Məhkəmə qərarları › İş №e-2(060)-417/2025

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(060)-417/2025

25.02.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2(060)-417/2025 25.02.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Şirəliyeva Vəfa Zavrulla qızının sədrliyi, İbrahimzadə Zəhra Şahverdi qızının katibliyi, İddiçı İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “borcun tutulması” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddia tələbi:

1. İddiaçı Açıq Səhmdar Cəmiyyəti Cavabdeh qarşı iddia qaldıraraq cavаbdеhlər Cavabdeh iddiаçı İddiaçı Açıq Səhmdаr Cəmiyyətinin хеyrinə xx.xx.2024-cü il tarixli, MXD- 2853-2024 saylı kredit müqaviləsi üzrə 79482,32 manat əsas, 1457,18 manat faiz, 607,20 manat cərimə borcu olmaqla, cəmi 81546,70 manat borcun və 334,64 manat məhkəmə xərcinin (dövlət rüsumunun) tutulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.

2. İddiçı İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Nümayəndə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək Cavabdeh İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə xx.xx.2024-cü il tarixli, MXD-2853-2024 saylı kredit müqaviləsi üzrə 79482,32 manat əsas, 2020,18 manat gecikdirilmiş vaxt üçün 5% məbləğində hesablanmış faiz borcu olmaqla, cəmi 81502,50 manat borcun və 334,64 manat dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.

İddia tələbinin əsaslandırıldığı hallar :

3. İddia onunla əsaslandırılmışdır ki, İddiaçı ASC ilə Cavabdeh arasında imzalanmış xx.xx.2024-cü il tarixli, MXD-2853-2024 saylı kredit müqaviləsinə əsasən bank tərəfindən cavabdehə əvvəlki kredit müqaviləsi üzrə mövcud olmuş məqsədi ilə illik 12 % hesablanmaqla, 1 ay müddətinə qaytarılmaq şərti ilə 79500 manat məbləğində kredit vəsaiti restrukturizasiya edilmişdir. xx.xx.2024-cü il tarixli, MXD-2853-2024 saylı kredit müqaviləsinə əlavə olan ödəniş cədvəlinə əsasə kredit müqaviləsi üzrə xx.xx.2024-cü il tarixində cavabdeh tərəfindən tam məbləğdə ödəniş həyata keçirilməli idi. Lakin cavabdeh tərəfindən müqavilə münasibətləri üzrə mövcud olan öhdəliklər lazımı qaydada icra edilməmişdir. Belə ki, tərəflər arasında imzalanmış xx.xx.2024-cü il tarixli, MXD-2853-2024 saylı kredit müqaviləsinin 5.1.6.2-ci bəndinə əsasən ödəniş cədvəli üzrə vaxtı çatmış kreditin faizlər və ya haqlar daxil olmaqla 90 gün və ya daha çox müddətdə gecikdirilməsi, yaxud kreditin (faizlər və ya haqlar daxil olmaqla) ödənilməsi müddətlərinin ardıcıl olaraq iki dəfə pozulması (90 gündən az olmamaqla) halında “Bank” “Bank”a ödənilməli olan faiz və ya digər ödənişləri vaxtından əvvəl qaytarılmasını tələb etmək hüququna malikdir. Öhdəliklərin lazımı qaydada icra olunmaması səbəbindən bank tərəfindən cavabdehə xəbərdarlıq göndərilmiş, borcunu dərhal ödəməsi tələb edilmiş, əks təqdirdə məhkəməyə müraciət ediləcəyi onun diqqətinə çatdırılmışdır. Lakin xəbərdarlıq məktubunun göndərilməsinə baxmayaraq cavabdeh tərəfindən öhdəliklər lazımı qaydada icra edilməmiş olaraq qalmışdır. xx.xx.2024-cü il tarixinə hesablanmaqla cavabdehin bank qarşısında ümumilikdə 81546,70 manat məbləğində icra edilməmiş öhdəliyi mövcuddur. Həmin məbləğdən 79482,32 manat əsas borcu, 1457,18 manat faiz borcunu, 607,20 manat isə cərimə borcunu ehtiva edir. Hazırki kredit müqaviləsi üzrə faiz borcu xx.xx.2024cü il tarixə, yəni kredit müqaviləsinin qüvvədə olma müddətinin bitmə tarixinə hesablanmışdır. xx.xx.2024-cü il tarixindən xx.xx.2024-cü il tarixinə kimi isə qalıq əsas borc məbləğində 5% məbləğində gecikdirilmiş vaxt üçün faiz borcu hesablanmışdır.

Tərəflərin mövqeləri:

4. Məhkəmə iclaslarında iştirak edən İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Nümayəndə iddia ərizəsinin məzmununa uyğun izahat verərək bildirdi ki, kredit müqaviləsinin müddəti 28 iyul 2024-cü il tarixdə bitdiyi üçün həmin tarixdən başlayaraq 5 faiz məbləğində gecikdirilmiş müddət üçün faiz borcu hesablanmışdır. Yeni maliyyə arayışı məhkəməyə təqdim edilmişdir. Əsas borc məbləğinə heç bir əlavə olmamışdır. Lakin kredit müqaviləsinin müddətinin bitdiyi tarixdən 27 yanvar 2025-ci il tarixə kimi 2020,18 manat məbləğində gecikdirilmiş faiz borcu olaraq 5 faiz məbləğində pul tələb olunur. Cavabdeh tərəfindən 65,68 manat və 782,32 manat məbləğində ödənişlər edilmişdir. Kreditə hesablanacaq faiz borcu silinmişdir. Borc məbləği kredit müqaviləsinin bitdiyi tarixə, yəni 28 iyul 2024-cü il tarixə olan borcdur. Cavabdeh iki şirkətin direktoru olduğu üçün ona münasibətdə kredit verilmişdir. Borc məbləğinin hesablanma qaydası qalıq və əsas borc məbləğinin 5 faizə vurularaq 360 günə bölünməsi şəklində hesablanmışdır. Belə ki, ekspertizada da məbləğ bu şəkildə hesablanmışdır. Cavabdehin borcla 183 gün gecikməsi olmuşdur.

5. Məhkəmə iclaslarında iştirak edən Cavabdeh izahatında bildirdi ki, hesabdan çıxarışda qeyd olunan məbləğdən əlavə ödənişlər edilmişdir. Qeyd olunan halın nəzərə alınmasını məhkəmədən xahiş etdi.

Tədqiq olunan sübutlar:

6. İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2024-cü il tarixli, MXD- 2853-2024 saylı kredit müqaviləsindən görünür ki, bank illik 12 faiz ödəmək şərtilə 79500 manat məbləğində krediti birdəfəlik olaraq borcalanın mülkiyyətinə verməyi, borcalan həmin kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi və müəyyən olunmuş müddətdə onu faizi və digər ödənişləri ilə birlikdə “Bank”a qaytarmağı öhdəsinə götürmüşdür.

7. xx.xx.2024-cü il tarixli, MXD-2853-2024 saylı kredit müqaviləsinə əlavə olunan ödəniş cədvəlindən görünür ki, müqavilə üzrə ödənişlərin icra edilməsi müddəti xx.xx.2024-cü il tarixi müəyyən edilmişdir.

8. 12.09.2024-cü il tarixli pretenziyadan görünür ki, İddiaçı ASC tərəfindən cavabdehə borc məbləğinin 3 iş günü müddətində tam olaraq ödənilməsi təklif olunmuş, əks təqdirdə bank tərəfindən xx.xx.2024-cü il tarixli, MXD-2853-2024 saylı kredit müqaviləsi üzrə yaranmış borcun, habelə çəkilmiş məhkəmə və digər xərclərinin cavabdehdən tutulması tələbinə dair aidiyyəti üzrə məhkəmə instansiyasına müraciət ediləcəyi barədə xəbərdarlıq olunmuşdur.

9. İddiaçı ASC tərəfindən tərtib edilmiş 20 dekabr 2024-cü il tarixli maliyyə arayışında qeyd olunmuşdur ki, Cavabdeh MXD-2853-2024 saylı kredit müqaviləsi üzrə 79482,32 manat əsas borc, 2020,18 manat faiz borcu olmaqla, cəmi 81502,5 manat borcu vardır.

Tətbiq edilən hüquq:

10. Azərbaycan Respublikası Mülki Məcəlləsinin:

- 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. -743.1-ci maddəsinə əsasən kredit müqaviləsinə görə borcverən pul vəsaitinə mülkiyyət hüququnu müqavilədə göstərilən məbləğdə və şərtlərlə borcalana verməyi, borcalan isə aldığı pul vəsaitini müqavilədə müəyyən edilmiş müddətə faizlərin və (və ya) müqavilədə göstərilən digər ödənişlərin ödənilməsi şərtilə borcverənə qaytarmağı öhdəsinə götürür. Kredit müqaviləsi üzrə borcverən yalnız normativ hüquqi aktlara uyğun olaraq kreditlərin verilməsi fəaliyyətinin həyata keçirilməsi hüququna malik şəxs ola bilər. -743.2-ci maddəsinə əsasən bu Məcəllənin bu paraqrafının müddəalarından ayrı qayda irəli gəlmirsə, kredit müqaviləsinə bu Məcəllənin borc müqaviləsi haqqında müddəaları müvafiq surətdə tətbiq edilir. - 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. - 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. - 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. - 425.1-ci maddəsinə görə öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. -462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. -467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır.

11. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 29 mart 2023-cü il tarixli Qərarı:

- Borcalana bildiriş verilməsi və ya məhkəmə qərarının (o cümlədən birbaşa borcalana qarşı iddia tələbi irəli sürülmədən müvafiq tarixə yaranmış borcun ipoteka predmetinin hərracdan satılması hesabına tutulması barədə məhkəmə aktının) qəbul edilməsi ilə tərəflər arasında bağlanmış kredit müqaviləsi ləğv edilmiş hesab edilərsə, bu halda həmin tarixdən sonrakı dövr üçün bank kredit müqaviləsi üzrə faiz və dəbbə pulunu borcalandan tələb etmək hüququnu itirməklə borcludan yalnız öhdəliyin icrasının gecikdirilməsi nəticəsində yaranmış zərəri (Mülki Məcəllənin 443-cü maddəsi) və (və ya) pul öhdəliyinin icra edilməməsindən irəli gələn məsuliyyət üzrə digər vəsaiti tələb edə bilər.

Sübutların tədqiqi və məhkəmənin mövqeyi:

12. Məhkəmə iddia ərizəsini və iş materiallarını tədqiq edərək, tərəfləri dinləyərək və işdə olan sübutları qiymətləndirərək, qeyd edir ki, iddia tələbi təmin edilməlidir.

13. Belə ki, mülki qanunvericiliyə əsasən tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, Mülki Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır.

14. İş materialarına əlavə edilmiş sənədlərlə müəyyən olunur ki, bank illik 12 faiz ödəmək şərtilə 79500 manat məbləğində krediti birdəfəlik olaraq borcalanın mülkiyyətinə verməyi, borcalan həmin kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi və müəyyən olunmuş müddətdə onu faizi və digər ödənişləri ilə birlikdə “Bank”a qaytarmağı öhdəsinə götürmüşdür.

15. Cavabdeh tərəfindən müqavilə üzrə borcun ödənilməsi tam təmin edilmədiyindən iddiaçı tərəfindən ona bildiriş göndərilərək borcun ödənilməsi tələb edilmiş, əks təqdirdə məhkəməyə müraciət olunacağı barədə xəbərdarlıq edilmişdir.

16. Göründüyü kimi, iddiaçı ilə cavabdeh arasında kredit müqaviləsindən irəli gələn öhdəlik münasibətləri mövcud olmuşdur. İddiaçı qeyd olunan müqavilə üzrə üzərinə düşən vəzifəni yerinə yetirərək pul vəsaitini cavabdehin hesabına köçürmüş və onlar ödənişlərin müddəti və məbləği barədə razılığa gəlmişlər. Lakin Cavabdeh müqavilədən irəli gələn kreditin ödənilməsinə dair öhdəliyini vaxtında və lazımi qaydada icra etməmişdir. Nəticədə cavabdehin iddiaçı qarşısında icra edilməmiş öhdəliyi yaranmışdır.

17. Beləliklə, məhkəmə iş üzrə təqdim olunmuş sübutları məcmu halında qiymətləndirərək, sadalanan maddi hüquq normalarına əsaslanaraq və həmin maddələrin tələblərini işin faktiki hallarına tətbiq edərək belə nəticəyə gəlir ki, iddia tələbi əsas borcun ödənilməsi hissəsində əsaslı olduğundan təmin edilməlidir.

18. Məhkəmə iddianın Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə gecikdirilmiş vaxt üçün hesablanmış faiz borcunun tutulması hissəsinə münasibətdə qeyd edir ki, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi, icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi halları borclunun icranı gecikdirməsi sayılır. Borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur (Mülki Məcəllənin 445.2, 445.7. maddələri).

19. Qanunun mənasına görə borclunun icranı gecikdirməsi hər bir hüquq pozuntusu kimi onun məsuliyyətinə səbəb olur. Pul öhdəliklərinin spesifik xüsusiyyətləri nəzərə alınmaqla pul məbləğinin ödənilməsinin gecikdirilməsinin xüsusi hüquqi nəticələri müəyyən edilmişdir ki, bu da borclunun pul məbləğinin ödənilməsini gecikdirdiyi halda gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməsidir. Məhkəmə qeyd edir ki, cavabdeh tərəfindən pul vəsaitinin icrası gecikdirildiyindən və bu gecikmə işdə olan sənədlərlə öz təsdiqini tapdığından, iddia tələbi bu hissədə də əsaslıdır.

20. Beləliklə, məhkəmə hesab edir ki, Cavabdeh 79482,32 manat əsas borc, 2020,18 manat faiz borcu olmaqla, cəmi 81502 (səksən bir min beş yüz iki) manat, 50 (əlli) qəpik məbləğində pul vəsaiti və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 334 (üç yüz otuz dörd) manat, 64 (altmış dörd) qəpik pul vəsaiti tutularaq İddiaçı ASC-yə ödənilməlidir.

Nəticə:

21. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏTETDİ:

İddia tələbi təmin edilsin. Cavabdeh 79482,32 manat əsas borc, 2020,18 manat faiz borcu olmaqla, cəmi 81502 (səksən bir min beş yüz iki) manat, 50 (əlli) qəpik məbləğində pul vəsaiti və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 334 (üç yüz otuz dörd) manat, 64 (altmış dörd) qəpik pul vəsaiti tutularaq İddiaçı ASC-yə ödənilsin. Qətnamədən, məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Vəfa Şirəliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar