Məhkəmə qərarları › İş №e-2(060)-456/2023

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(060)-456/2023

30.01.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2(060)-456/2023 30.01.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Tanrıverdiyeva Günel Cəbrayıl qızının sədrliyi, Əsədli İlahə Yusif qızının katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin Cavabdeh qarşı kredit müqaviləsi üzrə borcun ödənilməsi tələbinə dair mülki işə 30 yanvar 2023-cü il tarixdə Sumqayıt Şəhər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Ləğv prosesində olan İddiaçı ASC ərizə ilə məhkəməyə müraciət edərək, cəmi 3937.96 (üç min doqquz yüz otuz yeddi manat, 96 qəpik) AZN - bundan 584.41 (beş yüz səksən dörd manat, 41 qəpik) AZN əsas, 1896.88 (min səkkiz yüz doxsan altı manat, 88 qəpik) AZN faiz, 1377.55 (min üç yüz yetmiş yeddi manat 55 qəpik) AZN cərimə, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 79.12 (yetmiş doqquz manat 12 qəpik) AZN faiz borcu və iş üzrə ödənilmiş 59.38 (əlli doqquz manat 38 qəpik) AZN manat dövlət rüsumunun Cavabdeh tutularaq, ləğv prosesində olan İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı Ləğv prosesində olan İddiaçı ASC iddia tələbini onunla əsaslandırmışdır ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 16 may 2014-cü il tarixli kredit müqaviləsinə əsasən cavabdehə 12 (on iki) ay müddətinə 5000 (beş min) ABŞ dolları məbləğində kredit verilmişdir. xx.xx.2016-cı il tarixli Əlavə sazişə əsasən kreditorun borcalan Cavabdeh verdiyi kredit manata konvertasiya edilmiş, kreditin qalıq məbləği 4860 (dörd min səkkiz yüz altmış) AZN, kreditin müddəti xx.xx.2019-cu il tarixədək müəyyən edilmişdir. Kredit müqaviləsinin 3.3-cü bəndinə əsasən Cavabdeh müəyyən edilmiş müddətdə kredit məbləğini və ona hesablanacaq faizləri ödəmək barədə öhdəlik götürsə də, o, bu öhdəliyi yerinə yetirməmişdir. xx.xx.2022-ci il tarixə Cavabdehnın kredit üzrə cəmi borcu 3937.96 (üç min doqquz yüz otuz yeddi manat, 96 qəpik) AZN təşkil edir. Bundan 584.41 (beş yüz səksən dörd manat, 41 qəpik) AZN əsas, 1896.88 (min səkkiz yüz doxsan altı manat, 88 qəpik) AZN faiz, 1377.55 (min üç yüz yetmiş yeddi manat 55 qəpik) AZN cərimə, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 79.12 (yetmiş doqquz manat 12 qəpik) AZN faiz borcu təşkil edir. Kredit müqaviləsinin 3.5-ci bəndinə əsasən borcalan bu müqavilə üzrə kreditin qaytarılması və faizlərin ödənilməsi öhdəliklərini yerinə yetirmədikdə və ya yerinə yetirə bilmədikdə, kreditin bütün məbləğinin, kreditdən istifadəyə görə faizlərin və müqavilədə nəzərdə tutulmuş cərimələrin ödənilməsini tələb etməyə Bankın hüququ vardır. Kredit müqaviləsinin şərtlərinin kobud şəkildə pozulması ilə əlaqədar Bank tərəfindən cavabdehə borcun ödənilməsi barədə dəfələrlə şifahi müraciətlər olunmasına və bildiriş məktubunun göndərilməsinə baxmayaraq, cavabdeh Banka heç bir cavab verməmiş və kredit borcunun Banka qaytarılmasını təmin etməmişdir. Bank, tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, cavabdeh həmin müqavilə üzrə üzərinə düşən öhdəlikləri yerinə yetirməmişdir. Ona görə də iddiaçı, iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbinə dair izahat verərək bildirdi ki, o bankın ləğvi ilə əlaqədar hara ödəniş edəcəyini bilməmiş və bank tərəfindən onu xəbərdar etməmişdirlər. Nəticədə bank tərəfindən ona çox faiz hesablanmışdır. Halbuki bank onu vaxtında çağırsaydı, o, banka olan borcu ilə əlaqədar ödənişlər edə bilərdi. Hazırda borcu ödəməkdən yayınmır. Bu gün ancaq əsas borcunu ödəyə bilər. Onu da bildirir ki, müqavilənin müddəti bitib və onun faiz ödəmək imkanı yoxdur. Cavabdeh qərar qəbul edilərkən qeyd edilənlərin nəzərə alınmasını məhkəmədən xahiş etdi. Məhkəmə baxış iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq iş üzrə iddiaçının nümayəndəsi məhkəmə iclasına gəlməmiş, lakin ərizə ilə məhkəməyə müraciət edərək məhkəmə iclasının nümayəndənin iştirakı olmadan keçirilməsini və iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası MPM-in 185.6-cı maddəsinə əsasən məhkəmə işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını məqsədə müvafiq hesab etmişdir. Məhkəmə tərəfindən işin halları müəyyən edilərkən aşağıdakı sübutlara istinad edilmişdir: İş materiallarında olan xx.xx.2014-cü il tarixli 20 saylı kredit kartın verilməsi və istifadəsi üzrə müqavilədən görünür ki, "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən Cavabdeh illik 27 % olmaqla, 12 ay müddətinə 5000 (beş min) manat məbləğində kredit xətti açılmışdır. İşdə olan xx.xx.2014-cü il tarixli 20 saylı kredit xətti müqaviləsi üzrə xx.xx.2016-cı il tarixli, 01 nömrəli Əlavə Sazişdən görünür ki, həmin sazişlə Əsas müqaviləyə dəyişikliklər edilərək, kreditin müddəti 24 ay, kredit üzrə planlaşdırılmış faktiki illik 15 faiz dərəcəsi, borcalanın kreditor qarşısındakı kredit öhdəliyinin 4228.28 ABŞ dolları təşkil edən qalığının kreditə çevrildiyi müəyyən edilmişdir. İşdə olan xx.xx.2014-cü il tarixli 20 saylı kredit xətti müqaviləsi üzrə xx.xx.2016-cı il tarixli, 02 nömrəli Əlavə Sazişdən görünür ki, borcalanın Kreditor qarşısındakı 2658.92 ABŞ dolları təşkil edən kredit öhdəliyinin qalığı konvertasiya edilməklə 4860 manat təşkil etmişdir və Kreditin müddəti bu X1 tarixdən xx.xx.2019-cu il tarixədək uzadılmışdır. İşdə olan xx.xx.2022-ci il tarixli, **********943 nömrəli maliyyə arayışından görünür ki, xx.xx.2022-ci il tarixə Cavabdeh "xxxx" ASC-yə 584.41 manat əsas, 1896.88 manat faiz, 1377.55 manat cərimə, kredit müqaviləsi bitəndən sonra illik 5 (beş) faizlə hesablanmış 79.12 manat faiz borcu olmaqla, ümumilikdə 3937.96 manat borcu mövcuddur. İşdə olan xx.xx.2022-ci il tarixli, **********134 xəbərdarlıq məktubundan görünür ki, yaranmış borcunu ödəməyəcəyi təqdirdə məhkəməyə müraciət olunacağı barədə Cavabdeh yazılı bildiriş ünvanlanmışdır. Məhkəmə cavabdehi dinləyib, iş materiallarını araşdıraraq, belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməlidir. Belə ki, məhkəmə tərəfindən müəyyən edilmişdir ki, tərəflər arasında xx.xx.2014-cü il tarixli 20 saylı kredit kartın verilməsi və istifadəsi üzrə müqavilə bağlanmışdır. İddiaçı Bank sözügedən müqavilə üzrə üzərinə düşən öhdəliyini yerinə yetirsə də, borclu Cavabdeh öhdəliklərini lazımi qaydada yerinə yetirməmiş, nəticədə banka borcu yaranmışdır. Hər kəs müqavilə bağlamaqda müstəqildir və müqavilə azadlığı mülki qanunvericiliyin əsas prinsiplərindən biridir (Mülki Məcəllənin 6-cı maddəsi). Həmin prinsip mülki hüquq subyektlərinə müstəqil olaraq, heç kəsin iradəsindən asılı olmadan öz mülahizə və istəklərinə görə mənafelərini nəzərə almaqla müqavilə bağlamaq imkanı verir. Mülki Məcəllənin “Müqavilə hüququ” adlanan 20-ci fəslinin məqsədi müqavilə hüquq münasibətlərinə girən tərəflərin sərbəst iradə ifadəsi və bərabərliyi prinsiplərinə riayət etməklə və onların müqavilə maraqlarını qorumaqla mülki dövriyyənin azadlığını təmin etməkdir. Borc müqaviləsinin anlayışına aydınlıq gətirən Mülki Məcəllənin 739.1-ci maddəsinə əsasən, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə görə isə borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Mülki Məcəllənin öhdəliklərin icra edilməməsi ilə əlaqədar yaranan münasibətləri tənzimləyən normalarına görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür (442). Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur (443.1). Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır və icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır (445.2.1). Belə olan halda, məhkəmə hesab edir ki, tərəflər arasında bağlanmış kredit müqaviləsi üzrə yaranmış 584.41 manat əsas borcun cavabdehdən iddiaçının xeyrinə tutulması hissəsində iddia tələbi əsaslıdır. Lakin məhkəmə hesab edir ki, qalan hissədə - 1896.88 manat faiz borcunun və müqavilə üzrə borcun gecikdirildiyinə görə hesablanmış 1377.55 manat cərimə borcunun tutulması hissəsində iddia tələbi təmin edilməməlidir. Belə ki, tərəflər arasında bağlanmış kredit müqaviləsi “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” ölkə başçısının xx.xx.2019-cu il tarixli 551 nömrəli Fərmanının təsiri dairəsinə düşdüyündən Cavabdeh adına həmin Fərmanla bağlı kompensasiya daxil olmuş, cavabdehin ödəniş müddəti keçmiş əsas kredit borcuna hesablanmış kompensasiya yönəldikdən sonra qalıq əsas borcun məbləği 584.41 manat müəyyən edilmişdir. Beləliklə cavabdehin əsas kredit borcu cəmi 584.41 manat qalmışdır. İkincisi, iddiaçı cavabdehlə olan kredit müqaviləsi üzrə “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında" Prezidentin xx.xx.2019-cu il tarixli 551 nömrəli Fərmanının təsiri çərçivəsində cavabdehə yeni güzəştli kredit müqaviləsi bağlanmasını təklif etməsinə və sonuncunun bundan imtina etməsinə dair məhkəməyə hər hansı bir sübut təqdim etməmişdir. Halbuki, bu halı sübut etmək yükü iddiaçının üzərinə düşür. Üçüncüsü, cavabdehin restrukturizasiya ilə bağlı banka müraciət etməməsi də iddiaçının keçmiş kredit borcuna görə ondan qalıq borcla yanaşı cərimə və faiz tələb etməsinə əsas vermir. Çünki, iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş hesabdan çıxarışdan görünür ki, qeyd olunan kredit müqaviləsi Fərmanın təsiri dairəsinə düşmüş və cavabdehə kompensasiya hesablanmış, həmin məbləğ borcun azaldılmasına yönəldilmiş və qalıq qalan 584.41 manat əsas kredit borcunun restrukturizasiya edilməsi nəzərdə tutulmuşdur. Lakin iddiaçı bank həm həmin məbləği, həm də hesabladığı cərimə və faiz məbləğlərini cavabdehdən tələb edir ki, bu da Fərmanın və onun çərçivəsində qəbul edilən “Fiziki şəxslərin xarici valyutada olan kreditlərinin əsas məbləğinin devalvasiya nəticəsində manatla artmış hissəsinin ödənilməsi mexanizminin və həmin məbləğə görə hesablanmış faiz və dəbbə pulu (cərimə, penya) üzrə tətbiq ediləcək güzəştlərin müəyyən edilməsi” Qaydasının (Qayda) tələblərinə ziddir. Məhkəmə hesab edir ki, iddia tələbi müqavilə müddəti bitdikdən sonra əsas borca illik 5% hesablanmış 79.12 manat borcun cavabdehdən tutulması hissəsində də təmin edilməməlidir. Belə ki, Konstitusiya Məhkəməsınin 24 dekabr 2014-cü il tarixli Qərarındakı hüquqi mövqeyə görə, banklar əsasən bağladıqları kredit müqavilələri ilə faizlər əldə etmək üçün fəaliyyət göstərirlər və nəticə etibarilə verilən əsas borcla yanaşı, kredit müqaviləsində nəzərdə tutulan faizlərin əldə edilməməsi bankları ödənilməyən bu məbləği dəyərləndirmək imkanlarından məhrum edir. Buna görə də, kredit borcunu vaxtında ödəməməklə borclu kreditora faktiki olaraq əldən çıxmış fayda şəklində zərər vurmuş olur. Bununla yanaşı, icranın gecikdirilməsi zamanı qanunla nəzərdə tutulmuş minimal faizlərin ödənilməsi imkanı MM-in 445.7-ci maddəsindən irəli gəlir. Həmin normada pul öhdəliklərinin spesifik xüsusiyyətləri nəzərə alınmaqla, pul məbləğinin ödənilməsinin gecikdirilməsinin xüsusi hüquqi nəticələri müəyyən edilmişdir. Göstərilən maddənin tələblərinə görə, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Lakin bu müddəa kreditorun hər hansı digər əsaslar üzrə borcludan daha böyük məbləğ tələb etmək hüququnu istisna etmir. Belə nəticə MM-in 445.7, 443.1 və 443.2-ci maddələrinin əlaqəli şəkildə təhlilindən irəli gəlir. Beləliklə, kreditorun kredit müqaviləsi üzrə öhdəliklərin icrasının gecikdirilməsi nəticəsində müqavilə əsasında ödənilməli olan vəsaitin (əsas borcun tam və ya müvafiq hissəsinin, hesablanmış faizlərin) yenidən istifadə oluna bilməməsi ilə bağlı dəymiş zərərin əvəzinin ödənilməsini tələb etmək hüququ MM-in 21.2, 443.1 və 443.2-ci maddələrinin tələblərindən irəli gəlir. “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə görə, Bank fiziki və hüquqi şəxslərdən depozitlərin və ya digər qaytarılan vəsaitlərin cəlb edilməsi, öz adından və öz hesabına kreditlərin verilməsini, habelə müştərilərin tapşırığı ilə köçürmə və hesablaşma-kassa əməliyyatlarını məcmu halda həyata keçirən hüquqi şəxsdir. İşin hallarından görünür ki, "xxxx" ASC-nin fəaliyyəti 2016-cı il tarixindən dayandırılmış, cavabdehlə bağlanan kredit müqavilənin müddəti isə xx.xx.2019-cu il tarixdə bitmişdir. Başqa sözlə, iddiaçı bank 2016-cı il tarixindən iflas prosesində olmaqla kommersiya fəaliyyəti ilə məşğul ola və kredit müqaviləsi ilə verdiyi krediti dövriyyəyə buraxa, yeni kredit müqaviləsi üzrə gəlir əldə edə bilməzdi. İddiaçının aktiv kommersiya fəaliyyəti ilə məşğul olmadığı dövr üçün faiz borcunu (illik 5%) tələb etməsi isə əsassızdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə dövlət rüsumu ilə bağlı hesab edir ki, iddia qismən (təxminən 15% həcmində) təmin edildiyindən iddiaçı tərəfindən ödənilən 59.38 manat dövlət rusumunun 9 manatı cavabdehdən tutulmalı, 50.38 manatı isə iddiaçıya aid edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh 584,41 (beş yüz səksən dörd manat qırx bir qəpik) manat əsas borc və ödənilmiş dövlət rüsumunun 9 (doqquz) manat hissəsi tutularaq iddiaçı Ləğv prosesində olan İddiaçı ASC-yə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Günel Tanrıverdiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar