Məhkəmə qərarları › İş №e-2(060)-4634/2024

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(060)-4634/2024

11.10.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2(060)-4634/2024 11.10.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Şirəliyeva Vəfa Zavrulla qızının sədrliyi, İsmayılov Əli Seyran oğlunun katibliyi, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X6 iştirakı ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “ölmüş şəxsin kredit borcunun mirası qəbul etmiş vərəsələrdən tutulması” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddia tələbi:

1. İddiaçı Açıq Səhmdar Cəmiyyəti Cavabdeh qarşı iddia qaldıraraq Cavabdeh xx.xx.2013-cü il tarixli, BAL0560111/12 saylı müqaviləyə əsasən 300 manat əsas, 639,70 manat faiz və 38,93 manat cərimə, cəmi 978,63 manat borcun və 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun tutularaq İddiaçı ASC-nə ödənilməsinə dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.

İddia tələbinin əsaslandırıldığı hallar :

2. İddia onunla əsaslandırılmışdır ki, X7 ilə İddiaçı ASC arasında bağlanmış xx.xx.2013-cü il tarixli, BAL0560111/12 saylı müqavilələrə əsasən bank tərəfindən ona ümumilikdə 300 manat məbləğlərində kredit verilmişdir. Hazırda mərhum X4 banka ümumi olaraq 978,63 manat borcu vardır. X7 xx.xx.2014-cü il tarixdə vəfat etmişdir. Cavabdeh X4 qanuni vərəsəsidir. X7 tərəfindən vərəsələrinə qalan miras əmlak ƏMDK-nin yanında DƏDRX-nin Sumqayıt Ərazi İdarəsi tərəfindən xx.xx.2012 tarixdə X5 verilmiş **********64- 05101-093021 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 85.6 kv/m olan 16 saylı mənzildən ibarətdir.

Etiraz ərizəsinin əsaslandırıldığı hallar:

3. Cavabdeh etiraz ərizəsi ilə məhkəməyə müraciət edərək ərizəçi İddiaçı ASC-nin ona qarşı borc tələbinə dair iddia ərizəsinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Etiraz ərizəsi onunla əsaslandırılmışdır ki, ərizəçi İddiaçı ASC ona qarşı borc tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ondan xx.xx.2013-cü il tarixli, BAL0560111/12 saylı müqaviləyə əsasən 300 manat əsas, 639,70 manat faiz və 38,93 manat cərimə, cəmi 978,63 manat borcun və 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun tutularaq İddiaçı ASC-nə ödənilməsinə dair qətnamə qət edilməsini xahiş etmişdir. Belə ki, mərhum həyat yoldaşı X7 ilə İddiaçı ASC arasında xx.xx.2013-cü il tarixdə BAL0560111/12 saylı müqavilə bağlanmış və həmin müqaviləyə əsasən bank mərhum həyat yoldaşına ümumilikdə 300 manat məbləğində kredit vermişdir. Həyat yoldaşı X7 xx.xx.2014-cü il tarixdə vəfat etmişdir. Onun qanuni vərəsəsidir. Mərhum həyat yoldaşından qalan miras əmlak ƏMDK-nin yanında DƏDRXnin Sumqayıt 2 saylı Ərazi İdarəsi tərəfindən xx.xx.2012-ci il tarixdə ona - həyat yoldaşına verilmiş **********64-05101-093021 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən Sumqayıt şəhəri, 17-ci mikrorayon, ev-38A ünvanında yerləşən, ümumi sahəsi 85,6 kv/m olan 16 saylı mənzildən ibarətdir ki, həmin mənzil hazırda onun adınadır və o, bu mənzildə yaşayır. xx.xx.2013-cü il tarixli, BAL0560111/12 saylı müqavilə mərhum həyat yoldaşı X7 ilə İddiaçı ASC arasında bağlanmış və həmin müqavilədən onun xəbəri olmamışdır. Əgər mərhum həyat yoldaşı X4 ərizəçi İddiaçıSC-nə borcu var idisə, nəyə görə bu vaxta qədər susmuş və mərhumun sağlığında ona qarşı belə bir iddia tələbi irəli sürməmişlər? Müqavilə xx.xx.2013-cü il tarixdə bağlanmış, X7 isə xx.xx.2014-cü il tarixdə vəfat etmişdir. Yəni borc məbləği bu müddət ərzində ödənilməmişdirsə, nəyə görə X3 borcun ödənilməsi tələb olunmurdu? Nəyə görə 12 ildən sonra bu borcun ödənilməsi ondan - 70 yaşlı xəstə qadından tələb olunur? Hazırda, o, təqaüddədir və səhhətində xeyli problem var. Aldığı aylıq təqaüd onun bir aylıq dolanışığına kifayət eləmir. Kredit borcunu o necə ödəsin? Hesab edir ki, ona qarşı verilmiş iddia tələbi əsassızdır və təmin edilməməlidir.

İddia müddətinin tətbiqi haqqında ərizənin əsaslandırıldığı hallar:

4. Cavabdeh ərizə ilə məhkəməyə müraciət edərək ona qarşı verilmiş iddia tələbi üzrə müddətin tətbiq edilməsi əsası ilə iddia ərizəsinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, icraatda olan İddiaçı ASC-nin ona qarşı xx.xx.2013-cü il tarixli BAL0560111/12 saylı müqavilə üzrə mərhum əri X7 tərəfindən götürülmüş 300 manat kreditin ondan tutulması tələbi üzrə bildirmişdir ki, həyat yoldaşı xx.xx.2014-cü il tarixində vəfat etmiş və o zaman o, həyat yoldaşının kredit götürməsindən məlumatı olmamışdır. 2014-cü ildən 2024-cü ilə kimi bank tərəfindən ona bu barədə məlumat verilməmişdir. Hazırda hesab edir ki, iddiaçının ondan vərəsəlik qaydası ilə kredit borcunun ödənilməsi üçün qanunla müəyyən edilmiş müddət keçmişdir.

İddia müddətinin tətbiqi haqqında ərizənin əsassızlığına dair iddiaçının əsaslandığı hallar:

5. İddiaçı Açıq Səhmdar Cəmiyyəti ərizə ilə məhkəməyə müraciət edərək Cavabdeh müddətin təqdim olunması ilə bağlı məhkəməyə təqdim olunmuş ərizəsində göstərilən halların nəzərə alınmamasını və iddia tələblərinin təmin olunmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Sumqayıt Şəhər Məhkəməsinin icraatında İddiaçı ASC-nin Cavabdeh qızma qarşı borcun tutulması tələbi üzrə mülki iş vardır. Cavabdeh məhkəməyə iddia müddətinin buraxılması ilə bağlı ərizə təqdim etmişdir. Hesab edir ki, həmin ərizə əsassızdır və iddia müddəti ötürülməmişdir. Belə ki, X7 ilə xx.xx.2013cü il tarixində bağlanmış müqaviləyə görə borcluya 300 manat məbləğində kredit verilmişdir və hazırda mərhumun banka 300 manat əsas, 639,70 manat faiz və 38,93 manat cərimə olmaqla, ümumilikdə 978,63 manat borcu vardır. Borclu xx.xx.2014-cü il tarixində vəfat etmişdir. Cavabdeh vərəsəsi olduğu şəxsin borcu olması ilə bağlı xəbərdar olmuş və dəfələrlə borcun ödənilməsi ilə bağlı müraciət olunsa da, cavabdeh borcu ödəməkdən imtina etmişdir. xx.xx.2015-ci il tarixli şəhadətnamədən görünür ki, iş üzrə Cavabdeh mərhumun vərəsəsidir. Göründüyü kimi, qanunvericiliyə əsasən vərəsəliyin açılması barədə məlumatın əldə olunması bankın borcu deyildir. Lakin xx.xx.2015-ci ildə qanun üzrə vərəsəliyin açılması ilə bağlı banka rəsmi və qeyri-rəsmi məlumat verilməmişdir. Bank vərəsəlik işinin açılması, miras əmlakı, vərəsəlik şəhadətnaməsi barədə rəsmi məlumat alınması barədə isə xx.xx.2023-cü il tarixində notariusa sorğu göndərmiş və vərəsəliyin açılmasından xx.xx.2023-cü il tarixində notariusun cavabı ilə məlumatlı olmuşlar. Cavabdeh borcu ödəməkdən imtina etdiyi üçün xx.xx.2024-cü il tarixində məhkəməyə müraciət olunmuşdur. Notariusun xx.xx.2023-cü il tarixli cavabı ilə yeni hüquq münasibəti yaranmış, yəni vərəsəyə qarşı iddia hüquqları yaranmış və iddia müddətinin axımının xx.xx.2023-cü il tarixindən başlanılması nəzərə alınaraq iddia müddəti buraxılmamışdır.

Tərəflərin mövqeləri:

1. Məhkəmə iclaslarında iştirak edən İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X8 iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi.

2. Məhkəmə iclaslarında iştirak edən Cavabdeh etiraz ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin olunmaması barədə qətnamə qəbul edilməsini xahiş etdi.

Tədqiq olunan sübutlar:

3. İddiaçı ASC ilə X7 arasında bağlanmış xx.xx.2013-cü il tarixli kredit kartı üzrə bank hesabı müqaviləsindən görünür ki, İddiaçı ASC tərəfindən X5 bankın bolkart layihəsinə qoşulmuş satış və xidmət şəbəkələrində malların və xidmətlərin dəyərinin ödənilməsi üçün 300 manat manat məbləğində bərpaolunan kredit xətti açmışdır.

4. xx.xx.2013-cü il tarixli balansdankənar məxaric orderindən görünür ki, İddiaçı ASC tərəfindən 1 ədəd kart X5 təhvil verilmişdir.

5. xx.xx.2015-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədən görünür ki, xx.xx.2014-cü il tarixdə ölmüş X4 vərəsəsi Cavabdehdır və o, miras əmlakdan 1/1 hissədə pay almalıdır, şəhadətnamə verilən miras əmlak ƏMDK-nın yanında DƏDRXnin Sumqayıt Ərazi İdarəsi tərəfindən xx.xx.2012-ci il tarixdə X5 verilmiş **********64- 05101-093021 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən ünvan 1 ünvanınnda yerləşən ümumi sahəsi 85,6 kv.m olan 6 saylı mənzildən ibarətdir.

6. İddiaçı ASC tərəfindən tərtib edilmiş 13 may 2023-cü il tarixli arayışda qeyd olunmuşdur ki, Cavabdeh 300 manat əsas borc, 639,70 manat faiz borcu və 38,93 manat məbləğində cərimə borcu vardır.

Məhkəmə baxışının hədləri:

7. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

Tətbiq edilən hüquq:

8. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 739-cu maddəsinə əsasən (əvvəlki redaksiya) borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. - 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. - 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. - 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. - 425.1-ci maddəsinə görə öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. -462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. -467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. -372.1-ci maddəsinə əsasən başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. -372.2-ci maddəsinə əsasən hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. -375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. -373.2-ci maddəsinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir.

“Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 03 iyun 2013-cü il tarixli qərarı: Kredit münasibətlərindən yaranan mübahisələrə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci maddəsində nəzərdə tutulan üç illik iddia müddəti tətbiq edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 377.2-ci maddələrinin mənasına görə kredit müqaviləsində başqa hal nəzərdə tutulmayıbsa, iddia müddətinin axımı bu müqavilədə müəyyənləşdirilmiş bütün öhdəliklər üzrə icra müddəti bitdikdə başlanır.

Sübutların tədqiqi və məhkəmənin mövqeyi:

9. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, tərəfləri dinləyərək, iş materiallarını tədqiq edərək və işdə olan sübutları qiymətləndirərək, qeyd edir ki, iddia tələbi təmin edilməməlidir.

10. Belə ki, mülki qanunvericiliyə əsasən tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, Mülki Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır.

11. İş materialarına əlavə edilmiş sənədlərlə müəyyən olunur ki, İddiaçı ASC ilə X7 arasında xx.xx.2013-cü il tarixli kredit kartı üzrə bank hesabı müqaviləsi bağlanmış və İddiaçı ASC tərəfindən X5 bankın bolkart layihəsinə qoşulmuş satış və xidmət şəbəkələrində malların və xidmətlərin dəyərinin ödənilməsi üçün 300 manat manat məbləğində bərpaolunan kredit xətti açmışdır. X2 xx.xx.2014-cü ildə vəfat etmişdir. Cavabdeh X1 qanun üzrə vərəsəsi təyin edilmiş və o, ƏMDK-nın yanında DƏDRX-nin Sumqayıt Ərazi İdarəsi tərəfindən xx.xx.2012-ci il tarixdə X5 verilmiş **********64-05101- 093021 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən ünvan 1 ünvanınnda yerləşən ümumi sahəsi 85,6 kv.m olan 6 saylı mənzildən ibarət miras əmlakdan tam hissədə pay almışdır.

12. Göründüyü kimi kredit götürən vəfat etdiyindən müqavilə üzrə öhdəliyini lazımi qaydada icra etməmiş və bunun nəticəsində iddiaçıya borcu yaranmışdır. Cavabdeh borclunun vərəsəsi olaraq mirası qəbul etməsinə baxmayaraq miras qoyanın bank qarşısında əsas və faiz borcunu vaxtında ödəməmiş, bununla da iddiaçının müqavilənin şərtlərinə uyğun olaraq əsas və faiz borcunu tələb etmək hüququ yaranmışdır.

13. Hal-hazırda cavabdeh iddia müddətinin tətbiq edilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək ona qarşı verilmiş iddia tələbi üzrə müddətin tətbiq edilməsi əsası ilə iddia ərizəsinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.

14. Məhkəmə qeyd edir ki, iddiaçının tələbi əsaslı olsa da, cavabdeh tərəfindən iddia müddətinin ötürülməsi barədə məhkəməyə ərizə təqdim edilmişdir.

15. Konstitusiya Məhkəməsi Plenumunun L.Binnətovanın şikayəti üzrə 08 may 2008-ci il tarixli və X.Xəlilovun şikayəti üzrə 16 yanvar 2009-cu il tarixli qərarlarında ifadə edilmiş hüquqi mövqeyə görə iddia müddəti pozulmuş hüququn müdafiəsinin müddəti kimi bu müddətin axımının başlanmasına səbəb olan subyektiv hüququn pozulması ilə ayrılmaz surətdə bağlıdır. Məhkəmə qabaqcadan iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmaması, subyektiv hüququn pozulub-pozulmaması, cavabdehin bu pozuntunu bilib-bilməməsi məsələlərini araşdırmadan iddia müddətinin keçməsinə görə iddianı rədd etməkdə haqlı olmamışdır. Bu səbəbdən iddia müddətinin keçməsinə görə iddianı rədd etmiş, lakin subyektiv mülki hüququn pozulması məsələsini həll etməyən məhkəmə aktı daxilən ziddiyyətli və əsassızdır. İddia müddətinin keçməsinə görə məhkəmənin gəldiyi nəticə lazımi əsasa söykənmir.

16. Məhkəmə cavabdehin iddia müddətinin tətbiq edilməsinə dair ərizəsi ilə bağlı qeyd edir ki, iddiaçı hesab edir ki, sözügedən kredit müqaviləsi üzrə borcun qaytarılması ilə bağlı iddia müddəti ötürülməmişdir. Buna əsas kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1309-cu maddəsini göstərərək vərəsəliyin açılması barədə məlumatın əldə olunmasının bankın borcu olmadığını, vərəsə tərəfindən rəsmi və ya qeyr-rəsmi məlumat verilməli olduğunu, vərəsəlik işinin açılması, miras əmlak, vərəsəlik şəhadətnaməsinin alınması barədə 23 noyabr 2023-cü il tarixdə notariusa sorğu göndərildiyini və vərəsəliyin açılmasından 30 noyabr 2023-cü il tarixində notariusun cavabı ilə məlumatlı olduqlarını göstərmişlər.

17. Məhkəmə qeyd edir ki, İddiaçı ASC ilə mərhum X7 arasında 12 fevral 2013-cü il tarixdə bağlanmış kredit müqaviləsinin müddəti 31 yanvar 2016-cı il tarixədək müəyyən edilmişdir. X2 16 yanvar 2014-cü il tarixdə vəfat etmiş, onun vərəsəsi olan Cavabdeh 08 sentyabr 2015-ci il tarixdə qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmiş, iddiaçı isə məhkəməyə 24 iyun 2024-cü il tarixdə müraciət etmişdir.

18. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 03 iyun 2013-cü il tarixli qərarında göstərilmişdir ki, kredit münasibətlərindən yaranan mübahisələrə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci maddəsində nəzərdə tutulan üç illik iddia müddəti tətbiq edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 377.2-ci maddələrinin mənasına görə kredit müqaviləsində başqa hal nəzərdə tutulmayıbsa, iddia müddətinin axımı bu müqavilədə müəyyənləşdirilmiş bütün öhdəliklər üzrə icra müddəti bitdikdə başlanır. İddia müddəti institutu mülki dövriyyənin, hüquq münasibətlərinin müəyyənliyini və sabitliyini yaratmaq, onların iştirakçılarını intizamlandırmaq, hüquq münasibətlərinin subyektlərinin hüquq və qanuni maraqlarının müddət baxımından vaxtında müdafiəsini və bərpasını təmin etmək məqsədi daşıyır. Belə ki, pozulmuş hüquqların məcburi müdafiəsi üçün ağlabatan müddət məhdudiyyətlərinin olmaması işin baxılması üçün əhəmiyyət kəsb edən sübutların toplanmasının və saxlanmasının lazım olduğunu nəzərə almayan cavabdehlərin və üçüncü şəxslərin qanunla qorunan hüquq və maraqlarının pozulmasına gətirib çıxarardı. Mübahisə tərəfinin ərizəsi əsasında məhkəmə tərəfindən iddia müddətinin tətbiqi mülki mübahisə tərəflərini əsaslandırılmamış çəkişmələrdən qoruyur və eyni zamanda, onları öz hüquqlarını vaxtında həyata keçirmələrinə və müdafiəsinə məcbur edir”. İddia müddətinin axımının başlanğıcı bir tərəfdən subyektiv hüququn pozulduğu obyektiv anla, digər tərəfdən isə səlahiyyətli şəxsin öz hüquqlarının pozulduğunu bildiyi və ya bilməli olduğu subyektiv anla əlaqəlidir. Bu iki amilin mövcudluğu, habelə onların heç də həmişə üst-üstə düşməməsi iddia müddətinin başlanğıcının təyin olunmasına təsir göstərən mühüm amildir.”

19. Məhkəmə qeyd edir ki, iddiaçının bank fəaliyyətini həyata keçirən təşkilat olaraq bu müddət ərzində borclunun ölümündən məlumatsız olması ağlabatan deyildir. Belə ki, sözügedən müqavilənin icra edilməsi müddətinin bitməsi anından 7 ildən artıq müddət keçmişdir. Boclunun 16 yanvar 2014-cü il tarixdə vəfat etməsi nəzərə alındıqda, onun bank qarşısında öhdəliyinin müddətinin 31 yanvar 2016-cı il tarixində bitməsi, bu müddət ərzində sözügedən kredit müqaviləsi üzrə icra edilməmiş öhdəliyinin olması və bankın bu halı sorğulamaması anlaşılan deyildir.

20. Məhkəmə iddiaçının Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1309-cu maddəsinə istinad edərək borclunun ölümü ilə bağlı vərəsə tərəfindən rəsmi və ya qeyrirəsmi məlumatın verilməli olması ilə bağlı dəlilinə münasibətdə qeyd edir ki, həmin normaya əsasən vərəsələr, əgər ölənin borcları onlara məlumdursa, mirasın açılması barədə miras qoyanın kreditorlarına məlumat verməyə borcludurlar. Lakin hazırki işdə Cavabdeh X2nun borcları barədə məlumatlı olmasını təsdiq edən hər hansı bir sübut iddiaçı tərəfindən məhkəməyə təqdim edilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

21. İddiaçının qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin əldə edilməsi üçün notariusa 23 noyabr 2023-cü il tarixdə sorğu göndərməsi və bununla bağlı məlumatı 30 noyabr 2023-cü il tarixində əldə etməsi iddia müddətinin keçməməsi barədə nəticəyə gəlmək üçün əsas deyildir. Başqa sözə desək iddiaçının qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin 2015-ci il tarixində verilməsinə baxmayaraq onu gec əldə etməsi iddia müddətinin axımının dayandırılmasına səbəb olmamışdır.

22. Beləliklə məhkəmə hesab edir ki, iddiaçı iddia müddətini ötürməklə məhkəməyə müraciət etdiyindən və cavabdeh iddia müddətinin tətbiqi barədə ərizə verərək iddia müddətinin tətbiq edilməsini məhkəmədən xahiş etdiyindən məhkəmə hesab edir ki, iddia təmin edilməməlidir.

23. Beləliklə, məhkəmə hesab edir ki, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “ölmüş şəxsin kredit borcunun mirası qəbul etmiş vərəsələrdən tutulması” tələbinə dair iddiası təmin edilməməlidir.

Nəticə:

24. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ:

İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “ölmüş şəxsin kredit borcunun mirası qəbul etmiş vərəsələrdən tutulması” tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən, məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Vəfa Şirəliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar