Məhkəmə qərarları › İş №e-2(060)-426/2025

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(060)-426/2025

25.09.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2(060)-426/2025 25.09.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Giriş hissə: Hakim Həxiyeva Şəbnəm Səlim qızının sədrliyi, Rüstəmzadə Leyla Cəfər qızının katibliyi ilə, İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı «subroqasiya hüququ üzrə vurulmuş zərərin əvəzinin ödənilməsi tələbi»nə dair iddia ərizəsi ilə bağlı üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə:

1. İddiaçı "xxxx" ASC Cavabdeh qarşı «subroqasiya hüququ üzrə vurulmuş zərərin əvəzinin ödənilməsi tələbi»nə dair iddia ərizəsi üzrə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında məhkəməyə müraciət etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı "xxxx" ASC ilə X4 arasında xx.xx.2018-ci il tarixdə PAA********** saylı sığorta müqaviləsi bağlanmış və “Mercedes Benz E220” markalı, ** UJ *** dövlət qeydiyyat nişanlı avtomobil sığorta olunaraq, avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası növü üzrə sığorta təminatı almışdır. Cavabdeh xx.xx.2019-cu il tarixdə “Mercedes Benz E220” markalı, ** UJ *** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən Yasamal rayonu ərazisində yolnəqliyyat hadisəsi törətmiş və “Mercedes Benz S350” markalı, ** SB *** dövlət qeydiyyat nişanlı avtomobilə zərər vurmuşdur. Qeyd olunan zərərin aradan qaldırılması üçün "xxxx" ASC tərəfindən 880 manat məbləğində sığorta ödənişi həyata keçirilmişdir. Yol-nəqliyyat hadisəsi ilə bağlı Yasamal RPİ DYPŞ-dən ünvanlarına İnzibati xəta haqqında Protokol daxil olmuş, həmin Protokola əsasən Cavabdeh AR İnzibati Xətalar Məcəlləsinin 327.1 və 327.6-cı maddələri ilə təqsirli bilinmiş və Protokolda Cavabdeh hadisə yerindən yayındığı qeyd olunmuşdur. Yasamal RPİ DYPŞ-nin "xxxx" ASC-yə təqdim etdiyi arayışa əsasən Cavabdeh yol-nəqliyyat hadisəsində təqsirli bilinmiş və nəticədə cavabdehin zərərin aradan qaldırılmasına dair mülki məsuliyyəti yaranmışdır. Göstərilənlərə əsasən 880 manat sığorta ödənişi məbləğinin və 30 manat dövlət rüsumunun, cəmi 910 manat məbləğində pul vəsaitinin cavabdehdən tutulub iddiaçı "xxxx" ASC-nin xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir.

3. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci və 284-5.3-cü maddələrinə əsasən, hazırki mülki işə iddianın məbləği beş min manatdan az olduğundan sadələşdirilmiş icraat qaydasında baxılması qərara alınmış, bu barədə Cavabdeh bildiriş göndərilərək, iddiaçının tələbinə dair əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri 10 (on) iş günü müddətində məhkəməyə təqdim etməsi xahiş olunmuşdur.

4. 07 noyabr 2024-cü il tarixdə Cavabdeh ərizə təqdim edərək, işin iddia icraatına keçirilməsini məhkəmədən xahiş etmişdir.

5. Sumqayıt Şəhər Məhkəməsinin qərardadı ilə iddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı «subroqasiya hüququ üzrə vurulmuş zərərin əvəzinin ödənilməsi tələbi»nə dair iddia ərizəsi ilə bağlı mülki işə ümumi iddia icraatı qaydasında baxılması qərara alınmışdır.

a) Məhkəmə icraatı iştirakçılarının izahatları:

6. Əvvəlki məhkəmə iclasında iştirak etmiş iddiaçı "xxxx" ASC-nin nümayəndəsi Nümayəndə oğu izahat verərək, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.

7. Sonuncu məhkəmə iclası ilə əlaqədar iddiaçı "xxxx" ASC tərəfindən məhkəməyə ərizə təqdim edilərək, məhkəmə iclaslarının onların iştirakı olmadan keçirilməsi və iddia tələbinin təmin edilməsi məhkəmədən xahiş edilmişdir.

8. Məhkəmə işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

9. Əvvəlki məhkəmə iclasında iştirak etmiş Cavabdeh iddia tələbinə etiraz edərək iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.

10. Məhkəmə iclasının iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, Cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir.

11. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

12. Məhkəmə, proses iştirakçılarının izahatlarını dinləyib, iş üzrə toplanmış sübutları məcmu halda araşdırıb hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir.

Əsaslandırıcı hissə: a) Mülki işin materialları:

13. Belə ki, iş materiallarında Yasamal rayon DYPŞ tərəfindən tərtib edilmiş xx.xx.2019-cu il tarixli, AP № ******* saylı inzibati xəta haqqında protokolun və xx.xx.2019-cu il tarixli, TP № ******* saylı inzibati tənbeh vermə haqqında qərarın surətlərindən görünür ki, “Mercedes Benz E220” markalı, **-UJ-*** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsini idarə etmiş Cavabdeh Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci və 327.6-cı maddələri ilə təqsirli bilinərək 100 manat məbləğində cərimə edilmişdir.

14. İş materiallarında olan 19-04700/05/AA-3892/19 saylı, xx.xx.2019-cu il tarixli sığorta aktından görünür ki, xx.xx.2019-cu il tarixdə baş vermiş sığorta hadisəsi nəticəsində “Mercedes Benz S350” markalı, **-SB-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərin məbləği 880 manat, ödənilmiş sığorta ödənişinin məbləği 880 manat təşkil edir.

15. İş materiallarında olan "xxxx" MMC tərəfindən verilmiş qüsur aktdan görünür ki, lizinq predmeti olan “Mercedes Benz S500” markalı, **-SB-*** dövlət qeydiyyat nişanlı minik avtomobilinə 880 manat məbləğində ziyan dəymişdir.

16. İş materiallarında olan 007618 saylı, xx.xx.2019-cu il tarixli ödəniş tapşırığının surətindən görünür ki, "xxxx" ASC tərəfindən X2 hesabına 880 manat məbləğində pul köçürülmüşdür.

17. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2025-ci il tarixli, 9/723 nömrəli rəyinə əsasən, nəzəri hesablama yolu ilə "xxxx" MMC tərəfindən tərtib edilmiş qüsur aktında baş vermiş hadisə nəticəsində 2010-cu il buraxılışlı, “Mercedens Benz S350” markalı, **-SB-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmirbərpa xərci təxminən 400 manat müəyyən edilir. O, cümlədən dəyişilməli hissələrin qiyməti 230 manat, təmir-bərpa işlərinin qiyməti 170 manat təşkil edir. Ekspert tədqiqatının dəyəri 50 manat təşkil etmişdir.

18. İş materiallarında olan "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, AS 08-010/25 saylı ekspertiza rəyindən görünür ki, ön bufer nömrəaltı plasmas 1 ədəd-81 manat, oblisovka 1 ədəd-501 manat olmaqla, cəmi 582 manat, görülmüş bərpa-təmir işləri: boyaçı-80 manat, elektrik-20 manat, plastmasçı- 30 manat, armaturçu-30 manat olmaqla, cəmi 160 manat, ümumilikdə 742 manatdır. Mülki işə əlavə edilmiş qüsur aktı nəzərə alınmaqla yol-nəqliyyat hadisəsi nəticəsində “Mercedes Benz S350” markalı, **-SB-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərin məbləği 742 manat təşkil edir. Ekspertiza dəyəri 300 manat təşkil edir.

b) Məhkəmə tərəfindən müəyyən edilən hallar:

19. Beləliklə məhkəmə tərəfindən tədqiq olunmuş sübutlar əsasında müəyyən edilmişdir ki, “Mercedes Benz E220” markalı, ** UJ *** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsi xx.xx.2018-ci il tarixində "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən «Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığorta» növü üzrə sığortalanmışdır. xx.xx.2019-cu il tarixində Cavabdeh idarə etdiyi “Mercedes Benz E220” markalı, ** UJ *** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsi ilə “Mercedes Benz S350” markalı, ** SB *** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsinə yol-nəqliyyat hadisəsi zamanı zərər vurmuşdur. Cavabdeh yol-nəqliyyat hadisəsi yerindən yayınmışdır. "xxxx" Aşıq Səhmdar Cəmiyyəti tərəfindən tərtib olunmuş sığorta aktına əsasən, “Mercedes Benz S350” markalı, ** SB *** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsinin təmiri üçün dəymiş ziyanın ümumi miqdarı 880 manat məbləğində müəyyən edilmiş və həmin ziyanın məbləği olan "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən ödənilmişdir.

c) Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə:

20. Hazırki iddia tələbi ilə bağlı məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir.

21. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097.1-ci maddəsində göstərilir ki, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir.

22. Həmin Məcəllənin 1114.1-ci maddəsinə əsasən başqa şəxsin (qulluq, mənsəb və ya əmək vəzifələrinin icrası zamanı işçinin, nəqliyyat vasitəsini idarə edən şəxsin və i.a) vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqres) hüququ vardır.

23. Qeyd olunan Məcəllənin 936.1-ci maddəsinə əsasən subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur.

24. Həmçinin, Mülki Məcəllənin 1108.1-ci maddəsinin tələbinə görə ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur.

25. Həmin Məcəllənin 1108.2-ci maddəsinə əsasən yüksək təhlükə mənbəyinin sahibi digər şəxslərin hüquqa zidd hərəkətləri nəticəsində mənbənin onun sahibliyindən çıxdığını sübuta yetirərsə, həmin mənbənin vurduğu zərər üçün məsuliyyət daşımır. Belə hallarda yüksək təhlükə mənbəyinin vurduğu zərər üçün məsuliyyəti mənbəyə hüquqa zidd yiyələnmiş şəxslər daşıyırlar. Yüksək təhlükə mənbəyinin sahibi həmin mənbənin onun sahibliyindən hüquqa zidd götürülməsində təqsirli olduqda məsuliyyət həm mənbə sahibinin, həm də yüksək təhlükə mənbəyinə hüquqa zidd yiyələnmiş şəxsin üzərinə qoyula bilər.

26. Habelə, “İcbari Sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 63.1-ci maddəsinə əsasən Bu Qanunun 63.2-ci maddəsi nəzərə alınmaqla, avtonəqliyyat vasitələrinin sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə baş vermiş sığorta hadisəsi zamanı sürücü hadisə yerindən yayınmış olduqda da sığorta ödənişi vermiş sığortaçının hadisəni törətmiş şəxsə qarşı verilmiş sığorta ödənişi məbləğində subroqasiya hüququ yaranır.

27. Məhkəmə iddia tələbinə qeyd olunan maddi hüquq normalarını tətbiq edərək, belə nəticəyə gəlir ki, yol-nəqliyyat hadisəsi baş verən zaman yüksək təhlükə mənbəyi olan avtomobil qanuni əsaslarla Cavabdeh tərəfindən idarə edildiyindən, həmçinin, onun Sumqayıt DYPŞ tərəfindən tərtib edilmiş inzibati tənbeh vermə haqqında qərara əsasən təqsirli olması sübuta yetirildiyindən və o, hadisə yerindən yayındığından həmin mənbənin vurduğu zərərə görə Cavabdeh məsuliyyət daşımalıdır.

28. Məhkəmə, həmçinin ziyanın məbləği ilə bağlı qeyd etməyi zəruri hesab edir ki, iddiaçı tərəfindən təqdim edilmiş qüsur aktını cavabdeh mübahisələndirdiyindən məbləğin yenidən qiymətləndirilməsinə zərurət qalmışdır.

29. İşin materiallarında olan məhkəmənin qərardadı əsasında keçirilmiş xx.xx.2025ci il tarixli, 9/723 nömrəli rəyinə əsasən, nəzəri hesablama yolu ilə "xxxx" MMC tərəfindən tərtib edilmiş qüsur aktında baş vermiş hadisə nəticəsində 2010-cu il buraxılışlı, “Mercedens Benz S350” markalı, **-SB-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmirbərpa xərci təxminən 400 manat müəyyən edilmişdir.

30. İşin materiallarında olan məhkəmənin qərardadı əsasında keçirilmiş xx.xx.2025ci il tarixli, AS 08-010/25 saylı ekspertiza rəyindən görünür ki, “Mercedes Benz S350” markalı, **-SB-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərin məbləği 742 manat müəyyən edilmişdir.

31. Məhkəmə sonuncu ekspert rəyini əsas götürərək hesab edir ki, Cavabdeh 742 manat məbləğində pul alınaraq iddiaçı "xxxx" ASC-yə ödənilməlidir. Belə ki, sonuncu ekspert rəyindəki məbləğ fotoşəkillərə əsaslanmaqla müəyyən edilmişdir. Həmin hal (ekspert rəyi) mübahisəsiz xarakter daşıyır.

32. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh 742 (yeddi yüz qırx iki) manat məbləğində pul və ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun əvəzi alınaraq iddiaçı "xxxx" ASC-yə ödənilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir.

33. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

34. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.

35. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

36. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

37. Qeyd olunan Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

38. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri olan 50 (əlli) manat iddiaçı "xxxx" ASC-dən və Cavabdeh müştərək qaydada tutulub Az.MEM, VÖEN **********, X1, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ******************** SWİFT BİK CTREAZ 22 AZ34CTRE******************** hesabına köçürülməlidir.

39. "xxxx" MMC tərəfindən aparılmış ekspertiza rəyinin haqqı olan 300 (üç yüz) manat məbləğində pul iddiaçı "xxxx" ASC-dən və Cavabdeh müştərək qaydada tutularaq "xxxx" MMC-nin "xxxx" ASC “Mərkəz” filialı, Kod 200026, Müxbir hesab AZ37NABZ013501**********1944, VÖEN **********, H/Hesab AZ74AİİB400600F**********112, S.W.İ.F.T. AİİBAZ2XXXX hesabına köçürülməlidir.

Nəticə hissəsi:

40. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh 742 (yeddi yüz qırx iki) manat məbləğində pul və ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun əvəzi alınaraq iddiaçı "xxxx" ASC-yə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri olan 50 (əlli) manat iddiaçı "xxxx" ASC-dən və Cavabdeh müştərək qaydada tutulub Az.MEM, VÖEN **********, X1, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ******************** SWİFT BİK CTREAZ 22 AZ34CTRE******************** hesabına köçürülsün. "xxxx" MMC tərəfindən aparılmış ekspertiza rəyinin haqqı olan 300 (üç yüz) manat məbləğində pul iddiaçı "xxxx" ASC-dən və Cavabdeh müştərək qaydada tutularaq "xxxx" MMC-nin "xxxx" ASC “Mərkəz” filialı, Kod 200026, Müxbir hesab AZ37NABZ013501**********1944, VÖEN **********, H/Hesab AZ74AİİB400600F**********112, S.W.İ.F.T. AİİBAZ2XXXX hesabına köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) apellyasiya şikayəti verilə bilər.

Sədrlik edən Şəbnəm Həxiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar