Məhkəmə qərarları › İş №e-2(060)-4453/2022

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(060)-4453/2022

15.08.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2(060)-4453/2022 15.08.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Tanrıverdiyeva Günel Cəbrayıl qızının sədrliyi, Əsədli İlahə Yusif qızının katibliyi, İddiaçı etibarnamə üzrə səlahiyyətli nümayəndəsi Vəkil, Cavabdeh iştirakı ilə İddiaçı Cavabdeh qarşı alimentin məbləğinin artırılması tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı alimentin məbləğinin artırılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2021-cı il tarixli, 2(060)- 5429/2021 saylı qətnaməsi ilə müəyyən edilmiş 150 (bir yüz əlli) manat məbləğində alimentin miqdarını dəyişərək Cavabdeh xx.xx.2013-cü il təvəllüdlü X1 üçün hər ay, sabit pul məbləğində 193 (bir yüz doxsan üç) manat, uşağın təhsili, müayinə və müalicəsi üçün əlavə olaraq 57 (əlli yeddi) manat, ümumlikdə 250 (iki yüz əlli) manat miqdarında alimentin, vəkillə müqavilənin bağlanılmasına görə ödənilmiş 110 manatın və mediasiya üçün ödənilən 50 manat rüsumun, cəmi 160 manat pulun Cavabdeh alınaraq İddiaçı ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2(060)-149/2016 saylı qətnaməsi ilə onunla Cavabdeh arasında xx.xx.2012-ci il tarixdə bağlanmış nikah pozulmuş, nikah pozulduqdan sonra birgə nikahdan doğulmuş xx.xx.2013-cü il təvəllüdlü X6 onun himayəsinə verilmiş və Cavabdeh uşaq yetkinlik yaşına çatana kimi xx.xx.2015-ci il tarixdən başlayaraq hər ay 108 (bir yüz səkkiz) manat olmaqla sabit pul məbləğində alimentin tutularaq ona verilməsi qət edilmişdir. Uşağın saxlanması, müalicəsi və təhsili üçün xeyli xərclər tələb olunur və qətnamə ilə müəyyən olunmuş 108 manat həmin xərcləri ödəmədiyindən alimentin artırılması barədə 2021-ci ilin may ayında Sumqayıt Şəhər Məhkəməsinə iddia ərizəsi ilə müraciət olunmuşdur. Həmin vaxt “Azərbaycan Respublikasında 2021-ci il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının xx.xx.2020-ci il tarixli Qanununa əsasən 2021-ci ildə uşaqlar üçün yaşayış minimumu 175 manat məbləğində müəyyən edilmişdir. Lakin məhkəmə cavabdehin heç yerdə işləməməsi barədə izahatını əsas gətirərək iddia tələbini tam təmin etməmiş, alimentin miqdarını dəyişərək 150 (yüz əlli) manat müəyyən etmişdir. Maraqlıdır ki, cavabdehin heç yerdə işləməməsi barədə izahatı əsas götürən məhkəmə özü öz qətnaməsində “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2016-cı il tarixli Qərarına istinad edərək göstərmişdir ki, aliment ödəyən valideynin rəsmi olaraq heç yerdə işləməməsi və ya qazanca malik olmaması onu uşağı saxlamaq və maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Ardınca isə məhkəmə qətnamədə yuxarıda qeyd edilən yaşayış minimumu haqqında qanuna istinad edərək bildirir ki, alimentin minimum məbləği ölkə qanunverciliyinə əsasən 175 (yüz yetmiş beş) manatdır. Hələ ilk qətnamə qüvvədə olan vaxt borclunun xeyli miqdarda aliment borcu yaranmışdı. İşə məhkəmədə baxılan vaxt borclu ilə şifahi razılaşma əsasında aylıq olaraq 200 manat ödənilməsi barədə razılığa gəlinmişdir. Xeyli muddət bu məbləğlə ödəniş həyata keçirilmişdir. Cavabdehin rəsmi iş yeri olmasa da müəyyən gəlirləri var və ödəmə qabiliyyətinə malikdir (hesabdan çıxarışın surəti əlavə olunur). Alimentin artırılması barədə sonuncu xx.xx.2021-ci il tarixli, 2(060)-5429/2021 saylı qətnamə alındıqdan sonra ondan apellyasiya şikayəti verilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsi ilə şikayət təmin edilməmiş, qətnamə qəbul edildiyi andan qüvvəyə minmiş, artırılmış aliment həmin vaxtdan hesablanmağa başlamışdır. Lakin bu qərardan sonra borclu hələ də aliment borcu olmasına baxmayaraq aylıq ödədiyi 200 manat həcmində ödənişi 150 manata endirmişdir. Məlum olduğu kimi pandemiya və iqtisadi böhran nəticəsində uşaqların saxlanması, təlim-tərbiyəsi üçün 175 manat kifayət etmir. Baxmayaraq ki, məhkəmələr bu məbləği heç bir əsas olmadan 150 manat müəyyən etmişdi. Dövlətin daimi qayğısı nəticəsində hər il bu tipli gəlirlər artırılır, əhalinin, eləcə də uşaqların sosial müdafiəsini gücləndirmək üçün addımlar atılır. Onlardan biri Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən qəbul edilən “Azərbaycan Respublikasında 2022-ci il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanunudur. Həmin Qanuna əsasən 2022-ci il üçün yaşayış minimumu ölkə üzrə 210 manat, əmək qabiliyyətli əhali üçün 220 manat, pensiyaçılar üçün 176 manat, uşaqlar üçün 193 manat məbləğində müəyyən edilmişdir. Qanun ölkə başçısı, cənab İlham Əliyev tərəfindən imzalanmış və 2022-ci ilin yanvarın 1-dən qüvvəyə minmişdir. Dövlət başçının iradəsi ilə qəbul edilən bu tipli normativ hüquqi aktların məhkəmələr tərəfindən bəzi hallarda nəzərə alınmaması təəssüf doğurur. Qeyd edildiyi kimi uşağın saxlanması və müvafiq xərclərin ödənilməsi üçün yenidən alimentin artırılması üçün məhkəməyə müraciət edir. Eyni zamanda bildirir ki, X6 məktəblidir onun saxlanması ilə yanaşı təhsilinə də müəyyən qədər əlavə vəsaitin ayrılmasına ehtiyac vardır. Minimum olaraq 193 manat alimentin ödənilməsi ilə yanaşı uşağın mənafeyi nəzərə alınmaqla təhsilə və digər xərclərə görə məhkəmədən əlavə 57 manat, ümumilikdə 250 manat miqdarında alimentin tutulmasını xahiş edir. Bundan başqa “Mediasiya haqqında” Azərbycan Respublikası Qanununun tələbləri nəzərə alınmaqla cavabdehə mediasiya təklifi göndərilmiş, bundan sonra müvafiq ərizə ilə 6 saylı Mediasiya təşkilatına müraciət olunmuşdur. xx.xx.2022-ci il tarixdə həmin təşkilat tərəfindən təyin olunan ssesiyada ona bildiriş göndərilməsinə baxmayaraq iştirak etməmişdir. Mediasiya iclasında iştirak etmiş və həmin qurumdan alınan arayışı iddia ərizəsinə əlavə etmişdir. Mediasiyada iştirakla bağlı tərəfindən 50 manat rüsum ödənilmişdir. Eyni zamanda X2 ilə vəkil müqaviləsi bağlanılmış və 110 manat müqavilə xərci Vəkil Bürosuna ödənilmişdir. Həm mediasiya üçün ödənilən 50 manat, həm də vəkillə bağlanan müqavilə xərci olan 110 manat, cəmi 160 manat ödənilən rüsumların da cavabdehdən tutulmasına ehtiyac vardır. (Ödəniş qəbzlərinin surəti əlavə olunur). İddiaçı qeyd etdiklərinə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı etibarnamə üzrə səlahiyyətli nümayəndəsi Vəkil iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbini müdafiə etdiyini bildirdi və əlavə olaraq qeyd etdi ki, 2022-ci il üçün yaşayış minumumu ölkə üzrə uşaqlar üçün 193 manat məbləğində müəyyən edilmişdir. Qeyd edilənlərə əsasən nümayəndə iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbinə etiraz edərək bildirdi ki, 2013-cü ildə məhkum olunmuş və bununla əlaqədar hazırda heç bir yerdə işə düzələ bilmir. O, rəsmi olaraq heç bir yerdə işləmir. 2021-ci ildə qəbul edilən qətnamədən iddiaçı apellyasiya şikayəti versə də, şikayəti təmin olunmamışdır. Həmin qətnaməyə əsasən o, uşağının saxlanması üçün 150 manat məbləğində aliment ödəməlidir. Lakin aliment borcu da olduğundan hər ay 200 manat ödəyir. Himayəsində xəstə ana-atası var. Onu da qeyd edir ki, yenidən ailə qurmuşdur və övladı olacaq. Hazırda taksi sürücüsü kimi fəaliyyət göstərir. Maddi vəziyyəti yaxşılaşan kimi, əlavə olaraq 50-100 manat ödəmək niyyətindədir. Cavabdeh qərar qəbul edilərkən qeyd etdiklərinin nəzərə alınmasını məhkəmədən xahiş etdi. Məhkəmə tərəfindən işin halları müəyyən edilərkən aşağıdakı sübutlara istinad olunmuşdur. İş materiallarında olan AZ İ-241823 nömrəli nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh ilə X5 arasında olan nikah ləğv edilmiş və bu bu barədə nikahın ləğv edilməsi haqqında akt qeydləri kitabında xx.xx.2016-cı ildə 143 nömrə ilə qeyd edilmişdir. Tərəflərin birgə nikahından xx.xx.2013-cü il təvəllüdlü X6 adlı bir övladları doğulmuşdur. (İş materiallarına əlavə olunmuş AZ-İİİ 098943 nömrəli doğum haqqında şəhadətnamənin surətinə əsasən) İşdə olan ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə xx.xx.2022-ci il tarixli arayışdan görünür ki, ilkin məcburi mediasiya sessiyası üçün 50 (əlli) manat məbləğində mediasiya xərci İddiaçı etibarnamə üzrə səlahiyyətli nümayəndəsi Vəkil tərəfindən ödənilmişdir. İş materiallarında olan Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(060)- 5429/2021 saylı qətnaməsindən görünür ki, həmin qətnamə ilə X3 Cavabdeh qarşı alimentin məbləğinin artırılması barədə iddiası qismən təmin edilmiş, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-149/2016 saylı 17 fevral 2016-cı il tarixli qətnaməsinə əsasən müəyyən ediimiş alimentin miqdarı dəyişdirilərək xx.xx.2013-cü il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay 150 (bir yüz əlli) manat sabit pul məbləğində alimentin tutularaq İddiaçı verilməsi qət edilmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin: - 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. - 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 19-cu maddəsinə əsasən uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifəsidir. Göründüyü kimi, qanunverici uşaqların saxlanmasını, onların maddi-məişət tələbatının ödənilməsini uşaqla birgə yaşayıb-yaşamamasından asılı olmayaraq uşağın hər iki valideyninin üzərinə bir vəzifə olaraq qoymuşdur. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016-cı il tarixli qərarında göstərilmişdir ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır (“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi). Nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyndən tutulmasına əsas verir. Aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir. «Azərbaycan Respublikasında 2022-ci il üçün yaşayış minumumu haqqında» Qanunun 1-ci bəndinə əsasən, 2022-ci il üçün yaşayış minimumu uşaqlar üçün 193 manat məbləğində müəyən edilmişdir. Məhkəmə qeyd edir ki, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(060)- 5429/2021 saylı qətnaməsi ilə alimentin miqdarı müəyyən edildikdən sonra, yaşayış minimumu haqqında qanunvericiliyin tələbləri dəyişmiş və uşaqların saxlanılması üçün tələb olunan məbləğ artmışdır. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(060)-5429/2021 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı dəyişdirilərək, hal-hazırda qüvvədə olan yaşayış minumumuna uyğun olaraq 193 manat məbləğində müəyyən edilməlidir. Məhkəmə onu da qeyd edir ki, cavabdeh yenidən ailə qurduğunu və tezliklə daha bir övladının olacağını bildirsə də, məhkəməyə bununla bağlı hər hansı sübut təqdim etməmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə görə aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun yuxarıda qeyd edilən qərarında həmçinin göstərilmişdir ki, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Bu səbəbdən məhkəmə hesab edir ki, hazırki iş üzrə alimentin artırılmış məbləğinin tutulmasının əvvəli qətnamə qanuni qüvvəsini aldığı gündən hesablanmalıdır. Məhkəmə onu da qeyd edir ki, iddiaçı övladı X4 təhsili və digər xərcləri üçün əlavə olaraq 57 manat məbləğində pul tutulmasını xahiş etsə də, tələbini əsaslandırdığı hallar barədə məhkəməyə hər hansı sübut təqdim etməmişdir. Bu səbəbdən məhkəmə hesab edir ki, iddia tələbi həmin hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-1-ci maddəsinə görə “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir. “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununun 36.5-ci maddəsinə əsasən “mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. İş materiallarında olan ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə xx.xx.2022-ci il tarixli arayışdan görünür ki, İddiaçı nümayəndəsi Vəkil ilkin mediasiya sessiyasında iştirak etmiş və ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı 50 manat məbləğində mediasiya xərci ödəmişdir. Cavabdeh ilkin mediasiya sessiyasında iştirak etməmişdir. Məhkəmə hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş mediasiya xərci (50 manat) Cavabdeh tutularaq İddiaçı ödənilməlidir. Azərbaycan Respublikası MPM-in 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. İş materillarına əlavə edilmiş 1539 nömrəli, 01 iyun 2022-ci il tarixli arayışdan görünür ki, Bakı şəhəri 14 saylı Vəkil Bürosunun hesabına 110 manat pul köçürülmüşdür. Məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən (təxminən 75% hissədə) vəkilə hüquqi yardıma görə ödənilən xərclərə görə cavabdehdən 83 manat məbləğində pul vəsaiti tutularaq iddiaçıya verilməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında təqdim olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutub, məhkəmə qət etdi: İddia tələbi qismən təmin edilsin. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(060)-5429/2021 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı dəyişdirilərək xx.xx.2013-cü il təvəllüdlü X4 yetkinlik yaşına çatana qədər saxlanması üçün Cavabdeh hər ay 193 (bir yüz doxsan üç) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilsin. Miqdarı dəyişdirilmiş alimentin tutulması qətnamə qanuni qüvvəyə mindiyi gündən hesablansın. Cavabdeh 50 (əlli) manat mediasiya xərci və hüquqi yardıma görə ödənilən xərclərə görə 83 (səksən üç) manat tutularaq İddiaçı ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Günel Tanrıverdiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar