Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2(060)-4421/2022 26.08.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Behbudova Aynur Mirzalı qızının sədrliyi, Həsənli Mehriban Hüseyn qızının katibliyi İddiaçı "xxxx" MMM QBKT-nin nümayəndəsi X1, Cavabdeh iştirakları ilə, İddiaçı "xxxx" MMM QBKT-nin Cavabdeh qarşı pul tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı "xxxx" MMM QBKT Cavabdeh qarşı borcun tutulması barədə kiçik iddialara dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək iddia tələbini onunla əsaslandırmışdır ki, iddiaçı "xxxx" MMM QBKT ilə Cavabdeh arasında bağlanmış xx.xx.2016-ci il tarixli, **********1661 saylı kredit müqaviləsinə əsasən şəxsə biznes məqsədləri və həyat səviyyəsinin yaxşılaşdırılması üçün illik 25% faiz dərəcəsi olmaqla 18 ay müddətinə 1000 (min dollar) USD məbləğində kredit verilmişdir. Həmin kredit müqaviləsinə əlavə hesab edilən ödəniş cədvəlinə əsasən borclunun hər ay 68 USD olmaqla bərabər hissələrdə ödəniş etməsi razılaşdırılmışdır. Kredit müqaviləsinin 1.1-ci maddəsinə əsasən kredit alan əsas borcu, həmin borca hesablanmış faiz, cərimələri, nəzərdə tutulan digər ödəniş və dəymiş zərəri kredit verənə tam şəkildə ödəməyi öz öhdəsinə götürmüşdür. Tərəflər arasında bağlanmış kredit müqavilələrinə görə kreditin faktiki istifadə edilmiş məbləğinə hesablanmış faizlərin və əsas borc məbləğinin ödənilməsi borcalan tərəfindən nəzərdə tutulmuşdur. Lakin, Cavabdeh üzərinə düşən öhdəliyi yerinə yetirməmişdir. Beləliklə, xx.xx.2022-ci il tarixinə olan maliyyə arayışına əsasən Cavabdeh borc məbləği, əsas borc üzrə 864.00 USD, faiz borcu üzrə 152.00 USD, cərimə borcuna görə 46.50 USD olmaqla, cəmi 1062.50 (min altmış iki dollar, əlli sent) USD təşkil edir. Qeyd olunanlara əsasən məhkəmədən Cavabdehdan əsas borc üzrə 864 USD, faiz borcu üzrə 152 USD, cərimə borcuna görə 46.50 USD olmaqla, cəmi 1062.50 (min altmış iki dollar, əlli sent) USD məbləğində borcun və 39 manat məbləğində ödənilmiş dövlət rüsumunun "xxxx" MMM QBKT-nın xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Sumqayıt Şəhər Məhkəməsinin e-2(060)-4421/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadı ilə mülki iş üzrə iddia icraatına keçilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı "xxxx" MMM QBKT-nin nümayəndəsi X1 məhkəmə iclasında iddianı müdafiə edərək, cavabdehlə aralarında 2016-cı il tarixdə müqavilə bağlanmış, X3-Bank Kredit Təşkilatı" MMM tərəfindən ona 1000 ABŞ dolları məbləğində kredit verilmişdir. Cavabdeh ödəniş cədvəlinə uyğun olaraq hər ay 68 ABŞ dolları ödəniş etməyi öhdəsinə götürsə də, öhdəliyi icra etməmişdir. Hazırda onun müqavilə üzrə cəmi 1062.50 ABŞ dolları borcu vardır. Kredit müqaviləsi Azərbaycan Respublikası Prezidentin 28 fevral 2019-cu il tarixli “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Fərmanının təsir dairəsinə düşmüş, cavabdehlə əlaqə saxlamağa çalışsalar da, bu mümkün olmadığından restrukturizasiya olunmamışdır. Məhkəmə iclasında iştirak edən Cavabdeh izahatında bildirdi ki, iddia tələbini qismən qəbul edir. Belə ki, daha əvvəl də iddiaçıdan kredit götürmüş, lakin işlədiyi üçün borcunu ödəyə bilmişdir. 2016-cı il tarixdə götürülən kredit müqaviləsi üzrə 2 ay ödəniş etmiş, daha sonra iş yeri bağlandığı üçün ödəniş edə bilməmişdir. İddiaçıya borcu olduğunu bilirdi, lakin qeyd olunan məbləği birdəfəlik ödəmək imkanı yoxdur. Məhkəmə iddiaçının nümayəndəsinin və cavabdehin izahatını, iddianın dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən əsaslıdır. İş materiallarında olan iddiaçı "xxxx" ММM QBKT ilə Cavabdeh arasında bağlanmış **********1661 saylı, xx.xx.2016-cı il tarixli kredit müqaviləsindən görünür ki, bank tərəfindən cavabdehə 18 ay müddətinə, illik 25% dərəcəsi ilə 1000 USD məbləğində kredit verilmişdir. Borcalan müqavilənin tələblərini vaxtında və lazımi qaydada yerinə yetirməyi, müqavilə ilə müəyyən edilmiş müddətdə kredit məbləğini və ona hesablanmış faizləri banka ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan xx.xx.2016-cı il tarixli ödəniş cədvəlindən görünür ki, Cavabdeh ona verilmiş kredit üzrə borcunu hesabında qalıq yarandığı gündən bir ay sonradan, yəni xx.xx.2016-cı il tarixdən başlayaraq 12 ay müddətinə hər ay banka 68 USD, yalnız sonuncu ay 64 USD ödəməklə qaytarmalıdır. İş materiallarında olan iddiaçı "xxxx" ММM QBKT tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh **********1661 saylı, xx.xx.2016-cı il tarixli kredit müqaviləsi üzrə xx.xx.2022-ci il tarixə banka 864 USD əsas, 152 USD faiz, 46.50 USD cərimə borcu olmaqla, cəmi 1062.50 USD məbləğində borcu vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 425.1-ci maddəsinə əsasən tərəflərdən hər biri öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 739.1 və 739.2-ci maddələrindən görünür ki, kredit müqaviləsinə əsasən borc verən pula mülkiyyət hüququnu borc alana keçirməyi, borc alan isə aldıqlarını müvafiq olaraq pul şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Məhkəmə araşdırmaları zamanı təqdim edilmiş sənədlərlə və məhkəmə iclasında müəyyən olunmuşdur ki, iddiaçı "xxxx" MMM QBKT ilə Cavabdeh arasında bağlanan **********1661 saylı, xx.xx.2016-cı il tarixli kredit müqaviləsinə əsasən ikinciyə illik 25 faizlə, 18 ay müddətinə 1000 USD məbləğində kredit verilmişdir. Cavabdeh iddiaçı "xxxx" MMM QBKT ilə aralarında bağlanmış kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəlikləri vaxtında və lazımınca icra etməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 431.1-ci maddəsinə əsasən borclu öhdəliyin icrasının onun özündən asılı olduğu hallarda, habelə bunun bu Məcəllədən, müqavilədən və ya öhdəliyin təbiətindən irəli gəldiyi hallarda öhdəliyi şəxsən icra etməlidir. Bütün digər hallarda öhdəliyi borclunun əvəzinə üçüncü şəxs də icra edə bilər və buna borclunun razılığı tələb edilmir. Bu halda “Banklar haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq kreditorla bağlanmış müqaviləyə dəyişiklik edilməsi tələb olunmur. Həmin Məcəllənin 431.2-ci maddəsinə əsasən kreditor üçüncü şəxsin təklif etdiyi icranı, əgər borclu bunun əleyhinədirsə, qəbul etməyə bilər. Azərbaycan Respublikası Prezidentin 28 fevral 2019-cu il tarixli “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Fərmanının 1-ci bəndinə əsasən fiziki şəxslərin banklara 10000 (on min) ABŞ dollarınadək xarici valyutada olan əsas kredit borclarının devalvasiya ilə bağlı manatla artmış hissəsi qiymətləndirilməklə, bu Fərman qüvvəyə mindiyi günə Azərbaycan Respublikası Mərkəzi Bankının elan etdiyi məzənnəyə uyğun olaraq, dövlət büdcəsinin vəsaiti hesabına üç aydan gec olmayaraq manatla ödənilməlidir. Həmin Fərmanın 5.1-ci bəndinə əsasən bu Fərman qüvvəyə mindiyi tarixə fiziki şəxslərin xarici valyutada əsas məbləği 10000 (on min) ABŞ dollarınadək, milli valyutada isə 17000 (on yeddi min) manatadək olan kreditlər üzrə vaxtı keçmiş kredit borclarının restrukturizasiyası məqsədilə, Azərbaycan Respublikası Maliyyə Bazarlarına Nəzarət Palatasının müraciəti əsasında, banklara ********* (altı yüz səksən iki milyon) manat məbləğinədək dövlət zəmanəti ilə təmin edilmiş güzəştli kredit verilməsini təmin etməlidir. Fərmanın 5.2-ci bəndinə əsasən bu Fərmanın 5.1-ci bəndində nəzərdə tutulan tədbirlər nəticəsində bankların valyuta mövqeyinin pisləşməsinin qarşısını almaq məqsədilə ayrılmış kreditin hesabına banklara, onların müraciəti əsasında ********* (iki yüz on beş milyon) ABŞ dolları dəyərinədək xarici valyutada ifadə olunmuş, illik faiz dərəcəsi 0,5 faiz olmaqla qiymətli kağızların verilməsini təmin etməlidir. Fərmanın 6.1-ci bəndinə əsasən bu Fərmanın 7.1-ci bəndində nəzərdə tutulan siyahı üzrə vaxtı keçmiş kredit borcu olan fiziki şəxslərə yeni güzəştli kredit müqaviləsi bağlanmasını təklif etməlidirlər. Fərmanın 6.2-ci bəndinə əsasən fiziki şəxslərin vaxtı keçmiş kredit borclarının restrukturizasiya olunacağını nəzərə alaraq, banklar bir ay müddətində həmin kreditlərə hesablanmış faizlərin silinməsini və məhkəmədə olan işlərin geri çağırılmasını təmin edən tədbirlər görməlidirlər. Fərmanın 6.3-cü bəndinə əsasən borcları restrukturizasiya olunmuş fiziki şəxslərin borc yükünün yüngülləşdirilməsini təmin edən digər tədbirlər görməlidirlər. Məhkəmə hesab edir ki, məhkəmə iclasında iddiaçı "xxxx" ММM QBKT-nin nümayəndəsi X1 məhkəmə iclasında bildirmişdir ki, kredit müqaviləsi Azərbaycan Respublikası Prezidentin 28 fevral 2019-cu il tarixli “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Fərmanının təsir dairəsinə düşdüyündən cavabdehlə əlaqə saxlamağa çalışsalar da, bu mümkün olmadığından restrukturizasiya olunmamışdır. Ona görə də tələb fərmanın təsirinə düşdüyü üçün cavabdehdən yalnız əsas məbləğ tutularaq, iddia tələbi qismən təmin edilməlidir. Məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, iddia tələbi cavabdehdən **********1661 saylı, xx.xx.2016-cı il tarixli kredit müqaviləsi üzrə 152 USD faiz, 46.50 USD cərimə məbləğinin tələb edilməsi hissəsində Azərbaycan Respublikası Prezidentin 28 fevral 2019-cu il tarixli “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Fərmanına ziddir. Belə ki, qeyd edilən Fərmanın preambulasında həmin sənədin qəbul edilməsini zəruri edən hallar qeyd olunur. Fərmanda deyilir ki, qlobal iqtisadi və maliyyə böhranının ölkə iqtisadiyyatına təsirləri əhalinin müəyyən qrupunun ödəmə qabiliyyətinin zəifləməsinə, bunun da nəticəsində, kredit təşkilatlarından xarici valyutada borc almış vətəndaşların bank sistemi qarşısında vaxtı keçmiş kreditlər üzrə öhdəliklərinin artmasına və bu öhdəliklərin yerinə yetirilməsi ilə bağlı məsələlərə məhkəmə müstəvisində baxılma hallarının çoxalmasına rəvac vermişdir. Son dövrdə respublikada makroiqtisadi sabitliyin təmin olunması, iqtisadi inkişaf templərinin bərpa edilərək artması və maliyyə imkanlarının genişlənməsi digər sahələr kimi, əhalinin xarici valyutada olan ödəmə vaxtı keçmiş kredit borclarının ödənilməsinə də dövlət dəstəyi göstərilməsi üçün şərait yaratmışdır. Göründüyü kimi həmin Fərman onun təsir dairəsinə düşən şəxslərin borclarının ödənilməsinə dövlət dəstəyi göstərilməsi məqsədi ilə qəbul edilmişdir. Dəstək göstərməkborcun ödənilməsinə dəstək kimi qəbul edilməlidir. Təsadüfi deyil ki, həmin Fərmanda dövlətin qarşılayacağı borcun əvəzi olaraq banklara külli miqdarda kredit ayrılması, bankların valyuta mövqeyinin pisləşməsinin qarşısını almaq məqsədilə ayrılmış kreditin hesabına banklara, onların müraciəti əsasında ********* (iki yüz on beş milyon) ABŞ dolları dəyərinədək xarici valyutada ifadə olunmuş, illik faiz dərəcəsi 0.5 faiz olmaqla qiymətli kağızların verilməsi təmin edilmişdir. Fərmana əsasən banklar bir ay müddətində həmin kreditlərə hesablanmış faizlərin silinməsini və məhkəmədə olan işlərin geri çağırılmasını təmin edən tədbirlər görməli idilər. Fərmanda qeyd olunan faizlər dedikdə, bütün faizlər, əsas, cərimə və.s faizlər nəzərdə tutulurdu. Qalan əsas məbləğə münasibətdə güzəştli şərtlərlə müqavilə bağlanması təklif olunurdu. Fərmanda faizlərinin hansısa şərtlərlə silinməsi barədə müddəa nəzərdə tutulmamışdır. Fərmanın qəbul edilməsi ilə dövlət özü güzəşt olunan borcu (bütün faizləri) ödəmiş olur. Belə olan halda Fərmanın tələblərinə uyğun olaraq dövlət öhdəliyin bir hissəsini ödəməyi öz üzərinə götürmüş və icra etmişdir. Cavabdeh güzəşt olunan borcun dövlət tərəfindən ödənilməsinə etiraz etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 119.1-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilən müddəalara əsasən məhkəmə hesab edir ki, Cavabdeh kredit müqaviləsi üzrə iddiaçıya olan borcu qaytarmamaqla iddiaçı qarşısında pul öhdəliyini yerinə yetirməmişdir. Məhkəmə hesab edir ki, iddiaçı "xxxx" MMM QBKT-nin Cavabdeh qarşı pul tələbinə dair iddiası qismən təmin edilərək **********1661 saylı, xx.xx.2016-cı il tarixli kredit müqaviləsinə əsasən 864 USD (səkkiz yüz altmış dörd ABŞ dolları) məbləğində əsas borc (qətnamənin icra olunduğu günə olan Azərbaycan manatı məzənnəsi ilə) Cavabdeh tutularaq iddiaçı "xxxx" MMM QBKT-yə ödənilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Məhkəmə həmçinin iddianın 39 manat məbləğində dövlət rüsumunun cavabdehdən alınmasına dair hissəsinə münasibət bildirərək hesab edir ki, iddia tələbi qismən təmin olunduğundan 30 manat ödənilmiş dövlət rüsumu cavabdehdən tutularaq iddiaçı "xxxx" MMM QBKT-yə qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia tələbi qismən təmin edilsin. **********1661 saylı, xx.xx.2016-cı il tarixli kredit müqaviləsinə əsasən 864 USD (səkkiz yüz altmış dörd ABŞ dolları) məbləğində əsas borc (qətnamənin icra olunduğu günə olan Azərbaycan manatı məzənnəsi ilə) və 30 (otuz) manat dövlət rüsumu Cavabdeh tutularaq iddiaçı "xxxx" MMM QBKT-yə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Aynur Behbudova
Məhkəmə qərarları › İş №e-2(060)-4421/2022
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(060)-4421/2022
26.08.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver