Məhkəmə qərarları › İş №e-2(060)-4134/2022

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(060)-4134/2022

08.07.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2(060)-4134/2022 08.07.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Abdullayev Emin Ağamusa oğlunun sədrliyi, X1 oğlunun katibliyi ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı kredit borcunun tutulması tələbinə dair mülki işə Sumqayıt Şəhər Məhkəməsinin binasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Açıq Səhmdar Cəmiyyəti (bundan sonra - iddiaçı) Cavabdeh (bundan sonra - cavabdeh) qarşı kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, cavabdehdən 25 dekabr 2020ci il tarixli kredit müqaviləsi üzrə əsas borca görə 291,5 manat, faiz borcuna görə 62,76 manat, cərimə borcuna görə 320 manat olmaqla, cəmi 674,26 manat məbləğində pulun və 30 manat ödənilmiş dövlət rüsumunun iddiaçının xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı ilə cavabdeh arasında 25 dekabr 2020-ci il tarixli, RBNPU-07391 saylı kredit müqaviləsinə əsasən illik 22% dərəcəsi olmaqla, 12 ay müddətinə 1600 manat məbləğində cavabdehə kredit verilmişdir. Cavabdeh kredit üzrə hesablanmış dəbbə pulunu, faizləri və əsas məbləğini tam və vaxtında ödəməyi öhdəsinə götürsə də, kreditin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımi qaydada icra etməmişdir. Cavabdehə borcun ödənilməsi barədə şifahi və yazılı qaydada xəbərdarlıq edilməsinə baxmayaraq borcunu ödəməkdən qərəzli olaraq yayınmışdır. Maliyyə arayışına əsasən cavabdehin kredit müqaviləsi üzrə əsas borc üzrə 291,5 manat, faiz borcuna görə 62,76 manat, dəbbə borcuna görə 320 manat olmaqla, cəmi 674,26 manat borcu qalmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinə (bundan sonra - MPM) əsasən Mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir (284-1). Ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. (284-5.1.). Cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər (284-5.2.). Ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır (284-5.3.). İddia ərizəsi 26 may 2022-ci il tarixində məhkəməyə daxil olmuşdur. Ərizə məhkəməyə daxil olduqdan sonra icraata qəbul edilmiş, cavabdehə bildiriş göndərilmiş və iddiaya dair yazılı etirazını və əlavə edilmiş sənədləri 10 iş günü müddətində məhkəməyə təqdim etməsi təklif edilmişdir. Cavabdehin iddia tələbi ilə bağlı etirazı məhkəməyə daxil olmamışdır. Məhkəmə iş materiallarını araşdıraraq aşağıdakı nəticəyə gəlir. İş materiallarında olan şəxsiyyət vəsiqəsinin surətinə əsasən əsasən cavabdeh xx.xx.1973-cü ildə anadan olmuşdur. İş materiallarında olan 25 dekabr 2020-ci il tarixli, RBNPU-07391 saylı kredit müqaviləsinə əsasən iddiaçı tərəfindən cavabdehə illik 22% dərəcəsi olmaqla, 12 ay müddətinə 1600 manat məbləğində kredit verilmişdir. Bunu həmin tarixli məxaric orderi təsdiq edir. İş materiallarında olan ödəniş cədvəlinə əsasən cavabdeh 12 ay müddətinə hər ay 149,76 manat, sonuncu ay isə 149,85 manat ödəniş etməli idi. xx.xx.2022-ci il tarixli maliyyə arayışına əsasən cavabdehin 17 may 2022-ci il tarixə banka əsas borc üzrə 291,5 manat, faiz borcuna görə 62,76 manat, cərimə borcuna görə 320 manat olmaqla, cəmi 674,26 manat borcu vardır. İddiaçı tərəfindən cavabdehə ünvanlanmış bildirişlərdən görünür ki, cavabdehə borcun ödənilməsinə dair xəbərdarlıq edilmişdir. İşdə olan mədaxil qəbzindən görünür ki, iddiaçı iddia ərizəsinin verilməsi üçün 30 manat dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinə (bundan sonra – Mülki Məcəllə) əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür (739.1). Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər (739.2). Göründüyü kimi cavabdehlə iddiaçı arasında kredit müqaviləsi bağlanmışdır. Mülki Məcəllədə qeyd edilir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır (385.1). Öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür (442). Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır (445.2.1). Göründüyü kimi cavabdeh kredit müqaviləsinə əsasən üzərinə götürdüyü öhdəlikləri lazımınca yerinə yetirməmiş və xx.xx.2022-ci il tarixinə onun banka əsas borc üzrə 291,5 manat, faiz borcuna görə 62,76 manat borcu qalmışdır. Həmin borclar cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Məhkəmə dəbbə pulu ilə bağlı aşağıdakıları qeyd edir. Mülki Məcəlləyə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir (462.1.). Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir (467). Məhkəmə hesab edir ki, 291,5 manat əsas borc məbləğinə 320 manat cərimənin hesablanaraq cavabdehdən tələb edilməsi edilməsi zamanı iddiaçı tərəfindən əsas borcla cərimə məbləği arasında tənasüb gözlənməmişdir. Bu səbəbdən məhkəmə cərimə məbləğinin azaldılaraq 30 manat məbləğində müəyyən edilməsini daha ədalətli hesab edir. MPM-in 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən iş üzrə iddiaçı tərəfindən iddia ərizəsinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumunun 15 manatı cavabdehə aid edilməlidir. Yuxarıdakılara əsasən və MPM-in 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Əsas borc üzrə 291,5 manat, faiz borcu üzrə 62,76 manat, cərimə üzrə 30 manat olmaqla, cəmi 384 (üç yüz səksən dörd) manat 26 (iyirmi altı) qəpik məbləğində pul və ödənilmiş 15 manat dövlət rüsumu Cavabdeh tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Emin Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar