Məhkəmə qərarları › İş №e-2(060)-4575/2024

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(060)-4575/2024

27.08.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2(060)-4575/2024 27.08.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Giriş hissə: Hakim Həxiyeva Şəbnəm Səlim qızının sədrliyi, İbrahimzadə Zəhra Şahverdi qızının katibliyi ilə İddiaçı "xxxx" Açıq Səhmdar Cəmı̇ yyətinin Cavabdeh qarşı “ölmüş şəxsin kredit borcunun mirası qəbul etmiş vərəsələrdən tutulması tələbi"nə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə:

1. İddiaçı "xxxx" Açıq Səhmdar Cəmı̇ yyəti Cavabdeh qarşı “ölmüş şəxsin kredit borcunun mirası qəbul etmiş vərəsələrdən tutulması tələbi"nə dair iddia ərizəsi üzrə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında məhkəməyə müraciət etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" ASC-nin Sumqayıt filialı ilə X8 arasında bağlanmış BPM**********24 nömrəli xx.xx.2018-ci il tarixli kredit müqaviləsinə əsasən X7 illik 27 faizlə 60 ay müddətinə, 2450 manat məbləğində kredit verilmişdir. Tərəflər arasında bağlanmış kredit müqaviləsi ilə müəyyən edilmişdir ki, borcalan bu müqavilə ilə müəyyən edilmiş müddətdə kredit məbləğini və ona hesablanan faizləri ödəməlidir. 196795 saylı ölüm haqqında şəhadətnaməyə əsasən X8 xx.xx.2021-ci il tarixində vəfat etmişdir. Sumqayıt şəhəri 3 saylı notariat ofisi tərəfindən təqdim edilmiş 2189 saylı, xx.xx.2023-cü il tarixli məktuba əsasən müəyyən edilmişdir ki, Cavabdeh X6 vərəsəsi kimi tanınmışdır və o, miras əmlakdan tam hissədə pay almışdır. Şəhadətnamə verilən miras əmlak DƏDRX-nin Sumqayıt Ərazi İdarəsi tərəfindən xx.xx.2021 tarixdə X7 verilmiş **********44-10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 66.5 kv/m olan fərdi yaşayış evindən və onun yerləşdiyi 0.015 ha torpaq sahəsindən ibarətdir. Bankın Sumqayıt filialı tərəfindən təqdim edilmiş xx.xx.2024-cü il tarixli maliyyə arayışına əsasən, X6 xx.xx.2024-cü ilədək Banka ödənilməmiş nağd kredit üzrə 1501,67 manat əsas borcu, vəfat etdiyi tarixə qədər hesablanmış 40,92 manat olmaqla, cəmi 1542,59 manat borcu qalmışdır. Eyni zamanda tərəflərindən iddia ərizəsi ilə məhkəməyə müraciət etmək üçün 35,43 manat dövlət rüsumu və 0,40 manat bank xidmət haqqı ödənilmişdir. Cavabdeh mərhum X4 qalmış mirası qəbul etməsinə baxmayaraq, ona çatan miras payı həcmində miras qoyanın "xxxx" ASC qarşısında olan öhdəliyini icra etməmişdir. Mübahisənin məhkəmədən kənar həlli üçün cavabdehə xx.xx.2023-cü il tarixində 6-2-22/2-31163/2023 nömrəli xəbərdarlıq məktubu göndərilməsinə baxmayaraq, cavabdeh öz öhdəliyini bu günədək tam şəkildə yerinə yetirməmişdir. Göstərilənlərə əsasən X1 vərəsəsi Cavabdeh iddiaçı "xxxx" ASC-nin xeyrinə nağd kredit üzrə 1501,67 manat əsas borcu, vəfat etdiyi tarixə qədər hesablanmış 40,92 manat olmaqla, cəmi 1542,59 manat borcunun, ödənilmiş 35,43 manat dövlət rüsumunun və 0,4 manat xidmət haqqının tutulması barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. 3 Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadı ilə iş üzrə tərəflərin izahatının alınması, iş üzrə əlavə araşdırmanın aparılması zərurəti mövcud olduğundan işə ümumi iddia icraatı qaydasında baxılması qərara alınmışdır.

a) Məhkəmə icraatı iştirakçılarının izahatları:

4. İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi tərəfindən məhkəməyə ərizə təqdim edilərək, məhkəmə iclasının onların iştirakı olmadan keçirilməsi və iddianın təmin olunması barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir.

5. Məhkəmə işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

6. Əvvəlki məhkəmə iclasında iştirak etmiş Cavabdeh izahat verərək bildirmişdir ki, X8 onun həyatı yoldaşıdır. Hazırda vəfat etdiyindən bank vərəsəsi olaraq ondan borcun tam şəkildə ödənilməsini tələb edir. Borc məbləğini qəbul edir, lakin hazırda tam şəkildə borcun bağlanılması mümkün olmadığını bildirmişdir. Bundan əlavə bildirir ki, borc məbləğindən hissə-hissə ödənişlər edə bilər.

7. Sonuncu məhkəmə iclasının vaxtı və yeri barədə Cavabdeh qeydiyyatda olduğu ünvan üzrə bildiriş göndərilmiş (həmçinin məhkəmə elektron SMS vasitəsi ilə məlumatlandırılmış), lakin cavabdeh məhkəmə iclasında iştirak etməmiş, bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir.

8. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

9. Məhkəmə, cavabdehin izahatını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir.

Əsaslandırıcı hissə: a) Mülki işin materialları:

10. İş materiallarında olan "xxxx" ASC ilə X8 arasında bağlanmış 20 avqust 2018-ci il tarixli, BPM**********24 saylı kredit müqaviləsinə əsasən Bank tərəfindən X7 60 ay müddətinə, illik 27 faiz dərəcəsi ilə, 2450 manat məbləğində kredit verilmişdir.

11. İşin materiallarında olan "xxxx" ASC tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli maliyyə arayışından görünür ki, X6 xx.xx.2018-ci il tarixli kredit müqaviləsinə əsasən "xxxx" ASC-yə 1501,67 manat əsas borc, ödənilməmiş 40,92 manat faiz borcu olmaqla, cəmi 1542,59 manat borcu vardır.

12. İş materiallarında olan Ağdaş rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli, AZ-İİ № 196795 saylı ölüm haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, X8 xx.xx.2021-ci il tarixdə beyindaxili qansızma xəstəliyindən ölmüşdür.

13. İş materiallarında olan Sumqayıt şəhər 3 saylı notariat ofisinin xüsusi notariusu X2 tərəfindən verilmiş 17 oktyabr 2022-ci il tarixli «Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə»nin təsdiq olunmuş surətindən görünür ki, xx.xx.2021-ci il tarixdə vəfat etmiş- X6 vərəsəsi: arvadı Cavabdehdır və o miras əmlakdan tam hissədə pay almalıdır. Şəhadətnamə verilən miras əmlak ƏMDK-nin yanında DƏDRX-nin Sumqayıt Ərazi İdarəsi tərəfindən xx.xx.2021-ci il tarixdə X7 verilmiş **********44-10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 66,5 kv/m olan fərdi yaşayış evindən və onun yerləşdiyi 0,015 ha torpaq sahəsindən ibarətdir. Real vaxt rejimində daşınmaz əmlakın dövlət reyestrindən əldə edilmiş xx.xx.2022-ci il tarixli qeydiyyat nömrəsi **********HA71401 olan arayışa əsasən vərəsəlik hüququ haqqında şəhadətnamə verilənədək ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi və torpaq sahəsi ipoteka ilə yüklü edilməmiş, həbs altında deyil və özgəninkiləşdirilməsinə qadağan qoyulmamışdır.

14. İş materiallarında olan "xxxx" ASC tərəfindən Cavabdeh ünvanlanmış xəbərdarlıqdan görünür ki, cavabdehə kredit müqaviləsi üzrə borcun ödənilməsi ilə bağlı xəbərdarlıq edilmişdir.

b) Məhkəmə tərəfindən müəyyən edilən hallar:

15. Beləliklə, məhkəmə iclasında müəyyən olundu ki, "xxxx" ASC ilə X8 arasında bağlanmış 20 avqust 2018-ci il tarixli, BPM**********24 saylı kredit müqaviləsinə əsasən Bank tərəfindən X7 60 ay müddətinə, illik 27 faiz dərəcəsi ilə, 2450 manat məbləğində kredit verilmiş, X8 xx.xx.2021-ci il tarixdə vəfat etmiş. Kreditor mülki qanunvericiliyin göstərişlərinə istinad edərək borclunun hüquqi varisi Cavabdeh borclunun miras passivinə görə mülki məsuliyyət daşıdığını iddia edir və borcun ödənilməsini tələb edir.

16. Təqdim edilmiş sənədlərdən göründüyü kimi iş üzrə Cavabdeh borclu X6 qanun üzrə vərəsəsidir.

c) Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə:

17. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

18. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur.

19. Qeyd olunan Məcəllənin 448.1-ci maddəsinə əsasən borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.

20. Eyni Məcəllənin 449.1-ci maddəsinin tələbinə görə özgənin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda, məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər.

21. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər.

22. Həmçinin, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1306-cı maddəsinə əsasən vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. Əgər miras qoyan vərəsələrə keçmiş borclar üzrə birgə borclu olmuşdursa, vərəsələr birgə məsuliyyət daşıyırlar.

23. Həmin Məcəllənin 1146-cı maddəsinə əsasən miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır.

24. Eyni Məcəllənin 1255-maddəsinə əsasən qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır.

25. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1-ci və 1306-cı maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2018ci il tarixli qərarı ilə müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470, 472-ci, eləcə də 1146, 1255 və 1306-cı maddələrinə uyğun olaraq, borclunun ölümündən sonra, ilk növbədə, mirası qəbul etmiş vərəsələr miras açıldığı gündən onlara çatan miras payı həcmində miras qoyanın kreditorları qarşısında birgə məsuliyyət daşıyırlar. Miras qoyanın kreditorları tərəfindən vərəsələrə qarşı öhdəliyin icrası tələbi irəli sürülərkən, mirasın qəbulu ilə bağlı qanunvericilikdə müəyyən edilmiş müddətlər nəzərə alınmalıdır. Vərəsələr və zamin borclu öldükdən sonra əsas borcdan əlavə, faiz borcuna görə də məsuliyyət daşıyırlar. Borclunun təqsirli hərəkətləri nəticəsində öhdəlik icra edilmədiyi və ya lazımınca icra edilmədiyi halda hesablanmış dəbbə pulunun ödənilməsi ilə bağlı tələb kreditor tərəfindən bu Qərarın təsviri-əsaslandırıcı hissəsində əks olunmuş qaydada vərəsələr və ya zaminə qarşı irəli sürülə bilər. Vərəsələr və ya zaminin təqsirli hərəkətləri nəticəsində öhdəlik icra edilmədiyi və ya lazımınca icra edilmədiyi təqdirdə kreditor dəbbə pulunun ödənilməsini bu hərəkətləri törətmiş şəxsdən tələb edə bilər.

26. Məhkəmə işin faktiki hallarına Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 386.1, 442, 445, 448.1, 739, 1306-cı maddəsinin tələblərinə əsasən qiymət verərək hesab edir ki, iddiaçının iddia tələbi əsaslıdır. Cavabdeh borclunun (miras qoyanın) kredit müqaviləsindən irəli gələn öhdəlikləri üzrə onun qanun üzrə vərəsəsi kimi məsuliyyət daşıyır.

27. Mülki qanunvericiliyin göstərişinə görə mirası qəbul etmiş vərəsə miras payı həcmində miras qoyanın kreditorları qarşısında məsuliyyət daşıyır.

28. Araşdırılan mübahisədən göründüyü kimi vərəsə tərəfindən qəbul edilən miras kütləsi – daşınmaz əmlak təşkil edir.

29. Belə olan halda, məhkəmə hesab edir ki, Cavabdeh miras qoyanın miras payı həcmində bank qarşısında məsuliyyət daşımalıdır.

30. Həmçinin, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir

31. Məhkəmə iddianın ödənilmiş dövlət rüsumunun və xidmət haqqının tutulması ilə bağlı hissəsini araşdıraraq hesab edir ki, iddia təmin olunduğundan, dövlət rüsumu və xidmət haqqı ilə bağlı tələb də təmin edilməli, cavabdehdən ödənilmiş 35,43 manat dövlət rüsumu və 0,4 manat xidmət haqqı tutularaq iddiaçıya ödənilməlidir.

32. Belə olan halda, məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh 1501,67 (bir min beş yüz bir manat, altmış yeddi qəpik) manat əsas borc, 40,92 (qırx manat, doxsan iki qəpik) manat faiz borcu olmaqla, ümumilikdə 1542,59 (bir min beş yüz qırx iki manat, əlli doqquz qəpik) manat məbləğində pul, habelə 35,43 (otuz beş manat, qırx üç qəpik) manat ödənilmiş dövlət rüsumunun və 0,4 (qırx qəpik) manat xidmət haqqının əvəzi alınaraq iddiaçı "xxxx" Açıq Səhmdar Cəmı̇ yyətinə ödənilməlidir.

33. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

34. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.

35. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.

36. Eyni Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

37. Qeyd olunan Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

38. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

Nəticə hissəsi:

39. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh 1501,67 (bir min beş yüz bir manat, altmış yeddi qəpik) manat əsas borc, 40,92 (qırx manat, doxsan iki qəpik) manat faiz borcu olmaqla, ümumilikdə 1542,59 (bir min beş yüz qırx iki manat, əlli doqquz qəpik) manat məbləğində pul, habelə 35,43 (otuz beş manat, qırx üç qəpik) manat ödənilmiş dövlət rüsumunun və 0,4 (qırx qəpik) manat xidmət haqqının əvəzi alınaraq iddiaçı "xxxx" Açıq Səhmdar Cəmı̇ yyətinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Şəbnəm Həxiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar