Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2(060)-4474/2024 03.09.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hüseynov Elmir Xoşbəxt oğlunun sədrliyi, Bəhramlı Ümid Fəxri oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı alimentin artırılması, uşağın xəstəliyinə görə əlavə xərclərə cəlb olunma, tələbinə dair iddia ərizəsi üzrə mülki işə Sumqayıt Şəhər Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, Sumqayıt şəhər məhkəməsinin 2(060)-527/2022 saylı xx.xx.2022-ci il tarixli qətnaməsi ilə müəyyən olunmuş alimentin miqdarını dəyişərək, birgə nikahdan olan xx.xx.2018-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay cavabdehdən 235 manat sabit pul məbləğində alimentin tutulub iddiaçıya verilməsi, birgə nikahdan olan xx.xx.2018-ci il təvəllüdlü X3 nitq qüsurlu olması ilə əlaqədar olaraq ödədiyi 3140 manat pulun yarısının yəni, 1570 manat məbləğində pulun cavabdehdən alınıb iddiaçıya verilməsi, xx.xx.2018-ci il təvəllüdlü X3 nitq qüsurlu olması ilə əlaqədar olaraq ödəniləcək 200 manat pulun yarısının, yəni, 100 manat pulun hər ay cavabdehdən tutulub iddiaçıya verilməsi, həmçinin mediasiya üçün ödənilmiş 60 manat rüsumu və hüququ xidmət üçün vəkilə ödənilmiş 300 manatın cavabdehə aid edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı Cavabdeh ilə 2011-ci ildə faktiki nikah münasibtlərinə daxil olmaqla ailə həyatı qurmuşdur. Onların xx.xx.2018-ci il təvəllüdlü X4 adlı bir övladı var. Sumqayıt şəhər məhkəməsinin 2(060)-527/2022 saylı xx.xx.2022-ci il tarixli qətnaməsi ilə xx.xx.2021-ci il tarixdən başlayaraq xx.xx.2018-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay sabit pul məbləğində 190 manat alimentin cavabdehdən tutulub iddiaçıya verilməsi qət edilmişdir. Hazırda o, 190 manat aliment alır. Həmin məbləğlə övladını saxlamaqda çətinlik çəkir. Həmçinin övladı nitq qüsurludur. Bunun üçün övladını xx.xx.2022-ci ildən “PEARL” Psixologiya Mərkəzində logoped yanına aparır. xx.xx.2022-ci ildən xx.xx.2023-cü ilə kimi hər ay 130 manat, xx.xx.2024-cü ildən bu günə kimi isə hər ay 200 manat olmaqla övladına görə “PEARL” Psixologiya Mərkəzinə pul ödəyir. Bu günə kimi 3140 manat ödəmişdir. İddiaçı hesab edir ki, həmin məbləğin yarısı 1570 manat pul cavabdehdən alınıb iddiaçıya verilməlidir. Hazırda iddiaçı övladının yemək xərcini və əlavə xərclərini qarşılamaqda çətinlik çəkir. Hər ay 200 manat “PEARL” Psixologiya Mərkəzində logopedə pul ödəyir.İddiaçı hesab edir ki, alimentin məbləği artırılaraq 235 manat müəyyən olunmalıdır. Həmçinin uşağın nitq qüsurlu olması ilə əlaqədar olaraq ödədiyi 3140 manat pulun yarısı 1570 manat pul və hər ay uşağın nitq qüsurlu olması ilə əlaqədar olaraq ödəməli olduğu 200 manat pulun yarısı yəni 100 manat pul cavabdehdən alınıb iddiaçıya verilməlidir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia tələbini müdafiə edərək, tələbinin təmin edilməsi barədə qətnamə qət edilməsini xahiş etdi. Məhkəmə iclasında cavabdeh iddia tələbini qəbul etməyərək, tələbin rədd edilməsini xahiş etmişdir. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdıraraq və iş üzrə sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan: - Sumqayıt şəhər məhkəməsinin 2(060)-527/2022 saylı xx.xx.2022-ci il tarixli qətnaməsinə əsasən, xx.xx.2021-ci il tarixdən etibarən xx.xx.2018-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatana qədər saxlanması üçün hər ay sabit pul məbləğində 190 manat miqdarında aliment Cavabdeh tutularaq İddiaçı verilməsi, ödənilmiş 50 manat məbləğində mediasiya xərci Cavabdeh tutularaq İddiaçı verilməsi, iddianın verilməsinə görə 42.8 manat dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməsi qət edilmişdir. - MŞS/MT030/2024-00911 saylı, xx.xx.2024-cü il tarixli ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, iddiaçının nümayəndəsi və vəkili Vəkil ilkin mediasiya sessiyasında iştirak etmişdir. İlkin medisiya sessiyasının keçirilməsi ilə bağlı 60 manat mediasiyaya dair xərci İddiaçı ödəmişdir. - İcbari Tibbi Sığorta üzrə X2 xidməti ilə bağlı çıxarışdan görünür ki, 2.2.63 sıra nömrəsi ilə uşaq nevroloji reabilitasiya xidməti (1 gün) 25 manat, 2.2.64 sıra nömrəsi ilə uşaq nevroloji reabilitasiya xidməti (15 gün) 260 manat, 2.2.65 nömrəsi ilə uşaq nevroloji reabilitasiya xidməti (30 gün) 525 manat dəyəri ilə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi tərəfindən sığortalanmışdır. Beləliklə məhkəmə araşdırması zamanı müəyyən olundu ki, İddiaçı Cavabdeh ilə 2011ci ildə ailə həyatı qurmuşdurlar. Onların xx.xx.2018-ci il təvəllüdlü X4 adlı bir övladı var. Sumqayıt şəhər məhkəməsinin 2(060)-527/2022 saylı xx.xx.2022-ci il tarixli qətnaməsi ilə xx.xx.2021-ci il tarixdən başlayaraq xx.xx.2018-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay sabit pul məbləğində 190 manat aliment cavabdehdən tutulub iddiaçıya verilməsi qət edilmişdir. Həmin məbləğlə övladını saxlamaqda çətinlik çəkir. Həmçinin övladı nitq qüsurludur. Bunun üçün övladını xx.xx.2022-ci ildən “PEARL” Psixologiya Mərkəzində logoped yanına aparır. Odur ki, hazırki iddia ilə məhkəməyə müraciət edir. İddiaçı iddia tələbini müdafiə edir, cavabdeh iddia tələbini qəbul etmir. Azərbaycan Respublikasının Konstitusiyasının 34-cü maddəsinin İV bəndinə əsasən uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 75.1. və 75.4. maddələrinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. 78.1. Valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. İşin məhkəmə iclasında araşdırılan hallarına əsasən Sumqayıt şəhər məhkəməsinin 2(060)-527/2022 saylı xx.xx.2022-ci il tarixli qətnaməsinə əsasən, müəyyən olunmuş aliment miqdarı hazırda xx.xx.2018-ci il təvəllüdlü X1 üçün kifayət etmir. Belə ki, onun böyüməsi ilə əlaqədar maddi tələbatları getdikcə artır, iddiaçı isə, övladının saxlanılmasında maddi baxımdan çətinlik çəkir. Bu halda məhkəmə hesab edir ki, iddiaçının marağı əhəmiyyətli dərəcədə pozulur. “Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanununun 1-ci maddəsinə əsasən yaşayış minimumu uşaqlar üçün 235 manat məbləğində müəyyən edilmişdir. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə görə, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. “Uşaq hüquqları haqqında” Konvensiyanın 27-ci maddəsinə görə, hər bir uşaq özünün fiziki, əqli, mənəvi, əxlaqi və sosial inkişafı üçün lazımi həyat səviyyəsi hüququna malikdir. Lazımi həyat səviyyəsinin təmin edilməsi üçün əsas məsuliyyəti valideynlər daşıyır. “Uşaq hüquqları haqqında” Konvensiyanın 5-ci maddəsinə əsasən, dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Məhkəmə, qanunun qeyd edilən tələblərini rəhbər tutub məhkəmə iclasında tədqiq edilən sübutları qiymətləndirərək, yetkinlik yaşına çatmayan uşaqların mənafeyini, həmçinin onun əvvəlki təminat səviyyəsinin mümkün qədər maksimal saxlanmasının zəruriliyini, eləcə də, tərəflərin diqqətəlayiq maraqlarını nəzərə alaraq, məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Sumqayıt şəhər məhkəməsinin 2(060)-527/2022 saylı xx.xx.2022-ci il tarixli qətnaməsi ilə cavabdehdən tutulan alimentin miqdarı dəyişdirilməli, xx.xx.2018-ci il təvəllüdlü X3 yetkinlik yaşlarına çatana qədər saxlanılması üçün Cavabdeh hər ay 235 manat sabit pul məbləğində aliment tutularaq İddiaçı verilməlidir. Ailə Məcəlləsinin 81-ci maddəsində valideynlərin uşaqlara görə əlavə xərclərdə iştirakı nəzərdə tutulur. Həmin Məcəllənin 81.1-ci maddəsinə əsasən alimentin tutulması barədə saziş olmadıqda və ya sazişdə müstəsna hallarla (ağır xəstə, şikəst olan uşaqlara, habelə əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlara göstərilən kənar xidmətin haqqının ödənilməsi ilə əlaqədar və s.) bağlı yaranmış xərclərin ödənilməsi qaydası müəyyən edilməmişsə, valideynlərdən hər biri məhkəmə tərəfindən əlavə xərclərin ödənilməsinə cəlb oluna bilər. Qeyd olunan maddədə valideynlərin aliment öhdəlikləri ilə əlavə xərclərdə iştirakları fərqləndirilir. Aliment öhdəliklərinin əsasını valideynlərin öz uşaqlarını saxlamaq vəzifəsi təşkil etdiyi halda, yetkinlik yaşına çatmış övladlarına münasibətdə valideynlərin əlavə xərclərdə iştirakının əsasını isə Ailə Məcəlləsinin 81.1-ci maddəsində müəyyən edilmiş hallar təşkil edir. Bu hallara övladın ağır xəstə, şikəst olması, habelə əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlara göstərilən kənar xidmətlər və s. daxildir. Göründüyü kimi, Ailə Məcəlləsində əlavə xərclərin ödənilməsinin halları dəqiq müəyyən edilməmişdir. Lakin məhkəmənin müstəsna hesab etdiyi digər hallarda da valideyndən əlavə xərclər alına bilər. Qanunvericilikdə qeyd olunmuş digər hallar o zaman əlavə xərclərin alınması üçün əsas ola bilər ki, onlar əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlar üçün birbaşa göstərilən tibbi xidmətlər, müalicə, bu və ya digər şəkildə tibbi xidmət və müalicə ilə əlaqəli olmaqla göstərilən analoji xidmətlər (ağır bədən yarasının sağaldılması, protezləşdirmə, uşağın reabilitasiya təlimləri, sanatoriya-kurort müalicəsi və s.) olsun. Ailə Məcəlləsinin 81.1-ci maddəsində qeyd olunan “göstərilən kənar xidmət”, “və digər hallarda” müddəaları bir-birindən fərqlənir. Belə ki, “və digər hallarda” müddəası maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlar üçün birbaşa göstərilən tibbi xidmət ilə bağlı olduğu halda, “göstərilən kənar xidmət” müddəası isə birbaşa tibbi xidməti deyil, həmin şəxslərə göstərilmiş və ya gələcəkdə göstərilməsi nəzərdə tutulan əlavə xidmətlərə görə (maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladın müalicə müəssisəsinə aparılıbgətirilməsi üçün nəqliyyat xərcləri, kənar şəxslərin köməyinə ehtiyacı olan şəxslərə qulluq göstərilməsi ilə əlaqədar xidmətçiyə ödənilən xərclər və s.) çəkilən xərclərdir. Yetkinlik yaşına çatmamış uşaqlara görə əlavə xərclərin çəkilməsi valideynlər arasında bağlanan sazişlə, əmək qabiliyyəti olmayan yetkinlik yaşına çatmış övladlara görə əlavə xərclərin çəkilməsi isə övladlarla valideynlər arasında bağlanan sazişlə həll edilə bilər. Belə saziş olmadıqda, məhkəmə valideynləri əlavə xərclərin ödənilməsinə cəlb edə bilər. Valideynlər övladlarına görə əlavə xərclərin çəkilməsində könüllü iştirak etmədikdə, onları saxlayan şəxslər – digər valideyn, qəyyum, himayəçi, tərbiyəçi, yetkinlik yaşına çatmış övlad isə özü (o, fəaliyyət qabiliyyətlidirsə) məhkəmədə iddia qaldıra bilər. Bu halda Ailə Məcəlləsinin 81.2-ci maddəsinə uyğun olaraq valideynlərin əlavə xərclərə cəlb olunması qaydasını məhkəmə müəyyən edir. Bu xərclərin miqdarı məhkəmə tərəfindən valideynlərin və uşaqların ailə və maddi vəziyyəti, eləcə də tərəflərin diqqətəlayiq olan digər maraqları nəzərə alınmaqla, hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən olunur. Məhkəmə valideynləri nəinki faktiki çəkilmiş xərclərdə iştiraka, habelə gələcəkdə çəkilməsi zəruri olan xərclərə də cəlb edə bilər (Ailə Məcəlləsinin 81.3-cü maddəsi). Bu barədə məhkəməyə müraciət edən şəxs gələcəkdə çəkilməsi zəruri olan xərcləri mötəbər sübutlarla əsaslandırmalıdır. Valideynlərin verməli olduğu əlavə xərclərin miqdarı hər bir işin konkret halından asılıdır, əlavə xərclər dəyişməz deyildir. Belə ki, sonralar daha yüksək xərclərin çəkilməsi tələb edilərsə, bu məqsədlə təkrarən məhkəməyə müraciət etmək imkanı istisna edilmir. Məhkəmə iddia tələbinin xx.xx.2018-ci il təvəllüdlü X3 nitq qüsurlu olması ilə əlaqədar olaraq ödənilmiş 3140 manat pulun yarısının yəni, 1570 manat məbləğində pulun cavabdehdən alınıb iddiaçıya verilməsi, xx.xx.2018-ci il təvəllüdlü X3 nitq qüsurlu olması ilə əlaqədar olaraq ödəniləcək 200 manat pulun yarısının, yəni, 100 manat pulun hər ay cavabdehdən tutulub iddiaçıya verilməsi hissəsində məhkəmə iş üzrə təqdim olunmuş sübutları məcmu halında qiymətləndirərək, sadalanan maddi hüquq normalarına əsaslanaraq və həmin maddələrin tələblərini işin faktiki hallarına tətbiq edərək belə hesab edir ki, uşaqın xəstəliyinin nevroloji reabilitasiya xidmətinin icbari tibbi sığorta ilə sığortlanması, həmçinin xərclərlə bağlı iddiaçı tərəfindən heç bir mötəbər sübut, dəlil təqdim edilmədiyinə görə iddia tələbi bu hisədə rədd edilməlidir. Məhkəmə iddia tələbinin hüquqi yardımın əvəzinin cavabdehdən alınaraq iddiaçıya ödənilməsi ilə bağlı hissəsində hesab edir ki, iddia tələbi bu hissədə qismən təmin edilməli, hüquqi yardım üçün vəkilə ödənilmiş 300 manatın 150 manatı Cavabdeh tutularaq İddiaçı ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 121.1-ci maddəsinə əsasən Məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və təqdim edilmiş məlumatlar qiymətləndirilməklə, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 36.5-ci maddəsinə əsasən “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. Məhkəmə iddianın mediasiyaya dair xərcin əvəzinin cavabdehdən alınaraq iddiaçıya verilməsi ilə bağlı hissəsinə münasibətdə hesab edir ki, iddia tələbi bu hissədə təmin edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinin tələbinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2.-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4.-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə, qət etdi: İddia tələbi qismən təmin edilsin. Sumqayıt şəhər məhkəməsinin 2(060)-527/2022 saylı xx.xx.2022-ci il tarixli qətnaməsi ilə cavabdehdən tutulan alimentin miqdarı dəyişdirilərək, xx.xx.2018-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatana qədər saxlanılması üçün Cavabdeh hər ay 235 manat sabit pul məbləğində aliment tutularaq İddiaçı verilsin. Ödənilmiş mediasiya xərcinin əvəzi 60 manat və vəkilə ödənilmiş 150 manatın əvəzi Cavabdeh alınaraq İddiaçı verilsin. İddia tələbi qalan hissədə rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Elmir Hüseynov
Məhkəmə qərarları › İş №e-2(060)-4474/2024
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(060)-4474/2024
03.09.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver