Məhkəmə qərarları › İş №e-2(060)-4536/2023

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(060)-4536/2023

28.08.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2(060)-4536/2023 28.08.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Behbudova Aynur Mirzalı qızının sədrliyi, Həsənli Mehriban Hüseyn qızının katibliyi, İddiaçı ASC-nin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı ASC-nin Cavabdeh qarşı “kredit müqaviləsi üzrə borcun tutulması” barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddiaçı ASC Cavabdeh qarşı – İddiaçı ASC-nin “Mərkəz” filialı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli İK 1106/F-22 saylı kredit müqaviləsinin vaxtından əvvəl ləğv edilməsi, həmin kredit müqaviləsi üzrə Cavabdeh banka olan 7323.49 manat əsas, 790.43 manat faiz, 739.67 manat cərimə olmaqla, cəmi 8853.59 manat məbləğində borcun və bank tərəfindən ödənilmiş 108.54 manat məbləğində dövlət rüsumunun Cavabdeh tutularaq, İddiaçı ASC-nə ödənilməsi barədə iddia ərizə ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC-nin “Mərkəz” filialı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli İK 1106/F-22 saylı kredit müqaviləsinə əsasən illik faiz dərəcəsi 18% olmaqla 36 ay müddətinə 8435 manat məbləğində kredit verilmişdir. Cavabdeh kredit müqaviləsi üzrə öhdəliklərinə və müqavilənin şərtlərinə riayət etməmiş, müqavilə üzrə tələbləri davamlı şəkildə pozmuşdur. Cavabdeh xx.xx.2023-cü il tarixinə İddiaçı ASC-nə 7323.49 manat əsas, 790.43 manat faiz, 739.67 manat cərimə borcu olmaqla, cəmi 8853.59 manat kredit borcu qalmışdır. Bununla əlaqədar cavabdehə dəfələrlə yazılı və şifahi xəbərdarlıq edilməsinə, bank tərəfindən mübahisənin məhkəmədənkənar qaydada həll edilməsinə cəhd göstərilməsinə baxmayaraq heç bir nəticə əldə edilməmiş və cavabdehə göndərilmiş pretenziya məktubları da cavabsız qalmışdır. Odur ki, kredit borcları və kredit borclarına hesablanmış faiz borcları cavabdehdən tutularaq Bankın xeyrinə ödənilməlidir. İddiaçı ASC-nin nümayəndəsi X3 məhkəməyə iddia ərizəsinə əlavə (azaldılma) təqdim edərək İddiaçı ASC-nin “Mərkəz” filialı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli İK 1106/F-22 saylı kredit müqaviləsi üzrə Cavabdeh banka olan 7323.49 manat əsas, 790.43 manat faiz, 739.67 manat cərimə olmaqla, cəmi 8853.59 manat məbləğində borcun və bank tərəfindən ödənilmiş 108.54 manat məbləğində dövlət rüsumunun Cavabdeh tutularaq İddiaçı ASC-nə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı ASC-nin nümayəndəsi X2 izahatında iddia ərizəsinin məzmununa uyğun izahat verərək, məhkəmədən iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Əlavə olaraq qeyd etdi ki, məhkəməyə müraciət etdikdən sonra heç bir ödəniş olmamışdır. Əgər ödəniş olunsa idi, məhkəməyə iddia tələbinin həcminin dəqiqləşdirilməsi ilə bağlı ərizə ilə müraciət olunardı. Cavabdeh yaşayış yerinə məhkəmə iclasının yeri və vaxtı barədə qanunla nəzərdə tutulmuş qaydada məhkəmə bildirişi göndərilmiş, cavabdehin ailə üzvləri tərəfindən məhkəmə bildirişinin kötüyünə imza edilməklə bildiriş qəbul edilmiş, bundan əlavə Cavabdeh “SMS” bildiriş göndərilməklə məhkəmə iclasının vaxtı və yeri barədə məlumatlandırılmışdır. Azərbaycan Respublikası MPM-in 185-ci maddəsinə əsasən məhkəmə işə Cavabdeh iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə işin materiallarını araşdıraraq hesab edir ki, iddia qismən əsaslıdır. Buna görə də iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarından görünür ki, İddiaçı ASC ilə Cavabdeh arasında xx.xx.2022-ci il tarixdə bağlanmış müqaviləyə əsasən bank borcalana 36 ay müddətində, illik 18% ödəmək şərti ilə 8435 manat məbləğində kredit verilmişdir. İş materiallarında olan İddiaçı ASC tərəfindən xx.xx.2023-cü il tarixdə Cavabdeh göndərilmiş pretenziya məktubunun surətindən görünür ki, cavabdehə borcun ödənilməsi barədə xəbərdarlıq edilmişdir. Göstərilən xüsusatlara əsasən məhkəmə hesab edir ki, iddiaçı verdiyi krediti üzrə əsas borcu və faizləri tələb etməkdə haqlıdır. Belə ki, Azərbaycan Respublikası MM-nin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Göstərilən Məcəllənin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Qeyd edilən Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Sadalanan qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, Cavabdeh kredit müqaviləsi əsasında iddiaçıdan kredit almaq hüququna malik olduğu kimi eyni zamanda göstərilən müqavilə əsasında kredit məbləğini və həmin müqavilə ilə müəyyən edilmiş faizləri iddiaçıya qaytarmalı olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Lakin, cavabdeh kredit müqaviləsi əsasında iddiaçıdan kredit vəsaitini almasına dair hüququndan istifadə etmiş, kredit vəsaitini və həmin kreditdən yaranan faiz borclarını ödəməli olmasına dair vəzifəsini isə icra etməyərək, pul öhdəliyini yerinə yetirməmişdir. Odur ki, iddiaçı əsas borcun və ona hesablanmış faizlərin ödənilməsini tələb etməkdə haqlıdır. Məhkəmə həmçinin iddianın 739.67 manat məbləğində cərimənin ödənilməsi barəsində hissəsini də araşdıraraq hesab edir ki, iddianın həmin hissəsi qismən əsaslıdır. Belə ki, Azərbaycan Respublikası MM-nin 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Məhkəmə hesab edir ki, iddiaçının iddia ərizəsində göstərilən cərimə əsassız və tənasübsüz surətdə yüksək məbləğdir. Azərbaycan Respublikası MM-nin 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənəsübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. İşin hallarını nəzərə alaraq, məhkəmə iddia ərizəsində göstərilən cərimənin 739.67 manat məbləğində deyil, 150 manat məbləğində müəyyən edilməsini məqsədə müvafiq hesab edir. Göstərilən qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, Cavabdeh kredit müqaviləsi üzrə iddiaçıya olan borcu qaytarmamaqla iddiaçı qarşısında pul öhdəliyini yerinə yetirmədiyindən iddiaçı qarşısında məsuliyyət daşıyır. Odur ki, kredit müqaviləsi üzrə borc Cavabdeh iddiaçının xeyrinə tutulmalıdır. Məhkəmə həmçinin iddianın 108.54 manat məbləğində dövlət rüsumunun cavabdehdən alınmasına dair hissəsini də araşdıraraq hesab edir ki, iddianın bu hissəsi qismən əsaslıdır. Ona görə ki, cavabdeh iddia tələbi üzrə iddiaçı qarşısında aralarındakı müqavilədən irəli gələn vəzifələrini icra etməməsi nəticəsində, iddiaçı məhkəmədə iddia qaldırması ilə əlaqədar dövlət rüsumunu ödəməsi ilə ona əlavə zərər vurmuşdur. Odur ki, ziyanın ödənilməsi ilə əlaqədar iddiaçının dövlət rüsumunu ödəməsi nəticəsində çəkdiyi əlavə zərər də cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası MM-nin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Digər tərəfdən, Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia tələbi qismən təmin edildiyindən ödənilmiş dövlət rüsumunun 5.9 (beş manat doxsan qəpik) manatı iddiaçıya aid edilməli, 102.64 (bir yüz iki manat altmış dörd qəpik) manat cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Göstərilən qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, məhkəmə xərcləri iddianın təmin edilmiş hissələrinə müvafiq olaraq tərəflərə aid edilməli olduğundan, məhkəmə xərcinə daxil olan dövlət rüsumu cavabdehə aid edilməli və buna görə də iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Məhkəmə eyni zamanda iddia tələbinin İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli İK 1106/F-22 saylı kredit müqaviləsinə vaxtından əvvəl xitam verilməsi”nə dair hissəsini araşdıraraq hesab edir ki, həmin hissədə iddia tələbinin həcmi azaldıldığından və iddiaçı tərəfindən həmin hissənin müdafiə edilməməsindən irəli gələrək həmin hissəyə qiymət verilməməlidir. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia tələbi qismən əsaslı hesab olunduğundan qismən təmin edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qətetdi: İddia tələbi qismən təmin edilsin. Cavabdeh 7323.49 manat əsas, 790.43 manat faiz, 150 manat cərimə borcu olmaqla, cəmi 8263.92 (səkkiz min iki yüz altmış üç manat doxsan iki qəpik) manat məbləğində pul və 102.64 (bir yüz iki manat altmış dörd qəpik) manat məbləğində ödənilmiş dövlət rüsumu tutularaq İddiaçı ASC-nə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinin mülki işlər üzrə kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Aynur Behbudova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar