Məhkəmə qərarları › İş №e-2(060)-4234/2022

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(060)-4234/2022

29.06.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2(060)-4234/2022 29.06.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Sumqayıt Şəhər Məhkəməsinin hakimi Aynur Mirzalı qızı Behbudova, İddiaçı ASC-nin Cavabdeh qarşı pul tələbi barədə kiçik iddialara dair işlər üzrə mülki işə sadələşdirilmiş icraat qaydasında baxaraq, müəyyənetdi: İddiaçı ASC Cavabdeh qarşı pul tələbi barədə kiçik iddialara dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 301.62 manat əsas kredit borcu, 1.25 manat kreditdən istifadəyə görə faiz borcu olmaqla, cəmi 302.87 manat borcun, həmçinin 30 manat ödənilmiş dövlət rüsumunun İddiaçı ASC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC ilə arasında bağlanmış 016CASA193300011 saylı, xx.xx.2019-cu il tarixli güzəştli kredit müqaviləsinə əsasən Cavabdeh 12 ay güzəşt müddəti olmaqla, 60 müddətinə, illik 1 faiz kreditdən istifadəyə görə haqq ödəmək şərti ilə 317.68 manat kredit verilmişdir. Lakin kredit müqaviləsi üzrə öhdəliklərini bank qarşısında icra etməyən Cavabdeh banka 301.62 manat əsas kredit borcu, 1.25 manat kreditdən istifadəyə görə faiz borcu olmaqla, cəmi 302.87 manat borcu qalmışdır. Cavabdehə dəfələrlə şifahi və bildirişlə müraciət etmələrinə baxmayaraq kreditin ödənilməsi üçün tədbirlər görülməmiş, kredit müqaviləsindən irəli gələn öhdəlikləri lazımi qaydada icra edilməmişdir. Bu səbəbdən məhkəməyə müraciət edilməsi zərurəti yaranmışdır. Məhkəmə hazırkı iddianın qiymətinin 5000 (beş) min manatdan az olmasını nəzərə alaraq mülki işə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab etdi. Məhkəmə iddiaçının təqdim etdiyi sənədləri tədqiq edərək toplanmış sübutlara Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən məcmu halda qiymət verərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir. İş materiallarından görünür ki, iddia ərizəsi 01 iyun 2022-ci il tarixdə məhkəməyə daxil olmuş, məhkəmə Cavabdeh prosesual hüquq və vəzifələrinin izahı barədə rəsmi qaydada bildiriş göndərmişdir. Lakin həmin ünvanda yaşamadığı üçün məhkəmə bildirişini Cavabdeh təqdim etmək mümkün olmamışdır. Bu barədə poçt tərəfindən müvafiq qeyd yazılmış və möhürlə təsdiq edilmiş məhkəmə bildirişi məhkəməyə qaytarılmışdır. Məhkəmə hesab edir ki, mülki işin iddia icraatına keçirməklə iş üzrə əlavə araşdırma aparılmasına, ekspertiza təyin olunmasına və ya tərəflərin məhkəməyə çağırılmaqla dinlənilmələrinə lüzum yoxdur, mülki işin prosessual vəziyyəti işə sadələşdirilmiş icraat qaydasında baxılmasına mane olmur. İş materiallarında olan İddiaçı ASC tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh xx.xx.2019-cu il tarixli kredit müqaviləsi üzrə 301.62 manat əsas, 1.25 manat faiz borcu olmaqla, cəmi 302.87 manat məbləğində borcu vardır. İş materiallarında olan İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli güzəştli kredit müqaviləsindən görünür ki, bank tərəfindən Cavabdeh illik 1 faiz ödənilməsi şərti ilə 60 ay müddətində 317.68 manat məbləğində kredit verilmiş, borcalan krediti müəyyən olunmuş müddətdə borcverənə qaytarmağı öhdəsinə götürmüşdür. İş materiallarında olan ödəniş cədvəlindən görünür ki, Cavabdeh ona verilmiş kredit üzrə əsas və faiz borclarını hesabında qalıq yarandığı gündən bir ay sonradan, yəni xx.xx.2019-cu il tarixdən başlayaraq ilk 12 ay güzəşt müddəti olmaqla, qalan hər ay banka 6.76 manat, ümumilikdə 327.39 manat ödəməklə qaytarmalıdır. İş materiallarına əlavə edilmiş İddiaçı ASC-nin Cavabdeh ünvanladığı xx.xx.2022-ci il tarixli bildirişdən görünür ki, cavabdehə bank tərəfindən müqavilə üzrə yaranmış kredit borcunun 3 iş günü müddətində İddiaçı ASC-nə ödənilməsi barədə xəbərdarlıq edilmiş, lakin cavabdeh ona edilmiş xəbərdarlığa baxmayaraq, borcun qaytarılması üçün tədbirlər görməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Həmin Məcəllənin 425.1-ci maddəsində göstərilir ki, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1. maddəsində göstərilir ki, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə görə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehlərdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. İş materiallarından müəyyən edilir ki, cavabdeh kredit müqaviləsi ilə üzərinə götürdüyü öhdəliyi lazımi qaydada icra etməmiş, iddiaçı qarşısında icra edilməmiş kredit öhdəlikləri vardır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, iqtisadi mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Həmin Məcəllənin 284-5.1-ci maddəsinə əsasən ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehlərə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehlərin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. Həmin Məcəllənin 284-5.2-ci maddəsinə əsasən cavabdehlər bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təstiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında”Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Həmin Məcəllənin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Yuxarıda qeyd olunan normalara əsaslanaraq məhkəmə hesab edir ki, Cavabdeh 301.62 manat əsas, 1.25 manat faiz borcu olmaqla, cəmi 302.87 manat borc və 30 manat dövlət rüsumu İddiaçı ASC-nin xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Ona görə də iş üzrə ödənilmiş dövlət rüsumu cavabdehdən tutularaq iddiaçının xeyrinə keçirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 284-1-284-6, 216-220-ci və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia tələbi təmin edilsin. Cavabdeh 301.62 manat əsas, 1.25 manat faiz borcu olmaqla, cəmi 302.87 (üç yüz iki manat səksən yeddi qəpik) manat borc və 30 (otuz) manat dövlət rüsumu İddiaçı ASCnin xeyrinə tutulsun. Qətnamədən, qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Aynur Behbudova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar