Məhkəmə qərarları › İş №e-2(060)-4395/2025

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(060)-4395/2025

08.07.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2(060)-4395/2025 08.07.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Giriş hissə: Sumqayıt Şəhər Məhkəməsinin hakimi Həxiyeva Şəbnəm Səlim qızının sədrliyi ilə, İddiaçı ASC-nin Cavabdeh qarşı «pul tələbi»nə dair iddia ərizəsi üzrə mülki işə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə:

1. İddiaçı ASC Cavabdeh qarşı «pul tələbi»nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC ilə Cavabdeh arasında imzalanmış 17 iyul 2023-ci il tarixli, BF-1370-2023 saylı kredit müqaviləsinə əsasən cavabdehə illik 18% hesablanmaqla, 59 ay müddətinə qaytarılmaq şərti ilə 3000 manat məbləğində kredit vəsaiti ayrılmışdır. 17 iyul 2023-cü il tarixli, BF-1370-2023 saylı kredit müqaviləsinə əlavə olan ödəniş cədvəlinə əsasən cavabdehin kredit müqaviləsi üzrə aylıq ödənişi 76,98 manat təşkil edir. Cavabdeh tərəfindən ona ayrılmış kredit vəsaiti təyinatı üzrə istifadə edilsə də, kredit öhdəliklərinin ödəniş qrafikində nəzərə tutulmuş qaydada icra edilməsi həyata keçirilməmiş, nəticədə tərəflər arasında imzalanmış kredit müqaviləsinin şərtləri cavabdeh tərəfindən birtərəfli qaydada pozulmuşdur. Belə ki, tərəflər arasında imzalanmış 17 iyul 2023-ci il tarixli, BF-1370-2023 saylı kredit müqaviləsinin 5.1.6-cı bəndinə əsasən “Bank” “Borcalan” tərəfindən 60 gün ərzində ona verilmiş kredit hissəsini və onun faizini tərəflər arasında yazılı tərtib olunmuş ödəniş qrafiki üzrə ödəmədikdə, habelə annutitet ödənişlər 12 ay ərzində 3 dəfədən çox gecikdirildikdə müqaviləyə birətərfli qaydada xitam vermək və verdiyi kreditin bu müddətə qədər hesablanmış faizi ilə birlikdə qaytarılmasını, habelə müqavilədə müəyyən edilmiş dəbbə pulunu tələb etmək hüququna malikdir. Öhdəliklərin lazımı qaydada icra olunmaması səbəbindən “Bank” tərəfindən cavabdehə xx.xx.2025-ci il tarixində pretenziya məktubu göndərilmiş, kredit müqavilələri üzrə borcunu dərhal ödəməsi tələb edilmiş, əks təqdirdə məhkəməyə müraciət ediləcəyi onun diqqətinə çatdırılmışdır. Lakin pretenziya məktubunun göndərilməsinə baxmayaraq, cavabdeh pretenziya məktubunu qəbul etməkdən imtina etmişdir. Hazırda xx.xx.2023-cü il tarixli, BF-1370-2023 saylı kredit müqaviləsi üzrə cavabdehin “Bank” qarşısında ümumilikdə 2536,36 (iki min beş yüz otuz altı manat 36 qəpik) manat məbləğində icra edilməmiş öhdəliyi mövcuddur. Həmin məbləğdən 2380,26 (iki min üç yüz səksən manat 26 qəpik) manat əsas borcu, 101,05 (bir yüz bir manat 05 qəpik) manat faiz borcunu, 48,77 (qırx səkkiz manat 77 qəpik) manat cərimə borcunu, 6,28 (altı manat 28 qəpik) manat isə gecikdirilmiş vaxt üçün illik 5% məbləği həddində hesablanmış faiz borcunu ehtiva edir. Qeyd edilir ki, faiz borcu pretenziya məktubunda göstərilən tarixə hesablanmış faiz borcunu ehtiva etməkdə, gecikdirilmiş vaxt üçün illik 5% məbləğində vəsait isə pretenziya məktubunun göndərilməsindən iddia ərizəsinin tərtib edildiyi tarixə kimi olan dövrü əhatə etməkdədir. Göstərilənlərə əsasən cavаbdеh Cavabdeh iddiаçı İddiaçı Açıq Səhmdаr Cəmiyyətinin хеyrinə 06 xx.xx.2023-cü il tarixli, BF1370-2023 saylı kredit müqaviləsi üzrə 2380,26 (iki min üç yüz səksən manat 26 qəpik) manat əsas, 101,05 (bir yüz bir manat 05 qəpik) manat faiz, 48,77 (qırx səkkiz manat 77 qəpik) manat cərimə borcu, 6,28 (altı manat 28 qəpik) manat gecikdirilmiş vaxt üçün illik 5% hesablanmış faiz borcu olmaqla, cəmi 2536,36 (iki min beş yüz otuz altı manat 36 qəpik) manat borcun və 45,36 (qırx beş manat 36 qəpik) manat məhkəmə xərcinin (dövlət rüsumunun) tutulması barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir.

3. Məhkəmə iddia ərizəsinə dair mülki işə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəfindən Mülki-Prosessual qanunvericiliyə əsasən cavabdehə rəsmi qaydada bildiriş göndərilsə də, cavabdeh iddiaya qarşı əsaslandırılmış etirazını məhkəməyə göndərməmişdir.

4. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir.

5. Eyni Məcəllənin 284-5.2-ci maddəsinin tələblərinə görə cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər.

6. Məhkəmə iş materiallarını araşdırıb, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir.

Əsaslandırıcı hissə: a) Mülki işin materialları:

7. İş materiallarında olan İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış 17 iyul 2023-ci il tarixli, BF-1370-2023 saylı kredit müqaviləsinə (mikro kredit) əsasən bank tərəfindən Cavabdeh 59 ay müddətinə, illik 18% (faktiki illik faiz dərəcəsi 18,23) ödəmək şərtilə 3000 manat məbləğində kredit verilmişdir.

8. İş materiallarında olan İddiaçı ASC tərəfindən verilmiş maliyyə arayışından görünür ki, Cavabdeh BF-1370-2023 saylı kredit müqaviləsi üzrə banka 2380,26 manat əsas, 101,05 manat faiz, 48,77 manat cərimə borcu olmaqla, cəmi 2530,08 manat məbləğində borcu mövcuddur.

9. İş materiallarında olan İddiaçı ASC-nin Cavabdeh ünvanladığı bildirişdən görünür ki, Cavabdeh borcun ödənilməsi ilə bağlı təklif edilmiş, borcun ödənilməyəcəyi təqdirdə məhkəməyə müraciət ediləcəyi ilə bağlı xəbərdarlıq edilmişdir.

b) Məhkəmə tərəfindən müəyyən edilən hallar:

10. Beləliklə, məhkəmə iclasında müəyyən olundu ki, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış 17 iyul 2023-ci il tarixli, BF-1370-2023 saylı kredit müqaviləsinə (mikro kredit) əsasən bank tərəfindən Cavabdeh 59 ay müddətinə, illik 18% (faktiki illik faiz dərəcəsi 18,23) ödəmək şərtilə 3000 manat məbləğində kredit verilmiş, cavabdeh üzərinə düşən öhdəlikləri tam icra etməmiş və nəticədə onun banka ödənilməmiş borcu yaranmışdır.

c) Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə:

11. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

12. Qeyd olunan Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

13. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur.

14. Eyni Məcəllənin 448.1-ci maddəsinə əsasən borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.

15. (köhnə redaksiya) Həmin Məcəllənin 449.1-ci maddəsinin tələbinə görə özgənin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda, məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər.

16. (köhnə redaksiya) Qeyd olunan Məcəllənin 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər.

17. Məhkəmə qeyd edir ki, cavabdeh kredit müqaviləsi üzrə üzərinə düşən öhdəlikləri yerinə yetirmədiyindən, bank kredit müqaviləsi üzrə yaranmış borcun tutulması ilə əlaqədar məhkəmədə iddia qaldırmaqda haqlı olmuşdur.

18. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair 24 dekabr 2014-cü il tarixli qərarında kredit müddəti ilə kredit müqaviləsinin qüvvədə olma müddəti ayırd edilməklə qeyd edilmişdir ki, kredit müqaviləsinin qüvvədə olma müddəti belə müqavilənin bağlanma və öhdəliklərin tam icra edilməsi anını, kreditin (əsas məbləğ və faizlər) müddəti isə kreditin alınmasını və müvafıq ödənişlərin müddətini əhatə edir. Hüquqi təbiətinə görə isə kredit müqaviləsinin müddəti tərəflərin hüquq və vəzifələrinin yaranmasının, dəyişdirilməsinin və ona xitam verilməsinin vaxtı tənzimlədiyi halda, kredit müddəti kredit müqaviləsində müəyyənləşdirilmiş öhdəliklərin icra edilməsinin vaxtını tənzimləyir.

19. Qərarda həmçinin göstərilmişdir ki, kreditorla borclu arasında kredit münasibətləri müqavilə ilə tənzimləndiyindən, kreditin peşəkarlıq qaydasında verilməsi ilə kredit təşkilatları məşğul olduğundan və kreditin predmeti kimi xüsusi likvid aktiv (pul) çıxış etdiyindən, kreditin vaxtında qaytarılmaması ilə bağlı borclunun gecikdirmə faizlərinin ödənilməsi üzrə öhdəlikləri kredit müqaviləsində nəzərdə tutula bilər.

20. Göründüyü kimi, Konstitusiya Məhkəməsi Plenumunun qərarında kredit müddəti ilə kredit müqaviləsinin qüvvədə olma müddətini ayırd edilərək, kredit müqaviləsinin qüvvədə olduğu halda belə kredit müddətinin bitməsindən sonra da eyni faiz dərəcəsi ilə gecikdirilmiş faizlərin hesablanması imkanını yalnız müqavilədə bu şəkildə şərtin nəzərdə tutulması ilə şərtləndirilmişdir.

21. Konstitusiya Məhkəməsi qərarında müqavilədə bu kimi şərtin nəzərdə tutulmadığı halda isə, bu şəkildə faizlərin, buna dair zəruri sübutların təqdim edildiyi halda, yalnız öhdəliklərin icra edilməməsinə görə kreditora vurulmuş zərər qismində tutulmasını mümkün hesab etmişdir.

22. Belə ki, qərarda göstərilmişdir ki, müqavilənin qüvvədə olma müddətinin bitməsinə baxmayaraq, müqavilə tərəflərin qarşılıqlı hüquqi bağlılığı davam edir və Mülki Məcəllənin 339.4-cü maddəsinə əsasən müqavilənin qüvvədə olma müddətinin qurtarması tərəfləri müqavilənin həmin müddət qurtarana qədər yol verilmiş pozulmasına görə məsuliyyətdən azad etmir. Bu isə Mülki Məcəllənin «Öhdəliklərin icra edilməməsi» adlanan 22-ci fəslində və «Öhdəliklərin icra edilməməsi üçün məsuliyyət» adlanan 23-cü fəslində müəyyən edilmiş müddəaların tətbiq edilməsini tələb edir.

23. İstinad olunmuş qərarda belə nəticəyə gəlinmişdir ki, kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş müddət bitənədək pul vəsaitindən istifadə haqqının (faizlərin), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər. Kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. Bu zaman pul öhdəliyinin və ya onun müvafıq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi illik beş faizdən yüksək olduqda, kreditor tərəfındən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsi ilə əlaqəli şəkildə kreditin ödənişi üzrə gecikdirilmiş vaxt üçün həmin Məcəllənin 449.1-ci maddəsinə müvafıq olaraq müəyyənləşdirilən miqdarda faizlər hesablanır. Kreditor vəsaitdən yenidən istifadə edə bilməməsi ilə bağlı ona daha böyük ziyanın vurulduğunu sübut etdikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsi və müvafıq hallarda həmin Məcəllənin 449.3-cü maddəsinə əsasən onun zərərin əvəzinin ödənilməsini tələb etməyə dair əlavə hüququ yaranır.

24. Göstərilən normaların dispozitiv şərtlərindən də göründüyü kimi, gecikdirilmiş vaxt üçün faiz tələb etmə yalnız kredit müqaviləsindən irəli gələn öhdəliyin icra edilməməsi, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) halında mümkündür.

25. Şərh olunanlara əsasən məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə uyğun olaraq iddiaçı cavabdehdən gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malik olduğundan hesablanmış 6,28 manat borc cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.

26. Beləliklə, məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh 2380,26 (iki min üç yüz səksən manat, iyirmi altı qəpik) manat əsas borc, 101,05 (bir yüz bir manat, beş qəpik) manat faiz borcu, 48,77 (qırx səkkiz manat, yetmiş yeddi qəpik) manat cərimə borcu, 6,28 (altı manat, iyirmi səkkiz qəpik) manat gecikdirilmiş vaxt üçün illik 5% hesablanmış faiz borcu olmaqla, ümumilikdə 2536,36 (iki min beş yüz otuz altı manat, otuz altı qəpik) manat məbləğində pul və 45,36 (qırx beş manat, otuz altı qəpik) manat ödənilmiş dövlət rüsumunun əvəzi alınaraq İddiaçı ASC-yə verilməlidir.

27. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

28. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.

29. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməkləə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.

30. Eyni Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

31. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

32. Qeyd olunan Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

33. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Nəticə hissəsi:

34. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh 2380,26 (iki min üç yüz səksən manat, iyirmi altı qəpik) manat əsas borc, 101,05 (bir yüz bir manat, beş qəpik) manat faiz borcu, 48,77 (qırx səkkiz manat, yetmiş yeddi qəpik) manat cərimə borcu, 6,28 (altı manat, iyirmi səkkiz qəpik) manat gecikdirilmiş vaxt üçün illik 5% hesablanmış faiz borcu olmaqla, ümumilikdə 2536,36 (iki min beş yüz otuz altı manat, otuz altı qəpik) manat məbləğində pul və 45,36 (qırx beş manat, otuz altı qəpik) manat ödənilmiş dövlət rüsumunun əvəzi alınaraq İddiaçı ASC-yə verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Şəbnəm Həxiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar