Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2(060)-4349/2022 20.07.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ X9 Behbudovanın sədrliyi, Mehriban Hüseyn qızı Həsənlinin katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil, Cavabdeh nümayəndəsi X2 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı aliment məbləğinin artırılması tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İddiaçı Cavabdeh qarşı aliment məbləğinin artırılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək iddia tələbini onunla əsaslandırmışdır ki, 12 noyabr 2010-cu il tarixdə Cavabdeh ilə rəsmi nikaha daxil olmaqla ailə həyatı qurmuşlar. Birgə nikahdan 16 may 2011-ci il təvəllüdlü X4 dünyaya gəlmişdir. O, Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçının himayəsində olan X1 yetkinlik yaşına çatana qədər saxlanması üçün cavabdehdən hər ay 103 manat məbləğdə alimentin tutulması və alimentin 2019-cu il sentyabr ayından hesablanaraq ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Sumqayıt Şəhər Məhkəməsinin 16 may 2014-cü il tarixli, 2(060)3223/2014 saylı qətnaməsi ilə iddia təmin edilmiş, Cavabdeh xx.xx.2014-cü il tarixdən başlayaraq hər ay 103 ( yüz üç) manat sabit pul məbləğində aliment alınıb xx.xx.2011-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanılması üçün ona verilməsi qət edilmişdir. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2014-cü il tarixli qətnaməsinə əsasən nikahlarına xitam verilmişdir. Bu barədə nikah pozulması haqqında akt qeydlər kitabında xx.xx.2015-ci il tarixdə № 24 ilə qeyd edilmişdir. Bildirir ki, 103 manat uşağın ehtiyacları üçün kifayət etmir. Belə ki, uşaq təhsil alır, onların yol xərcləri, hazırlıq kurslarının ödənişləri, geyim və s. xərcləri bu pulla təkbaşına ödəyə bilmir. Övladına tək baxır, işsizdir, başqa gəliri də yoxdur. Cavabdeh uşağı ilə maraqlanmır, maddi və mənəvi köməklik etmir . Onda olan məlumata görə cavabdehin digər gəlirləri var və maddi vəziyyəti alimentin artırılmasına imkan verir. Qeyd olunan məsələlərin məhkəmədənkənar qaydada mediasiya sesiyasında nizama salınması üçün tərəfindən cavabdehə mediasiyaya dəvət məktub göndərilmişdir. Cavabdeh ilkin mediasiya sessiyasının tarixi, saatı və yeri barədə 10 gün əvvəlcədən məkrub göndərilməklə poçt vasitəsi ilə məlumatlandırılmışdır. İddiaçı etibarnamə üzrə nümayəndəsi Vəkil ilkin mediasiya sessiyasında iştirak etmiş və ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı 50 (əlli) manat məbləğində mediasiyaya dair xərci ödəmişdir. Qeyd olunanlara əsasən məhkəmədən Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-3223/2014 saylı, xx.xx.2014-cü il tarixli qətnaməsi ilə cavabdehdən 16 may 2011cü il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün müəyyən edilmiş alimentin məbləğini dəyişərək Cavabdeh hər ay uşağa görə 193 (yüz doxsan üç) manat sabit pul məbləğində alimentin, həmçinin çəkilmiş mediasiya xərcinin yarısı olaraq 25 (iyirmi beş) manat məbləğində pulun tutularaq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh məhkəməyə iddia tələbinə etirazla müraciət edərək etirazı onunla əsaslandırmıdır ki, İddiaçı (Əliverdiyeva) ilə xx.xx.2010-ci il tarixdə rəsmi nikaha daxil olaraq ailə həyatı qurmuşlar. Birgə nikahdan xx.xx.2011 -ci il təvəllüdü Əliverdizadə Aydan qızı anadan olmuşdur. Aralarında olan nikaha Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2014cü il tarixli qətnaməsinə əsasən xitam verilmiş və xx.xx.2014-cü il tarixdən başlayaraq hər ay 103 manat sabit pul məbləğində aliment azyaşlı uşağın saxlanılması üçün ondan tutularaq iddiaçıya ödənilir. İddiaçı 2017-ci ildə də “alimentin artırılması” tələbi ilə ona qarşı Sumqayıt Şəhər Məhkəməsində tələb qaldırmış, onun iddiası təmin edilməmiş, ondan apelyasiya şikayəti versə də, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. O, bir necə xroniki xəstəlikdən əziyyət çəkir. Birincisi vərəm xəstəliyindən əziyyət çəkməklə “Hepatit C(HCV) İfa” diaqnozu ilə xəstədir, ikincisi isə narkoloji asılılığı var-diqanoz “kannabiodlərin epizodik qəbulu”. Hər iki xroniki xəstəliyi ilə bağlı həm Sumqayıt Şəhər Narkoloji, həm də Sumqayıt Şəhər Vərəm Dispanserində qeydiyyata alınmaqla uçotdadır. Qeyd olunan xroniki xəstəliklərə düçar olduğu üçün sağlamlıq durumu açıq cəmiyyətdə insanlar ilə təmasda olmasına imkan vermir. Bu səbəbdən də heç yerdə işləmir və qapalı həyat tərzi keçirir. Hazırda azyaşlı qızı Aydanın saxlanılması üçün ondan tutulan 103 manat məbləğində alimenti də, valideynləri öz pensiyalarından ödəməklə məsələni həll edirlər. Ötən dövr ərzində həmin aliment məbləği vaxtlə-vaxtında ödənilmişdir. Göründüyü kimi o özü xroniki xəstəliklərdən əziyyət çəkməklə, valideynlərinin himayəsindədir. Bu səbəbdən də alimentin artırılmasına etiraz edir. Belə ki, aliment iddiaçının tələb etdiyi məbləğdə artırılarsa bu zaman onun heç də yaxşı olmayan vəziyyəti pisləşəcək, onsuz da valideynlərinin üzərinə düşən ağır yük daha da ağırlaşacaqdır. Onu da qeyd edir ki, azyaşlı qızı Aydanın maddi durumunun yaxşı vəziyyətdə qalması valideyn kimi onun üzərində vəzifələr yaratmaqla, onu da narahat edir. Uşaqlar dövlətin himayəsi altındadırlar. Dövlət tərəfindən uşağın minimum saxlanılması xərci bu il üçün 193 manat müəyyən edildiyim nəzərə alsaq, iddiaçının sosial müdafiə mərkəzindən uşağa görə ən azı (193-103=90) 90 manat ünvanlı sosial yardım (ÜSY) almaq hüququ yaranmışdır. İddiaçı tərəfindən ÜSY-nin təyinatı ilə bağlı yalnız sosial mərkəzə müraciət etmək hüuqunun reallaşdırılması qalır. Ona görə də məhkəmədən İddiaçı cavabdeh kimi ona uşağın saxlanılması üçün aliment məbləğinin artırılmasına dair iddia tələbinin rədd edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Vəkil izahatında iddia tələbini müdafiə etdiklərini bildirərək təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, etirazda iddiaçı xəstə olduğunu bildirsə də, xəstəliyi ilə bağlı sübutlar təqdim olunmamışdır. Məhkəmə iclasında iştirak edən Cavabdeh nümayəndəsi X5 oğlu xəstə olduğu üçün onu işə götürmədiklərindən alimenti 2014-cü ildən bəri pensiyasından ödədiyini, nəvəsinə imkan daxilində əlavə köməklik də göstərdiyini, iddiaçının ikinci dəfə ailə həyatı qurduğunu, həmin nikahdan da övladının olduğunu qeyd etdi. Əlavə olaraq bildirdi ki, iddiaçı daha əvvəl də alimentin artırılması tələbi ilə məhkəməyə müraciət etmiş, iddia tələbi təmin olunmamış, Sumqayıt Apellyasiya Məhkəməsinin qətnaməsi ilə birinci instansiya məhkəməsinin qətnaməsi qüvvəsində saxlanılmışdır. Ona görə də məhkəmədən iddia tələbinin təmin olunmaması barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə işdə iştirak edən şəxslərin izahatını dinləyib, iş materiallarını araşdıraraq və sübutları tədqiq edərək, hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi qismən təmin edilməlidir. İş materiallarında olan ilkin mediasiya sessiyasında iştiak edilməməsi barədə xx.xx.2022-ci il tarixli arayışdan görünür ki, ilkin mediasiya sessiyasında İddiaçı iştirak etmişdir. Cavabdeh həmin ilkin mediasiya sessiyasının tarixi, saatı və yeri barədə 10 gün əvvəlcədən poçt vasitəsi ilə məlumatlandırılsa da, sessiyada iştirak etməmişdir. İlkin mediasiya sessiyası üçün 50 manat məbləğində mediasiya xərcini İddiaçı ödəmişdir. İş materiallarında olan Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2014-cü il tarixli, 2(060)- 3223/2014 saylı qətnaməsindən görünür ki, iddia tələbi təmin edilərək, Cavabdeh xx.xx.2014-cü il tarixdən başlayaraq hər ay 103 ( yüz üç) manat sabit pul məbləğində aliment alınıb xx.xx.2011-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanılması üçün X3 verilməsi qət edilmişdir. İş materiallarında olan nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh ilə X6 arasında bağlanmış nikah Sumqayıt “ASAN xidmət” mərkəzi qeydiyyat şöbəsində xx.xx.2015-ci il tarixində akt qeydləri kitabında 24 nömrəsi ilə qeyd edilmişdir. Nikah pozulduqdan sonra arvada İbrahimova soyadı verilmişdir. İş materiallarında olan Sumqayıt Apellyasiya Məhkəməsinin 03 noyabr 2017-ci il tarixli qətnaməsindən müəyyən edilir ki, Sumqayıt Şəhər Məhkəməsinin qətnaməsindən iddiaçı X6 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, qətnamə dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Konstitusiyasının 34-cü maddəsinin İV bəndinə əsasən uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1 və 75.4-cü maddələrinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 233.4-cü maddəsinə əsasən cavabdehdən vaxtaşırı ödəmələrin alınmasını qət edən qətnamə qanuni qüvvəyə mindikdən sonra, ödəmələrin miqdarını müəyyənləşdirən və ya onların davam etməsinə təsir edən hallar dəyişərsə, hər bir tərəf yeni iddia vermək yolu ilə ödəmələrin miqdarını və müddətlərini dəyişdirməyi tələb etməyə haqlıdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.1-ci maddəsinin tələbində göstərilir ki, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyrimüntəzəm, dəyişən olarsa və ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Eyni zamanda, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsinin tələbində göstərilir ki, aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya alimenti ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair 27 iyul 2016-cı il tarixli qərarı ilə müəyyən edilmişdir ki, məhkəmə tərəfindən tərəflərin maddi vəziyyətinin araşdırılması zamanı, onların gəlirləri (məsələn, vergi ödəyicisi kimi ödənilən verginin məbləği və s.), digər qazanc mənbəyi, təhsili, hansı peşəyə sahib olması, əvvəlki iş yeri, yaşayış səviyyəsi (hansı şəraitdə yaşaması və s.), əmlak vəziyyəti (daşınar və daşınmaz əmlaklarının olub-olmaması), özünün saxlanılması üçün minimum tələbatını ödəyə bilməsi və s. qanunvericiliyə müvafiq olaraq müəyyən edilməlidir. Konstitusiya Məhkəməsi yuxarıda qeyd olunan qərarına əsasən müəyyən edilmişdir ki, ailə vəziyyətinin araşdırılması zamanı, tərəflərin yenidən ailə qurub-qurmaması, yeni ailədə uşaqların olub-olmaması, başqa aliment ödəmələrinin olub-olmaması, tutulacaq alimentin miqdarının digər uşaqların təminatının əsaslı dərəcədə aşağı düşməsinə səbəb ola biləcəyinə və sair məsələlərə diqqət yetirilməlidir. Həmin qərarla diqqətəlayiq digər halların araşdırılması zamanı məhkəmə, tərəflərin əmək qabiliyyətini və sağlamlıq vəziyyətini, öhdəsində digər şəxslərin (əmək qabiliyyəti olmayan valideynlər və sair) olub-olmamasını və sair məsələlərin nəzərə alması zərurəti göstərilmişdir. Azərbaycan Respublikası Milli Məclisinin 21 iyul 1992-ci il tarixli 236 saylı qərarı ilə Azərbaycan Respublikasının qoşulduğu, BMT-nin Baş Məclisinin 20 noyabr 1989-cu il tarixdə qəbul etdiyi “Uşaq hüquqları haqqında” Konvensiyanın 3-cü maddəsinə əsasən uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir, istər bu tədbirlər sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr tərəfindən görülsün, istərsə də məhkəmələr, inzibati və ya qanunvericilik orqanları tərəfindən. «Uşaq Hüquqları Haqqında» Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinə əsasən dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Azərbaycan Respublikasının normativ hüquqi aktları və müvafiq orqanların qərarları uşaq mənafelərinə zidd olmamalı və onların icrası uşaqların həyatına, inkişafına və tərbiyəsinə zərər gətirməməlidir. “X7” Azərbaycan Respublikası Qanununa əsasən 2022-ci il üçün yaşayış minimumu uşaqlar üçün 193 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə iclasında müəyyən olundu ki, hazırda İddiaçı bir uşağa görə ödənilən 103 manat məbləğində aliment uşağın saxlanılması üçün zəruri xərclərini və ehtiyaclarını təmin etmir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinin tələbinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə hesab edir ki, fərd olaraq hər bir uşağın qanunvericiliyin tələbinə uyğun olaraq maddi cəhətdən sağlam şəraitdə yaşamaq hüququ təmin edilməlidir. Məhkəmə hesab edir ki, iddiaçı aliment məbləğinin əhəmiyyətli dərəcədə artırılması tələb edilməsinə baxmayaraq, həmin sübutlar iddiaçı tərəfindən məhkəmə iclasında təqdim edilməmişdir. Bundan əlavə hər bir tərəf, öz tələb və etirazının əsasını təşkil edən dəlilləri məhkəmə təqdim edilməsi baxımından, həmin sübutlar iddiaçı tərəfindən məhkəmə iclasında təmin edilməsi xüsusi əhəmiyyət kəsb etdiyindən tərəflərin diqqətinə çatdırılmışdır. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Sumqayıt Şəhər Məhkəməsinin qətnaməsi ilə aliment müəyyən edilərkən cavabdehin maddi vəziyyəti nəzərə alınmaqla uşaq üçün 103 manat məbləğində aliment müəyyən edilmiş, apellyasiya instansiyası məhkəməsində mübahisələndirərkən, iddiaçı G.A.Əliverdiyevanın şikayəti təmin edilməyərək, məhkəmənin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə, qanunun qeyd edilən tələbini rəhbər tutub məhkəmə iclasında tədqiq edilən sübutları qiymətləndirərək, yetkinlik yaşına çatmayan uşağın mənafeyini, cavabdehin işləməməsini, xəstə olduğunu, tərəflərin maddi vəziyyətlərini nəzərə alaraq hesab edir ki, iddia tələbi qismən təmin edilərək, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2014-cü il tarixli, 2(060)-3223/2014 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı artırılaraq Cavabdeh İddiaçı xeyrinə xx.xx.2011-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay 120 manat sabit pul məbləğində aliment tutulmalı, qalan hissədə iddia tələbi təmin edilməməlidir. Eyni zamanda, məhkəmə hesab edir ki, artırılmış məbləğdə aliment hazırkı qətnamənin qanuni qüvvəyə mindiyi gündən başlayaraq tutulmalıdır. Belə ki, “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideyndən hansının yanında qalması və uşaqlar üçün valideyndən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016-cı il tarixli 8-2/2016 №-li qərarının 8.14-cü bəndinə əsasən məhkəmənin müəyyən etdiyi alimentin məbləği dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 108.1-ci və 108.1.1-ci maddəsinə əsasən iddia ərizəsi verildikdə dövlət rüsumu ödənilməlidir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci və 9.1.2-ci maddəsinə əsasən məhkəmələrə verilən alimentin verilməsi baradə iddia ərizəsi üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 112.1 və 112.1.3-cü maddəsinə əsasən aliment alınması haqqındakı iddialarda iddianın qiyməti bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. Həmin Məcəllənin 112.1.6-ci maddəsinə əsasən ödəmənin azaldılması, yaxud artırılması haqqındakı iddialarda—ödəmənin azaldıldığı və ya artırıldığı məbləğdə, lakin bir ildən artıq olmamaq şərti ilə iddianın qiyməti müəyyən edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Belə olan halda, iddiaçı dövlət rüsumunu ödəməkdən azad edildiyindən, iddia qismən təmin olunduğuna görə məhkəmə hesab edir ki, 30 manat dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə keçirilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.3-cü maddəsində göstərilir ki, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia tələbi qismən təmin edilsin. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2014-cü il tarixli, 2(060)-3223/2014 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı artırılsın və qətnamənin qanuni qüvvəyə mindiyi gündən hesablanmaqla Cavabdeh İddiaçı xeyrinə xx.xx.2011-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay 120 (yüz iyirmi) manat sabit pul məbləğində aliment tutulsun. İddia tələbi qalan hissədə təmin edilməsin. Cavabdeh 30 (otuz) manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə keçirilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Aynur Behbudova
Məhkəmə qərarları › İş №e-2(060)-4349/2022
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(060)-4349/2022
20.07.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver