Məhkəmə qərarları › İş №e-2(060)-4376/2024

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(060)-4376/2024

14.08.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2(060)-4376/2024 14.08.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Giriş hissə: Sumqayıt Şəhər Məhkəməsi Hakim Həxiyeva Şəbnəm Səlim qızının sədrliyi, İbrahimzadə Zəhra Şahverdi qızının katibliyi, İddiaçı "SN Telecom" Məhdud Məsuliyyətli Cəmı̇ yyətinin nümayəndəsi X2 iştirakı ilə İddiaçı "SN Telecom" Məhdud Məsuliyyətli Cəmı̇ yyətinin Cavabdeh qarşı “pul tələbi"nə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə:

1. İddiaçı "SN Telecom" Məhdud Məsuliyyətli Cəmı̇ yyəti Cavabdeh qarşı “pul tələbi"nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, “SNTV” əmtəə nişanı ilə fəaliyyət göstərən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti Azərbaycan Respublikasının, Sumqayıt şəhərində kabel şəbəkəsinin qurulması və əhaliyə kabel televiziyası xidmətləri göstərilməsi məqsədi ilə Azərbaycan Respublikasının “Televiziya və radio yayımı haqqında” Qanununa uyğun olaraq, Milli Televiziya və Radio Şurasından 07 may 2005-ci il tarixli, TR 057 saylı və 07 may 2012-ci il tarixli, TR 066 saylı xüsusi razılıqlar (lisenziyalar) almışdır. Bu məqsədlə kabel şəbəkəsini qurmaqla kabel televiziyasının yayımlanması üçün vətəndaşlarla müqavilə əsasında onların mənzillərinə kabel xəttləri çəkir. Kabel televiziyasının xidmətlərindən istifadə üçün aylıq abunə haqqı xx.xx.2015-ci il tarixədək 9 manat, xx.xx.2015-ci il tarixdən etibarən 10 manat təşkil edir. Lakin bir çox vətəndaşlar "xxxx" MMC ilə müqavilə bağlamadan və ya bağlanmış müqaviləyə xitam verdikdən sonra qanunsuz olaraq “SNTV”-yə məxsus kabel şəbəkəsinə qoşulurlar. Bu qanunsuzluqların qarşısının alınması məqsədi ilə "xxxx" MMC tərəfindən “Ədalət-A” hüquq firması ilə xx.xx.2008-ci il, xx.xx.2011-ci il, xx.xx.2014-cü il, xx.xx.2015-ci il və xx.xx.2018-ci il tarixdə hüquqi xidmətlərin göstərilməsi dair müqavilələr imzalanmışdır. Belə ki, iddia ərizəsinə əlavə edilmiş arayışdan görünür ki, Cavabdeh ünvan 1 ünvanında yerləşən mənzilin sahibidir. Belə ki, xx.xx.2023-cü il tarixdə “Ədalət-A” hüquq firmasının və “SNTV” kabel televiziyasının əməkdaşları sözügedən ünvanda kabel şəbəkəsinə baxış keçirən zaman, həmin mənzilin kabel şəbəkəsinə qanunsuz qoşulması faktı aşkar edilmiş, bu barədə müvafiq olaraq xx.xx.2023-cü il tarixli, 1866 N saylı akt tərtib olunmuş və qanunsuz qoşulmuş kabel şəbəkədən ayrılmışdır. Həmin ünvanın kabel şəbəkəsindən xx.xx.2022-ci il tarixdə ayrılmışdır. Sözügedən mənzilin kabel şəbəkəsindən ayrıldığı xx.xx.2022-ci ildən qanunsuz qoşulma barədə tərtib olunan xx.xx.2023-cü il tarixli, 1866 N saylı aktın tərtib olunma tarixinədək olan müddət 256 gün təşkil edir. Bir günlük abunə haqqının 33 qəpik olmasını nəzərə alaraq müəyyən olunmuşdur ki, cavabdehin iddiaçıya abunə haqqı qismində vurduğu zərər 84,48 manat təşkiledir. Belə olan halda yuxarıda qeyd edilmiş qanunsuz qoşulma nəticəsində "xxxx"MMC-yə maddi ziyan vurulmuşdur. "xxxx" MMC ilə “Ədalət-A” hüquq firmasıarasında bağlanmış hüquqi xidmətlərin göstərilməsinə dair müqavilənin 4.1-ci bəndinə əsasən xidmətlərin göstərilməsi və qrafik üzrə keçirilən nazarət baxışı zamanı binaların yoxlanması üçün 50 manat pul ödəyir. Ödənilən dövlət rüsumu 30 manat, bank xidməti haqqı isə 0,40 qəpik təşkil edir. Beləliklə, Cavabdeh "xxxx" MMC-yə ödəməli olduğu məbləğ cəmi 164,88 manat təşkil edir. Göstərilənlərə əsasən Cavabdeh “SNTV” əmtəə nişanı ilə fəaliyyət göstərən "xxxx" MMC-nin kabel şəbəkəsinə müvafiq müqavilə bağlamadan qanunsuz qoşulma nəticəsində 84,48 manat abunə haqqı qismində vurulmuş zərərin məbləğində vurulmuş zərərin, hüquqi göstərilməsi və qrafik üzrə 50 manat, iddia ərizəsi verilərkən ödənilmiş 30 manat dövlət rüsumunun və 0,40 qəpik məbləğində bank xidmət haqqının, cəmi 164,88 manat məbləğində pulun tutulub iddiaçı "xxxx" MMC-yə verilməsi barədə qətnamə qəbul edilməsi məhkəmədən xahiş edilmişdir.

a) Məhkəmə icraatı iştirakçılarının izahatları:

3. Məhkəmə iclasında iddiaçı "SN Telecom" Məhdud Məsuliyyətli Cəmı̇ yyətinin nümayəndəsi X5 iddia tələbini müdafiə edərək iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir.

4. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada məhkəmə bildirişi göndərilsə də, onun həmin ünvanda yaşamaması səbəbindən bildiriş ona çatdırılmadan məhkəməyə geri qaytarılmışdır.

5. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 146-cı maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

6. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını nəzərdən keçirib hesab edir ki, iddia tələbi təmin edilməlidir.

Əsaslandırıcı hissə: a) Mülki işin materialları:

7. İş materiallarında olan "xxxx" MMC-nin “SNTV” kabel şəbəkəsinə qanunsuz qoşulmanın aşkar edilməsi haqqında xx.xx.2023-cü il tarixli, 1866-N saylı aktdan görünür ki, X1, “SNTV” X4 “Ədalət-A” Abdullayev Rəşad “TR” üzrə mütəxəssisin iştirakları ilə ünvan 2 ünvanında kabel şəbəkəsinə nəzarət baxışı keçirilən zaman həmin binanın 17 saylı mənzilinin “SNTV” kabel şəbəkəsinə müvafiq müqavilə bağlamadan qanunsuz olaraq qoşulduğu aşkar edilmişdir.

b) Məhkəmə tərəfindən müəyyən edilən hallar:

8. Beləliklə, məhkəmə iclasında müəyyən olundu ki, Cavabdeh məxsus ünvan 2 ünvanında “SNTV” brendi ilə fəaliyyət göstərən "xxxx" MMC-nin kabel şəbəkəsinə müvafiq müqavilə bağlamadan qanunsuz olaraq qoşulmuş və bu qanunsuz qoşulma nəticəsində vurulmuş zərərə görə borcu yaranmışdır.

c) Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə:

9. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.

10. Həmin Məcəllənin 21.2-ci maddəsinin tələbinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.

11. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1-ci maddəsinə görə mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir).

12. Qeyd edilən Məcəllənin 1097.1-ci maddəsinin tələbinə görə mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir.

13. «Telekommunikasiya haqqında» Azərbaycan Respublikası Qanunun 35.3-cü maddəsinə əsasən telekommunikasiya şəbəkələrinə, vasitələrinə və qurğularına razılaşdırılmamış qoşulma, müdaxilə və zədələnmə nəticəsində yaranan zərərin əvəzi təqsirkar şəxslər tərəfindən aidiyyəti operatora, provayderə tam həcmdə ödənilir.

14. Məhkəmə iddianın hüquqi xidmət xərclərinin əvəzi kimi 50 manat məbləğində pulun cavabdehdən alınıb iddiaçıya verilməsi hissəsinə qiymət verərək qeyd edir ki, MPMnin 121.1-ci maddəsinin tələbinə görə məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır.

15. Məhkəmə qeyd olunan qanunun normasını rəhbər tutaraq hesab edir ki, hüquqi xidmət xərclərinin əvəzi cavabdehdən alınaraq iddiaçıya verilməlidir.

16. Məhkəmə işin hallarına şərh olunan hüquq normalarına əsasən qiymət verərək bu qənaətə gəlir edir ki, iddiaçının zərərin əvəzinin ödənilməsi ilə bağlı iddia tələbi əsaslıdır, cavabdeh vurduğu zərər həddində mülki məsuliyyət daşıyır.

17. Beləliklə, məhkəmə göstərilənlərə əsasən hesab edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh 84,48 (səksən dörd manat, qırx səkkiz qəpik) manat vurulmuş zərər, hüquqi xidmətə görə 50 (əlli) manat, iddia ərizəsi verilərkən ödənilmiş 30 (otuz) manat dövlət rüsumu və 0,40 (qırx qəpik) manat bank xidmət haqqı olmaqla, cəmi 164,88 (bir yüz altmış dörd manat, səksən səkkiz qəpik) manat məbləğində pul alınaraq iddiaçı "xxxx" MMC-yə ödənilməlidir.

18. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

19. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.

20. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.

21. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

22. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

23. Qeyd olunan Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

24. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

Nəticə hissəsi:

25. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh vurulmuş zərərə görə 84,48 (səksən dörd manat, qırx səkkiz qəpik) manat, hüquqi xidmətə görə 50 (əlli) manat, ödənilmiş 30 (otuz) manat dövlət rüsumu və 0,40 (qırx qəpik) manat bank xidmət haqqı olmaqla, cəmi 164,88 (bir yüz altmış dörd manat, səksən səkkiz qəpik) manat məbləğində pul alınaraq iddiaçı "xxxx" MMC-yə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Sədrlik edən Şəbnəm Həxiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar