Məhkəmə qərarları › İş №e-2(060)-4443/2025

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(060)-4443/2025

19.08.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2(060)-4443/2025 19.08.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Giriş hissə: Hakim Həxiyeva Şəbnəm Səlim qızının sədrliyi, Rüstəmzadə Leyla Cəfər qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil, Cavabdeh iştirakları ilə İddiaçı Cavabdeh qarşı "pul tələbi"nə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə:

1. İddiaçı Cavabdeh qarşı "pul tələbi"nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı Cavabdeh uzun illərdir ki yaxından tanıyır. Cavabdeh iş qurmaq (biznes) məqsədi ilə pula ehtiyacı olduğunu iddiaçıya bildirərək ondan 42.500 manat məbləğində borc istəmişdir. Öz növbəsində iddiaçı cavabdehi uzun illər tanıdığı üçün sözügedən məbləğdə pulu borc şəklində cavabdehə verəcəyini bildirmişdir. Bununla əlaqədar olaraq Sumqayıt şəhəri 4 saylı notariat ofisində iddiaçı ilə cavabdeh arasında 3M-1546 (reyestr nömrəsi) nömrəli, xx.xx.2021-ci il tarixli borc müqaviləsi bağlanmışdır. Həmin müqavilənin 1-ci bəndlərinə əsasən, iddiaçı, yəni “Borc verən” cavabdehə, yəni “Borc alana” 42.500 manat məbləğində borc pul vermiş, həmin müqavilənin 2-ci bəndinə əsasən “Borc alan” borcu xx.xx.2022-ci il tarixədək “Borc verənə” qaytarmağı öhdəsinə götürmüşdür. Beləliklə, cavabdeh bu günə kimi iddiaçıya borc məbləğindən heç bir ödəniş etməmişdir. Bununla da, notarial qaydada bağlanmış 3M- 1546 (reyestr nömrəsi) nömrəli, xx.xx.2021-ci il tarixli borc müqaviləsinin 2-ci bəndinin şərtlərini pozmuş, üzərinə götürdüyü öhdəlikləri tam və vaxtında icra etməmişdir. Həmçinin, sözügedən borc pul məbləğinin qaytarılması tələbi ilə iddiaçı tərəfindən cavabdehə telefon danışığı ilə çoxsaylı şifahi xəbərdarlıqlar edilmişdir. Lakin bu günə kimi cavabdeh müxtəlif bəhanələrlə iddiaçıdan aldığı borc pul məbləğini qaytarmaqdan boyun qaçırmışdır. Göstərilənlərə əsasən İddiaçı ilə Cavabdeh arasında notarial qaydada bağlanmış 3M-1546 (reyestr nömrəsi) nömrəli, xx.xx.2021-ci il tarixli kredit (borc) müqaviləsi üzrə 42.500 manat məbləğində pulun, eyni zamanda, 219 manat ödənilmiş dövlət rüsumunun, ümumillikdə 42.719 manat pul məbləğinin cavabdehdən tutularaq iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsi məhkəmədən xahiş edilmişdir.

a) Məhkəmə icraatı iştirakçılarının izahatları:

3. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili Vəkil iddia tələbini müdafiə edərək, tələbin təmin edilməsini məhkəmədən xahiş etmişdir.

4. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qismən qəbul edərək, borcun yarısının ödənilməsinə razı olduğunu bildirmişdir.

5. Məhkəmə, proses iştirakçılarının izahatlarını dinləyib, mülki işin materiallarını araşdıraraq, məhkəmə baxışı zamanı tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir.

Əsaslandırıcı hissə: a) Mülki işin materialları

6. İş materiallarında olan İddiaçı ilə Cavabdeh arasında bağlanmış Sumqayıt şəhər 4 saylı notariat ofisinin xüsusi notariusu C.Q.Rüstəmov tərəfindən təsdiq edilmiş 24 dekabr 2021-ci il tarixli kredit müqaviləsinə əsasən Mahmudov X1 Fuad İsa oğluna 42500 manat məbləğində borca pul vermişdir.

7. Həmin müqavilənin 2-ci bəndinə əsasən “borc alan” krediti xx.xx.2022-ci il tarixədək qaytarmağı öhdəsinə götürmüşdür.

b) Məhkəmə tərəfindən müəyyən edilən hallar:

8. Beləliklə, məhkəmə iclasında müəyyən olundu ki, İddiaçı Cavabdeh 42500 manat məbləğində pul vermiş, lakin cavabdeh iddiaçı qarşısında öz öhdəliklərini yerinə yetirməmişdir. Nəticədə cavabdeh iddiaçı qarşısında icra edilməmiş pul öhdəliyi yaranmışdır. Hazırda iddiaçı borcun qaytarılmasını tələb edir, cavabdeh də borcu qismən qəbul edir.

c) Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə:

9. Məhkəmə iddianın hüquqi əsaslılığı ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 324.1-ci maddəsinə görə əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir.

10. Həmin Məcəllənin 324.2-ci maddəsinə görə əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər.

11. Qeyd olunan Məcəllənin 331.1-ci maddəsinə əsasən yazılı əqd onun məzmununu ifadə edən və əqdi bağlayan şəxs və ya şəxslər və ya onların lazımınca vəkil etdikləri şəxslər tərəfindən imzalanmış sənədin tərtibi yolu ilə bağlanmalıdır.

12. Eyni Məcəllənin 739.1-ci maddəsində göstərilmişdir ki, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür.

13. Həmin Məcəllənin 740.1-ci maddəsinə əsasən borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır.

14. Göstərilən Məcəllənin 740.2-ci maddəsinə əsasən borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır.

15. Eyni Məcəllənin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

16. Qeyd olunan Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

17. Bundan əlavə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

18. İş materiallarında olan qəbzdən göründüyü kimi, iddiaçı tərəfindən dövlət büdcəsinə iddianın verilməsinə görə 219 manat məbləğində dövlət rüsumu ödənilmişdir.

19. Belə olan halda, iddia tələbi təmin edildiyindən, iddiaçı tərəfindən dövlət büdcəsinə iddianın verilməsinə görə 219 manat məbləğində pul da cavabdehə aid edilməlidir.

20. Beləliklə məhkəmə hesab edir ki, iddia ərizəsi təmin olunmalı, Cavabdeh 42500 (qırx iki min beş yüz) manat məbləğində pul, habelə 219 (iki yüz on doqquz) manat məbləğində ödənilmiş dövlət rüsumunun əvəzi alınaraq İddiaçı ödənilməlidir.

21. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

22. Həmin Məcəllənin 76.1-ci və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.

23. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.

24. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

25. Qeyd olunan Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

26. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

Nəticə hissəsi:

27. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh 42500 (qırx iki min beş yüz) manat məbləğində pul, habelə 219 (iki yüz on doqquz) manat məbləğində ödənilmiş dövlət rüsumunun əvəzi alınaraq İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Sədrlik edən Şəbnəm Həxiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar