Məhkəmə qərarları › İş №e-2(060)-462/2024

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(060)-462/2024

28.02.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2(060)-462/2024 28.02.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ X3 Behbudovanın sədrliyi, Mehriban Hüseyn qızı Həsənlinin katibliyi, İddiaçı Bank VTB (Azərbaycan) ASC-nin Cavabdeh qarşı borcun tutulması tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi : İddiaçı Bank VTB (Azərbaycan) ASC Cavabdeh qarşı krediti müqaviləsi üzrə borcun tutulması barədə ərizə ilə məhkəməyə müraciət edərək, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış 04 aprel 2021-ci il tarixli, 303086-1-38359 saylı kredit müqaviləsinə əsasən xx.xx.2023-cü il tarixə banka borclu olduğu 11953.94 manat məbləğində əsas borc, 96.98 manat məbləğində faiz borcu, 7.8 manat məbləğində cərimə, ümumilikdə isə 12058.72 manat məbləğində pulun və məhkəməyə müraciət etmək üçün ödənilmiş 126.18 manat dövlət rüsumunun Cavabdeh tutularaq İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 04 aprel 2023-cü il tarixli 303086-1-38359 saylı “Kredit borcunun restrukturizasiyası”na dair müqaviləyə əsasən Cavabdeh borcu kapitallaşdırılmış və o, 11953.94 manat məbləğində borcu illik 03 faiz hesablanması şərti ilə 59 ay müddətində ödəməyi öhdəsinə götürmüşdür. Lakin borclu şəxs Cavabdeh üzərinə götürdüyü kredit öhdəliklərini xx.xx.2023-cü il tarixdən icra etməmiş və nəticədə cavabdehin Banka ümumilikdə isə 12058.72 manat məbləğində borcu qalmışdır. Tərəflər arasında bağlanmış kredit müqaviləsinin tələbinə əsasən bu müqavilə ilə üzərinə götürdüyü öhdəlikləri vaxtında və lazımınca icra etmək və onların pozulmasına yol verməmək “kredit alan”ın vəzifəsidir. Tərəflər arasında münasibətləri məhkəmədən kənar qaydada həll etmək məqsədi ilə onlar tərəfindən Cavabdeh dəfələrlə xəbərdarlıq edilmiş, lakin bundan sonra da qeyd olunan müqavilələrin şərtləri onun tərəfindən yerinə yetirilməmiş və öhdəliklər lazımınca icra edilməmişdir. İddiaçı Bank VTB (Azərbaycan) ASC-nin nümayəndəsi X1 xx.xx.2024-cü il tarixdə məhkəməyə ərizə ilə müraciət edərək bildirmişdir ki, məhkəmə iclasında üzrlü səbəbdən iştirakları mümkün olmayacaqdır. Bu səbəbdən, hazırki iş üzrə məhkəmə prosesini onların iştirakı olmadan keçirilməsini və iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. xx.xx.2024-cü il tarixdə məhkəmənin hazırlıq iclasında iştirak edən Cavabdeh izahatında bildirmişdir ki, iddia tələbini qəbul edir. Ödəniş etməməyinin səbəbi işi ilə bağlı olmuşdur. İşdən çıxmışdır. 2 uşağı vardır. Hazırda yeni işə düzəlmişdir. Artıq ödənişləri vaxtı-vaxtında edəcəkdir. Avqust ayından ödəniş etmir. Cavabdeh yaşayış yerinə məhkəmə iclasının yeri və vaxtı barədə qanunla nəzərdə tutulmuş qaydada bildiriş göndərilmiş, Cavabdeh təqdim olunmuşdur. Bundan əlavə Cavabdeh “SMS” bildiriş göndərilməklə məhkəmə iclasının vaxtı və yeri barədə məlumatlandırılmışdır. Azərbaycan Respublikası MPM-in 185-ci maddəsinə əsasən məhkəmə işə Cavabdeh iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə iş materiallarını araşdırıb, məhkəmə baxışında tədqiq edilən sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. İş materiallarında olan İddiaçı ASC tərəfindən verilmiş maliyyə arayışından görünür ki, Cavabdeh 303086-1-38359 saylı, xx.xx.2023-cü il tarixli nağd pul krediti müqaviləsi üzrə xx.xx.2023-cü il tarixə İddiaçı ASC-yə 11953.94 manat əsas, 96.98 manat faiz, 7.80 manat cərimə borcu olmaqla, cəmi 12058.72 manat borcu vardır. İş materiallarında olan xx.xx.2023-cü il tarixli, 303086-1-38359 nömrəli kredit müqaviləsinə 1 nömrəli əlavə, ödəniş cədvəlindən görünür ki, Cavabdeh xx.xx.2023-cü il tarixindən xx.xx.2024-cü il tarixinədək hər ay müəyyən məbləğlərdə, xx.xx.2024-cü il tarixindən xx.xx.2028-ci il tarixinədək hər ay 270.20 manat, yalnız sonuncu ay 255.35 manat olmaqla ödəniş etməlidir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli, 303086-1-38359 nömrəli kredit borcunun restrukturizasiyasına dair müqavilədən görünür ki, Cavabdeh İddiaçı ASC-dən illik 3% hesablanması şərtilə 59 ay müddətinə 11953.94 manat məbləğində kredit götürmüşdür. İş materiallarında olan 12 oktyabr 2023-cü il tarixli 5926P nömrəli pretenziya məktubundan görünür ki, borcluya xx.xx.2023-cü il tarixə 12058.72 manat olan borcun 3 iş günü müddətində ödənilməsi tələb olunmuş, əks təqdirdə qanunvericiliyin tələbinə uyğun tədbirlər görülməsi barədə xəbərdarlıq edilmişdir. Məhkəmənin qənaətinə görə Cavabdeh tərəfindən müqavilə şərtlərinə əməl olunmamış, üzərinə götürdüyü öhdəlikləri vaxtında və lazımınca yerinə yetirməmişdir. Bunun nəticəsində iddiaçı Bank VTB (Azərbaycan) ASC ümid etməyə haqqı çatanlardan məhrum olmuşdur. Bu isə məhkəmənin iddia tələbinin təmin edilməsi nəticəsinə gəlməsinə əsas vermişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. İşin araşdırılan hallarından müəyyən edilir ki, iddiaçı kredit müqaviləsi ilə üzərinə düşən öhdəliyi icra etmiş, lakin cavabdeh kredit müqaviləsi ilə üzərinə düşən öhdəliyi lazımi şəkildə yerinə yetirməmişdir və nəticədə onun iddiaçının qarşısında 11953 (on bir min doqquz yüz əlli üç) manat 94 (doxsan dörd) qəpik manat məbləğində əsas borc, 96 (doxsan altı) manat 98 (doxsan səkkiz) qəpik məbləğində faiz borcu, 7 (yeddi) manat 80 (səksən qəpik) manat cərimə borcu olmaqla, ümumilikdə 12058 (on iki min əlli səkkiz) manat 72 (yetmiş iki) qəpik məbləğində icra edilməmiş pul öhdəliyi yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 743-cü maddəsinə əsasən əgər borc alanın əmlak vəziyyəti əhəmiyyətli dərəcədə pisləşərsə, bu isə borcun qaytarılması tələbi üçün təhlükə yaradarsa, borc verən borcun dərhal qaytarılmasını tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəllənin 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Azərbaycan Respublikası Mülki Məcəllənin 445.1-ci maddəsinə görə, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Aşağıdakı hallar borclunun icranı gecikdirməsi sayılır: öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi; icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi. Azərbaycan Respublikası Mülki Məcəllənin 448-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası Mülki Məcəllənin 448.2-ci maddəsinə görə, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Məcəllənin 460.1-ci maddəsinə əsasən öhdəliklərin icrası girov, dəbbə pulu, borclunun əmlakının saxlanılması, zaminlik, qarantiya, beh ilə və bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər üsullarla təmin edilə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Ona görə də iş üzrə ödənilmiş dövlət rüsumu cavabdehdən tutularaq iddiaçının xeyrinə keçirilməlidir. Şərh edilənləri nəzərə alaraq, məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh 11953 (on bir min doqquz yüz əlli üç) manat 94 (doxsan dörd) qəpik manat məbləğində əsas borc, 96 (doxsan altı) manat 98 (doxsan səkkiz) qəpik məbləğində faiz borcu, 7 (yeddi) manat 80 (səksən qəpik) manat cərimə borcu olmaqla, ümumilikdə 12058 (on iki min əlli səkkiz) manat 72 (yetmiş iki) qəpik pul məbləği, məhkəməyə müraciət etmək üçün ödənilmiş 126 (bir yüz iyirmi altı) manat 18 (on səkkiz) qəpik dövlət rüsumu tutulub “Bank VTB(Azərbaycan)” Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 80-ci maddəsinə əsasən, məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.1-ci maddəsinə görə, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia tələbi təmin edilsin. Cavabdeh İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə 11953 (on bir min doqquz yüz əlli üç) manat 94 (doxsan dörd) qəpik manat məbləğində əsas borc, 96 (doxsan altı) manat 98 (doxsan səkkiz) qəpik məbləğində faiz borcu, 7 (yeddi) manat 80 (səksən qəpik) manat cərimə borcu olmaqla, ümumilikdə 12058 (on iki min əlli səkkiz) manat 72 (yetmiş iki) qəpik pul məbləği, məhkəməyə müraciət etmək üçün ödənilmiş 126 (bir yüz iyirmi altı) manat 18 (on səkkiz) qəpik dövlət rüsumu tutularaq “Bank VTB(Azərbaycan)” Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə (MPM-nin 361-363-cü maddələrinə və əlavə 2 uyğun olaraq) elektron qaydada apellyasiya şikayəti verilə bilər. Hakim Aynur Behbudova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar