Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2(060)-4395/2021 22.10.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Ələkbərov Əfqan Qəzənfər oğlunun sədrliyi, Məmmədli Rəşad Mehman oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı vurulmuş maddi və mənəvi ziyanın ödənilməsinə tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, **-KR-*** dövlət qeydiyyat nömrə nişanlı “KİA Sorento” minik markalı avtomobilin mühərrikinin daxilindəki texniki nasazlığın aradan qaldırılması məqsədilə onun tərəfindən xərclənmiş 3238 manat pul vəsaitinin cavabdehdən onun xeyrinə tutulması, avtomobilin mühərrikinin daxilindəki texniki nasazlığın aradan qaldırılması ilə əlaqədar iş adamı olaraq ona dəymiş maddi və mənəvi zərərin miqdarı 2000 manat müəyyən edilərək cavabdeh tərəfindən əlavə olaraq təzminat ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, o, 01.02.2021-ci il tarixində Turbo.az saytına daxil olaraq ******* saylı elana əsasən satışa qoyulmuş “KİA Sorento” minik markalı, 2011-ci il istehsalı, 83000 km yürüşlü, 2.0 dizel mühərrikli, 25000 manat qiyməti ilə dəyərləndirilmiş avtomobil barəsində əlavə bilgilər almaq üçün elanda qeyd olunmuş cavabdehə aid telefon nömrəsinə zəng etmişdir. Həmin gün saat 19.00 radələrində onlar cavabdehin faktiki yaşadığı ünvanın qarşısında görüşmüşdürlər. Satışa qoyulmuş avtomobil binanın həyətində saxlanılmışdır. Avtomobilə zahiri baxışdan sonra ustanın yanına gedərək avtomobilin texniki vəziyyətinin araşdırılaraq onlara məlumat verilməsini ustadan xahiş etmişdirlər. Usta arxa sol amortizatorun və ötürücülər qutusu yağının dəyişdirilməsinin vacibliyini demiş, mühərrikin ötürücü qutusunun açılmadan onların texniki vəziyyəti barədə konkret bir məlumat verə bilməyəcəyini bildirmişdir. Cavabdeh mühərrikin açılmasına etiraz etmiş, elanda qeyd edildiyi kimi mühərrik və ötürücü qutuda heç bir problem olmadığını, mühərrikin və ötürücü qutusunun açılmasından sonra avtomobilin digər alıcılar tərəfindən qəbul edilməyəcəyini bildirərək, avtomobili bu vəziyyətdə satacağını bəyan etmişdir. O, avtomobilin qiyməti barədə 24300 manat dəyərində razılaşaraq 02.02.2021-ci il tarixində cavabdehə beh olaraq 100 manat vəsait ödəmişdir. 03 fevral 2021-ci il tarixdə avtomobil onun adına rəsmiləşdirilmişdir. 04 fevral 2021-ci il tarixində avtomobilin VİN nömrəsilə online qaydada avtomobilin istismarı ilə əlaqədar beynəlxalq sayta baxılarkən avtomobilin elanda göstərildiyi kimi 83000 km deyil 239000 km yürüş edilməsi məlum olmuşdur. Bu barədə cavabdehə məlumat verilərkən onun özünün də bundan xəbəri olduğu məlum olmuş, nə səbəbə elanda yalan məlumat yazması soruşulanda, o konkret bir cavab verməmişdir. Sonradan avtomobil idarə edilərkən müxtəlif vaxtlarda mühərrikində nasazlıqlar ortaya çıxmışdır. 23.03.2021-ci il tarixində cavabdehə zəng edilərək bu barədə məlumat verilmiş, mühərrikin açılıb nasazlığın səbəbinin araşdırılması üçün avtomobilin yanına gəlməsi xahiş edilmişdir. Lakin cavabdeh avtomobilin təmiri ilə əlaqədar xərcləri qarşılamayacağını bildirərək bununla əlaqədar bir daha müraciətlərə cavab verməyəcəyini bildirmişdir. Ona görə də iddianın təmin edilməsi məhkəmədən xahiş olunur. Məhkəmə iclasında iddiaçı iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək, iddiasının təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında cavabdeh izahat verərək bildirdi ki, iddiaçının iddia ərizəsində göstərdiyi qüsurlar avtomobil iddiaçının istifadəsində olarkən meydana gəlmişdir. Həmçinin cavabdeh avtomobilin yürüşü barədə iddiaçının əvvəlcədən xəbəri olduğunu bildirdi. Beləliklə, cavabdeh iddianı əsassız hesab etdiyini, iddia tələbinin təmin edilməməsini xahiş etdi. Məhkəmə, iddiaçının və cavabdehin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Belə ki, iş materiallarında olan: -13.04.2021-ci il tarixli aktdan görünür ki, mühərrikdə və digər detallarda nasazlığın aradan qaldırılması və yenisi ilə əvəzlənməsi nəticəsində iddiaçının xərcləri 3238 manat pul təşkil etmişdir. -07.10.2021-ci il tarixli təmir kartından görünür ki, sözügedən avtomobilə elektrik baxışı keçirilərkən avtomobilin real yürüşünün 248840 km olduğu müəyyən olunmuşdur. -07.10.2021-ci il tarixli etibarnamədən görünür ki, Cavabdeh tərəfindən İbrahimov İbrahim Süleyman oğluna “KİA Sorento” markalı, **-KR-*** dövlət nömrə nişanlı avtomobilə dair sürücülük hüququ olduqda idarə etmək, bağışlamaq, ipotek qoymaq, sərəncam vermək və digər hərəkətlər, qeydiyyata salmaq, qeydiyyatdan çıxarmaq, ərizə vermək barədə etibarnamə üzrə səlahiyyətlər verilmişdir. - İş materiallarına əlavə olunmuş nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, İddiaçı adına 03.02.2021-ci ildə “KİA Sorento” markalı, **-KR-*** dövlət nömrə nişanlı avtomobil qeydiyyata alınmışdır. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, cavabdeh **-KR-*** dövlət qeydiyyat nömrə nişanlı, “KİA Sorento” minik markalı avtomobilə dair iddiaçının oğlu İbrahimov İbrahim Süleyman oğluna sərəncam vermək hüququ da nəzərdə tutulan etibarnamə vermiş, sonuncu ilə İddiaçı arasında həmin əmlaka dair alğı-satqı müqaviləsi bağlanmışdır. Faktiki olaraq sözügedən avtomobil iddiaçı tərəfindən cavabdehə 24.300 manat ödənilməklə əldə edilmişdir. Bu zaman nəqliyyat vasitəsi müvafiq ustalara göstərilmiş və ona baxış keçirilmişdir. Bundan sonra avtomobil istismar olunarkən müəyyən qüsurlar meydana çıxmış və onların aradan qaldırılması üçün iddiaçının 3238 manat xərci çıxmışdır. İş üzrə keçirilmiş məhkəmə trasoloji ekspertizasının 14.09.2021-ci il tarixli, 3/1345 saylı rəyindən görünür ki, təqdim edilmiş “KİA Sorento” minik markalı, **-KR-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobilin mühərrik nömrəsi həkk edilmiş sahədə olan hərf və rəqəmlərin kənarında kənar predmetin təsirindən yaranmağa xarakterik metal cızıqları, sıyrıqları yəni əlavə izlər və nömrənin silinməsi əlamətləri aşkar edilməmişdir. Həmin nömrə zavod üsulu ilə həkk edilmişdir. İş üzrə keçirilmiş məhkəmə trasoloji ekspertizasının 14.09.2021-ci il tarixli, 3/1345 saylı rəyindən görünür ki, ekspertiza üzrə aparılmış tədqiqatın dəyəri 110 (yüz on) manatdır. Məhkəmə araşdırması zamanı müəyyən olunanlara əsasən məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öz məzmunundan və xarakterindən asılı olaraq, öhdəlik tərəflərdən hər birinin üzərinə istər müqavilə münasibətləri zamanı, istərsə də belə münasibətlərdən sonra digər tərəfin hüquqlarına və əmlakına xüsusi qayğı göstərmək vəzifəsini qoya bilər. Həmin Məcəllənin 386-cı maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Bu Məcəllənin 385-ci maddəsində nəzərdə tutulmuş öhdəliklər müqavilənin hazırlanması əsasında da əmələ gələ bilər. Danışıqların iştirakçısı digər iştirakçının təqsirli hərəkəti nəticəsində bağlanmayan müqavilənin bağlanması üçün çəkdiyi xərclərin əvəzini ödəməyi digər iştirakçıdan tələb edə bilər. Elektron formada bağlanan əqdlərdən irəli gələn öhdəliklərin məzmunu və icrası ilə bağlı məsələlər, elektron ticarət haqqında Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulanlar istisna olmaqla, bu Məcəllə ilə tənzimlənir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 587.1-ci maddəsinə əsasən əgər satıcı əşyanın qüsurları barəsində qabaqcadan məlumat verməmişsə, lazımi keyfiyyətli olmayan əşyanın verildiyi alıcının ixtiyarı var ki, satıcının təqsiri olub-olmamasından asılı olmayaraq, satıcıdan öz seçimi ilə aşağıdakıları tələb etsin. Sözügedən Məcəllənin 588.1-ci maddəsinə əsasən əgər alıcı əşyanın qüsurlarının alıcıya verilməzdən əvvəl və ya həmin məqamadək yaranan səbəblərdən əmələ gəldiyini sübuta yetirərsə, əşyanın qüsurları üçün satıcı cavabdehdir. Azərbaycan Respublikası Kostitusiya Məhkəməsinin Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair 31 may 2002-ci il tarixli Qərarına əsasən, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. Həmin Məcəllənin 23-cü maddəsində nəzərdə tutulmuş zərər dedikdə şərəfin, ləyaqətin və işgüzar nüfuzun ləkələnməsi ilə bağlı şəxsə dəymiş mənəvi zərər (fiziki və mənəvi iztirablar) və maddi zərər başa düşülür. Qərarda eyni zamanda qeyd olunur ki, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri - əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri - əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri – maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri - əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli Qərarında qeyd edilir ki, mənəvi zərərin ödənilməsi barədə iddialara baxarkən məhkəmələr Azərbaycan Respublikasının Konstitusiyasını, “İnsan Hüquqlarının və X2 Haqqında Konvensiya”nı, bu Konvensiyaya dair Protokolları, mənəvi zərərin ödənilməsini nəzərdə tutan milli qanunvericilik aktlarını, habelə Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərini rəhbər tutmalıdırlar. Qərarda həmçinin qeyd edilir ki, mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.), habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır. “İnsan Hüquqlarının və X2 Haqqında Konvensiya”nın 41-ci maddəsinə və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərinə əsasən mənəvi zərər şəxsə qeyri əmlak, habelə əmlak zərəri vurulduqda ödənilə bilər. Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan Hüquqlarının və Əsas Azadlıqların Müdafiəsi Haqqında Konvensiya” nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Beləliklə, məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək və sadalanan maddi hüquq normalarına əsaslanaraq, həmin maddələrin tələblərini işin faktiki hallarına tətbiq edərək belə nəticəyə gəlir ki, iddiaçı avtomobilin qüsurlarının ona verilməzdən əvvəl və ya həmin məqamadək yaranan səbəblərdən əmələ gəldiyini sübuta yetirə bilmədiyindən, habelə bu hal işin faktiki halları və sübutlarla təsdiqlənmədiyindən həmin qüsurlar üçün satıcı- Cavabdehlik daşımır. Eyni zamanda yuxarıda qeyd olunan mənəvi zərər tələbi ilə bağlı xüsusatların olmasına dair, onun yaranma əsasları və məbləğlərin formalaşması, habelə ziyanın həcmi iddiaçı tərəfindən sübuta yetirilməmişdir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia əsassızdır. Beləliklə, məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh qarşı vurulmuş maddi və mənəvi ziyanın ödənilməsi tələbi təmin edilməməlidir. Eyni zamanda məhkəmə ekspertizası tədqiqatının dəyərinin əvəzi olaraq İddiaçı 110 manat tutularaq X1 hesabına ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən, sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələbinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 238-242-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddiaçı Cavabdeh qarşı vurulmuş maddi və mənəvi ziyanın ödənilməsinə dair iddiası təmin edilməsin. Məhkəmə ekspertizası tədqiqatının dəyəri olaraq İddiaçı 110 manat tutularaq X1 müxbir hesabına köçürülsün. (Kod:210005,VÖEN:**********, Müxbir hesab:AZ41NABZ********************) Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə qəbul edildiyi gündən 1(bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Əfqan Ələkbərov
Məhkəmə qərarları › İş №e-2(060)-4395/2021
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(060)-4395/2021
22.10.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver