Məhkəmə qərarları › İş №e-2(060)-4382/2022

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(060)-4382/2022

21.11.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2(060)-4382/2022 21.11.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Tanrıverdiyeva Günel Cəbrayıl qızının sədrliyi, Əsədli İlahə Yusif qızının katibliyi, İddiaçı LPO "xxxx" ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun etibarnamə üzrə səlahiyyətli nümayəndəsi X1, Cavabdeh1 iştirakı ilə, İddiaçı LPO "xxxx" ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kredit borcunun tutulması tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı LPO "xxxx" ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kredit borcunun tutulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cəmi borcu 11.160,26 (on bir min yüz altmış manat, 26 qəpik) AZN - bundan 4001,76 (dörd min bir manat, 76 qəpik) AZN əsas, 2870,54 (iki min səkkiz yüz yetmiş manat, 54 qəpik) AZN faiz, 3694,92 (üç min altı yüz doxsan dörd manat, 92 qəpik) AZN cərimə, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 593,04 (beş yüz doxsan üç manat, 04 qəpik) AZN faiz borcu və iş üzrə ödənilmiş 123.48 (yüz iyirmi üç manat, 48 qəpik) AZN dövlət rüsumunun cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada tutularaq ləğv prosesində olan "xxxx" ASC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı LPO "xxxx" ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu iddia tələbini onunla əsaslandırmışdır ki, "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Nəsimi filialı ilə Cavabdeh2 arasında bağlanmış 90003548 nömrəli xx.xx.2014-ci il tarixli kredit müqaviləsinə əsasən cavabdehə 24 (iyirmi dörd) ay müddətinə illik 25% dərəcəsi ilə ödəmək şərtilə 8000 (səkkiz min) AZN məbləğində kredit verilmişdir. Cavabdeh2 kredit verilərkən Cavabdeh1 ilə Bank arasında 90003548/ZM nömrəli xx.xx.2014-cü il tarixli Zaminlik müqaviləsi bağlanmışdır. Bu müqavilənin 4.2-ci bəndinə əsasən faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və Borcalanın öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində Kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, Zamin və ya Zaminlər Kreditor qarşısında Borcalan ilə eyni həcmdə məsuliyyət daşıyır. "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Nəsimi filialı ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2015-ci il tarixli ******* SSUDA hesablı Kredit Kartın verilməsi və İstifadəsi üzrə Müqaviləyə əsasən bank müştəriyə 36 (otuz altı) ay müddətinə 3000 (üç min) manat məbləğində kredit xətti açılmışdır. 132/15 saylı, xx.xx.2015-ci il tarixli Kredit kartın verilməsi və istifadəsi üzrə müqaviləsi üzrə öhdəliklərin 90003548 saylı, xx.xx.2014-cü il tarixli Kredit müqaviləsinə birləşdirilməsinə, əlavə və dəyişikliyə dair xx.xx.2016-cı il tarixli Əlavə Sazişə əsasən Borcalanın Kreditor qarşısında olan 132/15 saylı 09.2015-ci il tarixli Kredit kartın verilməsi və istifadəsi üzrə müqaviləsi üzrə qalıq 2413,30 AZN borc və 90003548 saylı, xx.xx.2014-cü il tarixli Kredit müqaviləsi üzrə qalıq 2679,82 AZN borc öhdəliklərinin məbləğlərini 90003548 saylı xx.xx.2014-cü il tarixli Kredit müqaviləsinə birləşdirilərək həmin müqavilənin müddətini uzatmaqla əlavə və dəyişikliklər olunmuşdur. Həmin müqavilə üzrə Borcalanın Kreditor qarşısında olan öhdəliklərinin əsas borc məbləğlərinin qalığı cəmi 5093,12 (beş min doxsan üç manat, 12 qəpik) AZN hesablanmışdır. Kreditin müddəti 18 ay uzadılmışdır. KM002T06160015S01 saylı, xx.xx.2016-cı il tarixli kredit Müqaviləsi üzrə xx.xx.2017-ci il tarixli Əlavə Sazişə əsasən kredit Restrukturizasiya edilmişdir. Borcalanın Kreditor qarşısındakı kredit öhdəliyinin qalığı 6795.51 (altı min yeddi yüz doxsan beş manat, 51 qəpik) AZN hesablanmışdır. Restrukturizasiya edilmiş Kreditin müddəti xx.xx.2019-cu il tarixədək hesablanmışdır. Kredit müqaviləsinə əsasən borcalan bu müqavilə üzrə kreditin qaytarılması və faizlərin ödənilməsi öhdəliklərini yerinə yetirmədikdə və kreditin bütün məbləğinin, kreditdən istifadəyə görə faizlərin və müqavilədə nəzərdə tutulmuş cərimələrin ödənilməsini tələb etməyə Bankın hüququ vardır. Borcun ödənilməsi barədə cavabdehlərə dəfələrlə şifahi müraciət olunmasına, habelə **********988 saylı, xx.xx.2022-ci il tarixli bildiriş məktublarının göndərilməsinə baxmayaraq, cavabdehlər borcun ödənilməsi üçün heç bir tədbir görməmişlər. Bank, tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, cavabdehlər həmin müqavilə üzrə üzərlərinə düşən öhdəlikləri yerinə yetirməmişlər. Borcun gecikdirilməsini təsdiq edən maliyyə arayışından göründüyü kimi cavabdehlər tərəfindən ödəniş cədvəlinin pozulması Bank lisenziyasının ləğvindən əvvəl, yəni Bankın fəaliyyət göstərdiyi dövrə təsadüf edir. Halbuki, cavabdehlər onlara verilmiş borc məbləğini ödəniş cədvəlinə uyğun olaraq vaxtında qaytarsaydılar, Bank öz fəaliyyətində həmin pul vəsaitindən istifadə edərək mənfəət götürə bilərdi. xx.xx.2022-ci il tarixə Cavabdeh2 kredit üzrə cəmi borcu 11.160,26 (on bir min yüz altmış manat, 26 qəpik) AZN təşkil edir. Bundan 4001,76 (dörd min bir manat, 76 qəpik) AZN əsas, 2870,54 (iki min səkkiz yetmiş manat, 54 qəpik) AZN faiz, 3694,92 (üç min altı yüz doxsan dörd manat, 92 qəpik) AZN cərimə, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 593,04 (beş yüz doxsan üç manat, 04 qəpik) AZN faiz borcu təşkil edir. Yuxarıda qeyd etdiklərinə əsasən, iddiaçı iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı LPO "xxxx" ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun etibarnamə üzrə səlahiyyətli nümayəndəsi X2 iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbini müdafiə etdiyini bildirdi və əlavə olaraq qeyd etdi ki, ekspert rəyi ilə də razı deyil. Belə ki, ekspert tərəfindən tərəflər arasında bağlanmış müqavilə üzrə tələb olunan əsas və faiz borcundan daha az məbləğ hesablanıb. Tərəflər arasında bağlanmış müqavilə Prezidentin məlum Fərmanının təsiri altına düşmüşdür. Buna dair internet saytında siyahıda məlumat da yerləşdirilmişdir. Lakin cavabdeh banka yaxınlaşaraq müqavilə bağlanması üçün müraciət etməmişdir. Hesab edir ki belə olan halda iş üzrə icraatın dayandırılmasına zərurət yoxdur. Nümayəndə qərar qəbul edilərkən qeyd edilənlərin nəzərə alınmasını və iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 iddia tələbinə dair izahat verərək bildirdi ki, iş üzrə Cavabdeh2 onun iş yoldaşıdır. Məhkəmə gəlməmişdən qabaq onunla əlaqə saxlamış, o, ona "xxxx" ASC-yə qarşı iddia tələbi ilə inzibati məhkəməyə müraciət etdiyini bildirmişdir. Ona görə də hesab edir ki, hazırki iş üzrə icraat dayandırılmalıdır. Bundan başqa onun başqa öhdəlikləri də var. Cavabdeh qərar qəbul edilərkən qeyd edilənlərin nəzərə alınmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında Cavabdeh2 iş materiallarında olan poçt ünvanına məktub ünvanlanmış, məktub üzərində “Bu ünvanda yaşamır” poçt qeydi yazılaraq məhkəməyə geri qaytarılmışdır. Eyni zamanda cavabdehin adına elektron informasiya sistemində aşkar edilən mobil nömrəyə sms bildiriş göndərilməsi mümkün olmamışdır (çatdırılmamışdır). Bu səbəbdən Cavabdeh2 məhkəmə iclasının vaxtı və yeri haqqında məlumat verilməsi mümkün olmamışdır. Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən məhkəmə işə Cavabdeh2 iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Məhkəmə tərəfindən işin halları müəyyən edilərkən aşağıdakı sübutlara istinad edilmişdir: İş materiallarında olan xx.xx.2014-cü il tarixli 90003548 saylı kredit müqaviləsindən görünür ki, "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən Cavabdeh2 gündəlik tələbat məqsədi ilə 25 % olmaqla, 24 ay müddətinə 8000 (səkkiz min) manat məbləğində kredit verilmişdir. İşdə olan xx.xx.2014-cü il tarixli 90003548 saylı/ZM Zaminlik müqaviləsindən görünür ki, Cavabdeh1 kreditor qarşısında borclu Cavabdeh2 xx.xx.2014-cü il tarixli 90003548 saylı kredit müqaviləsi üzrə öhdəliklərini tamamilə icra etməsi üçün məsuliyyəti tam olaraq üzərinə götürmüşdür. İşdə olan xx.xx.2015-ci il tarixli ******* nömrəli Kredit Kartın verilməsi və İstifadəsi üzrə Müqavilədən görünür ki, "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Nəsimi filialı tərəfindən Cavabdeh2 36 (otuz altı) ay müddətinə 3000 (üç min) manat məbləğində kredit xətti açılmışdır. İşdə olan 132/15 saylı, xx.xx.2015-ci il tarixli Kredit kartın verilməsi və istifadəsi üzrə müqaviləsi üzrə öhdəliklərin 90003548 saylı, xx.xx.2014-cü il tarixli Kredit müqaviləsinə birləşdirilməsinə, əlavə və dəyişikliyə dair xx.xx.2016-cı il tarixli Əlavə Sazişdən görünür ki, Borcalanın Kreditor qarşısında olan 132/15 saylı 09.2015-ci il tarixli Kredit kartın verilməsi və istifadəsi üzrə müqaviləsi üzrə qalıq 2413,30 AZN borc və 90003548 saylı, xx.xx.2014-cü il tarixli Kredit müqaviləsi üzrə qalıq 2679,82 AZN borc öhdəliklərinin məbləğlərini 90003548 saylı xx.xx.2014-cü il tarixli Kredit müqaviləsinə birləşdirilərək həmin müqavilənin müddətini uzatmaqla əlavə və dəyişikliklər olunmuşdur. Həmin müqavilə üzrə Borcalanın Kreditor qarşısında olan öhdəliklərinin əsas borc məbləğlərinin qalığı cəmi 5093,12 (beş min doxsan üç manat, 12 qəpik) AZN hesablanmışdır. Kreditin müddəti 18 ay təşkil edir. xx.xx.2016-cı il tarixli kredit müqaviləsi üzrə 2 nömrəli əlavə sazişdən görünür ki, cavabdehin 5093,12 manat əsas borc, 1352,22 manat faiz borcu və 350.17 manat cərimədən ibarət kredit borcu restrukturizasiya edilmiş, müqavilənin müddəti xx.xx.2019-cu ildir. İşdə olan xx.xx.2022-ci il tarixli maliyyə arayışından görünür ki, xx.xx.2022-ci il tarixə Cavabdeh2 "xxxx" ASC-yə 4001.76 manat əsas, 2870.54 manat faiz, 3694.92 manat cərimə, kredit müqaviləsi bitəndən sonra illik 5 (beş) faizlə hesablanmış 593.04 manat faiz borcu olmaqla, ümumilikdə 11160.26 manat borcu mövcuddur. İşdə olan xx.xx.2014-cü il tarixli kassa məxaric orderindən görünür ki, Cavabdeh2 8000 manat pulu İddiaçı ASC-dən qəbul etmişdir. İşdə olan xx.xx.2022-ci il tarixli xəbərdarlıq məktubundan görünür ki, yaranmış borcunu ödəməyəcəyi təqdirdə məhkəməyə müraciət olunacağı barədə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 yazılı bildiriş ünvanlanmışdır. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2022-ci il tarixli 9/6397 saylı rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, iş materiallarında olan hesabdan çıxarış məlumatları və tərəflər arasında bağlanmış xx.xx.2014-cü il tarixli 90003548 saylı kredit müqaviləsində qeyd olunan şərtləri nəzərə alaraq cavabdehlər Cavabdeh1 və Cavabdeh2 İddiaçı ASC-yə sualda qeyd edilən tarixə yəni xx.xx.2019-cu il tarixə olan borcu 4688.25 manat məbləğində müəyyən edilir, o cümlədən: əsas borc üzrə 3899.17 manat, faiz borcu üzrə 789.08 manat. Məhkəmə iş materiallarını araşdıraraq, belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməlidir. Belə ki, məhkəmə tərəfindən müəyyən edilmişdir ki, tərəflər arasında xx.xx.2014-cü il tarixli 90003548 saylı kredit müqaviləsi bağlanmış, sonradan müqaviləyə əlavə və dəyişikliklər edilməsi barədə xx.xx.2016-cı il tarixli Əlavə Saziş və xx.xx.2017-ci il tarixli 2 nömrəli əlavə saziş imzalanmışdır. İddiaçı Bank sözügedən müqavilələr üzrə üzərinə düşən öhdəliyini yerinə yetirsə də, borclu Cavabdeh2 öhdəliklərini lazımi qaydada yerinə yetirməmiş, nəticədə banka borcu yaranmışdır. Hər kəs müqavilə bağlamaqda müstəqildir və müqavilə azadlığı mülki qanunvericiliyin əsas prinsiplərindən biridir (Mülki Məcəllənin 6-cı maddəsi). Həmin prinsip mülki hüquq subyektlərinə müstəqil olaraq, heç kəsin iradəsindən asılı olmadan öz mülahizə və istəklərinə görə mənafelərini nəzərə almaqla müqavilə bağlamaq imkanı verir. Mülki Məcəllənin “Müqavilə hüququ” adlanan 20-ci fəslinin məqsədi müqavilə hüquq münasibətlərinə girən tərəflərin sərbəst iradə ifadəsi və bərabərliyi prinsiplərinə riayət etməklə və onların müqavilə maraqlarını qorumaqla mülki dövriyyənin azadlığını təmin etməkdir. Borc müqaviləsinin anlayışına aydınlıq gətirən Mülki Məcəllənin 739.1-ci maddəsinə əsasən, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə görə isə borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Mülki Məcəllənin öhdəliklərin icra edilməməsi ilə əlaqədar yaranan münasibətləri tənzimləyən normalarına görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür (442). Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur (443.1). Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır və icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır (445.2.1). Mülki Məcəllənin 472.1-ci maddəsinə görə borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Hazırki iş üzrə zaminlik müqaviləsində borclunun kredit müqaviləsindən irəli gələn öhdəliklərini tamamilə icra etməsi üçün zaminin Bank qarşısında məsuliyyəti tam olaraq öz üzərinə götürdüyü və Borclu ilə birlikdə Bank qarşısında məsuliyyət daşıdığı nəzərdə tutulmuşdur. İddiaçı iddia ərizəsində cavabdehdən 4001.76 manat əsas borc və 2870.54 manat faiz borcunun tutulmasını xahiş etsə də, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2022-ci il tarixli 9/6397 saylı rəyi ilə tərəflər arasında bağlanmış kredit müqaviləsi üzrə cavabdehin 3899.17 manat əsas və 789.08 manat faiz borcunun olduğu müəyyən edilmişdir. Azərbaycan Respublikası MPM-nin 206-cı maddəsinə əsasən ekspertin rəyi məhkəmə iclasında tədqiq edilir və digər sübutlarla birgə qiymətləndirilir və onun məhkəmə üçün qabaqcadan heç bir qüvvəsi yoxdur. Həmin Məcəllənin 103-cü maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir (103.1). Məhkəmə qeyd edir ki, ekspert rəyi məhkəmə üçün məcburi və qabaqcadan heç bir qüvvəsi olmamaqla onun mötəbərliyinə inam kifayət qədər yüksəkdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 218.3-cü maddəsinə görə hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməsi, borclu və zamin olan cavabdehlərdən 3899.17 manat əsas və 789.08 manat faiz borcu iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Məhkəmə hesab edir ki, iddiaçı tərəfindən cavabdehin müqavilə öhdəliklərini yerinə yetirməməsinə görə tələb olunan 3694,92 manat məbləğində cərimə tənasübsüz surətdə yüksəkdir. Bu səbəbdən iddia həmin hissədə qismən təmin edilməli, cavabdehlərdən iddiaçının xeyrinə dəbbə pulu qismində 100 manat pul tutulmalıdır. Məhkəmə, qeyd edir ki, kredit müqaviləsinin bitdiyi tarixdən - xx.xx.2019-cu il tarixdən xx.xx.2022-ci il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 (beş) faizlə hesablanmış 593.04 manat məbləğində borcun cavabdehdən tutulması hissəsində iddia tələbi təmin edilməməlidir. Belə ki, Konstitusiya Məhkəməsınin 24 dekabr 2014-cü il tarixli Qərarındakı hüquqi mövqeyə görə, banklar əsasən bağladıqları kredit müqavilələri ilə faizlər əldə etmək üçün fəaliyyət göstərirlər və nəticə etibarilə verilən əsas borcla yanaşı, kredit müqaviləsində nəzərdə tutulan faizlərin əldə edilməməsi bankları ödənilməyən bu məbləği dəyərləndirmək imkanlarından məhrum edir. Buna görə də, kredit borcunu vaxtında ödəməməklə borclu kreditora faktiki olaraq əldən çıxmış fayda şəklində zərər vurmuş olur. Bununla yanaşı, icranın gecikdirilməsi zamanı qanunla nəzərdə tutulmuş minimal faizlərin ödənilməsi imkanı MM-in 445.7-ci maddəsindən irəli gəlir. Həmin normada pul öhdəliklərinin spesifik xüsusiyyətləri nəzərə alınmaqla, pul məbləğinin ödənilməsinin gecikdirilməsinin xüsusi hüquqi nəticələri müəyyən edilmişdir. Göstərilən maddənin tələblərinə görə, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Lakin bu müddəa kreditorun hər hansı digər əsaslar üzrə borcludan daha böyük məbləğ tələb etmək hüququnu istisna etmir. Belə nəticə MM-in 445.7, 443.1 və 443.2-ci maddələrinin əlaqəli şəkildə təhlilindən irəli gəlir. Beləliklə, kreditorun kredit müqaviləsi üzrə öhdəliklərin icrasının gecikdirilməsi nəticəsində müqavilə əsasında ödənilməli olan vəsaitin (əsas borcun tam və ya müvafiq hissəsinin, hesablanmış faizlərin) yenidən istifadə oluna bilməməsi ilə bağlı dəymiş zərərin əvəzinin ödənilməsini tələb etmək hüququ MM-in 21.2, 443.1 və 443.2-ci maddələrinin tələblərindən irəli gəlir. “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə görə, Bank fiziki və hüquqi şəxslərdən depozitlərin və ya digər qaytarılan vəsaitlərin cəlb edilməsi, öz adından və öz hesabına kreditlərin verilməsini, habelə müştərilərin tapşırığı ilə köçürmə və hesablaşma-kassa əməliyyatlarını məcmu halda həyata keçirən hüquqi şəxsdir. İşin hallarından görünür ki, İddiaçı ASC-nin fəaliyyəti 2017-ci il tarixindən dayandırılmış, cavabdehlə bağlanan kredit müqavilənin müddəti isə xx.xx.2019-cu il tarixdə bitmişdir. Başqa sözlə, iddiaçı bank 2017-cı il tarixindən iflas prosesində olmaqla kommersiya fəaliyyəti ilə məşğul ola və kredit müqaviləsi ilə verdiyi krediti dövriyyəyə buraxa, yeni kredit müqaviləsi üzrə gəlir əldə edə bilməzdi. İddiaçının aktiv kommersiya fəaliyyəti ilə məşğul olmadığı dövr üçün faiz borcunu (illik 5%) tələb etməsi isə əsassızdır. Məhkəmə onu da qeyd edir ki, cavabdeh iş üzrə icraatın dayandırılmasını xahiş etsə də, onun tərəfindən məhkəməyə təqdim edilmiş Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadından görünür ki, iddiaçı Cavabdeh2 cavabdeh Azərbaycan Respublikası Mərkəzi Bankına qarşı “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidenti 28 fevral 2019-cu il tarixli Fərmanına əsasən Cavabdeh2 "xxxx" ASC-də, "xxxx" QSC-də, "xxxx" ASC-də aktiv vaxtı keçmiş kredit borclarımn restrukturizasiya edilməli olan fiziki şəxslərin siyahısına daxil edilməsi öhdəliyinin Azərbaycan Respublikası Mərkəzi Bankının üzərinə qoyulması”na dair iddiası geri götürülmüş hesab edilmiş və iş üzrə icraata xitam verilmişdir. Göründüyü kimi Cavabdeh2 iddiası onun ərizəsi əsasında geri götürülmüşdür. Bu səbəbdən məhkəmə protokol qərarı ilə hesab etmişdir ki, sözügedən qərardad və ondan verilmiş apellyasiya şikayəti hazırki iş üzrə icraatın dayandırılmasına əsas ola bilməz. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə dövlət rüsumu ilə bağlı hesab edir ki, iddia qismən (təxminən 43% həcmində) təmin edildiyindən iddiaçı tərəfindən ödənilən 123,48 manat dövlət rusumunun 53 manatı cavabdehlərdən tutulmalı, 70,48 manatı isə iddiaçıya aid edilməlidir. Eyni zamanda məhkəmə hesab edir ki, iş üzrə keçirilmiş ekspertiza xərci təmin edilmiş tələbin məbləğinə münasib olaraq həmin hissədə cavabdehə, qalan hissədə iddiaçıya aid edilməlidir. İş materiallarında olan ekspertiza xərcinə dair bildirişdən görünür ki, hazırki iş üzrə ekspertiza xərci 100 manat təşkil etmişdir. Ona görə də məhkəmə hesab edir ki, 100 manat ekspertiza xərcinin 43 manatı cavabdehlərə, 57 manatı isə iddiaçıya aid olunmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 3899,17 (üç min səkkiz yüz doxsan doqquz manat, on yeddi qəpik) manat əsas borc, 789,08 (yeddi yüz səksən doqquz manat, səkkiz qəpik) manat faiz borcu, 100 (bir yüz) manat cərimə borcu olmaqla, ümumilikdə 4788,25 (dörd min yeddi yüz səksən səkkiz manat iyirmi beş qəpik) manat və iş üzrə ödənilmiş dövlət rüsumunun 53 (əlli üç) manat hissəsi tutularaq İddiaçı ASC-yə ödənilsin. İş üzrə təyin edilmiş məhkəmə mühasibatlıq ekspertizasının xərci olaraq iddiaçı "xxxx" ASC-dən 57 (əlli yeddi) manat, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 isə müştərək qaydada 43 (qırx üç) manat məbləğində pul vəsaiti tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin AZ41NABZ******************** saylı bank hesabına köçürülsün. Qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Günel Tanrıverdiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar