Məhkəmə qərarları › İş №e-2(060)-4565/2024

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(060)-4565/2024

09.10.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2(060)-4565/2024 09.10.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Giriş hissə: Hakim Həxiyeva Şəbnəm Səlim qızının sədrliyi, İbrahimzadə Zəhra Şahverdi qızının katibliyi ilə İddiaçı "xxxx" Açıq Səhmdar Cəmı̇ yyətinin Cavabdeh qarşı “borc tələbi"nə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə:

1. İddiaçı "xxxx" Açıq Səhmdar Cəmı̇ yyəti Cavabdeh qarşı “borc tələbi"nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" ASC-nin “Yeni Sumqayıt” filialı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli, CO0141022 saylı müqaviləyə əsasən tam kart müqaviləsinə əsasən şəxsi istehlak məqsədilə plastik kart verilmişdir. Həmin müqavilənin 7.6-cı bəndinə əsasən müştəri təsdiq edir ki, standart şərtlərdə nəzərdə tutulmuş şərtlərlə texniki overdraft baş verdiyi təqdirdə mövcud kredit xəttinin müddəti çərçivəsində ABB tərəfindən birtərəfli qaydada texniki overdraft məbləği qədər kredit xətti məbləğinin artırılmasına, kredit xətti mövcud deyilsə, başlanılma (texniki overdraftın yarandığı gün) və bitmə tarixləri arasında ən azı 1 gün müddət saxlanılmaqla ABB tərəfindən birtərəfli qaydada texniki overdraft məbləği qədər kredit xətti təyin edilməsinə AR Mülki Məcəllənin 356-cı maddəsinin tələbləri nəzərə alınmaqla qabaqcadan razılıq verir. Müştəri bu razılığı heç bir halda ləğv etməyəcəyini bəyan edir. Yeni Sumqayıt filialının müştərisi olan Cavabdeh sözügedən ərizə əsasında ona təqdim edilmiş plastik kart hesabına sistemdə baş vermiş xətadan sui-istifadə edərək 891 manat məbləğində vəsaitin məxaric edilməsinə nail olmuşdur. Bundan əlavə iş materiallarına əlavə edilmiş hesabdan çıxarışdan da göründüyü kimi, xx.xx.2024-cü il tarixdə kart hesabının qalığından artıq məbləğlərdə əməliyyatlar aparmaqla (texniki overdraft), hesabında olmayan vəsaitdən istifadə etmiş və bununla da hüquqi əsası olmadan Bankın vəsaiti hesabına əsassız varlanmışdır. Bankın “Yeni Sumqayıt” filialı tərəfindən təqdim edilmiş maliyyə arayışına əsasən Cavabdeh hüquqi əsas olmadan əldə olunmuş vəsait 891 manat və ona hesablanmış 33,62 manat məbləğində faiz borcu olmaqla, cəmi 924,62 manat borcu mövcuddur. Cavabdehə əsassız varlanma nəticəsində əldə edilmiş vəsaitin qaytarılması haqqında tərəflərindən xx.xx.2024-cü il tarixli bildiriş göndərilərək, xəbərdarlıq edilsə də, vəsait Banka geri qaytarılmamışdır. Hazırda iddia ərizəsinə əlavə edilən maliyyə arayışından da göründüyü kimi, xx.xx.2024-cü il tarixə cavabdeh tərəfindən Banka 924,62 manat məbləğində vəsait qaytarılmalıdır. Beləliklə, əsassız varlanma nəticəsində əldə edilən vəsait cavabdeh tərəfindən könüllü qaytarılmadığından, həmin vəsaitin məhkəmə qaydasında tələb edilməsi zərurəti yaranmışdır. Bundan başqa, hazırki mübahisə üzrə iddia qiyməti 924,62 manat olduğundan, tərəflərindən 30 manat dövlət rüsumu və 0,40 manat bank xidməti haqqı ödənilmişdir. Göstərilənlərə əsasən Cavabdeh iddiaçı "xxxx" ASC-nin xeyrinə 924,62 manat vəsaitin, həmçinin iddia ərizəsinin verilməsi üçün ödənilmiş 30 manat dövlət rüsumun və 0.40 manat bank xidmət haqqının tutulması barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir.

3. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci və 284-5.3-cü maddələrinə əsasən, hazırki mülki işə iddianın məbləği beş min manatdan az olduğundan sadələşdirilmiş icraat qaydasında baxılması qərara alınmış, bu barədə cavabdeh X1 bildiriş göndərilərək, iddiaçının tələbinə dair əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri 10 (on) iş günü müddətində məhkəməyə təqdim etməsi xahiş olunmuşdur.

4. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadı ilə iddiaçı "xxxx" Açıq Səhmdar Cəmı̇ yyətinin Cavabdeh qarşı “borc tələbi"nə dair iddia ərizəsi ilə bağlı mülki işə ümumi iddia icraatı qaydasında baxılması qərara alınmışdır.

a) Məhkəmə icraatı iştirakçılarının izahatları:

5. İddiaçı "xxxx" Açıq Səhmdar Cəmı̇ yyəti tərəfindən məhkəməyə ərizə göndərilərək, işə nümayəndənin iştirakı olmadan baxılması və iddia tələbinin təmin edilməsi məhkəmədən xahiş edilmişdir.

6. Belə olan halda, məhkəmə işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

7. Məhkəmə iclasının vaxtı və yeri barədə Cavabdeh qeydiyyatda olduğu ünvan üzrə bildiriş göndərilmiş (həmçinin məhkəmə elektron SMS vasitəsi ilə məlumatlandırılmış), lakin cavabdeh məhkəmə iclasında iştirak etməmiş, bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir.

8. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə Cavabdeh iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

9. Məhkəmə, iş materiallarını nəzərdən keçirib hesab edir ki, iddia tələbi təmin edilməlidir.

Əsaslandırıcı hissə: a) Mülki işin materialları:

10. İş materiallarında olan iddiaçı "xxxx" ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli, CO0141022 saylı tam kart müqaviləsinə əsasən bank tərəfindən Cavabdeh 5 il müddətinə kredit kartı verilmişdir.

11. Həmin müqavilənin 7.6-cı bəndinə əsasən standart şərtlərdə nəzərdə tutulmuş şərtlərlə texniki overdraft baş verdiyi təqdirdə mövcud kredit xəttinin müddəti çərçivəsində ABB tərəfindən birtərəfli qaydada texniki overdraft məbləği qədər kredit xətti məbləğinin artırılmasına, kredit xətti mövcud deyilsə, başlanılma (texniki overdraftın yarandığı gün) və bitmə tarixləri arasında ən azı 1 gün müddət saxlanılmaqla ABB tərəfindən birtərəfli qaydada texniki overdraft məbləği qədər kredit xətti təyin edilməsinə AR Mülki Məcəllənin 356-cı maddəsinin tələbləri nəzərə alınmaqla qabaqcadan razlıq verir. Müştəri bu razılığı heç bir halda ləğv etməyəcəyini bəyan edir.

12. İş materiallarına əlavə olunmuş arayışdan görünür ki, Cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyəti qarşısında hüquqi əsası olmadan (əsassız varlanmaya səbəb olan) hesabdan çıxarılmış məbləğ 924,62 manat qalıq borc təşkil edir.

13. İş materiallarına əlavə olunmuş xx.xx.2024-cü il tarixli cari hesab üzr artıq istifadə edilmiş məbləğin geri qaytarılmasına dair xəbərdarlıqdan görünür ki, Cavabdeh yaranmış borcun ödənilməsi ilə bağlı xəbərdarlıq edilmişdir.

b) Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə:

14. Hazırki iddia tələbi ilə bağlı məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir.

15. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.

16. Mülki Məcəllənin 439.4-cü maddəsinə əsasən öhdəlikdən kənar ödənilmiş pul əsassız varlanma qaydalarına uyğun olaraq geri tələb edilə bilər.

17. Mülki Məcəllənin 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin.

18. Mülki Məcəllənin 1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir.

19. Mülki Məcəllənin 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Qaytarma vəzifəsi aşağıdakılara da şamil edilir: bu Məcəllənin 157.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla, əldə edilənlərdən götürülən faydaya; əldə edən şəxsin əldə etdiklərinə əsasən və ya onlar üçün kompensasiya kimi əldə etdiyinə və ya qəsdən əldə etmədiyinə.

20. Mülki Məcəllənin 1092.2-ci maddəsinə əsasən əldə edilənləri vermək mümkün olmadıqda, onların dəyəri ödənilir.

21. Mülki Məcəllənin 1092.3-cü maddəsinə əsasən varlanmış şəxs qaytarmanın tələb olunduğu anda daha özünün varlı olmadığını sübut edərsə, bu Məcəllənin 1092.1 və 1092.2-ci maddələrinə uyğun iddiaların irəli sürülməsi istisna edilir. Varlanmadan əvvəl və ya bilavasitə varlanma zamanı bunun üçün hüquqi əsasın olmadığını bilən varlanmış şəxsə bu qayda şamil edilmir.

22. Mülki Məcəllənin 1093.1-ci maddəsinə əsasən öhdəliyin icrası üçün deyil, varlanmış şəxsin hər hansı hərəkəti yerinə yetirməsi və ya yerinə yetirməməsi üçün varlanmış şəxsə nə isə verən məhrum olan, varlanmış şəxsin əməli gözlənilən məqsədə uyğun olmadıqda verdiyini geri tələb edə bilər.

23. Mülki Məcəllənin 1093.2-ci maddəsinə əsasən aşağıdakı hallarda qaytarma tələbi istisna edilir: əgər məqsədə çatılması əvvəlcədən qeyri-mümkün idisə və verən bunu bilirdisə; əgər verən məqsədə çatmağa vicdansızcasına mane olmuşsa.

24. Mülki Məcəllənin 1094-cü maddəsinə əsasən əsassız varlanmış şəxsin heç bir hüquqi əsas olmadan əldə etdiyi əşyaya çəkilən xərclərin qaytarılması bu Məcəllənin 157.6-cı və 157.7-ci maddələri ilə müəyyən edilmiş qaydada həyata keçirilir.

25. Mülki Məcəllənin 462.1-ci dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir.

26. Beləliklə, məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh 924,62 (doqquz yüz iyirmi dörd manat, altmış iki qəpik) manat məbləğində pul, habelə 30 (otuz) manat ödənilmiş dövlət rüsumunun əvəzi alınaraq iddiaçı "xxxx" ASC-yə verilməlidir.

27. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

28. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.

29. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməkləə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.

30. Eyni Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

31. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

32. Qeyd olunan Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

33. Azərbaycan Respublikasının MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Nəticə hissəsi:

34. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119,216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh 924,62 (doqquz yüz iyirmi dörd manat, altmış iki qəpik) manat məbləğində pul, habelə 30 (otuz) manat ödənilmiş dövlət rüsumunun əvəzi alınaraq iddiaçı "xxxx" ASC-yə verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) apellyasiya şikayəti verilə bilər.

Hakim Şəbnəm Həxiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar