Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2(060)-4507/2024 12.08.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Tanrıverdiyeva Günel Cəbrayıl qızının sədrliyi, Atakişiyev Atakişi Nizami oğlunu katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı ASC-nin Cavabdeh qarşı pul tələbinə mülki işə 12 avqust 2024-cü il tarixdə Sumqayıt Şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 30 iyun 2022-ci il tarixli, XDNPU-05426/2 saylı kredit müqaviləsi üzrə əsas borcuna görə 6391,92 (altımin üç yüz doxsan bir manat 92 qəpik) manat, faiz borcuna görə 463,14 (dörd yüz altmış üç manat 14 qəpik) manat, dəbbə borcuna görə 1539,19 (bir min beş yüz otuz doqquz manat 19 qəpik) manat, cəmi 8394,25 (səkkiz min üç yüz doxsan dörd manat 25 qəpik) manat məbləğində pulun və 104 manat məbləğində ödənilmiş dövlət rüsumunun İddiaçı ASC-nin xeyrinə tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı ASC iddia ərizəsini onunla əsaslandırmışdır ki, İddiaçı ASC-nin Qaradağ filialı ilə cavabdeh – Cavabdeh arasında bağlanmış 30 iyun 2022-ci il tarixli, XDNPU-05426/2 saylı kredit müqaviləsinə əsasən illik 14 %(on dörd) faiz dərəcəsi olmaqla 36 (otuz altı) ay müddətinə 9700 (doqquz min yeddi yüz) manat məbləğində cavabdehə kredit verilmişdir. 30 iyun 2022-ci il tarixli, XDNPU-05426/2 saylı kredit müqaviləsinin şərtlərinə görə borc alan Cavabdeh kredit üzrə hesablanmış dəbbə pulunu (cərimə, penya), faizləri və əsas borc məbləğini tam və vaxtında ödəməyi öhdəsinə götürsə də, kreditin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımı qaydada icra etməmişdir. Bu barədə dəfələrlə yazılı və şifahi qaydada xəbərdar edilməsinə baxmayaraq cavabdehlər öhdəliyinin icra edilməsindən qərəzli olaraq yayınmışdır. Tərəflər arasında bağlanmış 30 İyun 2022-ci il tarixli, XDNPU- 05426/2 saylı kredit müqaviləsinə görə, cavabdeh kredit müqaviləsinin ayrılmaz hissəsi hesab olunan ödəniş cədvəli əsasında, hər ayın 30-dan gec olmayaraq hər ay 331,53 (üç yüz otuz bir manat 53 qəpik) manat ödəniş etməli olduğu halda öhdəliklərini vaxtı-vaxtında və lazımı qaydada icra etməmişdir. Təqdim olunan maliyyə arayışına əsasən Cavabdeh 30 İyun 2022-ci il tarixli,XDNPU-05426/2 saylı kredit müqaviləsi üzrə borcunun məbləği əsas borcuna görə 6391,92 (altı min üç yüz doxsan bir manat 92 qəpik) manat, faiz borcuna görə 463,14 (dörd yüzaltmış üç manat 14 qəpik) manat, dəbbə borcuna görə 1539,19 (bir min beş yüz otuz doqquz manat 19 qəpik) manat, borcun cəmi məbləği 8394,25 (səkkiz min üç yüz doxsan dörd manat 25 qəpik) manat təşkiledir. kredit müqaviləsindənirəli gələn öhdəliyini vaxtında və lazımı qaydada icra etmədiyi üçün Cavabdehdan 30 İyun 2022-ci il tarixli, XDNPU-05426/2 saylı kredit müqaviləsi üzrə əsas borcuna görə 6391,92 (altımin üç yüz doxsan bir manat 92 qəpik) manat, faiz borcuna görə 463,14 (dörd yüzaltmış üç manat 14 qəpik) manat, dəbbə borcuna görə 1539,19 (bir min beş yüz otuz doqquz manat 19 qəpik) manat, cəmi 8394,25 (səkkizmin üç yüz doxsan dörd manat 25 qəpik) manat, cəmi 8394,25 (səkkizmin üç yüz doxsan dörd manat 25 qəpik) manat pul tutulmalıdır. Ona görə də iddiaçı iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbinə dair izahat verərək bildirdi ki, iddia tələbini qəbul edir. İddiaçı bank onun keçmiş işlədiyi zavodun həyətində yerləşirdi. Zavodun 7 min işçisi hissə-hissə işdən çıxarıldı. Müəyyən müddət sonra zavodda cəmi 345 nəfər şəxs qalmışdır. Sonradan bu şəxslərin də 60 faizi işdən çıxarıldı. Müqaviləm müddətli əmək müqaviləsi olmuşdur və müddəti bitən kimi işdən çıxarılmışdır. İşdən çıxarıldıqdan sonra uzun müddət müraciət etdiyi heç bir yer onu işə götürməmişdir. Bu səbəbdən kreditini ödəyə bilməmişdir. Bankın problemli şöbəsindən soruşduqda işinin Yardımlıya göndərildiyi deyilmişdi. Halbuki, o yaşayış yerini dəyişmişdi. Həmçinin, onun işi məhkəmədə olduğu halda ona əlavə cərimə yazılmışdır. Öhdəliyində 2-ci qrup əlil var, anası şəkər, atası isə parkinson xəstəsidir. İki qızı var, biri məktəbli və digəri isə tələbədir. Xərcləri çoxdur. Hesab edir ki, bank vətəndaşlara köməklik etməlidir. Bank tərəfindən ona çox yüksək məbləğdə cərimə hesablanıb. Cavabdeh qərar qəbul edilrəkən qeyd etdiyi halların nəzərə alınmasını və cərimənin məbləğinin azaldılmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada (sənədin elektron kabinetə yerləşdirilməsinə dair çıxarışa əsasən) iş üzrə iddiaçının nümayəndəsi məhkəmə iclasına gəlməmiş, lakin məhkəməyə ərizə ilə müraciət edərək, məhkəmə iclasının nümayəndələrinin iştirakları olmadan keçirilməsini və iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası MPM-in 185.6-cı maddəsinə əsasən məhkəmə işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Məhkəmə tərəfindən işin halları müəyyən edilərkən aşağıdakı sübutlara istinad edilmişdir: İş materiallarında olan İddiaçı ASC ilə Cavabdeh arasında bağlanılmış 30 iyun 2022ci il tarixli, XDNPU-05426/2 saylı kredit müqaviləsindən görünür ki, Cavabdeh İddiaçı ASCdən 36 ay müddətinə, illik 14% olmaqla 9700 manat məbləğində kredit götürmüşdür. İş materiallarına əlavə olunmuş xx.xx.2024-cü il tarixli maliyyə arayışından görünür ki, İddiaçı ASC ilə bağlanmış 30 iyun 2022-ci il tarixli, XDNPU-05426/2 saylı kredit müqaviləsinə əsasən Cavabdeh xx.xx.2024-cü il tarixə 6391,92 manat, faiz borcuna görə 463,14 manat, dəbbə borcuna görə 1539,19 manat, cəmi 8394,25 manat borcu vardır. İş materiallarında olan xx.xx.2024-cü il və xx.xx.2024-cü il tarixli xəbərdarlıq məktublarından görünür ki, İddiaçı ASC tərəfindən Cavabdeh borcun ödənilməsi barədə bildiriş ünvanlanmışdır. Məhkəmə iş materiallarını araşdıraraq, belə nəticəyə gəlir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, məhkəmə tərəfindən müəyyən edilmişdir ki, tərəflər arasında 30 iyun 2022-ci il tarixli, XDNPU-05426/2 saylı Kredit müqaviləsi imzalanmışdır. İddiaçı Bank sözügedən müqavilə üzrə üzərinə düşən öhdəliyini yerinə yetirsə də, borclu öhdəliklərini lazımi qaydada yerinə yetirməmiş, nəticədə banka borcu yaranmışdır. Hər kəs müqavilə bağlamaqda müstəqildir və müqavilə azadlığı mülki qanunvericiliyin əsas prinsiplərindən biridir (Mülki Məcəllənin 6-cı maddəsi). Həmin prinsip mülki hüquq subyektlərinə müstəqil olaraq, heç kəsin iradəsindən asılı olmadan öz mülahizə və istəklərinə görə mənafelərini nəzərə almaqla müqavilə bağlamaq imkanı verir. Mülki Məcəllənin “Müqavilə hüququ” adlanan 20-ci fəslinin məqsədi müqavilə hüquq münasibətlərinə girən tərəflərin sərbəst iradə ifadəsi və bərabərliyi prinsiplərinə riayət etməklə və onların müqavilə maraqlarını qorumaqla mülki dövriyyənin azadlığını təmin etməkdir. İşdən görünür ki, kredit müqaviləsi üzrə yaranmış borcun ödənilməsi barədə Bank tərəfindən cavabdehlərəbildiriş göndərilmiş, lakin qanunda müəyyən edilmiş müddətin keçməsinə baxmayaraq cavabdehlər borcun ödənilməsini təmin etməmişdir. Borc müqaviləsinin anlayışına aydınlıq gətirən Mülki Məcəllənin 739.1-ci maddəsinə əsasən, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə görə isə borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Mülki Məcəllənin öhdəliklərin icra edilməməsi ilə əlaqədar yaranan münasibətləri tənzimləyən normalarına görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür (442). Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur (443.1). Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır və icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır (445.2.1). Belə olan halda, məhkəmə hesab edir ki, cavabdeh kredit müqaviləsi üzrə üzərinə düşən öhdəlikləri lazımi qaydada icra etməməklə kredit müqaviləsinin şərtlərini əhəmiyyətli dərəcədə pozmuşdur. Bu səbəbdən tərəflər arasında bağlanmış Kredit müqaviləsi üzrə yaranmış 6391,92 manat əsas, 463,14 manat faiz borcu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Məhkəmə hesab edir ki, iddiaçı tərəfindən cavabdehin müqavilə öhdəliklərini yerinə yetirməməsinə görə hesablanmış 1539.19 manat məbləğində cərimə tənasübsüz surətdə yüksəkdir. Bu səbəbdən iddia həmin hissədə qismən təmin edilməli, cavabdehdən iddiaçının xeyrinə dəbbə pulu qismində 50 manat pul tutulmalıdır. Məhkəmə həmçinin Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə istinad edərək hesab edir ki, iddia tələbi qismən (təxminən 80% hissədə) təmin edildiyindən iddiaçının məhkəməyə müraciət etmək üçün ödədiyi 104 manat dövlət rüsumunun 83 manat hissəsi cavabdehdən alınaraq iddiaçıya ödənilməli, qalan hissəsi isə iddiaçıya aid edilməlidir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 284-6.1, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh İddiaçı ASC-nin xeyrinə 6391,92 (altı min üç yüz doxsan bir manat doxsan iki qəpik) manat, faiz borcuna görə 463,14 (dörd yüz altmış üç manat on dörd qəpik) manat, dəbbə borcuna görə 50 (əlli) manat olmaqla, cəmi 6905,06 (altı min doqquz yüz beş manat altı qəpik) manat məbləğində borc və ödənilmiş dövlət rüsumunun 83 (səksən üç) manat hissəsi tutulsun. Qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Günel Tanrıverdiyeva
Məhkəmə qərarları › İş №e-2(060)-4507/2024
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(060)-4507/2024
12.08.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver