Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2(060)-4290/2022 22.08.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ X3 Behbudovanın sədrliyi, Mehriban Hüseyn qızı Həsənlinin katibliyi ilə, İddiaçı nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı mənzilə istifadə hüququnun tanınması tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Cavabdeh qarşı mənzilə istifadə hüququnun tanınması tələbinə dair iddia ərizəsi ilə müraciət edərək tələbini onunla əsaslandırmışdır ki, Sumqayıt şəhəri, 10-cu mikrorayon, ev 70 ünvanında yerləşən 10 saylı mənzil 10/1297 saylı xx.xx.1982-ci il tarixli order əsasında Cavabdeh adına verilmişdir. Cavabdeh onun qayınatasıdır. O, 06 dekabr 2003-cü ildə həmin mənzilə gəlin gəlmişdir. Belə ki, 06 dekabr 2003-cü il tarixdə cavabdehin oğlu X2 ilə faktiki nikah münasibətlərinə daxil olmaqla ailə qurmuşdur. Nikahlarını 17 oktyabr 2004-cü il tarixdə rəsmiləşdirmişlər. Birgə nikahdan 09 oktyabr 2004-cü il təvəllüdlü X1 anadan olmuşdur. O, gəlin gəldiyi vaxtdan bu günə kimi sözügedən mənzildə yaşayır. Bu faktı qonşuların iştirakı ilə tərtib edilmiş akt da təsdiq edir. Lakin mənzildə yaşayış yeri üzrə qeydiyyatda deyildir. Halbuki gəlin gəldiyi vaxtdan etibarən sözü gedən mənzildə yaşayır və ailə üzvü olaraq birgə təsərrüfat idarə edir. Oğlu da həmin mənzildə qeydiyyatdadır. Qeyd olunanlara əsasən məhkəmədən Sumqayıt şəhəri, 10-cu mikrorayon, ev 70 ünvanında yerləşən 10 saylı mənzilə istifadə hüququnun tanınması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Vəkil iddia ərizəsində göstərilənlərə uyğun eyni məzmunlu izahat verib məhkəmə hazırlıq iclasında cavabdehin iddia tələbini qeyd etməsinin nəzərə alınaraq iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. xx.xx.2022-ci il tarixdə keçirilən məhkəmə iclasında iştirak edən Cavabdeh məhkəməyə ərizə təqdim edərək bildirmişdir ki, iddia tələbini qəbul edir. Belə ki, iddiaçı onun gəlnidir. İddiaçı onun oğlu Z.Cavabdehla 06 dekabr 2003-cü il tarixdə ailə qurmuşlar. Birgə nikahlarından bir övladları var. Gəlin gəldiyi vaxtdan bu günə kimi sözügedən mənzildə onlarla birlikdə yaşayır, ailə üzvü olaraq birgə təsərrüfat idarə edir. Səhhəti ilə əlaqədar üzrlü səbəblərdən məhkəmə iclaslarında iştirak edə bilməyəcəkdir. Ona görə də işə onun iştirakı olmadan baxılaraq iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası MPM-in 185.2-ci maddəsinə əsasən, məhkəmə Cavabdeh iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi. Məhkəmə iş materiallarını araşdırıb, işdə iştirak edən şəxsin izahatını dinləyib, məhkəmə iclasında tədqiq edilən sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Yaşayış yeri üzrə qeydiyyat haqqında ******* saylı arayışdan görünür ki, Cavabdeh və digər şəxslər ünvan 1 ünvanında qeydiyyatdadır. İş materiallarında olan AR Sumqayıt şəhər İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyinin 16 Saylı Mənzil-Kommunal Sahəsi tərəfindən verilmiş 614 №-li, xx.xx.2022-ci il tarixli forma-2 arayışdan görünür ki, Cavabdeh və ailə üzzvləri olan şəxslər ünvan 1 ünvanında yaşayır. İş materiallarında olan 01 dekabr 1982-ci il tarixli, 10/1297 №-li orderin notarial təsdiq olunmuş surətindən görünür ki, Sumqayıt şəhəri, 10-cu mikrorayon, 70 saylı evin 10 saylı mənzili Cavabdeh mülkiyyətindədir. İş materiallarında olan nikah haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, X2 ilə Məmmədova Gülnar Vahid qızı arasında nikah 17 oktyabr 2004-cü il tarixdə bağlanmış, bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 1226 №-ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra ərə Həsənov, arvada Həsənova soyadı verilmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, İddiaçı 2003-cü ildən indiyədək faktiki olaraq həmin mənzilin digər ailə üzvləri ilə birlikdə yaşayır və onlarla birgə təsərrüfat aparır. Qeyd edilən halları iş üzrə nəzərə alaraq məhkəmə hesab edir ki, İddiaçı Sumqayıt şəhəri, 10-cu mikrorayon, 70 saylı evin, 10 saylı mənzilinə gəlin köçərkən mənzilin mülkiyyətçisinin ailə üzvü hesab edilməklə, həmin mənzilə münasibətdə digər ailə üzvləri ilə birlikdə eyni hüquqlara və vəzifələrə malikdir. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenum qərarına əsasən qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin həmin faktlara tətbiq edilən hüquqdan irəli gələn qəti nəticəsi şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Mülki Prosessual Məcəllənin 76, 77, 88 və 89-cu maddələrinə uyğun olaraq, məhkəmə, işin müəyyən olunmuş hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd və ya qəbul etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunvericilik aktlarını qətnamədə göstərməklə, onu hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, mülkiyyət hüququ hamılıqla qəbul edilmiş ali insani dəyərləri özündə əks etdirən demokratik cəmiyyətin, hüquqi dövlətin təməl daşlarından biri hesab edilir. Bütün bunları nəzərə alan məhkəmə ilkin iddia tələbinin təmin olunmasına maneçilik görmür. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, Sumqayıt şəhəri, 10-cu mikrorayon, 70 saylı evin 10 saylı mənzili mülkiyyət hüququ ilə Cavabdeh məxsusdur. İddiaçı Cavabdeh gəlnidir. İddiaçı X2 ilə rəsmi nikah münasibətlərinə girərək ailə həyatı qurmuş, Cavabdeh mülkiyyətində olan mənzilə gəlin köçmüşdür. Birgə nikahlarından 09 oktyabr 2004-cü il təvəllüdlü X1 anadan olmuşdur. Gəlin gəldiyi vaxtdan etibarən həmin mənzildə yaşayaraq ailə üzvləri ilə birgə təsərrüfat idarə etmişdir. Ona görə də hazırki tələblə məhkəməyə müraciət edərək Sumqayıt şəhəri, 10-cu mikrorayon, ev 70 ünvanında yerləşən 10 saylı mənzilə istifadə hüququnun tanınması barədə qətnamə çıxarılmasını xahiş edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair 16 dekabr 2014-cü il tarixli qərarı ilə müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1ci maddəsinin ikinci cümləsində “digər qohumlar” ifadəsi Azərbaycan Respublikası Ailə Məcəlləsinin 15-ci fəslinin müddəllarına əsasən yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ olan şəxsləri ehtiva edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin və Mənzil Məcəlləsinin 123-cü maddəsinin birinci hissəsinin şərh edilməsinə dair 27 iyul 2001-ci il tarixli qərarı ilə qərara alınmışdır ki, 2000-ci il sentyabrın 1-dən sonra yaşayış evindən (mənzildən) istifadə edilməsi ilə əlaqədar yaranan hüquq münasibətləri ilə bağlı mübahisələr Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrinin qaydalarına uyğun, bu tarixədək yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələr isə Mənzil Məcəlləsinin 123-cü maddəsinin qaydalarına uyğun həll edilməlidir. Həmçinin həmin qərarla müəyyən edilmişdir ki, 1982-ci ildən qüvvədə olan Mənzil Məcəlləsinin 123-cü maddəsinin birinci hissəsinə görə mülkiyyətçinin özünə məxsus olan evə ailə üzvlərini və qanunvericilikdə onlara bərabər tutulan digər şəxsləri köçürməsi zamanı başqa qeyd-şərt göstərilməmişsə, onların mənzildən istifadə etmək hüququ köçürmədən sonra yaranır. Lakin bu maddə həmin şəxslər arasında razılaşmanın formasını və reallaşmasının şərtlərini müəyyən etməməklə məsələni tərəflərin öhdəsinə buraxmış, yaşayış sahəsindən istifadə qaydası və xərclərdə iştirakın məbləği haqqında əmələ gələn mübahisələrin məhkəmə yolu ilə həllini müəyyənləşdirmişdir. 2000-ci il sentyabrın 1-dən qüvvəyə minmiş Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələri isə yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsini onun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması, habelə ailə üzvləri və digər şəxslərlə mülkiyyətçi arasında bağlanan yazılı razılaşmanın notariat qaydasında təsdiqlənməsi ilə şərtləndirir. Göstərilənlərdən göründüyü kimi Mülki Məcəllənin 228.2-ci maddəsindən irəli gələn tələblərin mahiyyəti ondan ibarətdir ki, o, ailə üzvlərinin və digər şəxslərin mənzildən istifadə etmək və mülkiyyət məsələlərinin hüquqi cəhətdən hərtərəfli həllinə təminat verir. Avropa İnsan Hüquqları Məhkəməsinin “Kozacıoğlu Türkiyəyə qarşı” işi üzrə Böyük Palatanın 19 fevral 2009-cu il tarixli qərarında qeyd olunur ki, mülkiyyətə hörmət hüququna müdaxilə ümumi ictimai maraq tələbləri və şəxsin əsas hüquqlarının müdafiəsi tələbləri arasında “ədalətli balans” təşkil etməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 27.1-ci maddəsinə əsasən fiziki şəxsin adətən yaşadığı yer onun yaşayış yeri sayılır. «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Azərbaycan Respublikası Qanununun 2-ci maddəsində təsbit edilmişdir ki, şəxsin yaşayış yeri-tam həcmdə fəaliyyət qabiliyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikası qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, qoca və əlil evləri və digər bu kimi yaşayış yerləri başa düşülür. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Yaşayış binasının tərkib hissəsindən mülkiyyətçinin ailə üzvlərinin istifadə etmək hüququ bu məcəllənin qüvvəyə mindiyi gündən yaranır. Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 30.1-ci maddəsinə əsasən yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. Həmin Məcəllənin 30.2-ci maddəsinə əsasən əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış sahəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri həmin yaşayış sahəsindən təyinatı üzrə istifadə etməyə və onun saxlanmasını təmin etməyə borcludurlar. Həmin Məcəllənin 30.3-cü maddəsinə əsasən əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin mülki hüquqi fəaliyyət qabiliyyətli ailə üzvləri həmin yaşayış sahəsinin istifadəsindən irəli gələn öhdəliklər üzrə mülkiyyətçi ilə birgə məsuliyyət daşıyırlar. Məhkəmə, yuxarıda göstərilənləri ümumiləşdirib məhkəmə iclasında tədqiq edilən sübutları qiymətləndirərək, həmçinin cavabdehin İddiaçı sözügedən mənzilə isifadə hüququnun tanınmasına razılığını nəzərə alaraq hesab edir ki, iddia tələbi təmin edilərək İddiaçı Sumqayıt şəhəri, 10-cu mikrorayon, ev 70 ünvanında yerləşən 10 saylı mənzilinə istifadə hüququ tanınmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 119.1-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 217.3-cü maddəsində göstərilir ki, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Yuxarıdakılara əsasən Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. İddiaçı Sumqayıt şəhəri, 10-cu mikrorayon, ev 70 ünvanında yerləşən 10 saylı mənzilinə istifadə hüququ tanınsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Aynur Behbudova
Məhkəmə qərarları › İş №e-2(060)-4290/2022
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(060)-4290/2022
22.08.2022 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver