Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2(060)-472/2025 08.01.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Giriş hissə: Hakim Həxiyeva Şəbnəm Səlim qızının sədrliyi, Vəlixanova Pəri Murtuza qızının katibliyi ilə İddiaçı "xxxx" Açıq Səhmdar Cəmı̇ yyətinin Cavabdeh qarşı “ölmüş şəxsin kredit borcunun mirası qəbul etmiş vərəsələrdən tutulması tələbi"nə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə:
1. İddiaçı "xxxx" Açıq Səhmdar Cəmı̇ yyəti Cavabdeh qarşı “ölmüş şəxsin kredit borcunun mirası qəbul etmiş vərəsələrdən tutulması tələbi"nə dair iddia ərizəsi üzrə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında məhkəməyə müraciət etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" ASC ilə cavabdeh Quliyev Ağababa Şahbaba oğlu arasında bağlanmış xx.xx.2022-ci il tarixli, BPM**********26 saylı kredit müqaviləsinə əsasən Bank tərəfindən borcluya 48 ay müddətinə, illik 22 faiz dərəcəsi ilə hesablanmaqla 5950 manat məbləğində kredit verilmişdir. Tərəflər arasında bağlanmış kredit müqaviləsinə əsasən borcalan Müqavilə ilə müəyyən edilmiş müddətdə kredit məbləğini və ona hesablanan faizləri ödəməlidir. X2 Şahbaba oğlu xx.xx.2022-ci il tarixdə vəfat etmişdir. 1 saylı Sumqayıt regional “ASAN Xidmət” mərkəzində Notariat tərəfindən verilən məlumata əsasən Quliyev Ağababa Şahbaba oğlunun vəfat etməsi ilə əlaqədar vərəsələrin dairəsinin müəyyənləşdirilməsi üçün vərəsəlik işi açılmış, vərəsə Cavabdeh vərəsəlik şəhadətnamələri verilmişdir. Miras əmlakı 1989-cu il buraxılışlı “VAZ 2109 minik” markalı **-CT-*** dövlət nömrə nişanlı nəqliyyat vasitəsi və Sumqayıt şəhəri, Yaşma bağlar ərazisi, “Kimyaçı” B/Y 484 ünvanında yerləşən ümumi sahəsi 0.06 ha olan torpaq sahəsindən ibarətdir. Maliyyə arayışına əsasən, Quliyev Ağababa Şahbaba oğlundan kredit borcu üzrə Banka ödənilməmiş borcu 5692,84 manat əsas borc olmaqla, cəmi 5692,84 manat borcu qalmışdır. Cavabdeh Quliyev Ağababa Şahbaba oğlunun vərəsəsi kimi müəyyən olunmasına baxmayaraq, "xxxx" ASC qarşısında olan öhdəliyi icra etməmişdir. Mübahisənin məhkəmədən kənar həlli üçün iddiaçı tərəf səy göstərsə də, cavabdehlər öz öhdəliyini bu günədək tam şəkildə yerinə yetirməmişdir. Cavabdeh borcun qaytarılması haqqında tərəflərindən bildiriş göndərilərək, xəbərdarlıq edilsə də, vəsait Banka geri qaytarılmamışdır. Bundan başqa, hazırki mübahisə üzrə iddia qiyməti 5692,84 manat olduğundan, tərəfimizdən 76,93 manat dövlət rüsumu və 0,40 manat bank xidməti haqqı ödənilmişdir. Göstərilənlərə əsasən Cavabdeh iddiaçı "xxxx" ASC-nin xeyrinəkredit borcu üzrə Banka ödənilməmiş borcu – 5692,84 manat əsas borc olmaqla, cəmi 5692,84 manat məbləğində kredit borcunun və ödənilmiş 76,93 manat dövlət rüsumunun, habelə 0,40 manat bank xidmət haqqının tutulması bbarədə qətnamə qəbul edilməsi xahiş edilmişdir.
a) Məhkəmə icraatı iştirakçılarının izahatları:
3. İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi tərəfindən məhkəməyə ərizə təqdim edilərək, məhkəmə iclasının onların iştirakı olmadan keçirilməsi və iddianın təmin olunması barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir.
4. Məhkəmə işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
5. Cavabdeh tərəfindən məhkəməyə teleqram göndərilərək işə onun iştirakı olmadan baxılması və iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir.
6. Məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
7. Məhkəmə, iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir.
Əsaslandırıcı hissə: a) Mülki işin materialları:
8. İş materiallarında olan "xxxx" ASC ilə Quliyev Ağababa Şahbaba oğlu arasında bağlanmış 19 sentyabr 2022-ci il tarixli, BPM**********26 saylı kredit müqaviləsinə əsasən Bank tərəfindən Quliyev Ağababa Şahbaba oğluna 48 ay müddətinə, illik 22 faiz dərəcəsi ilə, 5950 manat məbləğində kredit verilmişdir.
9. İşin materiallarında olan "xxxx" ASC tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli maliyyə arayışından görünür ki, Quliyev Ağababa Şahbaba oğlunun xx.xx.2022-ci il tarixli kredit müqaviləsinə əsasən "xxxx" ASC-yə 5692,84 manat ödənilməmiş əsas borcu olmaqla, cəmi 5692,84 manat borcu vardır.
10. İş materiallarında olan 1 saylı Sumqayıt regional “ASAN xidmət” mərkəzi qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, AZ-İİ № 317526 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, Quliyev Ağababa Şahbaba oğlu xx.xx.2022-ci il tarixdə ürək çatışmazlığı xəstəliyindən ölmüşdür.
11. İş materiallarında olan “Elektron Notariat” X1 Çıxarışa əsasən, xx.xx.2022-ci ildə vəfat etmiş Quliyev Ağababa Şahbaba oğlunun qanun üzrə vərəsəsi- Cavabdehdur. Şəhadətnamə verilən miras əmlak ƏMDK-nin yanında DƏDRX-nin Sumqayıt Ərazi İdarəsi tərəfindən xx.xx.2017-ci il tarixdə Quliyev Ağababa Şahbaba oğluna verilmiş **********419 reyestr nömrəli ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən Sumqayıt şəhəri, Yaşma bağları ərazisi, “Kimyaçı” B/Y 484 ünvanında yerləşən ümumi sahəsi 0,06 ha olan torpaq sahəsindən və 1989-cu il buraxılışlı “VAZ 2109 minik” markalı, ** CT *** dövlət qeydiyyat nişanlı avtomobildən ibarətdir.
12. İş materiallarında olan "xxxx" ASC tərəfindən Cavabdeh ünvanlanmış xəbərdarlıqdan görünür ki, cavabdehə kredit müqaviləsi üzrə borcun ödənilməsi ilə bağlı xəbərdarlıq edilmişdir.
b) Məhkəmə tərəfindən müəyyən edilən hallar:
13. Beləliklə, məhkəmə iclasında müəyyən olundu ki, "xxxx" ASC ilə Quliyev Ağababa Şahbaba oğlu arasında bağlanmış 19 sentyabr 2022-ci il tarixli, BPM**********26 saylı kredit müqaviləsinə əsasən Bank tərəfindən Quliyev Ağababa Şahbaba oğluna 48 ay müddətinə, illik 22 faiz dərəcəsi ilə, 5950 manat məbləğində kredit verilmiş, Quliyev Ağababa Şahbaba oğlu xx.xx.2022-ci il tarixdə vəfat etmiş. Kreditor mülki qanunvericiliyin göstərişlərinə istinad edərək borclunun hüquqi varisi Cavabdeh borclunun miras passivinə görə mülki məsuliyyət daşıdığını iddia edir və borcun ödənilməsini tələb edir.
14. Təqdim edilmiş sənədlərdən göründüyü kimi iş üzrə Cavabdeh X2 Şahbaba oğlunun qanun üzrə vərəsəsidir.
c) Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə:
15. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
16. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur.
17. Qeyd olunan Məcəllənin 448.1-ci maddəsinə əsasən borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.
18. Eyni Məcəllənin 449.1-ci maddəsinin tələbinə görə özgənin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda, məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər.
19. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər.
20. Həmçinin, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1306-cı maddəsinə əsasən vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. Əgər miras qoyan vərəsələrə keçmiş borclar üzrə birgə borclu olmuşdursa, vərəsələr birgə məsuliyyət daşıyırlar.
21. Həmin Məcəllənin 1146-cı maddəsinə əsasən miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır.
22. Eyni Məcəllənin 1255-maddəsinə əsasən qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır.
23. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1-ci və 1306-cı maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2018-ci il tarixli qərarı ilə müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470, 472-ci, eləcə də 1146, 1255 və 1306-cı maddələrinə uyğun olaraq, borclunun ölümündən sonra, ilk növbədə, mirası qəbul etmiş vərəsələr miras açıldığı gündən onlara çatan miras payı həcmində miras qoyanın kreditorları qarşısında birgə məsuliyyət daşıyırlar. Miras qoyanın kreditorları tərəfindən vərəsələrə qarşı öhdəliyin icrası tələbi irəli sürülərkən, mirasın qəbulu ilə bağlı qanunvericilikdə müəyyən edilmiş müddətlər nəzərə alınmalıdır. Vərəsələr və zamin borclu öldükdən sonra əsas borcdan əlavə, faiz borcuna görə də məsuliyyət daşıyırlar. Borclunun təqsirli hərəkətləri nəticəsində öhdəlik icra edilmədiyi və ya lazımınca icra edilmədiyi halda hesablanmış dəbbə pulunun ödənilməsi ilə bağlı tələb kreditor tərəfindən bu Qərarın təsviri-əsaslandırıcı hissəsində əks olunmuş qaydada vərəsələr və ya zaminə qarşı irəli sürülə bilər. Vərəsələr və ya zaminin təqsirli hərəkətləri nəticəsində öhdəlik icra edilmədiyi və ya lazımınca icra edilmədiyi təqdirdə kreditor dəbbə pulunun ödənilməsini bu hərəkətləri törətmiş şəxsdən tələb edə bilər.
24. Məhkəmə işin faktiki hallarına Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 386.1, 442, 445, 448.1, 739, 1306-cı maddəsinin tələblərinə əsasən qiymət verərək hesab edir ki, iddiaçının iddia tələbi əsaslıdır. Cavabdeh borclunun (miras qoyanın) kredit müqaviləsindən irəli gələn öhdəlikləri üzrə onun qanun üzrə vərəsəsi kimi məsuliyyət daşıyır.
25. Mülki qanunvericiliyin göstərişinə görə mirası qəbul etmiş vərəsə miras payı həcmində miras qoyanın kreditorları qarşısında məsuliyyət daşıyır.
26. Araşdırılan mübahisədən göründüyü kimi vərəsə tərəfindən qəbul edilən miras kütləsi – daşınar və daşınmaz əmlak təşkil edir.
27. Belə olan halda, məhkəmə hesab edir ki, Cavabdeh miras qoyanın miras payı həcmində bank qarşısında məsuliyyət daşımalıdır.
28. Həmçinin, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
29. Məhkəmə iddianın ödənilmiş dövlət rüsumunun və xidmət haqqının tutulması ilə bağlı hissəsini araşdıraraq hesab edir ki, iddia təmin olunduğundan, dövlət rüsumu və xidmət haqqı ilə bağlı tələb də təmin edilməli, cavabdehdən ödənilmiş 76,93 manat dövlət rüsumu və 0,4 manat xidmət haqqı tutularaq iddiaçıya ödənilməlidir.
30. Belə olan halda, məhkəmə hesab edir ki, iddia təmin edilməli, Cavabdeh əsas borc üzrə 5692,84 (beş min altı yüz doxsan iki manat, səksən dörd qəpik) manat məbləğində pul, habelə 76,93 (yetmiş altı manat, doxsan üç qəpik) manat ödənilmiş dövlət rüsumunun və 0,4 (qırx qəpik) manat xidmət haqqının əvəzi alınaraq iddiaçı "xxxx" Açıq Səhmdar Cəmı̇ yyətinə ödənilməlidir.
31. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
32. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.
33. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.
34. Eyni Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
35. Qeyd olunan Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
36. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
Nəticə hissəsi:
37. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh əsas borc üzrə 5692,84 (beş min altı yüz doxsan iki manat, səksən dörd qəpik) manat məbləğində pul, habelə 76,93 (yetmiş altı manat, doxsan üç qəpik) manat ödənilmiş dövlət rüsumunun və 0,4 (qırx qəpik) manat xidmət haqqının əvəzi alınaraq iddiaçı "xxxx" Açıq Səhmdar Cəmı̇ yyətinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Şəbnəm Həxiyeva