Məhkəmə qərarları › İş №e-2(060)-4492/2025

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(060)-4492/2025

03.10.2025 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2(060)-4492/2025 03.10.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Giriş hissə: Hakim Həxiyeva Şəbnəm Səlim qızının sədrliyi, Vəlixanova Pəri Murtuza qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı «mənzilə istifadə hüququnun tanınması tələbi»nə dair iddia ərizəsi ilə bağlı mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə:

1. İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı «mənzilə istifadə hüququnun tanınması tələbi»nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı Cavabdeh1 ilə xx.xx.2000-ci il tarixdə rəsmi nikah qeydiyyatından keçərək ailə həyatı qurmuşdur. Birgə nikahdan xx.xx.2001-ci il təvəllüdlü X3, xx.xx.2005-ci il təvəllüdlü X4 və xx.xx.2007-ci il təvəllüdlü X12 adlı üç övladları var. Nikaha girdiyi gündən Sumqayıt şəhəri, 13-cü mikrorayon, ev 2 ünvanında yerləşən 16 saylı mənzilinə gəlin köçmüşdür. xx.xx.1976-cı il, 09/1064 saylı orderə əsasən mənzil mərhum qaynatası X5 adına verilib və xx.xx.2008-ci il tarixdə onun adına özəlləşdirilib. O, xx.xx.2015-ci il tarixə vəfat edib. X14 vəfat etdikdən sonra mənzil vərəsəlik qaydasında qayınanasının adına keçib. Övladları da mübahisəli mənzildə qeydiyyatdadılar. Artıq 25 ildir ki, fasiləsiz olaraq mübahisəli mənzildə cavabdehlərlə birlikdə birgə təsərrüfat idarə edərək yaşayırlar. Mənzili öz vəsaiti hesabına əsaslı şəkildə təmir etdirmişdir. Hal-hazırda həyat yoldaşı ilə münasibətləri gərginləşib və nikahın pozulması üçün Sumqayıt Şəhər Məhkəməsində iddia qaldırmışdır. Belə ki, İddiaçı Cavabdeh1 ilə ailə həyatı qurub mübahisəli mənzilə gəlin köçərkən, mənzil dövlət mənzil fonduna aid olmuşdur. Göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsi, iddiaçının ünvan 1 ünvanında yerləşən 16 saylı mənzilinə istifadə hüququnun tanınması barədə qətnamə qəbul edilməsi məhkəmədən xahiş edilmişdir.

3. Daha sonra İddiaçı nümayəndəsi və vəkili Vəkil tərəfindən iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edilərək, iddia ərizəsinin xahiş etdi hissəsində qeyd edilən evin nömrəsinin 2 kimi oxunması məhkəmədən xahiş edilmişdir.

a) Məhkəmə icraatı iştirakçılarının izahatları:

4. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili Vəkil iddia tələbini müdafiə edərək iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.

5. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada məhkəmə bildirişləri göndərilsə də, onun həmin ünvanda yaşamamaları səbəbindən bildirişlər onlara çatdırılmadan məhkəməyə geri qaytarılmışlar.

6. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 146-cı maddəsinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir

7. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, mülki işin materiallarını araşdırıb hesab edir ki, iddia tələbi rədd edilməlidir.

Əsaslandırıcı hissə: a) Mülki işin materialları:

8. İş materiallarında olan Sumqayıt şəhər Nikah evi tərəfindən xx.xx.2000-ci il tarixdə verilmiş Vİİ-JQ № 410288 saylı nikahın bağlanması haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh1 ilə X1 xx.xx.2000-ci il tarixdə nikahlarını bağlamışlar, nikahın bağlanması akt qeydlərində 645 nömrə ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra arvada Hüseynova soyadı verilmişdir.

9. İş materiallarında olan Sumqayıt şəhər VVADQ şöbəsi tərəfindən verilmiş AZ-İ № 071092 saylı, xx.xx.2001-ci il tarixli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X3 24 avqust 2001-ci il tarixdə Sumqayıt şəhərində anadan olmuş, atası Cavabdeh1, anası İddiaçıdır.

10. İş materiallarında olan Sumqayıt şəhər VVADQ şöbəsi tərəfindən verilmiş AZ-İ № 629727 saylı, xx.xx.2005-ci il tarixli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X4 21 may 2005-ci il tarixdə Sumqayıt şəhərində anadan olmuş, atası Cavabdeh1, anası İddiaçıdır.

11. İş materiallarında olan Sumqayıt şəhər VVADQ şöbəsi tərəfindən verilmiş AZ-İ № 897367 saylı, xx.xx.2007-ci il tarixli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X12 18 fevral 2007-ci il tarixdə Sumqayıt şəhərində anadan olmuş, atası Cavabdeh1, anası İddiaçıdır.

12. İş materiallarında olan Cavabdeh2 tərəfindən Azərbaycan Respublikası DƏDRX-nin Sumqayıt şəhər Ərazi İdarəsinə ünvanlanan ərizədən görünür ki, yaşadığı ünvan 3 əri X5 adına özəlləşdirilməsinə etiraz etmir.

13. İş materiallarında olan Hüseynova Kəmalə Əzim qızı tərəfindən Azərbaycan Respublikası DƏDRX-nin Sumqayıt şəhər Ərazi İdarəsinə ünvanlanan ərizədən görünür ki, yaşadığı ünvan 3 atası X5 adına özəlləşdirilməsinə etiraz etmir.

14. İş materiallarında olan Cavabdeh1 tərəfindən Azərbaycan Respublikası DƏDRX-nin Sumqayıt şəhər Ərazi İdarəsinə ünvanlanan ərizədən görünür ki, yaşadığı ünvan 3 atası X5 adına özəlləşdirilməsinə etiraz etmir.

15. İş materiallarında olan X13 tərəfindən Azərbaycan Respublikası DƏDRX-nin Sumqayıt şəhər Ərazi İdarəsinə ünvanlanan ərizədən görünür ki, yaşadığı ünvan 3 atası X5 adına özəlləşdirilməsinə etiraz etmir.

16. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş MH seriyalı, № ******* saylı çıxarışın surətindən görünür ki, Sumqayıt şəhəri, 13-cü mikrorayonda istifadədə olan 0,15 ha torpaq sahəsində yerləşən 2 nömrəli, 5 mərtəbəli binanın 2-ci girişində, 1-ci mərtəbəsində yerləşən 68,1 kv.m ümumi, 47,31 kv.m yaşayış sahəsindən ibarət 3 otaqlı 16 nömrəli mənzil tam mülkiyyət hüququ üzrə X5 adına daşınmaz əmlakı üzərində daşınmaz əmlakın dövlət reyestrində 59 nömrəli reyestr kitabının 76 nömrəli vərəqində, xx.xx.2008-ci il tarixdə ********* saylı nömrə ilə qeydiyyata alınmışdır.

17. İş materiallarında olan 13 mart 2016-cı il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətindən görünür ki, Sumqayıt “ASAN xidmət” mərkəzində notariat ofisinin xüsusi notariusu X7 Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1159-cu maddəsinə əsasən təsdiq edir ki, xx.xx.2015-ci ildə vəfat etmiş X5 vərəsəsi Cavabdeh2, Ələkbərova Kəmalə Əzim qızı, Cavabdeh1 və X6r və miras əmlakdan 1/4 hissədə pay almalıdır. Şəhadətnamə verilən miras əmlak ƏMDK-nin yanında DƏDRX-nin Sumqayıt şəhər Ərazi İdarəsi tərəfindən xx.xx.2008-ci il tarixdə X8 verilmiş **********54-05101- 093014 reystr nömrəli, ********* qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən Sumqayıt şəhəri, 13-cü mikrorayon, ev 2, mənzil 16 ünvanında yerləşən ümumi sahəsi 68,16 kv/m olan daşınmaz əmlak (torpaq sahələrindən başqa) ibarətdir.

18. İş materiallarında olan 13 mart 2016-cı il tarixli miras payın bağışlanması müqaviləsinin surətindən görünür ki, Cavabdeh1, X13, Ələkbərova Kəmalə Əzim qızı Sumqayıt “ASAN xidmət” mərkəzində notariat ofisinin xüsusi notariusu X7 tərəfindən verilmiş 13 mart 2016-cı il tarixli, 2V-196 №-li reyestr nömrələri ilə təsdiq edilmiş vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən onlara düşən paylarını Cavabdeh2 bağışlamışlar.

19. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestri tərəfindən verilmiş RX seriyalı, № ******* saylı Çıxarışın surətindən görünür ki, Sumqayıt şəhəri, 13-cü mikrorayon, ev 2 ünvanında yerləşən 16 saylı mənzil xüsusi mülkiyyət hüququ əsasında Cavabdeh2 adına xx.xx.2016-cı il tarixdə ********** saylı nömrə ilə daşınmaz əmlakın dövlət reyestrində 59 nömrəli reyestr kitabının 76 nömrəli vərəqində qeydiyyata alınmışdır.

20. İş materiallarında olan Azərbaycan Respublikası Sumqayıt şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyi 15 saylı Mənzil Kommunal Sahəsinin xx.xx.2022-ci il tarixli, 929 nömrəli ətraflı arayışdan görünür ki, mənzilin kirayəçisi X14 xx.xx.1977-ci il tarixdə qeydiyyata alınıb, xx.xx.2015-ci il tarixdə vəfat edib, həyat yoldaşı Cavabdeh2 xx.xx.1977-ci il tarixdə qeydiyyata alınıb, qızı X13 xx.xx.1989-cu il tarixdə qeydiyyata alınıb, oğlu Cavabdeh1 xx.xx.1990-cı il tarixdə qeydiyyata alınıb, qızı X9 qeydiyyata düşməyib, oğlu X15 xx.xx.1983-cü ildə vəfat edib, qızı Ələkbərova Kəmalə Əzim qızı xx.xx.2003-cü ildə qeydiyyat alınıb, gəlini İddiaçı xx.xx.2010-cu ildə qeydiyyat alınıb, nəvəsi X12, nəvəsi X10, nəvəsi X11. Mənzil xx.xx.2008-ci ildə X5 adına özəlləşib. X14 xx.xx.2015-ci ildə vəfat edib. Mənzil xx.xx.2016-cı ildə mərhumun həyat yoldaşı Cavabdeh2 adına keçib.

21. İş materiallarında olan xx.xx.2025-ci il tarixli, MŞS/MT030/2025-00564 saylı ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, iddiaçı 50 manat məbləğində mediasiya və 10 manat məbləğində kargüzarlıq xərci ödəmişdir.

b) Məhkəmə tərəfindən müəyyən edilən hallar:

22. Məhkəmə iclasında müəyyən edilmişdir ki, Sumqayıt şəhəri, 13-cü mikrorayon, ev 2 ünvanında yerləşən 16 saylı mənzil xüsusi mülkiyyət hüququ əsasında Cavabdeh2 məxsusdur. İddiaçı Cavabdeh1 ilə xx.xx.2000-ci il tarixdə nikahda daxil olaraq hazırda qayınanası Cavabdeh2 məxsus Sumqayıt şəhəri, 13-cü mikrorayon, ev 2 ünvanında yerləşən 16 saylı mənzilə köçmüş və övladları ilə birlikdə həmin ünvanda yaşayırlar. Hazırda iddiaçı həmin mənzilə istifadə hüququnun tanınmasını tələb edir.

c) Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə:

23. Azərbaycan Respublikası Konstitusiyası Məhkəməsi Plenumunun qərarlarının formalaşmış hüquqi mövqeyinə görə də «hər bir halda mənzil hüququnun əmələ gəlməsi üçün qüvvədə olan mənzil qanunvericiliyinin və mülki qanunvericiliyin müddəalarında nəzərdə tutulmuş müvafiq qaydalara riayət olunması tələb olunur».

24. Yaşayış sahəsindən istifadə hüququ Konstitusiyanın 43-cü maddəsində təsbit olunmuş mənzil hüququnun bir elementi kimi çıxış edir və Azərbaycan Respublikasının Mənzil Məcəlləsində və Mülki Məcəllədə əks olunmuşdur.

25. Mənzil qanunvericiliyi mahiyyətcə mülki hüququn tərkib hissələrindən biridir. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi yaşayış sahələrinin verilməsi, onlardan istifadə olunması, belə istifadəyə xitam verilməsi, mənzil fondunun idarə olunması, onun saxlanılmasının təmin olunması, habelə mənzil sahəsində qanunçuluğun möhkəmləndirilməsi ilə bağlı olan hüquqi münasibətləri xüsusi normalarla tənzimləyir.

26. Bununla yanaşı qeyd olunmalıdır ki, yaşayış sahələri yalnız mülki dövriyyənin predmeti olduqda mülki qanunvericilik onlara sahiblik, onlardan istifadə və onlara dair sərəncam verməklə bağlı məsələləri tənzimləyir. Yaşayış sahəsindən istifadə, onun istismarı və bir sıra başqa məsələlər yalnız mənzil qanunvericiliyi ilə tənzimlənir.

27. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “X.Məmmədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 12 iyun 2013-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 11 iyul 2014-cü il tarixli Qərarında qeyd olunmuşdur ki, yaşayış sahəsinin mülkiyyət formasının dəyişdirilməsinin, yəni xüsusi mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması anı həmin yaşayış sahəsində yaşayan şəxslər və mülkiyyətçi arasında mövcud olan hüquq və vəzifələrin həcminin dəyişilməsinə səbəb olur. Bu halda, xüsusi mülkiyyət hüququ əsasında dövlət qeydiyyatına alınan belə yaşayış sahəsinə digər ailə üzvlərinin yaşayış hüququnun yaranması Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrində və ya qüvvədə olan Mənzil Məcəlləsinin 30-cu maddəsində müəyyən edilmiş əsaslara və qaydalara uyğun olaraq həll olunmalıdır.

28. Həmin Qərarda qeyd olunmuşdur ki, yaşayış sahəsinin mülkiyyətçisi ilə digər ailə üzvləri arasında həmin sahədən istifadə hüququ ilə bağlı məsələlər həll edilərkən 2009-cu il oktyabrın 1-dək yaranmış münasibətlərə Mülki Məcəllənin 228-ci maddəsinin, həmin tarixdən sonra isə qüvvədə olan Mənzil Məcəlləsinin 30-cu maddəsinin müddəaları tətbiq edilməlidir.

29. Konstitusiya Məhkəməsinin bu qərarlarda ifadə olunmuş hüquqi mövqeyinə görə yaşayış sahəsinin mülkiyyət forması dəyişdirildikdə, yəni xüsusi mülkiyyət hüququ dövlət qeydiyyatına alındıqda həmin yaşayış sahəsinə dair digər ailə üzvlərinin yaşayış hüququ ilə bağlı məsələlərin həlli zamanı 2009-cu ilin oktyabrın 1-dən sonra yaranmış münasibətlərə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30-cu maddəsinin müddəaları tətbiq edilməlidir.

30. AR Mənzil Məcəlləsinin 30.1-ci maddəsinə əsasən yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər.

31. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair” 16 dekabr 2014-cü il tarixli Qərarından görünür ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1-ci maddəsinin ikinci cümləsinin “digər qohumlar” ifadəsi Azərbaycan Respublikası Ailə Məcəlləsinin 15-ci Fəslinin müddəalarına əsasən yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ olan şəxsləri ehtiva edir.

32. Həmin Qərardan görünür ki, Mənzil Məcəlləsinin 30.2-ci maddəsində mülkiyyətçiyə məxsus yaşayış sahəsindən onun ailə üzvlərinin istifadə etməsinə əsas verən hüququn yaranması və xitamı mülki qanunvericiliyin deyil, ailə qanunvericiliyinin müvafiq normaları ilə tənzimləndiyindən, bu hüququn yaranması və həyata keçirilməsi üçün Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrinə əsasən notariat qaydasında müqavilənin bağlanması və onun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması tələb olunmur.

33. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın.

34. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər.

35. Qeyd olunanlara əsasən məhkəmə belə qənaətə gəlir ki, iddiaçı mübahisəli evdə 2000-ci ildən yaşamağa başladığından, eləcə də mübahisəli mənzilin mülkiyyətçisi Cavabdeh2 qanunvericilikdə nəzərdə tutulmuş ailə üzvü və digər qohumu olmadığından mübahisəli hüquq münasibətinə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1-ci və 228.2-ci maddələri tətbiq edilməlidir.

36. Belə ki, Konstitusiya Məhkəməsinin Plenumunun sözügedən qərarının məzmunundan və sadalanan maddi hüquq normalarının təhlilindən görünür ki, istər 2009cu ilin oktyabrın 1-dək, istərsə də, həmin tarixdən sonra yaranmış, lakin mülkiyyətçinin ailə üzvü və digər qohumu olmayan şəxsin yaşayış sahəsinə istifadə hüququ ilə bağlı yaranmış münasibətlərə Mülki Məcəllənin 228-ci maddəsi tətbiq edilməlidir. Çünki, mübahisəli hüquq münasibəti göstərilən tarixdən sonra yaransa da, iddiaçı mülkiyyətçi – cavabdehin ailə üzvü və digər qohumu olmadığından mübahisənin həlli Mənzil Məcəlləsinin 30.1-ci maddəsinin təsiri altına düşmür. Belə olduqda göstərilən şəxslərin yaşayış sahəsinə istifadə hüququ yalnız mülkiyyətçi ilə notariat qaydasında bağlanmış müvafiq müqavilə əsasında yarana bilər.

37. Beləliklə, məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək, sadalanan maddi hüquq normalarına əsaslanaraq və həmin maddələrin tələblərini işin faktiki hallarına tətbiq edərək belə nəticəyə gəlir ki, iddiaçı evin mülkiyyətçisinin (cavabdehin) qanunvericilikdə müəyyən edilmiş ailə üzvləri və digər qohumu dairəsinə mənsub olmadığından, eləcə də onun mülkiyyətçi ilə notariat qaydasında təsdiqlənən yazılı razılaşması mövcud olmadığından, istifadə hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmadığından onun mübahisəli evdən istifadə hüququ mövcud deyildir.

38. Beləliklə, məhkəmə hesab edir ki, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı «mənzilə istifadə hüququnun tanınması tələbi»nə dair iddiası rədd edilməlidir.

39. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

40. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.

41. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.

42. Eyni Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

43. Qeyd olunan Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

44. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

45. Azərbaycan Respublikasının MPM-in 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

Nəticə hissəsi:

46. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı «mənzilə istifadə hüququnun tanınması tələbi»nə dair iddiası rədd edilsin. Məhkəmə xərcləri iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) apellyasiya şikayəti verilə bilər.

Sədrlik edən Şəbnəm Həxiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar