Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2(060)-4438/2023 27.11.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Tanrıverdiyeva Günel Cəbrayıl qızının sədrliyi, Əsədli İlahə Yusif qızının katibliyi, İddiaçı LPO İddiaçı ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun etibarnamə üzrə səlahiyyətli nümayəndəsi X1 iştirakı ilə, İddiaçı LPO İddiaçı ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı borcun qaytarılması tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı LPO İddiaçı ASC Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı borcun qaytarılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 15 sentyabr 2017-ci il tarixli 2221 nömrəli kredit müqaviləsi üzrə cəmi 7817.62 (yeddi min səkkiz yüz on yeddi manat 62 qəpik) manat məbləğində borcun - bundan 4850.22 (dörd min səkkiz yüz əlli manat 22 qəpik) manat əsas, 2344.97 (iki min üç yüz qırx dörd manat 97 qəpik) manat faiz borcunun və kredit müqaviləsinin müddəti bitəndən sonra AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən illik 5%-lə hesablanmış 622.43 (altı yüz qırx iki manat 43 qəpik) manat faiz borcunun və iş üzrə ödənilmiş 98.18 (doxsan səkkiz manat 18 qəpik) manat dövlət rüsumunun cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada tutularaq ləğv prosesində olan İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı LPO İddiaçı ASC Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu iddia tələbini onunla əsaslandırmışdır ki, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Azadlıq filialı ilə Cavabdeh2 arasında 15 sentyabr 2017-ci il tarixli 2221 nömrəli kredit müqaviləsinə əsasən Cavabdeh2 36 (otuz altı) ay müddətinə, illik 18 (on səkkiz) faiz dərəcəsi ilə 7980 (yeddi min doqquz yuz səksən) manat məbləğində kredit verilmişdir. Cavabdeh2 kredit verilərkən Cavabdeh1ilə bank arasında 15 sentyabr 2017-ci il tarixli 2221/1 nömrəli Zaminlik müqaviləsi bağlanmışdır. Bu müqavilənin 2.2-ci bəndinə əsasən zamin durmuş şəxs kredit borcunun vaxtında ödənilməsi üçün Bank qarşısında borcalanla birlikdə cavabdehlik daşıyır. Kredit müqaviləsinin 1.1.1 və 3.3.4-cü bəndlərinə əsasən Cavabdeh2 kredit müqaviləsi ilə müəyyən edilmiş müddətdə və qaydada kredit məbləğini və ona hesablanacaq faizləri ödəmək barədə bank qarşısında öhdəlik götürsə də, o, bu öhdəlikləri lazımınca yerinə yetirməmişdir. Kredit müqaviləsinin 3.1-ci bəndinə əsasən borcalan bu müqavilə üzrə kreditin qaytarılması və faizlərin ödənilməsi öhdəliklərini yerinə yetirmədikdə və kreditin bütün məbləğinin, kreditdən istifadəyə görə faizlərin və müqavilədə nəzərdə tutulmuş cərimələrin ödənilməsini tələb etməyə Bankın hüququ vardır. Borcun ödənilməsi barədə bank tərəfindən cavabdehlərə dəfələrlə şifahi müraciət edilməsinə və 13 may 2022-ci il tarixli **********968 saylı bildiriş məktubu ilə isə yazılı qaydada müraciət edilməsinə baxmayaraq, cavabdehlər kredit borcun banka ödənilməsi üçün heç bir tədbir görməmişlər. Göründüyü kimi bank tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, cavabdehlər həmin müqavilə üzrə üzərlərinə düşən öhdəlikləri yerinə yetirməmişlər. Bu səbəbdən dəCavabdeh2 15 sentyabr 2017-ci il tarixli 2221nömrəli kredit müqaviləsi üzrə 14 aprel 2023-cü il tarixə banka ödənilməmiş cəmi 7817.62 (yeddi min səkkiz yüz on yeddi manat 62 qəpik) borcu vardır. Bundan 4850.22 (dörd min səkkiz yüz əlli manat 22 qəpik) manatı əsas, 2344.97 (iki min üç yüz qırx dörd manat 97 qəpik) manatı faiz və 622.43 (altı yüz iyirmi iki manat 43 qəpik) manatı kredit müqaviləsinin müddəti bitəndən sonra AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenumqərarına əsasən illik 5%-lə hesablanmış faiz borcu təşkil edir. Borcun gecikdirilməsini təsdiq edən maliyyə arayışından göründüyü kimi cavadehlər tərəfindən ödəniş cədvəlinin pozulması Bank lisenziyasının ləğvindən əvvəl, yəni Bankın fəaliyyət göstərdiyi dövrə təsadüf edir. Halbuki, cavabdehlər onlara verilmiş borc məbləğini ödəniş cədvəlinə uyğun olaraq vaxtında qaytarsaydılar, Bank öz fəaliyyətində həmin pul vəsaitindən istifadə edərək mənfəət götürə bilərdi. Yuxarıda qeyd etdiklərinə əsasən, iddiaçı iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı LPO İddiaçı ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun etibarnamə üzrə səlahiyyətli nümayəndəsi X2 iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbini müdafiə etdiyini bildirdi və əlavə olaraq qeyd etdi ki, 15 sentyabr 2017-ci il tarixli 2221 nömrəli kredit müqaviləsinə əsasən Cavabdeh2 36 (otuz altı) ay müddətinə, illik 18 (on səkkiz) faiz dərəcəsi ilə 7980 (yeddi min doqquz yuz səksən) manat məbləğində kredit verilib. Cavabdeh tərəfindən ümüumi olaraq 3117 manat əsas borc üzrə ödəniş edilib. Sonuncu ödəniş xx.xx.2019-cu ildə olub. Həmin məbləğdən 124 manat əsas borca silinib. Rəylə bağlı bildirir ki, verilmiş rəylə tam razı deyil, rəydə bank tərfindən hesablanmış faiz borcu azaldılıb, lakin səbəbi göstərilməyib. Nümayəndə qərar qəbul edilərkən qeyd edilənlərin nəzərə alınmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada (SMS xəbərdarlığın AZEMİS vasitəsilə göndərilməsi barədə bildirişə əsasən) xəbərdar edilməsinə baxmayaraq iş üzrə cavabdehlər məhkəmə iclasına gəlməmişvə gəlməməsinin səbəbləri barədə məlumat verməmişdirlər. Azərbaycan Respublikası MPM-in 185.5-ci maddələrinə əsasən məhkəmə işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəfindən işin halları müəyyən edilərkən aşağıdakı sübutlara istinad edilmişdir: İş materiallarında olan 15 sentyabr 2017-ci il tarixli 2221 nömrəli kredit müqaviləsindən görünür ki, İddiaçı ASC tərəfindən Cavabdeh2 36 ay müddətinə, illik 18 faiz dərəcəsi ilə 7980 manat məbləğində kredit vermişdir. İş materiallarında olan 15 sentyabr 2017-ci il tarixli, 2221/1 saylı zaminlik müqaviləsindən görünür ki, Bank İddiaçı ASC ilə Cavabdeh2 oğlu arasında bağlanılmış 15 sentyabr 2017-ci il tarixli 2221 nömrəli kredit müqaviləsinin təminatı olaraq Cavabdeh1 ilə zaminlik müqaviləsi imzalanmışdır. İşdə olan xx.xx.2023-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh2 xx.xx.2023cü il tarixə İddiaçı ASC-yə 15 sentyabr 2017-ci il tarixli 2221 nömrəli kredit müqaviləsinə əsasən 4850.22 manat əsas, 2344.97 manat faiz borcu və kredit müqaviləsinin müddəti bitəndən sonra AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən illik 5%-lə hesablanmış 622.43 manat faiz borcu olmaqla, cəmi 7817.62 manat məbləğində borcu vardır. İşdə olan xx.xx.2022-ci il tarixli bildirişdən görünür ki, yaranmış borcunu ödəməyəcəyi təqdirdə Azərbaycan Respublikasının qanunlarının tələblərinə uyğun olaraq barəsində müvafiq tədbirlər görüləcəyi barədə cavabdehlərə yazılı bildiriş ünvanlanmışdır. İşdə olan xx.xx.2017-ci il tarixi kassa məxaric orderindən görünür ki, Cavabdeh2 7980 manat pul vəsaitini İddiaçı ASC-dən qəbul etmişdir. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2023-cü il tarixli 9/6977 saylı rəyindən görünür ki, İddiaçı ASC ilə Cavabdeh2 arasında bağlanmış 15 sentyabr 2017-ci il tarixli 2221 nömrəli kredit müqaviləsi üzrə Cavabdeh2 xx.xx.2020-ci il tarixə, hesablanan borc aşağıdakı kimi müəyyən edilir, o cümlədən: əsas borc üzrə 4970.42 manat, faiz borcu üzrə 1076.10 manat. Beləliklə, məhkəmə tərəfindən müəyyən edilmişdir ki, tərəflər arasında 15 sentyabr 2017-ci il tarixli 2221 nömrəli kredit kredit müqaviləsi bağlanmış, iddiaçı tərəf müqavilə üzrə üzərinə düşən öhdəliklərini yerinə yetirsə də, cavabdeh müqavilə üzrə öhdəliklərini lazımi qaydada yerinə yetirməmiş, nəticədə iddiaçıya borcu yaranmışdır. Hər kəs müqavilə bağlamaqda müstəqildir və müqavilə azadlığı mülki qanunvericiliyin əsas prinsiplərindən biridir (Mülki Məcəllənin 6-cı maddəsi). Həmin prinsip mülki hüquq subyektlərinə müstəqil olaraq, heç kəsin iradəsindən asılı olmadan öz mülahizə və istəklərinə görə mənafelərini nəzərə almaqla müqavilə bağlamaq imkanı verir. Mülki Məcəllənin “Müqavilə hüququ” adlanan 20-ci fəslinin məqsədi müqavilə hüquq münasibətlərinə girən tərəflərin sərbəst iradə ifadəsi və bərabərliyi prinsiplərinə riayət etməklə və onların müqavilə maraqlarını qorumaqla mülki dövriyyənin azadlığını təmin etməkdir. Borc müqaviləsinin anlayışına aydınlıq gətirən Mülki Məcəllənin 739.1-ci maddəsinə əsasən, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə görə isə borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Mülki Məcəllənin öhdəliklərin icra edilməməsi ilə əlaqədar yaranan münasibətləri tənzimləyən normalarına görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür (442). Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur (443.1). Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır və icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır (445.2.1). Mülki Məcəllənin 472.1-ci maddəsinə görə borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Əsas öhdəliyin icrasının təmin edilməsi üsullarından biri olan zaminlik münasibətləri Mülki Məcəllənin 470-477-ci maddələri ilə tənzimlənir. Mülki Məcəllənin 470.1-ci maddəsinə görə zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Kreditor və borclu arasında bağlanan müqavilədən irəli gələn öhdəliklərin icrasını təmin edən zaminlik müqaviləsi aksessor xarakter daşıyır. Zaminliyin aksessor xarakteri ondan ibarətdir ki, zaminlik müqaviləsi icra edilməyən və ya lazımınca icra edilməyən əsas öhdəliyin icrasını təmin etmək məqsədi ilə borclunun öhdəliyinə əlavə kimi çıxış edir. Mülki Məcəllənin zaminlik münasibətlərindən bəhs edən XXİV fəslinə aid 477-ci maddəsində zaminliyə xitam verilməsinin əsasları müəyyən olunmuşdur. 477.0.4-cü maddədə qeyd olunur ki, zaminliyə zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda, belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Nəzərə alınmalıdır ki, bu müddət kəsici müddətdir. Kəsici müddət dedikdə – şəxsin müəyyən zaman ərzində öz hüququndan istifadə etməməsi nəticəsində həmin hüquqa xitam verilməsini nəzərdə tutan müddət başa düşülür. Belə hallarda hüquqa xitam verilməsi yalnız zamanın keçməsindən deyil, müəyyənləşdirilmiş müddət ərzində hüquq sahibinin hərəkətsiz qalmasından irəli gəlir. Kəsici müddət subyektiv hüququn həyata keçirilməməsi və ya lazımi qaydada həyata keçirilməməsi halında bu hüququn vaxtından əvvəl xitamına səbəb olur. İddia müddəti cavabdehin verdiyi ərizə əsasında tətbiq edildiyi halda, kəsici müddət məhkəmənin öz təşəbbüsü ilə nəzərə alınır. Məhkəmə hesab edir ki, hazırki iş üzrə İddiaçı ASC ilə Cavabdeh1 arasında olan münasibətlər zaminlik müqaviləsi əsasında yaranmışdır. Bu halda həmin cavabdehə qarşı iddia ərizəsi kredit müqaviləsi üzrə öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində verilə bilərdi. İş materiallarından görünür ki, tərəflər arasında bağlanmış kredit müqaviləsinin müddəti xx.xx.2020-ci il tarixdə bitmiş, həmin vaxtdan keçən 1 il müddətində zaminə qarşı hər hansı iddia irəli sürülməmiş, hazırki iddia ərizəsi isə məhkəməyə xx.xx.2023-cü il tarixdə verilmişdir. Məhkəmə hesab edir ki, bu müddət bitdiyinə görə Cavabdeh1 zaminlik üzrə öhdəliyinə xitam verilmişdir. Yəni zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardığına görə, zaminliyə xitam verilməsi kimi hüquqi nəticə yaranmışdır. Bu hal isə zaminə qarşı iddia tələbinin rədd olunması üçün müstəqil əsasdır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi Cavabdeh1 münasibətdə təmin edilməməlidir. Cavabdeh2 münasibətdə isə məhkəmə qeyd edir ki, iddiaçı iddia ərizəsində cavabdehdən 4850.22 manat əsas, 2344.97 manat faiz borcunun tutulmasını xahiş etsə də, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2023-cü il tarixli 9/6977 saylı rəyi ilə tərəflər arasında bağlanmış kredit müqaviləsi üzrə cavabdehin 4970.42 manat əsas, 1076.10 manat faiz borcunun olduğu müəyyən edilmişdir. Mülki Prosessual Məcəllənin 218.3-cü maddəsinə görə hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Azərbaycan Respublikası MPM-nin 206-cı maddəsinə əsasən ekspertin rəyi məhkəmə iclasında tədqiq edilir və digər sübutlarla birgə qiymətləndirilir və onun məhkəmə üçün qabaqcadan heç bir qüvvəsi yoxdur. Həmin Məcəllənin 103-cü maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir (103.1). Məhkəmə qeyd edir ki, ekspert rəyi məhkəmə üçün məcburi və qabaqcadan heç bir qüvvəsi olmamaqla onun mötəbərliyinə inam kifayət qədər yüksəkdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, tərəflər arasında bağlanmış kredit müqaviləsi üzrə 4850.22 manat əsas, 1076.10 manat faiz borcu Cavabdeh2 iddiaçının xeyrinə tutulmalıdır. Məhkəmə hesab edir ki, iddia tələbi müqavilə müddəti bitdikdən sonra əsas borca illik 5% hesablanmış 622.43 manat borcun cavabdehlərdən tutulması hissəsində təmin edilməməlidir. Belə ki, Konstitusiya Məhkəməsınin 24 dekabr 2014-cü il tarixli Qərarındakı hüquqi mövqeyə görə, banklar əsasən bağladıqları kredit müqavilələri ilə faizlər əldə etmək üçün fəaliyyət göstərirlər və nəticə etibarilə verilən əsas borcla yanaşı, kredit müqaviləsində nəzərdə tutulan faizlərin əldə edilməməsi bankları ödənilməyən bu məbləği dəyərləndirmək imkanlarından məhrum edir. Buna görə də, kredit borcunu vaxtında ödəməməklə borclu kreditora faktiki olaraq əldən çıxmış fayda şəklində zərər vurmuş olur. Bununla yanaşı, icranın gecikdirilməsi zamanı qanunla nəzərdə tutulmuş minimal faizlərin ödənilməsi imkanı MM-in 445.7-ci maddəsindən irəli gəlir. Həmin normada pul öhdəliklərinin spesifik xüsusiyyətləri nəzərə alınmaqla, pul məbləğinin ödənilməsinin gecikdirilməsinin xüsusi hüquqi nəticələri müəyyən edilmişdir. Göstərilən maddənin tələblərinə görə, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Lakin bu müddəa kreditorun hər hansı digər əsaslar üzrə borcludan daha böyük məbləğ tələb etmək hüququnu istisna etmir. Belə nəticə MM-in 445.7, 443.1 və 443.2-ci maddələrinin əlaqəli şəkildə təhlilindən irəli gəlir. Beləliklə, kreditorun kredit müqaviləsi üzrə öhdəliklərin icrasının gecikdirilməsi nəticəsində müqavilə əsasında ödənilməli olan vəsaitin (əsas borcun tam və ya müvafiq hissəsinin, hesablanmış faizlərin) yenidən istifadə oluna bilməməsi ilə bağlı dəymiş zərərin əvəzinin ödənilməsini tələb etmək hüququ MM-in 21.2, 443.1 və 443.2ci maddələrinin tələblərindən irəli gəlir. “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə görə, Bank fiziki və hüquqi şəxslərdən depozitlərin və ya digər qaytarılan vəsaitlərin cəlb edilməsi, öz adından və öz hesabına kreditlərin verilməsini, habelə müştərilərin tapşırığı ilə köçürmə və hesablaşma-kassa əməliyyatlarını məcmu halda həyata keçirən hüquqi şəxsdir. İş materiallarından görünür ki, İddiaçı ASC-nin fəaliyyəti xx.xx.2020-cı il tarixindən dayandırılmış, cavabdehlə bağlanan kredit müqavilənin müddəti isə xx.xx.2020-cı il tarixdə bitmişdir. Başqa sözlə, iddiaçı bank 2020-cı il tarixindən iflas prosesində olmaqla kommersiya fəaliyyəti ilə məşğul ola və kredit müqaviləsi ilə verdiyi krediti dövriyyəyə buraxa, yeni kredit müqaviləsi üzrə gəlir əldə edə bilməzdi. Bu səbəbdən məhkəmə hesab edir ki, iddiaçının aktiv kommersiya fəaliyyəti ilə məşğul olmadığı dövr üçün faiz borcunu (illik 5%) tələb etməsi əsassızdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə dövlət rüsumu ilə bağlı hesab edir ki, iddia tələbi qismən təmin edildiyindən (təxminən 76% hissədə) iddiaçı tərəfindən ödənilən 98.18 manat dövlət rusumunun 75 manat hissəsi cavabdehdən tutularaq iddiaçıya ödənilməli, 23.18 manat hissəsi isə iddiaçıya aid edilməlidir. İş materiallarında olan ekspertiza xərcinə dair bildirişdən görünür ki, hazırki iş üzrə ekspertiza xərci 100 manat təşkil etmişdir. İddia qismən (təxminən 76% hissədə) təmin edildiyindən məhkəmə hesab edir ki, iş üzrə keçirilmiş ekspertiza xərcinin 76 manat hissəsi cavabdehə, 24 manat hissəsi isə iddiaçıya aid edilməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh2 15 sentyabr 2017-ci il tarixli 2221 nömrəli kredit müqaviləsi üzrə 4850,22 (dörd min səkkiz yüz əlli manat iyirmi iki qəpik) manat əsas, 1076,10 (bir min yetmiş altı manat on qəpik) manat faiz borcu olmaqla, cəmi 5926,32 (beş min doqquz iyirmi altı manat otuz iki qəpik) və iş üzrə ödənilmiş dövlət rüsumunun 75 (yetmiş beş) manat hissəsi tutularaq ləğv prosesində olan İddiaçı ASC-yə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. İş üzrə təyin edilmiş məhkəmə mühasibatlıq ekspertizasının xərci olaraq Cavabdeh2 76 (yetmiş altı) manat, iddiaçı ləğv prosesində olan İddiaçı ASC-dən 24 (iyirmi dörd) manat məbləğində pul vəsaiti tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin AZ41NABZ******************** saylı bank hesabına köçürülsün. Qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Günel Tanrıverdiyeva
Məhkəmə qərarları › İş №e-2(060)-4438/2023
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(060)-4438/2023
27.11.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver