddia tələbi qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 12.250,97 (on iki min iki yüz əlli manat, doxsan yeddi qəpik) manat əsas, 1726,62 (bir min yeddi yüz iyirmi altı manat, altmış iki qəpik) manat faiz, 100 (bir yüz) manat cərimə borcu olmaqla, cəmi 14.077,59 (on dörd min yetmiş yeddi manat, əlli doqquz qəpik) manat məbləğində pul və 134 (bir yüz otuz dörd) manat ödənilmiş dövlət rüsumunun əvəzi alınaraq İddiaçı ASC-yə verilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 145 (bir yüz qırx beş) manat cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutulub Az.MEM, VÖEN **********, X1, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ******************** SWİFT BİK CTREAZ 22 AZ34CTRE******************** hesabına köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Sədrlik edən Şəbnəm Həxiyeva