Məhkəmə qərarları › İş №e-2(060)-436/2025

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(060)-436/2025

29.04.2025 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2(060)-436/2025 29.04.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Şirəliyeva Vəfa Zavrulla qızının sədrliyi, Quliyeva Günay Tahir qızının katibliyi ilə, İddiaçı Cavabdeh qarşı Sumqayıt şəhəri, Babadağ küçəsi, giriş 47 ünvanında yerləşən sahəsi 127,70 kv.m olan fərdi yaşayış evi üzərində ½ hissədə payının müəyyən edilməsi tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddia tələbi:

1. İddiaçı Cavabdeh qarşı iddia qaldıraraq, Cavabdeh mülkiyyəti kimi qeydiyyata alınmış ünvan 1 (Yaşıldərə deyilən ərazidə yerləşən), yeni qaydalarla Sumqayıt şəhəri, Babadağ küçəsi, giriş 47 ünvanında yerləşən sahəsi 127,70 kv.metr olan fərdi yaşayış evi üzərində Cavabdeh mülkiyyət hüququna dair daşınmaz əmlakın dövlət reyestrində aparılmış dövlət qeydiyyatının və həmin qeydiyyat əsasında verilmiş reyestr çıxarışının ləğv edilməsi, Sumqayıt şəhəri, Babadağ küçəsi, giriş 47 ünvanında yerləşən sahəsi 127,70 kv.m olan fərdi yaşayış evi üzərində ½ hissədə payının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.

2. Daha sonra İddiaçı iddia ərizəsinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək Cavabdeh qarşı iddia irəli sürərək, Cavabdeh mülkiyyətində olan ünvan 1 ünvanında (Yaşıldərə deyilən ərazidə yerləşən), yeni qaydalarla Sumqayıt şəhəri, Babadağ küçəsi, giriş 47 ünvanında yerləşən fərdi yaşayış evinə onun və övladları 27 dekabr 2010cu il təvəllüdlü X2 və 21 oktyabr 2014-cü il təvəllüdlü X3 istifadə hüququnun tanınması və göstərilən fərdi yaşayış evi üzərində Cavabdeh mülkiyyət hüququna dair daşınmaz əmlakın dövlət reyestrində aparılmış dövlət qeydiyyatının və həmin qeydiyyat əsasında verilmiş reyestr çıxarışının ləğv edilməsi, Sumqayıt şəhəri, Babadağ küçəsi, giriş 47 ünvanında yerləşən sahəsi 127,70 kv.m olan fərdi yaşayış evi üzərində ½ hissədə payının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.

3. İddiaçı yenidən İddiaçı iddia ərizəsinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək Cavabdeh mülkiyyəti kimi qeydiyyata alınmış ünvan 1 (Yaşıldərə deyilən ərazidə yerləşən), yeni qaydalarla Sumqayıt şəhəri, Babadağ küçəsi, giriş 47 ünvanında yerləşən sahəsi 127,70 kv.metr olan fərdi yaşayış evi üzərində Cavabdeh mülkiyyət hüququna dair daşınmaz əmlakın dövlət reyestrində aparılmış dövlət qeydiyyatının və həmin qeydiyyat əsasında verilmiş reyestr çıxarışının ləğv edilməsi, Sumqayıt şəhəri, Babadağ küçəsi, giriş 47 ünvanında yerləşən sahəsi 127,70 kv.m olan fərdi yaşayış evi üzərində ½ hissədə payının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.

4. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(060)-436/2025 saylı qərardadı ilə İddiaçı Cavabdeh qarşı Cavabdeh mülkiyyəti kimi qeydiyyata alınmış ünvan 1 (Yaşıldərə deyilən ərazidə yerləşən), yeni qaydalarla Sumqayıt şəhəri, Babadağ küçəsi, giriş 47 ünvanında yerləşən sahəsi 127,70 kv.metr olan fərdi yaşayış evi üzərində Cavabdeh mülkiyyət hüququna dair daşınmaz əmlakın dövlət reyestrində aparılmış dövlət qeydiyyatının və həmin qeydiyyat əsasında verilmiş reyestr çıxarışının ləğv edilməsi, Sumqayıt şəhəri, Babadağ küçəsi, giriş 47 ünvanında yerləşən sahəsi 127,70 kv.m olan fərdi yaşayış evi üzərində ½ hissədə payının müəyyən edilməsi tələbi üzrə mülki işin icraatına “Cavabdeh mülkiyyəti kimi qeydiyyata alınmış ünvan 1 (Yaşıldərə deyilən ərazidə yerləşən), yeni qaydalarla Sumqayıt şəhəri, Babadağ küçəsi, giriş 47 ünvanında yerləşən sahəsi 127,70 kv.metr olan fərdi yaşayış evi üzərində Cavabdeh mülkiyyət hüququna dair daşınmaz əmlakın dövlət reyestrində aparılmış dövlət qeydiyyatının və həmin qeydiyyat əsasında verilmiş reyestr çıxarışının ləğv edilməsi” hissəsində xitam verilməsi qərara alınmışdır.

İddia tələbinin əsaslandırıldığı hallar :

5. İddia onunla əsaslandırılmışdır ki, 07 avqust 2007-ci il tarixdə mərhum X8 ilə rəsmi nikaha daxil olmuşdur. Nikahlarından 27 dekabr 2010-cu il təvəllüdlü Firuzə və 21 oktyabr 2014-cü il təvəllüdlü Nərgiz adında iki övladları dünyaya gəlmişdir. 2013-cü ilin əvvəllərində Sumqayıt şəhərinin Çerkassı küçəsi, 49-cu məhəllə, 5 saylı keçid adlandırılan ərazidə (Hal-hazırki ünvanı ünvan 2 həyat yoldaşı ilə bilrikdə fərdi yaşayış evi inşa etdirmiş və qeyd edilən ildən də həyat yoldaşı və övladları ilə birlikdə həmin fərdi yaşayış evinə köçərək yaşamışdırlar. 2019-cu ildə onunla həyat yoldaşı X8 arasında nikaha xitam verildikdən sonra övladları ilə birlikdə birgə nikah dövründə inşa olunmuş sözügedən fərdi yaşayış evindən qovulduqlarından və orada yaşamaqlarına maneələr yaradıldığından, cavabdehlər X5 və Cavabdeh qarşı “yaşayış evinə köçürülmə” tələbi ilə məhkəməyə müraciət edərək 27 dekabr 2010-cu il tarixdə doğulmuş Firuzə və 21 oktyabr 2014-cü il tarixdə doğulmuş Nərgizlə birlikdə cavabdehlərin yaşadığı və cavabdeh X8 ilə birgə nikahları dövründə tikilmiş ünvan 1də (Yaşıldərə deyilən ərazidə yerləşən) evə köçürülməkləri barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi Sumqayıt Şəhər Məhkəməsinin 13 dekabr 2019-cu il tarixli, 2(060)-8739/2019 saylı qətnaməsi ilə rədd edilsə də, həmin qətnamədən verdiyi apellyasiya şikayətinə əsasən birinci instansiya məhkəməsinin bu qətnaməsi Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 01 sentyabr 2020-ci il tarixli, 2(105)-1078/2020 saylı qətnaməsi ilə ləğv edilmiş, iddia tələbi təmin olunaraq 27 dekabr 2010-cu il tarixdə doğulmuş Firuzə və 21 oktyabr 2014-cü il tarixdə doğulmuş Nərgizlə cavabdeh X4 yaşadığı və birgə nikah dövründə tikilmiş ünvan 1də (Yaşıldərə deyilən ərazidə yerləşən) evə köçürülməkləri qət olunmuşdur. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 01 sentyabr 2020-ci il tarixli, 2(105)- 1078/2020 saylı qətnaməsindən cavabdehlər X8 və Cavabdeh kassasiya şikayəti versələr də, Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 13 aprel 2021-ci il tarixli, 2(102)-1590/2021 saylı qərarı ilə kassasiya şikayəti təmin olunmamış və apellyasiya instansiyası məhkəməsinin bu iş üzrə çıxarılmış qətnaməsi qanuni qüvvəsini almışdır. Məhkəmənin gedişatında keçmiş həyat yoldaşı X8 2020-ci ilin dekabr ayında vəfat etmişdir. Lakin digər cavabdeh keçmiş qaynanası Cavabdeh qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinin icrasından imtina etməsi və həmin qətnamənin icrasına hər vəchlə maneçilik törətməsi səbəbindən onun övladları ilə həmin fərdi yaşayış evinə köçürülməkləri icra məmurlarının müdaxiləsi nəticəsində yalnız 2022-ci ilin fevral ayının 10-u tarixində baş tutmuşdur. 2022-ci ilin fevral ayında nəhayət ki, iki qızı ilə bilrikdə adı çəkilən fərdi yaşayış evinə köçə bilmiş və bugünədək də həmin fərdi yaşayış evində yaşayırlar. Keçmiş həyat yoldaşı ilə birgə nikah dövründə inşa edilmiş sözügedən fərdi yaşayış evi son dövrlərədək özbaşına tikili olduğundan, həmin fərdi yaşayış evinə onun və övladlarının istifadə hüquqlarının tanınmasını və fərdi yaşayış evinə pasport qeydiyyatına alınmaqlarını tələb etməmişdir. Lakin bir rmüddət əvvəl ona məlum olmuşdur ki, Cavabdeh ondan xəbərsiz şəkildə Suqmayıt Bələdiyyəsinə müraciət edərək torpaq sahəsini 2024-cü ilin iyun ayında öz mülkiyyətinə almış, sonradan da həmin torpaq sahəsini üzərində yerləşən və 2013-cü ildə keçmiş həyat yoldaşı X8 ilə birgə nikah dövründə inşa etdirərək köçüb yaşadıqları fərdi yaşayış evi ilə birlikdə öz mülkiyyəti kimi daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatından keçirmişdir. Yaşadığı sözügedən fərdi yaşayış evinin artıq özbaşına tikili statusunda olmadığını nəzərə alaraq cavabdehdən özünün və övladlarının həmin fərdi yaşayış evinə pasport qeydiyyatına alınmaqları üçün razılıq verməsini xahiş etsə də, o, bundan imtina etmişdir. Övladları ilə həmin fərdi yaşayış evinə köçürülməyi ilə bağlı məcburi icra tədbirlərinin həyata keçirildiyi zaman, yəni 10 fevral 2022-ci il tarixdə fərdi yaşayış evinə daxil olarkən cavabdehə məxsus hər hansı əşyanın evdə olmadığı müəyyən edilmişdir. Adı çəkilən məhkəmə qətnaməsi icra olunduqdan sonra məlum olmuşdur ki, Cavabdeh tərəfindən həmin fərdi yaşayış evi qeyri-rəsmi şəkildə bağlanılmış alqı-satqı müqaviləsi əsasında başqa bir şəxsə satılmış və Cavabdeh həmin evdən köçüb getmişdir. Uşaqları ilə birlikdə evə köçürülməyindən sonra evi almış həmin şəxs belə bir mübahisənin mövcudluğundan xəbər tutaraq evdən imtina edərək alqı-satqı məbləği olaraq verdiyi pul vəsaitini Cavabdeh geri almışdır. Öz övladları ilə birlikdə sözügedən yaşayış sahəsinə köçürülməyindən sonra keçmiş əri mərhum X8 ilə 2020-ci ilin iyul ayında nikaha daxil olmuş, lakin X8 2020-ci ilin dekabr ayında vəfat etdiyindən nikahı cəmi 6 ay çəkmiş X1 adından iddia ərizəsində formal olaraq cavabdeh kimi göstərilmiş keçmiş qaynanası Cavabdeh “xeyir-duası” ilə “evə köçürülmə” tələbi ilə məhkəməyə müraciət olunaraq iki azyaşlı qızı ilə birlikdə yaşadığı və keçmiş həyat yoldaşı ilə birgə nikahda olduqları dövrdə inşa edilmiş fərdi yaşayış evinə köçürülməsi tələb olunmuşdur. Lakin Sumqayıt Şəhər Məhkəməsinin qanuni qüvvəyə minmiş 2(060)-2525/2022 saylı, 16 iyun 2022-ci il tarixli qətnaməsi ilə X1 bu iddiası rədd edilmişdir. Hal-hazırda da cavabdeh mübahisəli fərdi yaşayış evini və üzərində yerləşən torpaq sahəsini öz mülkiyyəti kimi qeydiyyatdan keçirdərək bu üsulla onu və övladlarını yaşadıqları evdən məhrum etmək arzusundadır. Belə ki, onda olan məlumatlara əsasən cavabdeh onları mübahisəli yaşayış sahəsindən birdəfəlik məhrum etmək məqsədi ilə həmin evi özgəninkiləşdirmək, yaxud da bu mümkün olmadıqda digər oğluna bağışlamaq niyyətindədir. Halbuki, mübahisəli fərdi yaşayış evinin keçmiş həyat yoldaşı ilə birgə nikahda olduğu dövrdə inşa edildiyi qanuni qüvvəyə minmiş məhkəmə aktları ilə tam sübuta yetirilmişdir. Buna görə də hesab edir ki, hazırki iddia tələbləri təmin olunmaqla onun və azyaşlı uşaqlarının uzun illərdir yaşadıqları fərdi yaşayış evinə istifadə hüquqları tanınmalı və həmin fərdi yaşayış evinə pasport qeydiyyatına alınmaqları təmin olunmalıdır. Bu səbəbdən müvafiq iddia ərizəsi ilə məhkəməyə müraciət edərək birgə nikah dövründə inşa olunmuş fərdi yaşayış evinə iki azyaşlı qızı ilə birlikdə istifadə hüquqlarının tanınmasını xahiş etmək məcburiyyətində qalmışdır. Sadalanan qanunvercilik aktlarına əsasən onun mübahisəli fərdi yaşayış evinə istifadə hüququ artıq yaranmışdır. Başqa yaşayış sahəsi olmadığı üçün özünün və övladlarının yaşayış sahəsinə olan ehtiyacını cavabdehin öz mülkiyyətinə keçirdiyi və mərhum həyat yoldaşı ilə birgə nikah dövründə inşa etdirdiyi fərdi yaşayış evindən istifadə etməklə qarşılamaq məcburiyyətində qalmışdır. Hesab edir ki,sözügedən fərdi yaşayış evinə istifadə hüququ yarandığından, həmin hüquq tanınmaqla o və övladları mübahisəli fərdi yaşayış evinə pasport qeydiyyatına alınmalıdırlar.

Tərəflərin mövqeləri:

6. Məhkəmə iclaslarında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Vəkil1 iddia ərizəsinin məzmununa uyğun izahat verərək bildirdi ki, İddiaçı cavabdehin keçmiş gəlinidir. Qeyd olunan ev birgə nikah dövründə tikilmişdir. 2019-cu ildə nikah pozulmuşdur. İddiaçının keçmiş əri isə 2020-də vəfat etmişdir. Bundan sonra qarşı tərəf ona evdə yaşamağa maneələr törətmişdir. Buna görə də məhkəməyə müraciət etmişdirlər. İddia təmin olunmasa da, qətnamədən verilən apellyasiya şikayəti təmin edilmiş və köçürülmə barədə qətnamə qanuni qüvvəyə minmişdir. İddiaçı uşaqların pasport qeydiyyatına alınmasını istəyir. Bu səbəbdən məhkəməyə müraciət etmişdirlər. İddiaçı hal-hazırda həmin evdə iki qızı ilə birlikdə yaşayır, ona 1 otaq ayrılmışdır. Təklif olunan kompensasiya isə iddiaçıya kifayət deyildir. Başqa yaşayış yeri yoxdur. Cavabdeh də həmin mənzildə yaşayır. Lakin daimi qalmır. Mənzil inşa edildikdən sonra orada iddiaçı, onun ailə üzvləri, uşaqları, keçmiş həyat yoldaşı və qayınatası yaşamışdır. Cavabdeh həmin dövrdə Böyük Britaniyada uşaq baxıcısı kimi işləyərək yaşamış, uzun illər orada qalmışdır. Onun qayınatasına iddiaçı baxmışdır. Cavabdehin qayınatası vəfat etdikdə o, qısa müddətliyinə bura gəlmişdir. 2019cu ildə münasibətləri korlanmışdır. Torpaq sahəsi sənədləşdiriləndə hərrac keçirilməmişdir.

7. Məhkəmə iclaslarında iştirak edən Cavabdeh nümayəndəsi və vəkili Vəkil2 izahatında bildirdi ki, qarşı tərəf sözügedən mənzilin ər-arvadın birgə nikahı dövründə iddiaçı tərəfindən inşa edildiyini iddia edir. Sözügedən qətnamə şəxsin oğlu ilə gəlini arasında olan məsələləri tənzimləyir. Məhkəmə tərəfindən şəxsin həmin evə köçürülməsi ilə bağlı qətnamə qəbul edilmiş və yaşayış hüququ tanınmışdır. Həmin köçürülmə barədə qətnamə qəbul edilərkən, məhkəmə mübahisə predmeti olan qanunsuz tikilinin və onun yerləşdiyi torpaq sahəsinin rəsmi qeydiyyata alınmasa da, Sumqayıt şəhəri, 49-cu məhəllə, 5-ci keçiddə yerləşdiyini göstərmişdir. Mübahisəli ev mübahisəli dövr üçün Daşınmaz Əmlakın Dövlət Reyestrində qeydiyyata alınmasa da, cavabdehin istifadəsinə olmaqla, faktiki olaraq mövcuddur və cavabdeh və onun ailə üzvləri tərəfindən yaşayış sahəsi kimi istifadə olunmuşdur. Cavabdehlər mübahisəli mənzildə normal şərtlər daxilində yaşadıqlarından bərabərlik prinsipinə uyğun olaraq uzun müddət həmin evdə yaşamış ailə üzvü olan iddiaçı da həmin şərtlər daxilində sözügedən mənzildə yaşamalıdır. Özbaşına inşa edilən mübahisəli mənzil tərəflərin birgə yaşayış yeri olmuşdur. Cavabdehin ailə üzvü olan həyat yoldaşını tikilidə yaşamaqdan məhrum etmək səlahiyyəti yoxdur. İddiaçıya bu qaydada müdaxilə edilməsi qanunsuzdur. Məhkəmə sözügedən tikilini özbaşına tikili olaraq qiymətləndirmiş və yaşayış hüququnu təmin etmişdir. Daha sonra cavabdeh həmin yeri özəlləşdirmiş və Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətindən öz adına çıxarış əldə etmişdir. Qarşı tərəf məhkəmədə dövlət qeydiyyatına alınan reyestr çıxarışının ləğv edilməsi məsələsini irəli sürmüşlər. Bu mümkün məsələ deyildir. Belə ki, əgər dövlət qeydiyyatına alınma yanlış qaydada aparılmışdırsa, bu şəkildə inzibati orqanın hərəkətlərindən şikayət verilməlidir. Bu məsələyə mülki qaydada baxılmalı deyil. Hesab edir ki, işin aidiyyət qaydası pozulmuşdur. Mənzilin ½ pay hissəsinin müəyyən edilməsi hazırki iş üzrə predmet ola bilməz. Tərəf qayınanasına qarşı iddia qaldırmışdır. Sözügedən mənzil sənədsizdir. Xanımın ora köçürülməsi ilə bağlı qanuni qüvvəsini almış məhkəmə qətnaməsi vardır. Bu artıq mənzilə istifadə hüququnun tanınması deməkdir. Çıxarışın ləğv edilməsi və payın müəyyən olunması ilə bağlı məsələ ilə əlaqədar iddiaçı qeydiyyat orqanına iddia qaldırmalıdır. Əgər ərizə təmin edilərsə, evin hüquqi statusu əvvəlki vəziyyətinə qayıdacaq və yenidən qeydiyyat aparılan zaman onun hüquqları təmin oluna bilər. Hesab edir ki, hazırki iddia ərizəsi ilə bağlı məsələyə Sumqayıt Şəhər Məhkəməsinin icraatında baxılmamalıdır. Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli qətnaməsi Ali Məhkəmədə qüvvədə qalmışdır.

Tədqiq olunan sübutlar:

8. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-2525/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsindən görünür ki, iddiaçı X1 cavabdehlər Cavabdeh və İddiaçı qarşı evə köçürülmə tələbinə dair iddiasının rədd edilməsi qət edilmişdir.

9. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(105)-1078/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsindən görünür ki, Sumqayıt Şəhər Məhkəməsinin 13 dekabr 2019-cu il tarixli, 2(060)-8739/2019 saylı qətnaməsinin ləğv edilməsi iş üzrə yeni qətnamə qəbul edilməsi, iddaçı İddiaçı himayəsində olan övladları xx.xx.2010-cu il təvəllüdlü X6 və xx.xx.2014-cü il təvəllüdlü X7 ilə birlikdə cavabdeh X4 yaşadığı birgə nikah dövründə tikilmiş Sumqayıt şəhəri, Çerkasi küçəsi, 49-cu məhəllə, keçid 5 saylı (Yaşıldərə deyilən ərazi) evə köçürülməsi qət edilmişdir.

10. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2021-ci il tarixli, 2(102)-1590/2021 saylı Qərarından görünür ki, cavabdehlər X8 və Cavabdeh kassasiya şikayətinin təmin edilməməsi qərara alınmışdır.

11. Sumqayıt bələdiyyəsinin 13 oktyabr 2023-cü il tarixli, 16 saylı qərarından görünür ki, vətəndaş Cavabdeh fərdi ev tikintisi üçün həyətyanı torpaq sahəsinin mülkiyyətinə verilməsi barədə Sumqayıt Bələdiyyəsinə müraciətini, şəhər Memarlıq və Şəhərsalma İdarəsinin rəyini nəzərə alaraq, “Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən vətəndaş Cavabdeh mülkiyyətinə fərdi ev tikintisi üçün həyətyanı torpaq sahəsinin ayrılması barədə müraciətinin məqsədəuyğun hesab edilməsi, Sumqayıt bələdiyyəsinin yaşayış məntəqələri kateqoriyasına aid olan Sumqayıt şəhəri, 49-cu məhəllə ərazisində sahəsi 379,28 kv.m olan həyətyanı torpaq sahəsinin bilavasitə bələdiyyənin qərarı ilə vətəndaş Cavabdeh satılması məqsədilə həmin torpaq sahəsi üzərində bələdiyyə mülkiyyətinin dövlət qeydiyyatının alınması üçün Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 2 saylı Sumqayıt Ərazi İdarəsinə müraciət göndərilməsi və sənədlər alındıqdan sonra “Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırıması qaydaları haqqında” Əsasnamənin 23-cü maddəsinə əsasən müvafiq olaraq sənədləşdirilmənin başa çatdırılması qərara alınmışdır.

12. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən 19 aprel 2024-cü il tarixli, ********** qeydiyyat nömrəli çıxarışdan görünür ki, Sumqayıt şəhəri, 49-cu məhəllə əraizisində 0,0379 ha torpaq sahəsi üzərində Sumqayıt bələdiyyəsinin mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır.

13. Sumayıt bələdiyyəsi ilə Cavabdeh arasında 04 iyun 2024-cü ildə bağlanmış alqı-satqı müqaviləsindən görünür ki, Sumqayıt bələdiyyəsi Sumqayıt şəhəri, 49-cu məhəllə ünvanında yerləşən ümumi sahəsi 0,0379 ha olan torpaq sahəsini Cavabdehnaya satmışdır.

14. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən 27 iyun 2024-cü il tarixli, ********** qeydiyyat nömrəli Çıxarışdan görünür ki, Sumqayıt şəhəri, Babadağ küçəsi, giriş 47 ünvanında yerləşən 0,0379 saylı torpaq sahəsi üzərində Cavabdeh mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır.

15. Cavabdeh Sumqayıt şəhər İcra Hakimiyyətinə ünvanladığı xx.xx.2024-cü il tarixli ərizəsindən görünür ki, o, mülkiyyətində olan, AZ 5011, Sumqayıt şəhəri, Babadağ küçəsi, giriş 47 ünvanında yerləşən 0,0379 saylı torpaq sahəsi üzərində fərdi yaşayış evi inşa etdirməsi barədə Sumqayıt şəhər İcra Hakimiyyətinə məlumat vermişdir.

16. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən ********** qeydiyyat nömrəli, 26 iyul 2024-cü il tarixli çıxarışdan görünür ki, Cavabdeh Sumqayıt şəhəri, Babadağ küçəsi, giriş 47 ünvanında yerləşən sahəsi 127,7 kv.m olan fərdi yaşayış evi və həmin evin yerləşdiyi 0,0379 ha torpaq sahəsi üzərində mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır.

Tətbiq edilən hüquq:

17. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. -50.3-cü maddəsinə əsasən iddia tələbinin yönəldiyi fiziki və hüquqi şəxslər cavabdeh hesab olunurlar. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

18. Azərbaycan Respublikası Mülki Məcəlləsi:

-213.1-ci maddəsinə görə iki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. -213.2-ci maddəsinə əsasən əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər. -213.5-ci maddəsinə görə birgə mülkiyyət iştirakçılarının razılaşması ilə, razılaşma əldə edilmədikdə isə məhkəmənin qərarına əsasən ümumi əşyaya bu şəxslərin paylı mülkiyyəti müəyyənləşdirilə bilər. - 213.6-cı maddəsinə görə Ümumi mülkiyyətin hər bir mülkiyyətçisi ümumi mülkiyyətdə olan əşya barəsində üçüncü şəxslərə qarşı tələblər irəli sürə bilər. Ümumi mülkiyyətin hər bir mülkiyyətçisi əmlakı yalnız bütün mülkiyyətçilərin xeyrinə tələb edə bilər. - 222.1-ci maddəsinə əsasən birgə mülkiyyətin əmələ gəlməsi üçün əsas olmuş ümumiliyin iştirakçıları birgə mülkiyyətin mülkiyyətçiləridir. Əgər birgə mülkiyyətin mülkiyyətçiləri arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onlar ümumi əmlaka birgə sahiblik edir və ondan birgə istifadə edirlər.

19. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:

20. Məhkəmə iddia ərizəsini və iş materiallarını tədqiq edib tərəfləri dinləyərək, iş materiallarını tədqiq edərək və işdə olan sübutları qiymətləndirərək, qeyd edir ki, iddia təmin edilməməlidir.

21. Belə ki, iş materialları ilə müəyyən olunur ki, hazırki iş üzrə İddiaçı Cavabdeh keçmiş gəlinidir. O, övladları ilə birgə mübahisə predmeti olan Sumqayıt şəhəri, Babadağ küçəsi, giriş 47 ünvanında yerləşən fərdi yaşayış evində yaşayır. İddiaçı cavabdehin oğlu ilə ailəli olduğu zaman sözügedən fərdi yaşayış evi üzərində mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmamış və həmin tikili özbaşına tikili statusuna malik olmuşdur. Ailə münasibətləri pozulduqdan sonra iddiaçı keçmiş əri tərəfindən həmin mənzildən çıxarılmış, iddiaçının həmin mənzilə köçürülməsinə dair iddiası üzrə yuxarıda adı qeyd edilən məhkəmə qətnamələri əsasında onun həmin mənzilə köçürülməsi qət edilmişdir. İddiaçının həmin evdə yaşaması, oradan istifadə etməsi işin mübahisə edilməyən halıdır. Belə ki, bu halı qarşı tərəfdə təkzib etmir.

22. İddiaçının keçmiş əri vəfat etdikdən sonra onun keçmiş qaynanası Cavabdeh Sumqayıt bələdiyyəsinə müraciət edərək sözügedən fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsinin ona ayrılmasını bələdiyyədən xahiş etmişdir. Cavabdeh müraciəti nəzərə alınaraq bələdiyyə tərəfindən ona torpaq sahəsinin ayrılması məqsədəuyğun hesab edilmiş və bələdiyyənin müraciəti əsasında həmin torpaq sahəsi üzərində bələdiyyənin mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Bundan sonra Sumqayıt bələdiyyəsi ilə cavabdeh arasında alqı-satqı müqaviləsi bağlanmış, bələdiyyə tərəfindən mübahisə predmeti olan fərdi yaşayış evinin yerləşdiyi 379,28 kv.m torpaq sahəsi “Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında” Əsasnamənin 16-cı bəndinə əsasən geri qaytarılması mümkün olmayan torpaq sahəsi kimi Cavabdeh satılmışdır. Qeyd edilən torpaq sahəsi üzərində cavabdehin mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Bundan sonra cavabdeh həmin torpaq sahəsinin üzərində inşa edilmiş, hazırda mübahisə predmeti olan fərdi yaşayış evi ilə Sumqayıt şəhər İcra Hakimiyyətinə məlumat xarakterli məktub ünvanlamışdır. Daha sonra Cavabdeh həm fərdi yaşayış evi, həm də onun yerləşdiyi torpaq sahəsi üzərində mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır.

23. Hazırda İddiaçı sözügedən fərdi yaşayış evi üzərində ½ hissədə payının müəyyən edilməsini məhkəmədən xahiş edir.

24. Məhkəmə hesab edir ki, hazırki işdə ilk növbədə iddiaçının üzərində payının müəyyən edilməsini istədiyi əmlak üzərində birgə mülkiyyət hüququnun mövcud olubolmaması müəyyən edilməlidir.

25. Mülki Məcəllənin yuxarıda qeyd edilən normalarının mənasından göründüyü kimi bir qayda olaraq bir əşya üzərində bir şəxsin mülkiyyət hüququ olur və bu fərdi mülkiyyət adlanır. Bir əşya üzərində birdən çox mülkiyyət hüququ olduqda ümumi mülkiyyət halı yaranır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – Mülki Məcəllə) 213-cü maddəsinə əsasən, iki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. Əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər.

26. Birgə mülkiyyət qanunvericilikdə nəzərdə tutulan əsaslardan əmələ gəlir. Birgə mülkiyyət rejiminin yaranmasını şərtləndirən əsaslardan biri də nikahdır.

27. Ər-arvadın ümumi birgə mülkiyyətində olan əmlakın qanuni rejimi Mülki Məcəllənin 225-ci və Ailə Məcəlləsinin 31-37-ci maddələri ilə müəyyən edilmişdir.

28. Mülki Məcəllənin 225.1-ci maddəsinə əsasən, ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir.

29. Ailə Məcəlləsinin 32.1-ci maddəsi nikah müddətində ər-arvadın əldə etdikləri əmlakın onların məhz ümumi birgə mülkiyyəti olduğunu müəyyən edir.

30. Göründüyü kimi, nikah dövründə ər-arvadın qazandıqları və əldə etdikləri əmlak qanunvericiliklə müəyyən edilmiş hallar (tərəflərin bu barədə qarşılıqlı razılaşması, habelə əşyanın əvəzsiz əqdlər üzrə əldə edilməsi) istisna olmaqla, onların ümumi birgə mülkiyyətini təşkil edir. Ər-arvadın birgə mülkiyyətinin rejimi onların əmlakının qanuni rejimi hesab olunur (Ailə Məcəlləsinin 31.1-ci maddəsi).

31. Hazırki halda isə mübahisə predmeti olan əmlak iddiaçının keçmiş ərinin deyil, qaynanasının adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır ki, qaynanaya məxsus əmlak üzərində gəlinin birgə mülkiyyət hüququnun yaranması və həmin əmlak üzərində birgə mülkiyyət hüququna istinadən payın müəyyən edilməsi qanunvericilikdə nəzərdə tutulmamışdır.

32. İddiaçının istinad etdiyi yuxarıda adı çəkilən məhkəmə qətnamələri də hazırki halda iddiaçının keçmiş qaynanasına məxsus fərdi yaşayış evi üzərində payın müəyyən edilməsi üçün əsas deyildir.

33. Ər-arvadın ümumi əmlakının bölünməsi ilə bağlı mübahisələrdə qanunvericiliyin tətbiqi təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 mart 2024-cü il tarixli qərarının 4.1-ci bəndində qeyd olunmuşdur ki, Mülki Məcəllənin 180.2-ci maddəsinə müvafiq olaraq, özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmədiyi üçün həmin tikili müstəqil daşınmaz əşya kimi ər-arvad arasında bölgünün predmeti ola bilməz. Bununla yanaşı, ər-arvadın ümumi əmlakının bölünməsi barədə mübahisə həll edilənə qədər özbaşına tikinti sökülməyibsə, o, fiziki obyekt olaraq özündə ər-arvadın əməyinin və xərclərinin nəticəsini ifadə edən maddi dəyərdir. Odur ki, mübahisə olduğu halda, məhkəmə obyektiv səbəblərdən özbaşına tikintinin faydalı xassələrindən istifadə etmək imkanlarından məhrum olan ərin (arvadın) iddiası əsasında onların ümumi əmlakı hesabına inşa edilməsinə və ya faktiki əldə olunmasına sərf olunmuş ümumi vəsaitin əmlakdakı payına mütənasib olan hissəsini arvaddan (ərdən) tutmaqda haqlıdır.

34. Həmin qərarın 4.16-cı bəndində qeyd edilmişdir ki,özbaşına tikililər və tikintisi başa çatmayan binanın tərkib hissələrinə dair yuxarıda qeyd olunanlar Ailə Məcəlləsinin 7ci fəslinin normalarının mənasına əsaslanır, sözügedən tikililər məhkəmə qərarı ilə əşya hüquqlarının tanınması hesab olunmur və dövlət orqanının üzərinə onlara dair qeydiyyat aparmaq vəzifəsi qoymur. Həmin predmetlərin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatı qanunla müəyyən olunmuş qaydada aparılmalıdır.

35. İddiaçı hesab edir ki, sözügedən fərdi yaşayış evi üzərində mülkiyyət hüququ qeydiyyata alınarkən əmlak üzərində onun da payı nəzərə alınmaqla əmlak üzərində ½ hissədə payı daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmalı idi.

36. Məhkəmə qeyd edir ki, cavabdehin xüsusi mülkiyyət hüququnu təsdiq edən çıxarış və onun verilməsinə əsas olan sənədlər qüvvədədir, həmin sənədlər ləğv edilməmişdir. Qanunvericilik reyestrin məzmununun qeyri-dəqiqliyinin sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyasının qüvvədə olmasını müəyyən etmiş və bundan hər hansı kənara çıxma da bir qayda olaraq istisna edilmişdir. Belə olan halda, sözügedən fərdi yaşayış evinə dair daşınmaz əmlak dövlət reyestrində aparılmış qeydiyyatın həqiqiliyi prezumpsiyası qüvvədədir və cavabdehin hüquqlarını təsdiq edən həmin çıxarış ləğv edilməyib.

37. İddiaçıya izah olunur ki, daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan narazıdırsa həmin çıxarışın verilməsinə əsas olan sənədlərin ləğvi ilə bağlı müvafiq inzibati məhkəməyə müraciət edə bilər və ya buna kifayət qədər əsaslar olduğu halda həmin əmlak üzərində çəkilmiş xərcin müəyyən hissəsinin ona ödənilməsinə dair iddia tələbi ilə məhkəməyə müraciət edə bilər.

38. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh qarşı Sumqayıt şəhəri, Babadağ küçəsi, giriş 47 ünvanında yerləşən sahəsi 127,70 kv.m olan fərdi yaşayış evi üzərində ½ hissədə payının müəyyən edilməsi tələbinə dair iddiası təmin edilməməlidir.

Nəticə:

39. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏTETDİ:

İddiaçı Cavabdeh qarşı Sumqayıt şəhəri, Babadağ küçəsi, giriş 47 ünvanında yerləşən sahəsi 127,70 kv.m olan fərdi yaşayış evi üzərində ½ hissədə payının müəyyən edilməsi tələbinə dair iddiası təmin ediməsin. Qətnamədən, məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Vəfa Şirəliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar