Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2(060)-4348/2022 15.08.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Tanrıverdiyeva Günel Cəbrayıl qızının sədrliyi, Əsədli İlahə Yusif qızının katibliyi, İddiaçı QSC-nin etibarnamə üzrə səlahiyyətli nümayəndəsi X1 iştirakı ilə, İddiaçı QSC-in cavabdehlər Cavabdeh2 və Cavabdeh3 qarşı kredit müqaviləsi üzrə borc tələbinə dair iddia ərizəsi üzrə mülki işə Sumqayıt şəhərində 15 avqust 2022-ci il tarixdə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı QSC cavabdehlər X6, Cavabdeh2 və Cavabdeh3 qarşı kredit müqaviləsi üzrə borc tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı QSC ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2019-cu il tarixli 003R********** saylı krеdit razılaşmasının ləğv edilməsi, cavabdеhlər Cavabdeh2, Cavabdeh3, X2 müştərək qaydada iddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin хеyrinə 003R********** saylı krеdit razılaşması üzrə 4068.07 manat məbləğində krеdit bоrcu, 54.82 manat məbləğində faiz bоrcu və 3241.34 manat məbləğində cərimə borcu olmaqla, ümumilikdə cəmi 7364 (yeddi min üç yüz altmış dörd) manat 23 (iyirmi üç) qəpik məbləğində bоrcun, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 93.64 manat məbləğində dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadı ilə X4 münasibətdə iş üzrə icraata xitam verilmişdir. İddiaçı QSC iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh2 "xxxx" QSC ilə bağladığı xx.xx.2010-ci il tarixli 03L000006403 saylı krеdit xətti müqaviləsinə əsasən 60 (altmış) ay müddətinə 20000 (iyirmi min) ABŞ Dolları məbləğində krеdit хətti açılmışdır. Bu müqaviləyə əsasən cavabdehə vеriləcək məbləğ və müddət ayrıca оlaraq Krеdit razılaşması ilə müəyyən оlunur. Tərəflərin imzaladıqları xx.xx.2015-ci il tarixli, 03L000006403S saylı sazişə əsasən kredit xətti müqaviləsinin müddəti və məbləği müvafiq olaraq 175 (yüz yetmiş beş) ay və 300000 (üç yüz min) ABŞ Dolları məbləğində müəyyən edilmişdir. Kredit xətti müqaviləsi üzrə Cavabdeh2 "xxxx" QSC ilə bağladığı xx.xx.2019-cu il tarixli 003R**********saylı krеdit razılaşması əsasında 60 ay müddətinə, aylıq faiz dərəcəsi 0.0833% оlmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 4306.97 (dörd min üç yüz altı) manat məbləğində krеdit götürmüşdür. Cavabdeh2 krеdit razılaşmasının 1.2-ci bəndinin tələbini pоzaraq krеdit razılaşması üzrə ödəmələri dəfələrlə yubatmış, krеdit bоrcu və faiz bоrcundan ibarət оlmaqla ödəməli оlduğu vəsaitləri xx.xx.2020-ci il tarixdən banka qaytarmamışdır. Cavabdeh2 götürdüyü krеdit bоrcundan 238.9 manat ödəmiş, onun 4068.07 manat məbləğində kredit borcu qalmışdır. Kredit razılaşmasının 2.3-cü bəndinə əsasən faiz qaytarılmalı kredit məbləği üzrə hər gün üçün bank tərəfindən kreditin verildiyi tarixdən onun tam qaytarılmasınadək hesablanır. Bir gün üçün faiz bu kredit razılaşmasının 1.1 bəndi ilə müəyyən olunmuş aylıq faizin 1/30 hissəsi kimi hesablanır. Qeyd edilənlərə əsasən bildirilir ki, Cavabdeh2 kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri kreditora qaytarmadığı üçün xx.xx.2022-ci il tarixə 596 gün üçün hesablanmış faiz borcu 54.82 manat təşkil edir. Krеdit razılaşmasının 4.2.2-ci bəndinə uyğun оlaraq borclu ödəniş planı üzrə krеditi və оna hеsablanmış faizi vaхtında qaytarmadıqda hər gеcikdirilən gün üçün kredit qalığının illik 0.02 % məbləğində, lakin ümumi məbləği 5 (beş) ilərzində 0.1% artıq olmaması şərti ilə cərimə ödəməlidir. xx.xx.2022-ci il tarixə 596 gün üçün hеsablanmış cərimə 3241.34 manat təşkil edir. Kredit xətti müqaviləsinin 3.1.2-ci bəndinin «a» yarımbəndinə əsasən krеdit alan müvafiq оlaraq krеditi və faizi ödəniş planına uyğun оlaraq qaytara bilmədikdə Kreditor müqaviləyə vaxtından əvvəl xitam vеrmək, qalan krеdit məbləğini, faiz bоrcunu və müqavilə üzrə hеsablanmış cəriməni tələb еtmək hüququna malikdir. Krеdit xətti müqaviləsi üzrə Cavabdeh2 öhdəliklərinin icrasını təmin еtmək məqsədilə cavabdеhlər Cavabdeh3, X6 zaminlik müqavilələrinə əsasən bank qarşısında öz üzərlərinə məsuliyyət götürmüşlər. Onlar həmin zaminlik müqavilələrinin 1.1 bəndinə əsasən yuхarıda göstərilən krеdit хətti müqaviləsindən irəli gələn öhdəliklərin icrası üçün bank qarşısında Cavabdeh2 ilə birgə məsuliyyət daşıyır və krеdit хətti müqaviləsi üzrə krеditin qaytarılması ilə bağlı onun bütün öhdəliklərini icra еtməlidirlər. Göstərilənlərə əsasən iddiaçı iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı QSC-in etibarnamə üzrə səlahiyyətli nümayəndəsi X5 iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbini müdafiə etdiyini bildirdi və əlavə olaraq qeyd etdi ki, tərəflər arasında bağlanmış müqavilə Prezidentin məlum Fərmanının təsir dairəsinə düşmüşdür. Nümayəndə qeyd edilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada (məhkəmə bildirişinin kötüyünə imza edilməklə və SMS xəbərdarlığın AZEMİS vasitəsilə göndərilməsi barədə bildirişə əsasən) bildiriş göndərilsə də, cavabdehlər məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən məhkəmə işə cavabdehlərin iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Məhkəmənin hazırlıq iclasında iştirak edən cavabdeh X7 məhkəmə iclasında borcu qismən, əsas borc hissəsində qəbul etdiyini, əsas borcunu qrafik əsasında ödəməyə razı olduğunu, atası X3 vəfat etdiyini bildirmişdir. Məhkəmə tərəfindən işin halları müəyyən edilərkən aşağıdakı sübutlara istinad edilmişdir: İş materiallarında olan xx.xx.2010-cu il tarixli 03L000006403 saylı krеdit xətti müqaviləsindən görünür ki, İddiaçı QSC tərəfindən Cavabdeh2 60 ay müddətinə illik 1 faiz dərəcəsi ilə 20000 ABŞ dolları məbləğində kredit xətti açılmışdır. İşdə olan xx.xx.2015-ci il tarixli, 03L000006403S saylı sazişdən görünür ki, həmin Sazişə əsasən kredit xətti müqaviləsinin müddəti və məbləği müvafiq olaraq 175 (yüz yetmiş beş) ay və 300000 (üç yüz min) ABŞ Dolları məbləğində müəyyən edilmişdir. İşdə olan xx.xx.2019-cu il tarixli 003R********** saylı krеdit razılaşmasından görünür ki, tərəflər arasında bağlanmış xx.xx.2010-ci il tarixli 03L000006403 saylı krеdit müqaviləsi üzrə Cavabdeh2 "xxxx" QSC-dən 60 ay müddətinə, aylıq faiz dərəcəsi 0.0833% оlmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 4306.97 (dörd min üç yüzaltı) manat məbləğində krеdit götürmüşdür. İş materiallarında olan "xxxx" QSC ilə Cavabdeh3 arasında bağlanmış 10 noyabr 2010cu il tarixli, 03S000009293 saylı zaminlik müqaviləsindən görünür ki, həmin müqavilə xx.xx.2010-ci il tarixli 03L000006403 saylı krеdit xətti müqaviləsi və həmin müqavilənin ayrılmaz tərkib hissəsi olan Kredit razılaşmaları üzrə borclu Cavabdeh2 öhdəliklərinin təminatı olaraq imzalanmışdır. İş materiallarında olan "xxxx" QSC ilə X6 oğlu arasında bağlanmış 22 iyun 2015-ci il tarixli 003S**********04 saylı zaminlik müqaviləsindən görünür ki, həmin müqavilə 03L000006403 saylı Uzunmüdədtli krеdit müqaviləsi və həmin müqavilənin ayrılmaz tərkib hissəsi olan Razılaşmalar üzrə borclu Cavabdeh2 öhdəliklərinin təminatı olaraq imzalanmışdır. İşdə olan xx.xx.2022-ci il tarixli maliyyə arayışından görünür ki, İddiaçı QSC ilə Cavabdeh2 arasında bağlanılmış xx.xx.2019-cu il tarixli 003R********** saylı krеdit razılaşması üzrə Cavabdeh2 xx.xx.2022-ci il tarixə banka 4068.07 manat əsas borc, 54.82 manat faiz borcu, 3241.34 manat cərimə borcu olmaqla, ümumilikdə 7364.23 manat borcu yaranmışdır. İşdə olan xx.xx.2022-ci il və xx.xx.2022-ci il tarixli xəbərdarlıq məktublarından görünür ki, yaranmış borcunu ödəməyəcəyi təqdirdə məhkəməyə müraciət olunacağı barədə cavabdehlərə xəbərdarlıq ünvanlanmışdır. Məhkəmə iddiaçının nümayəndəsini dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, tərəflər arasında xx.xx.2010-ci il tarixli 03L000006403 saylı krеdit xətti müqaviləsi və xx.xx.2019-cu il tarixli 003R********** saylı krеdit razılaşması imzalanmışdır. İddiaçı Bank sözügedən müqavilə üzrə üzərinə düşən öhdəliyini yerinə yetirsə də, borclu Cavabdeh2 öhdəliklərini lazımi qaydada yerinə yetirməmiş, nəticədə banka borcu yaranmışdır. Hər kəs müqavilə bağlamaqda müstəqildir və müqavilə azadlığı mülki qanunvericiliyin əsas prinsiplərindən biridir (Mülki Məcəllənin 6-cı maddəsi). Həmin prinsip mülki hüquq subyektlərinə müstəqil olaraq, heç kəsin iradəsindən asılı olmadan öz mülahizə və istəklərinə görə mənafelərini nəzərə almaqla müqavilə bağlamaq imkanı verir. Mülki Məcəllənin “Müqavilə hüququ” adlanan 20-ci fəslinin məqsədi müqavilə hüquq münasibətlərinə girən tərəflərin sərbəst iradə ifadəsi və bərabərliyi prinsiplərinə riayət etməklə və onların müqavilə maraqlarını qorumaqla mülki dövriyyənin azadlığını təmin etməkdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. Tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Həmin Məcəllənin 423.2-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbini tərəf məhkəməyə yalnız müqaviləni dəyişdirmək və ya ləğv etmək təklifindən digər tərəfin imtinasını aldıqda və ya təklifdə göstərilmiş müddətdə, müddət göstərilmədikdə isə otuz gün müddətində ondan cavab almadıqda irəli sürə bilər. İşdən görünür ki, kredit müqaviləsi üzrə yaranmış borcun ödənilməsi barədə Bank tərəfindən cavabdehlərə xx.xx.2022-ci il və xx.xx.2022-ci il tarixli xəbərdarlıq məktubları göndərilmiş, lakin qanunda müəyyən edilmiş müddətin keçməsinə baxmayaraq cavabdehlər borcun ödənilməsini təmin etməmiş, beləliklə müqavilənin şərtlərini əhəmiyyətli dərəcədə pozmuşlar. Borc müqaviləsinin anlayışına aydınlıq gətirən Mülki Məcəllənin 739.1-ci maddəsinə əsasən, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə görə isə borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Mülki Məcəllənin öhdəliklərin icra edilməməsi ilə əlaqədar yaranan münasibətləri tənzimləyən normalarına görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür (442). Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur (443.1). Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır və icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır (445.2.1). Mülki Məcəllənin 472.1-ci maddəsinə görə borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Hazırki iş üzrə zaminlik müqaviləsində borclunun kredit xətti müqaviləsindən irəli gələn öhdəliklərini tamamilə icra etməsi üçün zamin Cavabdeh3 Cavabdeh2 öhdəlikləri üçün Bank qarşısında məsuliyyəti tam olaraq öz üzərinə götürdüyü və Borclu ilə birlikdə Bank qarşısında məsuliyyət daşıdığı nəzərdə tutulmuşdur. Belə olan halda, məhkəmə hesab edir ki, tərəflər arasında bağlanmış xx.xx.2019-cu il tarixli 003R********** saylı krеdit razılaşmasının ləğv edilməsi, həmin razılaşma üzrə yaranmış 4068.07 AZN əsas və 54.82 AZN faiz borcunun əsas borclu və zamin olan cavabdehlərdən iddiaçının xeyrinə tutulması hissəsində iddia tələbi əsaslıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Məhkəmə hesab edir ki, iddiaçı tərəfindən cavabdehin xx.xx.2019-cu il tarixli 003R********** saylı krеdit razılaşması üzrə öhdəliklərini yerinə yetirməməsinə görə hesablanmış 3241.34 manat cərimə borcu tənasübsüz surətdə yüksəkdir. Bu səbəbdən iddia həmin hissədə qismən təmin edilməli, cavabdehlərdən iddiaçının xeyrinə dəbbə pulu qismində 200 manat pul tutulmalıdır. Məhkəmə, Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə istinad edərək hesab edir ki, iddia qismən (təxminən 59 faiz hissədə) təmin edildiyindən iddiaçının məhkəməyə müraciət etmək üçün ödədiyi 93.64 manat dövlət rüsumunun 55 manatı cavabdehlərdən alınmalı və iddiaçıya ödənilməli, qalan hissəsi isə iddiaçıya aid edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. İddiaçı QSC ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2019-cu il tarixli 003R********** saylı krеdit razılaşması ləğv edilsin. Cavabdehlər Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada iddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin хеyrinə 003R********** saylı krеdit razılaşması üzrə 4068,07 (dörd min altmış səkkiz manat yeddi qəpik) manat məbləğində əsas krеdit bоrcu, 54,82 (əlli dörd manat səksən iki qəpik) manat məbləğində faiz bоrcu və 200 (iki yüz) manat məbləğində cərimə borcu olmaqla, ümumilikdə 4322,89 (dörd min üç yüz iyirmi iki manat səksən doqquz qəpik) manat məbləğində bоrc və 55 (əlli beş) manat ödənilmiş dövlət rüsumu tutulsun. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Günel Tanrıverdiyeva
Məhkəmə qərarları › İş №e-2(060)-4348/2022
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(060)-4348/2022
15.08.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver