Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2(060)-43/2025 05.02.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Giriş hissə: Hakim Həxiyeva Şəbnəm Səlim qızının sədrliyi, Vəlixanova Pəri Murtuza qızının katibliyi, Cavabdehlər Cavabdeh1 və Cavabdeh4 iştirakları ilə İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı “pul tələbi”nə dair iddia ərizə ilə bağlı mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə:
1. İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı “pul tələbi”nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə cavabdeh Səfərəliyeva Zenfira Eldar qızı arasında bağlanmış xx.xx.2014-cü il tarixli, 1959 nömrəli kredit müqaviləsinə əsasən cavabdehə şəxsi istehlak məqsədi ilə 24 ay müddətinə, illik 28% olmaqla 1854 ABŞ dolları məbləğində kredit verilmişdir. xx.xx.2014-cü il tarixli, 1959 nömrəli kredit müqaviləsinə 03 aprel 2015-ci il tarixdə Əlavə Saziş bağlanmışdır. Əlavə Sazişə əsasən borcalanın kreditor qarşısındakı kredit öhdəliyinin qalığı 1483,05 ABŞ dolları təşkil edir. Kredit müddəti bu əlavə saziş imzalandığı tarixdən 9 ay uzadılır. Kreditin müddəti bu əlavə saziş imzalandığı tarixdən xx.xx.2017-ci il tarixədək uzadılır. xx.xx.2016-cı il tarixli “ölüm haqqında şəhadətnamə”nin surətindən görünür ki, Səfərəliyeva Zenfira Eldar qızı xx.xx.2016-cı il tarixdə vəfat etmiş və bu barədə Sumqayıt şəhər qeydiyyat şöbəsində ölüm haqqında şəhadətnamə verimişdir. Bank tərəfindən 1 saylı Sumqayıt Regional “Asan Xidmət” Mərkəzində Notariat Ofisinə mərhum Səfərəliyeva Zenfira Eldar qızının vərəsələrinin müəyyən edilməsi üçün sorğu ilə müraciət edilmiş, cavab olaraq bildirilmişdir ki, xx.xx.2016-cı il tarixdə vəfat etmiş Səfərəliyeva Zenfira Eldar qızının adına xx.xx.2022-ci il tarixdə Sumqayıt Regional “ASAN xidmət” məkəzində notariat ofisində V-469/2022 nömrəli vərəsəlik işi açılmış və vərəsələri Cavabdeh2, Cavabdeh1, Cavabdeh4 və Cavabdeh3 xx.xx.2022-ci il tarixdə 2V-1459 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Kredit müqaviləsinin müvafiq bəndinə əsasən Səfərəliyeva Zenfira Eldar qızı müəyyən edilmiş müddətdə kredit məbləğini və ona hesablanacaq faizləri ödəmək barədə öhdəlik götürsə də, o, bu öhdəliyi yerinə yetirməmişdir. xx.xx.2023-cü il tarixə Səfərəliyeva Zenfira Eldar qızının kredit üzrə cəmi borcu 2634,54 ABŞ dolları təşkil edir. Bundan 512,80 ABŞ dolları əsas, 1126,14 ABŞ dolları faiz, 850,21 ABŞ dolları cərimə, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenumqərarına əsasən hesablanmış 145,39 ABŞ dolları faiz borcu təşkil edir. Göstərilənlərə əsasən cəmi 2634,54 ABŞ dolları-bundan 512,80 ABŞ dolları əsas, 1126,14 ABŞ dolları faiz, 850,21 ABŞ dolları cərimə, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 145,39 ABŞ dolları faiz borcu və iş üzrə ödənilmiş 64,80 manat dövlət rüsumunun cavabdehlər Cavabdeh2, Cavabdeh1, Cavabdeh4 və Cavabdeh3 tutularaq, ləğv prosesində olan İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir.
a) Məhkəmə icraatı iştirakçılarının izahatları:
3. Əvvəlki məhkəmə iclasında iştirak etmiş iddiaçı LPO İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi X5 izahat verərək iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir.
4. Sonuncu məhkəmə iclası ilə əlaqədar iddiaçı LPO İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən məhkəməyə ərizə göndərilərək, məhkəmə iclasının iştirakları olmadan baxılması və iddianın təmin edilməsi barədə qətnamə çıxarılması məhkəmədən xahiş edilmişdir.
5. Məhkəmə işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
6. Məhkəmə iclasında cavabdehlər Cavabdeh1 və Cavabdeh4 iddia tələbinə etiraz edərək, habelə məhkəməyə ərizə təqdim edərək 3 illik iddia müddəti ötürüldüyündən iddia tələbinin rədd edilməsini xahiş etmişlər.
7. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, digər cavabdehlər Cavabdeh2 və Cavabdeh3 məhkəmə iclasına gəlməmişlər, gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər.
8. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə digər cavabdehlər Cavabdeh2 və Cavabdeh3 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
9. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, mülki işin materiallarını araşdıraraq, məhkəmə baxışı zamanı tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi rədd edilməlidir.
Əsaslandırıcı hissə: a) Mülki işin materialları:
10. Belə ki, iş materiallarında olan iş materiallarında olan İddiaçı ASC ilə Səfərəliyeva Zenfira Eldar qızı arasında bağlanmış xx.xx.2014-cü il tarixli, 1959 saylı kredit müqaviləsinə əsasən bank tərəfindən Səfərəliyeva Zenfira Eldar qızına illik 28 faiz ödəmək şərti ilə 24 ay müddətinə 1854 ABŞ dolları məbləğində kredit verilmişdir.
11. İş materiallarında olan İddiaçı ASC ilə Səfərəliyeva Zenfira Eldar qızı arasında xx.xx.2015-ci il tarixdə bağlanmış “xx.xx.2014-cü il tarixli, 1959 saylı” kredit müqaviləsinə 01 saylı əlavə sazişə əsasən borcalanın kreditor qarşısındakı kredit öhdəliyinin qalığı 1483,05 ABŞ dolları təşkil edir. Kreditin müddəti bu əlavə saziş imzalandığı tarixdən xx.xx.2017-ci il tarixədək uzadılır.
12. İş materiallarında olan Sumqayıt şəhəri 1 saylı Sumqayıt regional “ASAN xidmət” mərkəzində notariat ofisinin xüsusi notariusu X2 tərəfindən verilmiş 22 avqust 2022-ci il tarixli «Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə»nin surətindən görünür ki, xx.xx.2016-cı il tarixdə vəfat etmiş- Səfərəliyeva Zenfira Eldar qızının vərəsələri: Cavabdeh4, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1dur və o miras əmlakdan 1/4 hissədə pay almalıdır. Şəhadətnamə verilən miras əmlak ƏMDK-nin yanında DƏDRX-nin Sumqayıt Ərazi İdarəsi tərəfindən xx.xx.2013-cü il tarixdə X1 verilmiş **********89-05101- 093061 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 46,3 kv/m, yaşayış sahəsi 31,4 kv/m, yardımçı sahəsi 14,9 kv/m, 2 otaqlı mənzildən ibarətdir. Real vaxt rejimində daşınmaz əmlakın dövlət reyestrindən əldə edilmiş xx.xx.2022-ci il tarixli, qeydiyyat nömrəsi 22220B1447NH32006 olan arayışa əsasən vərəsəlik hüququ haqqında şəhadətnamə verilənədək ünvan 1 ünvanında yerləşən mənzil ipoteka ilə yüklü edilməmiş, həbs altında deyil və özgəninkiləşdirilməsinə qadağa qoyulmamışdır.
13. İş materiallarında olan LPO İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli maliyyə arayışından görünür ki, Səfərəliyeva Zenfira Eldar qızının Banka 512,80 ABŞ dolları əsas, 1126,14 ABŞ dolları faiz, 850,21 ABŞ dolları cərimə, illik 5%-lə hesablanmış 145,39 ABŞ dolları faiz borcu olmaqla, cəmi 2634,54 ABŞ dolları məbləğində borcu mövcuddur.
14. İş materiallarında olan LPO İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən cavabdehlərə ünvanlanmış pretenziya məktubundan görünür ki, cavabdehlər kredit müqaviləsinə əsasən borcun ödənilməsi ilə bağlı xəbərdar olunmuşlar.
15. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2024-cü il tarixli, 9/4495 saylı ekspert rəyinə əsasən, rəyin tədqiqat hissəsində göstərildiyi kimi, iş materiallarında olan hesabdan çıxarış məlumatlarına əsasən, Səfərəliyeva Zenfira Eldar qızı ilə İddiaçı ASC arasında bağlanmış xx.xx.2014-cü il tarixli, 1959 saylı kredit müqaviləsin üzrə borcalanın banka ödənilməli olan kredit borcu xx.xx.2016-cı il tarixə əsas borc üzrə 1125,55 ABŞ dolları, faiz borcu üzrə 65,96 ABŞ dolları, xx.xx.2017-ci il tarixə əsas borc üzrə 1125,55 ABŞ dolları, faiz borcu üzrə 429,26 ABŞ dolları, xx.xx.2023-cü il tarixə əsas borc üzrə 84,79 ABŞ dolları, faiz borcu üzrə 429,26 ABŞ dolları, illik 5%-lə faiz borcu 128,05 ABŞ dolları müəyyən olunur. Ekspertiza tədqiqatının dəyəri 50 manat təşkil edir.
b) Məhkəmə tərəfindən müəyyən edilən hallar:
16. Beləliklə, məhkəmə iclasında müəyyən olundu ki, LPO İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu ilə Səfərəliyeva Zenfira Eldar qızı arasında bağlanmış xx.xx.2014-cü il tarixli, 1959 saylı kredit müqaviləsinə əsasən bank tərəfindən Səfərəliyeva Zenfira Eldar qızına illik 28 faiz ödəmək şərti ilə 24 ay müddətinə 1854 ABŞ dolları məbləğində kredit verilmiş, İddiaçı ASC ilə Səfərəliyeva Zenfira Eldar qızı arasında xx.xx.2015-ci il tarixdə bağlanmış “xx.xx.2014-cü il tarixli, 1959 saylı” kredit müqaviləsinə 01 saylı əlavə sazişə əsasən borcalanın kreditor qarşısındakı kredit öhdəliyinin qalığı 1483,05 ABŞ dolları təşkil etməklə, kreditin müddəti bu əlavə saziş imzalandığı tarixdən xx.xx.2017-ci il tarixədək uzadılmış, Səfərəliyeva Zenfira Eldar qızı xx.xx.2016-cı il tarixdə vəfat etmişdir. Kreditor mülki qanunvericiliyin göstərişlərinə istinad edərək borclunun hüquqi varisləri Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 borclunun miras passivinə görə mülki məsuliyyət daşıdığını iddia edir və borcun ödənilməsini tələb edir.
17. Təqdim edilmiş sənədlərdən göründüyü kimi iş üzrə cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 borclu Səfərəliyeva Zenfira Eldar qızının qanun üzrə vərəsələridir.
c) Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə:
18. Hazırki iddia tələbi ilə bağlı məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir.
19. Hər kəs müqavilə bağlamaqda müstəqildir və müqavilə azadlığı mülki qanunvericiliyin əsas prinsiplərindən biridir (Mülki Məcəllənin 6-cı maddəsi).
20. Həmin prinsip mülki hüquq subyektlərinə müstəqil olaraq, heç kəsin iradəsindən asılı olmadan öz mülahizə və istəklərinə görə mənafelərini nəzərə almaqla müqavilə bağlamaq imkanı verir. Mülki Məcəllənin “Müqavilə hüququ” adlanan 20-ci fəslinin məqsədi müqavilə hüquq münasibətlərinə girən tərəflərin sərbəst iradə ifadəsi və bərabərliyi prinsiplərinə riayət etməklə və onların müqavilə maraqlarını qorumaqla mülki dövriyyənin azadlığını təmin etməkdir.
21. Borc müqaviləsinin anlayışına aydınlıq gətirən Mülki Məcəllənin 739.1-ci maddəsinə əsasən, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür.
22. Həmin Məcəllənin 739.2-ci maddəsinə görə isə borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər.
23. Mülki Məcəllənin öhdəliklərin icra edilməməsi ilə əlaqədar yaranan münasibətləri tənzimləyən normalarına görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür (442).
24. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur (443.1).
25. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır və icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır (445.2.1).
26. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, əsas borclu Səfərəliyeva Zenfira Eldar qızı xx.xx.2016-cı il tarixdə ölmüşdür.
27. Məhkəmə ilk növbədə qeyd edir ki, borclunun ölümü ilə onun öhdəliklərinin aradan qalxmasının və bununla da bağlanmış müqavilələrin hüquqi təminatdan məhrum olmasının qarşısının alınmasına xidmət edən institutlardan biri vərəsəlik institutudur. Vərəsəlik hüququ ölmüş şəxsin əmlakının və bununla bağlı hüquq və vəzifələrinin qanun üzrə və ya vəsiyyət üzrə vərəsələrə keçməsi qaydalarını müəyyənləşdirən hüquq normalarının məcmusudur. Mülki Məcəllənin 1151-ci maddəsinə müvafiq olaraq, mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Yəni mirası qəbul etmiş vərəsələr universal hüquq varisliyi qaydasında miras qoyanın öhdəliklərini də qəbul etmiş olurlar.
28. Mülki Məcəllənin 558-ci maddəsinə əsasən, əgər borclunun şəxsi iştirakı olmadan icra mümkün deyilsə, onun ölümü öhdəliyin xitamına səbəb olur.
29. Həmin Məcəllənin 1153-cü maddəsinə görə, şəxsi xarakter daşıyan və yalnız miras qoyana mənsub ola bilən əmlak hüquqları və vəzifələr, habelə qanunda və ya müqavilədə nəzərdə tutulan, yalnız kreditorun və borclunun sağlığında qüvvədə olan və onların ölümü ilə xitam verilən hüquq və vəzifələr mirasın tərkibinə daxil deyildir. Beləliklə, şəxsi xarakterli hüquq və vəzifələr vərəsəlik qaydasında ölmüş şəxsin vərəsələrinə keçmir. Borclunun kredit müqaviləsindən irəli gələn vəzifələri isə şəxsə bağlı olmayan və şəxsən icranı tələb etməyən, üçüncü şəxslər tərəfindən icrası mümkün olan əmlak xarakterli öhdəliklərdir. Bu səbəbdən də kredit müqaviləsi üzrə borclunun ölümü ilə onun öhdəliklərinə xitam verilmir və bu öhdəliklər miras qoyanın vərəsələri tərəfindən icra edilməlidir.
30. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1 və 1306-cı maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 04 iyun 2018-ci il tarixli qərarında qeyd edilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470, 472-ci, eləcə də 1146, 1255 və 1306-cı maddələrinə uyğun olaraq, borclunun ölümündən sonra, ilk növbədə, mirası qəbul etmiş vərəsələr miras açıldığı gündən onlara çatan miras payı həcmində miras qoyanın kreditorları qarşısında birgə məsuliyyət daşıyırlar. Miras qoyanın kreditorları tərəfindən vərəsələrə qarşı öhdəliyin icrası tələbi irəli sürülərkən, mirasın qəbulu ilə bağlı qanunvericilikdə müəyyən edilmiş müddətlər nəzərə alınmalıdır. Göründüyü kimi miras qoyanın borcuna görə vərəsələrin məsuliyyətinin həddi mirasın həcmi ilə məhdudlaşır. Belə ki, Mülki Məcəllənin 1306.1-ci maddəsinə əsasən, vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar.
31. İş materiallarında olan qanun üzrə vərəsəlik hüququ haqqında xx.xx.2022-ci il tarixli şəhadətnamənin surətindən görünür ki, xx.xx.2016-cı il tarixdə ölmüş Səfərəliyeva Zenfira Eldar qızının vərəsələri Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4dur və onlar miras əmlakdan 1/4 hissədə pay almalıdırlar. Şəhadətnamə verilən miras əmlak ünvan 1-dan ibarətdir.
32. Hazırki halda Səfərəliyeva Zenfira Eldar qızının vərəsələri Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 miras qalan əmlakı vərəsəlik yolu ilə qəbul etmişlər. Lakin cavabdeh Səfərəliyeva Zenfira Eldar qızının vərəsələri Cavabdeh1 və Cavabdeh2 iddia müddətinin tətbiqi barədə ərizə ilə məhkəməyə müraciət etmişdirlər.
33. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 27 dekabr 2001-ci il tarixli Qərarında iddia müddəti anlayışının tətbiqi ilə bağlı qeyd edilir ki, “iddia müddətinin əhəmiyyəti bunlardır: birinci, o, hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir; ikinci, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir; üçüncü, iddia müddəti tərəflərə üzərindən çox vaxt ötmüş mötəbərliyinin yoxlanılması çətin və ya qeyrimümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır. Qanunda başqa qayda nəzərdə tutulmayıbsa, bütün tələblər üzrə iddia müddəti şamil edilir. İddia müddətlərinin müəyyən edilməməsi yaranmış münasibətlərin daim mübahisələndirilməsinə zəmin yaradardı”.
34. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 377-ci maddəsinə əsasən iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır (377.1). İcra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır (377.2). İcra müddəti müəyyənləşdirilməmiş və ya tələbetmə məqamı ilə müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı kreditorun öhdəliyi icra etmək tələbini irəli sürmək hüququnun əmələ gəldiyi andan başlanır, borcluya həmin tələbin icrası üçün güzəştli müddət verildikdə isə iddia müddəti göstərilən müddət bitdikdən sonra hesablanmağa başlanır (377.3).
35. Həmin Məcəllənin 373.2 və 373.3-cü maddələrinə əsasən vaxtaşırı icra edilməli öhdəliklərdən irəli gələn və müqavilə tələbləri üzrə iddia müddəti 3 (üç) ildir.
36. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır.
37. Məhkəmə qeyd edir ki, hazırkı iş üzrə tərəflər arasında müqavilə münasibətləri olduğu üçün bankın tələbinə üç illik iddia müddəti şamil edilməlidir.
38. Müqavilə xarakterli öhdəliklərdən irəli gələn tələblərin qanuni həlli baxımdan iddia müddətinin axımının başlanmasının müəyyənləşdirilməsi mühüm əhəmiyyət kəsb edir.
39. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 03 iyun 2013cü il tarixli Qərarında qeyd edilmişdir ki, kredit münasibətlərindən yaranan mübahisələrə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci maddəsində nəzərdə tutulan üç illik iddia müddəti tətbiq edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 377.2-ci maddələrinin mənasına görə kredit müqaviləsində başqa hal nəzərdə tutulmayıbsa, iddia müddətinin axımı bu müqavilədə müəyyənləşdirilmiş bütün öhdəliklər üzrə icra müddəti bitdikdə başlanır.
40. Hazırkı mübahisə, müqavilədən irəli gələn öhdəliklə bağlı olduğu üçün məsələyə Konstitusiya Məhkəməsinin hüquqi mövqeyindən yanaşılmalı və iddia müddətinin axımının başlanması kredit müqavilələri üzrə müddətin bitməsi anından hesablanmalıdır.
41. Məhkəmə baxışı zamanı müəyyən olunmuşdur ki, xx.xx.2014-cü il tarixli, 1959 saylı kredit müqaviləsinin müddəti xx.xx.2017-ci il tarixdə bitmiş, cavabdehlər tərəfindən isə sonuncu ödəniş xx.xx.2019-cu il tarixdə (iş materiallarına əlavə edilmiş hesabdan çıxarışa əsasən) həyata keçirilmişdir. Belə olan halda həmin müqavilə üzrə iddia müddəti xx.xx.2022-ci il tarixdə bitmişdir. İddiaçı isə həmin müqavilədən irəli gələn öhdəliklərin icrası ilə bağlı xx.xx.2024-cü il tarixində məhkəməyə müraciət etmişdir.
42. Belə olan halda aydın olur ki, iddiaçı müqavilə tələbləri üzrə hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət edərkən qanunla bu cür iddialar üçün nəzərdə tutulmuş iddia müddətini keçirmişdir. 43 . Beləliklə, məhkəmə hesab edir ki, iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı “pul tələbi”nə dair iddiası, qanunla bu cür iddialar üçün müəyyənləşdirilmiş iddia müddəti keçdiyindən (buraxıldığından) iddia müddəti tətbiq olunmaqla rədd edilməlidir.
44. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
45. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.
46. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.
47. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
48. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
49. Qeyd olunan Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
50. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
51. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 50 (əlli) manat iddiaçı LPO İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondundan tutulub Az.MEM, VÖEN **********, X3, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ******************** SWİFT BİK CTREAZ 22 AZ34CTRE******************** hesabına köçürülməlidir.
Nəticə hissəsi:
52. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ:
İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı “pul tələbi”nə dair iddiası rədd edilsin. Məhkəmə xərcləri iddiaçıya aid edilsin. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 50 (əlli) manat iddiaçı LPO İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondundan tutulub Az.MEM, VÖEN **********, X3, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ******************** SWİFT BİK CTREAZ 22 AZ34CTRE******************** hesabına köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Sədrlik edən Şəbnəm Həxiyeva