Məhkəmə qərarları › İş №e-2(060)-4653/2022

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(060)-4653/2022

27.12.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2(060)-4653/2022 27.12.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hüseynov Elmir Xoşbəxt oğlunun sədrliyi, Rüstəmli Aytən Kamil qızının katibliyi, İddiaçı nümayəndəsi-vəkili Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh qarşı vurulmuş zərərin ödənilməsi tələbinə dair mülki işə Sumqayıt Şəhər Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 3915 manat əsas pulun, iki yüz manat hüquqi xidmət haqqının və iddianın verilməsi üçün ödənilmiş 62 manat dövlət rüsumunun əvəzinin, ümumilikdə 4177 (dörd min yüz yetmiş yeddi) manat pulun cavabdehdən iddiaçının xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onun əsaslandırılmışdır ki, mülkiyyət hüququ ilə iddiaçıya məxsus olan **-NN-*** dövlət nömrə nişanlı, 2019-cu il buraxılışlı, mühərrik nömrəsi V104973, TİP – universal TOYOTA RAV-4 minik markalı avtomobil hərəkətdə olarkən xx.xx.2022-ci il tarixdə yol nəqliyyat hadisəsi baş vermişdir. Hadisə zamanı nəqliyyat vasitəsində valideynləri olmuş, iddiaçının atası İlham Kazımov etibarnamə əsasında avtomobili idarə etmişdir. Avtomobil Novxanı-Saray yolunda “Duzlu göl”ün kənarı ilə Bakı şəhəri istiqamətində hərəkət edərkən eyni istiqamətdə hərəkət edən **-ZA-*** dövlət qeydiyyat nömrə nişanlı nəqliyyat vasitəsini idarə edən Cavabdeh manevretmə və ötmə əməliyyatının tələblərini pozaraq ötmə zamanı ara məsafəsini saxlamadan yarımqoşqu ilə iddiaçıya məxsus avtomobili hərəkət zolağında sıxışdıraraq hərəkətini məhdudlaşdırıb, yoldan çıxmasına səbəb olub qəza vəziyyəti yaratmış və bu zaman avtomobilinə ziyan dəymişdir. Sürücü Cavabdeh hadisəni törətdikdən sonra qəzanın nəticəsində digər nəqliyyat vasitəsindəki şəxslərin həyatı üçün təhlükənin olub-olmadığına əhəmiyyət vermədən, məsuliyyətdən yayınmaq üçün hadisə yerindən qaçmış, idarə etdiyi nəqliyyat vasitəsini saxlamamışdır. Hadisə nəticəsində iddiaçıya məxsus nəqliyyat vasitəsinin qapısını açmaq mümkün olmadığından, atası İ.Kazımov çətinliklə digər qapıdan düşmüş, hadisədən təxminən 10 dəq sonra hadisə yerinə gələn DYP əməkdaşı qəzanı törədən sürücünün hadisə yerindən qaçdığını öyrənib onu aşkar etmək üçün getmiş və cavabdehi Saray kəndində tapmışdır. İlkin olaraq Cavabdeh hadisəni törətməsini boynuna almasa da daha sonra yarımqoşquda iddiaçıya məxsus nəqliyyat vasitəsinin boyası aşkar edilmiş və Cavabdeh hadisə yerinə gətirilmişdir. Cavabdeh barəsində Abşeron DYP-nin polis əməkdaşı tərəfindən inzibati tənbeh vermə haqqında qərar qəbul edilmiş, qərar əsasında Cavabdeh İXM-nin 327.1 və 327.6.-cı maddələri ilə (müvafiq olaraq manevr etmə qaydalarının pozulması; yol hərəkəti qaydalarını pozan nəqliyyat vasitəsi sürücüsünün yol nəqliyyat hadisəsi yerindən yayınması) məsuliyyətə cəlb edilmişdir. Avtomobil ona dəymiş ziyanın və təmiri üçün tələb olunan xərcin müəyyən edilməsi üçün "xxxx" MMC-yə məxsus X2 təqdim edilmişdir (sifarişçi – sığorta şirkəti). Servis Mərkəzi tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli qiymətləndirmə aktına əsasən avtomobilin təmirinə tələb olunan xərc 8915.00 (ehtiyyat hissələri-4207.63, + usta pulu-3347.43 + ƏDV-1359.92) manat təşkil etmişdir. Baş vermiş hadisə üzrə icbari sığorta tərəfindən avtomobilin təmirinə tələb olunan xərcin 5000 manat hissəsi ödənilmişdir. Yerdə qalan xərcin ödənilməsi cavabdehdən tələb olunsa da, o, bundan imtina etmiş və bildirmişdir ki, pulun hamısını sığorta şirkətindən almalı idiniz. Beləliklə, cavabdehin təqsirli hərəkətləri nəticəsində (baş vermiş qəza üzrə) iddiaçıya məxsus avtomobilə ziyan dəymiş, dəymiş ziyanın bir hissəsi sığorta tərəfindən ödənilmiş, yerdə qalan digər məbləğ 3915 manat cavabdehdən tutulmalıdır. Məhkəmə iclasında İddiaçı nümayəndəsi-vəkili Nümayəndə iddia tələbini müdafiə etdi, iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin edilməsini xahiş etdi. Bildirdi ki, ekspert rəyində göstərilmiş qiymətin qiymətləndirmə aktı ilə uyğunlaşmamasının səbəbi ekspert rəyində müvafiq əlavə dəyər vergisinin göstərilməməsidir. Cavabdeh məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə MPM-nin 185.5-ci maddəsinin tələblərini əsas götürərək mülki işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əvvəlki məhkəmə iclasında iştirak edən cavabdeh iddia tələbini qismən qəbul etmişdir. Bildirmişdir ki, tərəfindən iddiaçıya maddi ziyan dəymiş, lakin avtomobilə dəymiş zərərin əvəzi servis mərkəzinə verildiyindən çox hesablanmışdır. Məhkəmə, iddiaçının izahatını dinləyib, iş materiallarını araşdıraraq və iş üzrə sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan: - "xxxx" MMC tərəfindən verilmiş qiymətləndirmə aktından görünür ki, 10- NN-003 dövlət qeydiyyat nişanlı, “Toyota Rav 4” markalı avtomobilin təmirinə tələb olunan xərc 8915 manat (ehtiyyat hissələri-4207,63+usta pulu-3347,43+ ƏDV-1359,92) manat təşkil edir. - Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2022-ci il tarixli, 9/6687 saylı ekspert rəyindən görünür ki, nəzəri hesablama yolu ilə "xxxx" MMC tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli qüsur aktındakı məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla 2019-cu il buraxılışlı, “Toyota Rav 4” markalı, **-NN-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci hadisə baş verən tarixə təxminən 7557 manat müəyyən edilmişdir. - Hüquqi yardımın göstərilməsi haqqında 26 may 2022-ci il tarixli, 815 saylı müqavilədən görünür ki, İddiaçı hüquqi yardıma görə 200 manat ödəniş etmişdir. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, **-NN-*** dövlət nömrə nişanlı, 2019-cu il buraxılışlı, mühərrik nömrəsi V104973, TİP – universal TOYOTA RAV-4 minik markalı avtomobil hərəkətdə olarkən xx.xx.2022-ci il tarixdə yol nəqliyyat hadisəsi baş vermişdir. İddiaçının atası İlham Kazımov etibarnamə əsasında avtomobili idarə etmişdir. Avtomobil Novxanı-Saray yolunda “Duzlu göl”ün kənarı ilə Bakı şəhəri istiqamətində hərəkət edərkən eyni istiqamətdə hərəkət edən **-ZA-*** dövlət qeydiyyat nömrə nişanlı nəqliyyat vasitəsini idarə edən Cavabdeh manevretmə və ötmə əməliyyatının tələblərini pozaraq ötmə zamanı ara məsafəsini saxlamadan yarımqoşqu ilə iddiaçıya məxsus avtomobili hərəkət zolağında sıxışdıraraq hərəkətini məhdudlaşdırıb, yoldan çıxmasına səbəb olub qəza vəziyyəti yaratmış və bu zaman avtomobilinə ziyan dəymişdir. Sürücü Cavabdeh hadisəni törətdikdən sonra qəzanın nəticəsində digər nəqliyyat vasitəsindəki şəxslərin həyatı üçün təhlükənin olub-olmadığına əhəmiyyət vermədən, məsuliyyətdən yayınmaq üçün hadisə yerindən qaçmış, idarə etdiyi nəqliyyat vasitəsini saxlamamışdır. Hadisə nəticəsində iddiaçıya məxsus nəqliyyat vasitəsinin qapısını açmaq mümkün olmadığından, atası İ.Kazımov çətinliklə digər qapıdan düşmüş, hadisədən təxminən 10 dəqiqə sonra hadisə yerinə gələn DYP əməkdaşı qəzanı törədən sürücünün hadisə yerindən qaçdığını öyrənib onu aşkar etmək üçün getmiş və cavabdehi Saray kəndində tapmışdır. İlkin olaraq Cavabdeh hadisəni törətməsini boynuna almasa da daha sonra yarımqoşquda iddiaçıya məxsus nəqliyyat vasitəsinin boyası aşkar edilmiş və Cavabdeh hadisə yerinə gətirilmişdir. Cavabdeh barəsində Abşeron DYP-nin polis əməkdaşı tərəfindən inzibati tənbeh vermə haqqında qərar qəbul edilmiş, qərar əsasında Cavabdeh İXM-nin 327.1 və 327.6.-cı maddələri ilə (müvafiq olaraq manevr etmə qaydalarının pozulması; yol hərəkəti qaydalarını pozan nəqliyyat vasitəsi sürücüsünün yol nəqliyyat hadisəsi yerindən yayınması) məsuliyyətə cəlb edilmişdir. Avtomobil ona dəymiş ziyanın və təmiri üçün tələb olunan xərcin müəyyən edilməsi üçün "xxxx" MMC-yə məxsus X2 təqdim edilmişdir (sifarişçi – sığorta şirkəti). Servis Mərkəzi tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli qiymətləndirmə aktına əsasən avtomobilin təmirinə tələb olunan xərc 8915.00 (ehtiyyat hissələri-4207,63, + usta pulu-3347,43 + ƏDV-1359,92) manat təşkil etmişdir. Baş vermiş hadisə üzrə icbari sığorta tərəfindən avtomobilin təmirinə tələb olunan xərcin 5000 manat hissəsi ödənilmişdir. Yerdə qalan xərcin ödənilməsi cavabdehdən tələb olunsa da, o, bundan imtina etmişdir. Beləliklə, cavabdehin təqsirli hərəkətləri nəticəsində (baş vermiş qəza üzrə) iddiaçıya məxsus avtomobilə ziyan dəymiş, dəymiş ziyanın bir hissəsi sığorta tərəfindən ödənilmişdir. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2022-ci il tarixli, 9/6687 saylı ekspert rəyindən görünür ki, nəzəri hesablama yolu ilə "xxxx" MMC tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli qüsur aktındakı məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla 2019-cu il buraxılışlı, “Toyota Rav 4” markalı, **-NN-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci hadisə baş verən tarixə təxminən 7557 manat müəyyən edilmişdir. Məhkəmə araşdırması zamanı müəyyən olunanlara əsasən məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinin İ bəndində göstərilir ki, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikasının Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə görə mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1108-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Məhkəmə "xxxx" MMC tərəfindən verilmiş qiymətləndirmə aktı ilə ekspert rəyi arasındakı qiymət fərqinə münasibətdə qeyd edir ki, ekspert rəyində ümumi avtomobilə çəkiləcək xərc 7557 manat göstərilmiş, "xxxx" MMC tərəfindən verilmiş qiymətləndirmə aktında isə 8915 manat hesablanmışdır. Müəyyən edilir ki, ekspert rəy verərkən hesablanmış əlavə dəyər vergisini nəzərə almamışdır. "xxxx" MMC tərəfindən verilmiş qiymətləndirmə aktında əlavə dəyər vergisi 1359,92 manat göstərilmişdir. Həmin əlavə dəyər vergisi 8915 manatdan çıxıldıqda 7555,08 manat təşkil edir ki, bu da ekspert rəyi ilə "xxxx" MMC tərəfindən verilmiş qiymətləndirmə aktında qiymətlərinin eyniliyinə dəlalət edir. Məhkəmə işin hallarına yuxarıda şərh olunan hüquq normalarına istinadən hüquqi qiymət verərək hesab edir ki, 2019-cu il buraxılışlı, “Toyota Rav 4” markalı, **-NN-*** dövlət qeydiyyat nişanlı avtomobilə maddi ziyan dəyməsi aşkardır və iş materialları ilə sübut olunur. Məhkəmə iddia tələbinin hüquqi yardımın əvəzinin cavabdehdən alınaraq iddiaçıya ödənilməsi ilə bağlı hissəsində hesab edir ki, iddia tələbi həmin hissədə də təmin edilməli, hüquqi yardım üçün vəkilə ödənilmiş 200 (iki yüz) manat cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Beləliklə, məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək, sadalanan maddi hüquq normalarına əsaslanaraq və həmin maddələrin tələblərini işin faktiki hallarına tətbiq edərək belə nəticəyə gəlir ki, 2019-cu il buraxılışlı, “Toyota Rav 4” markalı, **-NN-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərər cavabdehin hərəkətləri nəticəsində baş verdiyindən, avtomobilə çəkiləcək xərclər cavabdehə aid edilməlidir. Məhkəmə ekspertiza tədqiqatı ilə avtomobilin nəzəri hesablama aparılmaqla "xxxx" MMC tərtib etdiyi qüsur aktındakı məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla 2019-cu il buraxılışlı, “Toyota Rav 4” markalı, **-NN-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci avtoehtiyat hissələrinə köhnəlmə faizi tətbiq edilməklə 8915 manat müəyyən edilməsini daha real və əsaslı hesab edir. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh 3915 (üç min doqquz yüz on beş) manat borc, 200 (iki yüz) manat hüquqi yardım üçün ödənilmiş pulun əvəzi İddiaçı verilməlidir Məhkəmə iddianın ödənilmiş dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi ilə bağlı hisssini araşdıraraq hesab edir ki, iddia tələbi həmin hissədə də təmin edilməlidir. Belə ki, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2ci maddəsinə əsasən iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda məhkəməyə ödənilməli olan dövlət rüsumunun məbləği 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi həcmində olmalıdır. Hazırda iddianın təmin edilən hissəsi 4115 manat olduğundan Cavabdeh 62 manat məbləğində ödənilmiş dövlət rüsumunun əvəzi tutularaq İddiaçı ödənilməlidir. Eyni zamanda məhkəmə ekspertizası tədqiqatının dəyərinin əvəzi olaraq Cavabdeh 100 manat tutularaq X1 hesabına ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2, 217.3 və 217.4-cü maddələrinə əsasən mahiyyəti üzrə işə baxan məhkəmə tərəfindən qətnamə tərəflərin məntiqi izahı əsasında deyil, yalnız tərəflərin təqdim etdikləri sübutlardan istifadə etməklə, məhkəmə iclasında müəyyən edilmiş həqiqi hallar və tədqiq olunmuş sübutlar üzrə çıxarılır. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. Cavabdeh xx.xx.2022-ci il tarixdə baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində vurulmuş zərərə görə 3915 (üç min doqquz yüz on beş) manat, hüquqi yardımın əvəzi olaraq 200 manat və ödənilmiş 62 manat dövlət rüsumunun əvəzi, ümumilikdə 4177 (dörd min yüz yetmiş yeddi) manat tutulub İddiaçı verilsin. Məhkəmə ekspertizası tədqiqatının dəyəri olaraq 100 (yüz) manat Cavabdeh tutularaq X1 müxbir hesabına köçürülsün. (Kod:210005,VÖEN:**********,Müxbir hesab:AZ41NABZ********************) Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Elmir Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar