Məhkəmə qərarları › İş №e-2(060)-434/2025

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(060)-434/2025

30.01.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2(060)-434/2025 30.01.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Giriş hissə: Sumqayıt şəhər məhkəməsi, hakim Tanrıverdiyeva Günel Cəbrayıl qızının sədrliyi, Atakişiyev Atakişi Nizami oğlunun katibliyi, İddiaçı etibarnamə üzrə səlahiyyətli nümayəndəsi vəkil Nümayəndə iştirakı ilə İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qət etdi. Təsviri hissə: 1.İddiaçı Cavabdeh qarşı pul tələbinə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 2000 manat pulun, 500 manat mənəvi zərərin və ödənilmiş 45 manat dövlət rüsumunun və hüquqi yardım üçün ödənilmiş 320 manat pulun alınıb İddiaçı verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. 2.İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, ehtiyacı olduğundan qızıl-zinət əşyalarını satmaq istəmişdir. xx.xx.2022-ci il tarixdə Cavabdeh ona müraciət etmiş və bildirmişdir ki, müştəri var, o, satıcdır, qız sənin qolbağını bəyənib. O, Cavabdeh çəkisi 20,31 qram, 750 əyarlıq qolbağın qramını 100 manatdan sövdələşib ona 2000 manata satmışdır. Cavabdeh onda votsap yazışmaları və səs yazıları vardır. Dəfələrlə edilmiş xəbərdarlıqlara baxmayaraq cavabdeh söz versə də, borcunu ona könüllü qaytarmır, hətta pulunu istədiği üçün onu təhqir edir. Cavabdehin pulu ona vaxtında qaytarmaması – təqsiri nəticəsində özü əldən faizə pul götürərək müalicə olunmuş, 2-ci dəfə ziyana düşüb. Polis İdarəsinə şikayət ərizəsi ilə müraciət edib. Cavabdehin qanunsuz hərəkətləri nəticəsində əsəb gərginliyi və mənəvi sarsıntı keçirib. İddiaçı qeyd edilənlərə əsasən iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etmişdir. a) Məhkəmə icraatı iştirakçılarının izahatları: 3.Məhkəmə iclasında iştirak edən İddiaçı etibarnamə üzrə səlahiyyətli nümayəndəsi vəkil Nümayəndə iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbini müdafiə etdiyini bildirdi və iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etdi. 4.Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada (SMS xəbərdarlığın AZEMİS vasitəsilə göndərilməsi barədə bildirişə və sənədin elektron kabinetə yerləşdirilməsinə dair çıxarışa əsasən) xəbərdar edilməsinə baxmayaraq iş üzrə cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-in 185-ci maddəsinə əsasən məhkəmə işə cavabdehin iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. 5.Məhkəmə iddiaçının nümayəndəsini dinləyib, iş materiallarını araşdıraraq belə nəticəyə gəlir ki, iddia tələbi qismən təmin edilməlidir. Əsaslandırıcı hissə: a) Məhkəmə tərəfindən müəyyən edilən hallar: 6.Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, İddiaçı Cavabdeh 2000 manat dəyərində qızıl-zinət əşyası satmış, cavabdeh isə həmin qızılların dəyərini ödəməmişdir. Hal-hazırda iddiaçı Cavabdeh onun xeyrinə ödənilməmiş 2000 manat borcun və 500 manat mənəvi zərərin tutulması barədə qətnamə qəbul edilməsini xahiş edir. Cavabdeh isə iddia tələbinə münasibət bildirməmişdir. b) Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə: 7.Hər kəs müqavilə bağlamaqda müstəqildir və müqavilə azadlığı mülki qanunvericiliyin əsas prinsiplərindən biridir (Mülki Məcəllənin 6-cı maddəsi). Həmin prinsip mülki hüquq subyektlərinə müstəqil olaraq, heç kəsin iradəsindən asılı olmadan öz mülahizə və istəklərinə görə mənafelərini nəzərə almaqla müqavilə bağlamaq imkanı verir. 8.Mülki Məcəllənin “Müqavilə hüququ” adlanan 20-ci fəslinin məqsədi müqavilə hüquq münasibətlərinə girən tərəflərin sərbəst iradə ifadəsi və bərabərliyi prinsiplərinə riayət etməklə və onların müqavilə maraqlarını qorumaqla mülki dövriyyənin azadlığını təmin etməkdir.

9. Azərbaycan Respublikası MM-nin 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər.

10. Mülki Məcəllənin öhdəliklərin icra edilməməsi ilə əlaqədar yaranan münasibətləri tənzimləyən normalarına görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür (442). Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur (443.1). Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır və icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır (445.2.1). 11.Məhkəmə hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş audio-daşıyıcıda Cavabdeh İddiaçı 2000 manat dəyərində qızıl-zinət əşyası aldığını etiraf etmişdir. 12.“N.Əsədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 5 avqust 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2021-ci il tarixli qərarında qeyd edilmişdir ki, məhkəmə tərəfindən həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şəraitin yaradılmaması, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hüquq normalarına müvafiq olaraq qiymətləndirilməməsi və bununla da qəbul edilən məhkəmə aktlarının qanunilik və əsaslılıq meyarlarına cavab verməməsi həmin aktların ədalətli olmasını şübhə altına alır (Konstitusiya Məhkəməsi Plenumunun A.Şoşanovun şikayəti üzrə 2015-ci il 11 fevral tarixli Qərarı). 13.Konstitusiya Məhkəməsinin Plenumu göstərir ki, mülki prosessual hüquq doktrinasında qanunsuz sübut anlayışının iki halı fərqləndirilir. Bunlardan biri sübutların qanuna zidd əməllər nəticəsində əldə olunması, digəri isə əldə olunan sübutların qanuna zidd şəkildə istifadə olunması halıdır. Mülki Prosessual Məcəllənin 76.3-cü maddəsində qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə olunmasına yol verilmədiyi müəyyən olunmuşdur. 14.Qanunu pozmaqla əldə edilmiş sübut anlayışı mülki hüquq subyektlərinin şəxsi toxunulmazlıq hüququnun pozulması nəticəsində əldə edilmiş sübut mənasını daşıyır. İnsanın səs, görüntü və s. kimi şəxsiyyəti ilə bağlı olan dəyərlərinin onun iradəsi xaricində istifadə olunmasının yolverilməzliyi prinsipi insan şəxsiyyətinin toxunulmazlığını və ona olan hörməti təmin etmək məqsədi daşıyır. 15.Şəxs tərəfindən əqdin qarşı tərəfinin bildirdiyi iradə ifadələrini əks etdirən danışıqların həmin münasibət barəsində yaranan hüquqi mübahisənin həllində istifadə olunması öz-özlüyündə şəxsi toxunulmazlıq hüququna qəsd kimi qiymətləndirilə bilməz. Belə ki, həmin danışıq və yazışmalar əqdin tərəfləri üçün sirr deyildir və mahiyyət etibarı ilə aralarındakı hüquqi münasibətlə bağlı bir-birlərinə yazılı mətn halında çatdırdıqları iradə ifadələrindən və bildirişlərindən fərqlənmir. Bu baxımdan başqa şəxslə deyil, birbaşa əlaqədar tərəflər arasında olan danışıqların mülki mübahisənin həlli zamanı istifadə edilməsi Mülki Prosessual Məcəllənin 76.3-cü maddəsi ilə nəzərdə tutulan hallara aid edilə bilməz. 16.Məhkəmə təqdim edilmiş sübutlarla cavabdehin iddiaçıya borclu olduğunun təsdiq olunduğunu nəzərə alaraq hesab edir ki, iddiaçı alqı-satqı münasibətləri nəticəsində yaranmış borc barəsində iddia tələbinin əsası kimi istinad etdiyi halları sübuta yetirə bilmişdir. 17.Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Cavabdeh 2000 manat məbləğində pul tutularaq İddiaçı oğluna ödənilməlidir. 18.Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir (Mülki Prosessual Məcəllənin 14.1-ci maddəsi). Həmin Məcəllənin 14.2-ci maddəsində isə qeyd edilir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 19.Göründüyü kimi, mülki icraatda məhkəmə həqiqətin müəyyən edilməsinə yalnız tərəflərin təqdim etdikləri sübutlar çərçivəsində nail ola bilər. Bu baxımdan tərəflərin təqdim etdikləri sübutların obyektiv, qərəzsiz və hərtərəfli araşdırılması mülki prosessual qanunvericilikdə məhkəmənin üzərinə qoyulmuş əsas vəzifələrdən biridir. 20.İstinad olunan Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 21.MPM-in 77.1-ci maddəsində sübutetmə vəzifəsi tərəflər arasında bölüşdürüldüyündən iddiaçı və cavabdeh, yəni tərəflər öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları özləri sübut etməlidirlər. İddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. 22.Məhkəmə hesab edir ki, iddia tələbi mənəvi ziyanla bağlı hissəsində təmin edilməməlidir.

23. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1-ci və 1096.2-ci maddələrinə görə mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. 24.“Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 03 noyabr 2008-ci il tarixli, 7 saylı qərarında göstərilir ki, “məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur. Mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.), habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Mənəvi zərərin ödənilməsi barədə işlərə baxıldıqda mülki və mülki prosessual qanunvericiliyin ümumi müddəaları ilə bərabər xüsusi qanunvericilikdə müəyyən olunmuş müddəalar, habelə adətlər, əxlaq normaları da nəzərə alınmalıdır.” 25.“Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü məddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarında qeyd edilmişdir ki, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər şəxsi qeyri-əmlak ziyanı olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər)” hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak ziyanı ilə birlikdə, yaxud əmlak ziyanı vurulmadığı hallarda kompensasiya edilir. 26.Məhkəmə hesab edir ki, iddiaçı iddia tələbində cavabdehdən mənəvi ziyan tutulmasını xahiş etsə də, ərizəsində bu halları əsaslandırmamış, o cümlədən məhkəmə iclasında bununla bağlı məhkəməyə hər hansı sübut təqdim etməmişdir. Bu səbəbdən məhkəmə hesab edir ki, 500 manat məbləğində mənəvi ziyanın cavabdehdən tutularaq iddiaçıya ödənilməsi hissəsində iddia tələbi təmin edilməməlidir. 27.Məhkəmə, Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə istinad edərək hesab edir ki, iddia əsas hissədə təmin edildiyindən iddiaçının məhkəməyə müraciət etmək üçün ödədiyi 45 manat dövlət rüsumu da cavabdehdən alınmalı və iddiaçıya ödənilməlidir. 28.Azərbaycan Respublikası MPM-in 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. 29.İş materiallarına əlavə edilmiş 25 sentyabr 2024-cü il tarixli arayışdan görünür ki, iddiaçı tərəfindən Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun hesabına 320 manat pul köçürülmüşdür.

30. Məhkəmə hesab edir ki, iddia əsas hissədə təmin edildiyindən vəkilə hüquqi yardıma görə ödənilən xərc – 320 manat məbləğində pul vəsaiti cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. 31.Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında təqdim olunmuş sübutlarla əsaslandırır.

Nəticə hissəsi: 32.Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi:

İddia qismən təmin edilsin. Cavabdeh 2000 (iki min) manat borc, vəkilə hüquqi yardıma görə ödənilən 320 (üç yüz iyirmi) manat məbləğində pul vəsaiti və ödənilmiş 45 (qırx beş) manat dövlət rüsumu tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə (“Elektron məhkəmə” İnformasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) apellyasiya şikayəti verilə bilər.

Hakim Günel Tanrıverdiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar