Məhkəmə qərarları › İş №e-2(060)-4103/2025

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(060)-4103/2025

09.09.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2(060)-4103/2025 09.09.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Giriş hissə: Hakim Həxiyeva Şəbnəm Səlim qızının sədrliyi, Vəlixanova Pəri Murtuza qızının katibliyi, Cavabdeh1 iştirakı ilə İddiaçı "xxxx" Bank Olmayan Kredit X2 Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “kredit üzrə borcun tutulması tələbi”nə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ:

1. İddiaçı "xxxx" Bank Olmayan Kredit X2 Cəmiyyəti cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “kredit üzrə borcun tutulması tələbi”nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, "TBC Kredit” Bank Olmayan Kredit Təşkilatı” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh1 arasında bağlanmış 24 aprel 2024-cü il tarixli, BAKU1-74244-25442 saylı kredit müqaviləsinə əsasən ikinciyə illik 23% faizlə 36 ay müddətinə 10000 manat kredit şəxsi istifadə məqsədilə verilmiş və kreditin aylıq 387 manat olmaqla ödənilməsi müəyyən edilmişdir. Yuxarıda qeyd olunan “Kredit müqaviləsi”ndən irəli gələn öhdəliklərin lazımi qaydada icrasını təmin etmək məqsədi ilə Cavabdeh1 və Cavabdeh2 birgə məsuliyyətini nəzərdə tutan 24 aprel 2024-cü il tarixli, BAKU1-74244-25442 saylı zaminlik müqaviləsi bağlanmışdır. Cavabdeh1 tərəfindən kredit müqaviləsi üzrə öhdəliklər tam və vaxtında icra edilmədiyi üçün "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Cavabdeh1 01 may 2025-ci il tarixinə kredit üzrə 8347,17 manat əsas borc, 666,91 manat cari faiz borcu və 288,02 manat cari dəbbə borcu olmaqla, cəmi 9302,10 manat məbləğində borcu yaranmış və ödənilməmişdir. Tərəflərindən xx.xx.2025-ci il tarixində pretenziya məktubu göndərilmiş və borcun xx.xx.2025ci il tarixinədək ödənilməsi tələb edilmiş, əks halda həmin tarixdən müqaviləyə xitam veriləcəyi bildirilmişdir. Göstərilənlərə əsasən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada iddiaçının xeyrinə 8347,17 manat əsas borc, 666,91 manat faiz borcu və 88 manat dəbbə borcu olmaqla, cəmi 9102,08 manat kredit borcunun və 111,10 manat ödənilmiş dövlət rüsumunun əvəzinin tutulması barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir.

a) Məhkəmə icraatı iştirakçılarının izahatları:

3. İddiaçı "xxxx" Bank Olmayan Kredit X2 Cəmiyyəti tərəfindən məhkəməyə ərizə təqdim edilərək, məhkəmə iclasının onların iştirakı olmadan keçirilməsi və iddia tələbinin təmin edilməsi məhkəmədən xahiş edilmişdir.

4. Məhkəmə işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

5. Məhkəmə iclasında Cavabdeh1 izahat verərək bildirmişdir ki, o, bankdan kredit götürmüşdür. 6-7 ay ödənişlərini vaxtında etmişdir. Son aylarda ailə vəziyyəti ilə əlaqədar ödənişlər edə bilməmişdir. O, borcunu ödəməkdən boyun qaçırmır.

6. Əvvəlki məhkəmə iclasında iştirak etmiş Cavabdeh2 izahat verərək bildirmişdir ki, iddia tələbini qəbul etmir. Bank tərəfindən ödəniş edilməməsi barədə ona xəbərdarlıq edilməmişdir. O, ödənişlərin gecikdirilməsi barədə məlumatsız olmuşdur.

7. Sonuncu məhkəmə iclasının iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, Cavabdeh2 məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir.

8. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

9. Məhkəmə, cavabdehlərin izahatlarını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir.

Əsaslandırıcı hissə: a) Mülki işin materialları:

10. İş materiallarında olan "xxxx" Bank Olmayan Kredit X2 Cəmiyyəti ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2024-cü il tarixli, BAKU1-74244-25442 saylı kredit müqaviləsinə əsasən kredit təşkilatı tərəfindən Cavabdeh1 36 ay müddətinə, illik 23 faizlə, 10.000 manat məbləğində kredit verilmişdir.

11. İş materiallarında olan "xxxx" Bank Olmayan Kredit X2 Cəmiyyəti ilə Cavabdeh2 və Cavabdeh1 arasında bağlanmış xx.xx.2024-cü il tarixli, BAKU1-74244-25442-BAKU1- 80513 saylı zaminlik müqaviləsinı əsasən zamin Cavabdeh2 borclu Cavabdeh1 kredit təşkilatı qarşısında kredit müqaviləsi üzrə öz öhdəliklərini vaxtında və lazımınca icra etmədikdə öhdəliklərin icrası üçün borclu ilə birgə məsuliyyət daşıması barədə öz üzərinə öhdəlik götürmüşdür.

12. İş materiallarında olan "xxxx" Bank Olmayan Kredit X1 Cəmiyyəti tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh1 kredit təşkilatına 8347,17 manat əsas borcu, 768,24 manat faiz borcu, 473,46 manat cərimə borcu, cəmi 9588,87 manat borcu vardır.

13. İş materiallarında olan "xxxx" Bank Olmayan Kredit X2 Cəmiyyəti tərəfindən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 ünvanlanmış xəbərdarlıqdan görünür ki, cavabdehə kredit müqaviləsi üzrə borcun ödənilməsi ilə bağlı xəbərdarlıq edilmişdir.

b) Məhkəmə tərəfindən müəyyən edilən hallar:

14. Beləliklə, məhkəmə iclasında müəyyən olundu ki, "xxxx" Bank Olmayan Kredit X2 Cəmiyyəti ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2023-cü il tarixli, BAKU1-74244- 24174 saylı kredit müqaviləsinə əsasən kredit təşkilatı tərəfindən Cavabdeh1 24 ay müddətinə, illik 39 faizlə, 1500 manat məbləğində kredit verilmiş, zamin Cavabdeh2 borclu Cavabdeh1 bank qarşısında kredit müqaviləsi üzrə öz öhdəliklərini vaxtında və lazımınca icra etmədikdə öhdəliklərin icrası üçün borclu ilə birgə məsuliyyət daşıması barədə öz üzərlərinə öhdəlik götürmüş, cavabdehlər üzərinə düşən öhdəlikləri tam icra etməmişlər və nəticədə onların MMC-yə ödənilməmiş borcu yaranmışdır.

c) Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə:

15. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

16. Eyni Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

17. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur.

18. Qeyd olunan Məcəllənin 448.1-ci maddəsinə əsasən borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.

19. Eyni Məcəllənin 449.1-ci maddəsinin tələbinə görə özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Qanunda və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə təmin edə bilər.

20. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 743.1-ci maddəsinə əsasən kredit müqaviləsinə görə borcverən pul vəsaitinə mülkiyyət hüququnu müqavilədə göstərilən məbləğdə və şərtlərlə borcalana verməyi, borcalan isə aldığı pul vəsaitini müqavilədə müəyyən edilmiş müddətə faizlərin və (və ya) müqavilədə göstərilən digər ödənişlərin ödənilməsi şərtilə borcverənə qaytarmağı öhdəsinə götürür. Kredit müqaviləsi üzrə borcverən yalnız normativ hüquqi aktlara uyğun olaraq kreditlərin verilməsi fəaliyyətinin həyata keçirilməsi hüququna malik şəxs ola bilər.

21. Azərbaycan Respublikası Mülki Məcəllənin 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür.

22. Qeyd olunan Məcəllənin 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar.

23. Məhkəmə qeyd edir ki, cavabdehlər kredit müqaviləsi üzrə üzərinə düşən öhdəlikləri yerinə yetirmədiyindən, kredit təşkilatı kredit müqaviləsi üzrə yaranmış borcun tutulması ilə əlaqədar məhkəmədə iddia qaldırmaqda haqlı olmuşdur.

24. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

25. Belə olan halda, iddiaçı tərəfindən ödənilmiş məhkəmə xərcləri də cavabdehlərə aid edilməlidir.

26. Beləliklə, məhkəmə iş materiallarını araşdırıb, sübutlara məcmu halda, tam, hərtərəfli və obyektiv hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməli, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 8347,17 (səkkiz min üç yüz qırx yeddi manat, on yeddi qəpik) manat əsas, 666,91 (altı yüz altmış altı manat, doxsan bir qəpik) manat faiz borcu, 88 (səksən səkkiz) manat cərimə borcu olmaqla, cəmi 9102,08 (doqquz min bir yüz iki manat, səkkiz qəpik) manat məbləğində pul, habelə 111,10 (bir yüz on bir manat, on qəpik) manat ödənilmiş dövlət rüsumunun əvəzi alınaraq "xxxx" Bank Olmayan Kredit X1 Cəmiyyətinə ödənilməlidir.

27. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

28. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.

29. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.

30. Eyni Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

31. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

32. Qeyd olunan Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

Nəticə hissəsi:

33. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 8347,17 (səkkiz min üç yüz qırx yeddi manat, on yeddi qəpik) manat əsas, 666,91 (altı yüz altmış altı manat, doxsan bir qəpik) manat faiz borcu, 88 (səksən səkkiz) manat cərimə borcu olmaqla, cəmi 9102,08 (doqquz min bir yüz iki manat, səkkiz qəpik) manat məbləğində pul, habelə 111,10 (bir yüz on bir manat, on qəpik) manat ödənilmiş dövlət rüsumunun əvəzi alınaraq "xxxx" Bank Olmayan Kredit X1 Cəmiyyətinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) apellyasiya şikayəti verilə bilər.

Sədrlik edən Şəbnəm Həxiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar