Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2(060)-4723/2025 02.10.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Giriş hissə: Hakim Behbudova Aynur Mirzalı qızının sədrliyi, Həsənli Mehriban Hüseyn qızının katibliyi, İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X1 və Cavabdeh1 iştirakları ilə, İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 qarşı “ölmüş şəxsin kredit borcunun mirası qəbul etmiş vərəsələrdən tutulması tələbi"nə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə:
1. İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 qarşı “ölmüş şəxsin kredit borcunun mirası qəbul etmiş vərəsələrdən tutulması tələbi"nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" ASC ilə X7 arasında xx.xx.2022-ci il tarixli, BPM**********06 nömrəli kredit müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən X4 illik 20 %-lə, 30 ay müddətinə 4600 manat məbləğində nəğd kredit verilmişdir. Lakin əldə olunmuş məlumata görə X7 xx.xx.2024-cü il tarixində vəfat etmişdir. Notariat ofisi tərəfindən verilmiş şəhadətnamədən görünür ki, X2 mirası qəbul etmiş vərəsələri Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 notariat ofisinə müraciət etmiş və ərizə əsasında vərəsəlik işi açılmışdır. Tərəflər arasında bağlanmış Kredit müqaviləsi ilə müəyyən edilmişdir ki, borcalan bu Müqavilə ilə müəyyən edilmiş müddətdə kredit məbləğini və ona hesablanan faizləri ödəməlidir. Təqdim edilmiş maliyyə arayışına əsasən X2 xx.xx.2025-ci ilədək Banka əsas borc üzrə 592.82 AZN, faiz borcu 28.95 AZN olmaqla cəmi 621.77 AZN kredit borcu qalmışdır. Cavabdehlər X2 miras əmlakını qəbul etməsinə baxmayaraq ona çatan miras payı həcmində miras qoyanın "xxxx" ASC qarşısında olan öhdəliyini icra etməmişdir. Mübahisənin məhkəmədən kənar həlli üçün iddiaçı tərəf səy göstərsə də, cavabdeh öz öhdəliyini bu günədək tam şəkildə yerinə yetirməmişdir. Göstərilənlərə əsasən X2 vərəsələri Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 iddiaçı "xxxx" ASC-nin xeyrinə 592,82 manat əsas, 28,95 manat faiz borcu olmaqla, cəmi 621,77 manat borcun və ödənilmiş 30 manat dövlət rüsumunun və 0,40 manat bank xidmət haqqının tutulması barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir.
a) Məhkəmə icraatı iştirakçılarının izahatları:
3. Məhkəmə iclasında iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X8 izahat verərək iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.Əlavə olaraq qeyd etdi ki, faizin hesablanması tərəf öləndən sonra xx.xx.2024-cü il tarixdən dayandırılmışdır.
4. Məhkəmə iclasında Cavabdeh1 izahatında bildirdi ki, yataqxanada qalır. Anası vəfat etdikdən sonra onu evdən qovmuşdurlar.O, heç onlardan payını ala bilmir.
5. Məhkəmə iclasının vaxtı və yeri barədə cavabdehlər Cavabdeh2, Cavabdeh3 qeydiyyatda olduğu ünvan üzrə bildiriş göndərilmiş (həmçinin məhkəmə elektron SMS vasitəsi ilə məlumatlandırılmış), lakin cavabdehlər məhkəmə iclasında iştirak etməmiş, bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişlər.
6. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehlərin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir.
7. Məhkəmə, iddiaçının nümayəndəsinin və cavabdehin izahatını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir.
Əsaslandırıcı hissə: a) Mülki işin materialları:
8. İş materiallarında olan "xxxx" ASC ilə X6 arasında bağlanmış 28 mart 2022-ci il tarixli, BPM**********06 saylı kredit müqaviləsinə əsasən Bank tərəfindən X4 30 ay müddətinə, illik 20 faiz dərəcəsi ilə, 4600 manat məbləğində kredit verilmişdir.
9. İş materiallarında olan "xxxx" ASC tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli maliyyə arayışından görünür ki, X2 xx.xx.2022-ci il tarixli kredit müqaviləsinə əsasən "xxxx" ASC- yə 592,82 manat əsas borc, 28,95 manat faiz borcu olmaqla, cəmi 621,77 manat borcu vardır.
10. İş materiallarında olan Sumqayıt şəhər 1 saylı notariat ofisinin xüsusi notariusu X10 tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli «Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə»nin surətindən görünür ki, xx.xx.2024-cü il tarixdə vəfat etmiş- X2 vərəsələri: Cavabdeh2, Cavabdeh1dır və hər biri miras əmlakdan 1\3 hissədə irs almalıdırlar. Şəhadətnamə verilən miras əmlak ƏMDK-nin yanında DƏDRX-nin Sumqayıt Ərazi İdarəsi tərəfindən xx.xx.2009-cu il tarixdə X4 verilmiş **********92-05101-093031 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 50.27 kv.m, yaşayış sahəsi 32.93 kv.m, 2 otaqlı mənzildən barətdir.
11. İş materiallarında olan "xxxx" ASC tərəfindən cavabdehlər Cavabdeh2,Cavabdeh3 və Cavabdeh1 ünvanlanmış xəbərdarlıqdan görünür ki, cavabdehlərə kredit müqaviləsi üzrə borcun ödənilməsi ilə bağlı xəbərdarlıq edilmişdir.
b) Məhkəmə tərəfindən müəyyən edilən hallar:
12. Beləliklə, məhkəmə iclasında müəyyən olundu ki, "xxxx" ASC ilə X9 arasında bağlanmış 28 mart 2022-ci il tarixli, BPM**********06 saylı kredit müqaviləsinə əsasən Bank tərəfindən X5 30 ay müddətinə, illik 20 faiz dərəcəsi ilə, 4600 manat məbləğində nəğd kredit verilmiş, X9 xx.xx.2024-cü il tarixdə vəfat etmişdir. Kreditor mülki qanunvericiliyin göstərişlərinə istinad edərək borclunun hüquqi varisi Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 borclunun miras passivinə görə mülki məsuliyyət daşıdığını iddia edir və borcun ödənilməsini tələb edir.
13. Təqdim edilmiş sənədlərdən göründüyü kimi iş üzrə cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 borclu X3 qanun üzrə vərəsələridirlər.
c) Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə:
14. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
15. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. 16.Qeyd olunan Məcəllənin 448.1-ci maddəsinə əsasən borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.
17. Eyni Məcəllənin 449.1-ci maddəsinin tələbinə görə özgənin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda, məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər.
18. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər.
19. Həmçinin, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1306-cı maddəsinə əsasən vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. Əgər miras qoyan vərəsələrə keçmiş borclar üzrə birgə borclu olmuşdursa, vərəsələr birgə məsuliyyət daşıyırlar.
20. Həmin Məcəllənin 1146-cı maddəsinə əsasən miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır.
21. Eyni Məcəllənin 1255-maddəsinə əsasən qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır.
22. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1-ci və 1306-cı maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2018-ci il tarixli qərarı ilə müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470, 472-ci, eləcə də 1146, 1255 və 1306-cı maddələrinə uyğun olaraq, borclunun ölümündən sonra, ilk növbədə, mirası qəbul etmiş vərəsələr miras açıldığı gündən onlara çatan miras payı həcmində miras qoyanın kreditorları qarşısında birgə məsuliyyət daşıyırlar. Miras qoyanın kreditorları tərəfindən vərəsələrə qarşı öhdəliyin icrası tələbi irəli sürülərkən, mirasın qəbulu ilə bağlı qanunvericilikdə müəyyən edilmiş müddətlər nəzərə alınmalıdır. Vərəsələr və zamin borclu öldükdən sonra əsas borcdan əlavə, faiz borcuna görə də məsuliyyət daşıyırlar. Borclunun təqsirli hərəkətləri nəticəsində öhdəlik icra edilmədiyi və ya lazımınca icra edilmədiyi halda hesablanmış dəbbə pulunun ödənilməsi ilə bağlı tələb kreditor tərəfindən bu Qərarın təsviri-əsaslandırıcı hissəsində əks olunmuş qaydada vərəsələr və ya zaminə qarşı irəli sürülə bilər. Vərəsələr və ya zaminin təqsirli hərəkətləri nəticəsində öhdəlik icra edilmədiyi və ya lazımınca icra edilmədiyi təqdirdə kreditor dəbbə pulunun ödənilməsini bu hərəkətləri törətmiş şəxsdən tələb edə bilər.
23. Məhkəmə işin faktiki hallarına Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 386.1, 442, 445, 448.1, 739, 1306-cı maddəsinin tələblərinə əsasən qiymət verərək hesab edir ki, iddiaçının iddia tələbi əsaslıdır. Cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 borclunun (miras qoyanın) kredit müqaviləsindən irəli gələn öhdəlikləri üzrə onun qanun üzrə vərəsələri kimi məsuliyyət daşıyır.
24. Mülki qanunvericiliyin göstərişinə görə mirası qəbul etmiş vərəsə miras payı həcmində miras qoyanın kreditorları qarşısında məsuliyyət daşıyır.Cavabdehlər tərəfindən əksi sübut olunmadığı yəni, miras kütləsinin olması təqzib olunmadığı təqdirdə, tələb edilən kredit öhdəliyi üzrə cavabdehlərin məsuliyyəti işin mübahisəsiz halıdır.
25. Prosessual qanunvericilik sübutetmə yükünün bir qayda olaraq tələb edən tərəfin üzərində olduğu barədə ümumi prinsipi əks etdirsə də, mübahisəyə tətbiq edilməli olan maddi hüquq normalarında tərəflərdən hansının işin hansı hallarını sübut etməli olması barədə fərqli qaydalar müəyyən oluna bilər. Mülki Məcəllənin 1307-ci maddəsi də sübutetmə yükünü fərqli qayda ilə müəyyən edən normalardan biridir.
26. Belə ki, Mülki Məcəllənin 1307-ci maddəsinə görə mirasın notarius tərəfindən siyahıya alındığı haldan başqa, vərəsə miras qoyanın borclarının mirasdan çox olduğunu sübut etməlidir.
27. Qeyd edilən normanın məzmunundan belə nəticə çıxır ki, mirasın notarius tərəfindən siyahıya alınmadığı hallarda vərəsə miras qoyanın borclarının mirasdan çox olduğunu sübut etməlidir.
28. Başqa sözlə, qanunvericilik bir halda vərəsəni miras qoyanın borclarının mirasdan çox olduğunu sübut etmək yükündən azad edir ki, bu da mirasın notarius tərəfindən siyahıya alındığı haldır.
29. Belə olan halda, məhkəmə hesab edir ki, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 bank qarşısında tələb edilən kredit öhdəliyi üzrə tam məsuliyyət daşımalıdırlar.
30. Həmçinin, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
31. Məhkəmə iddianın ödənilmiş dövlət rüsumunun və xidmət haqqının tutulması ilə bağlı hissəsini araşdıraraq hesab edir ki, iddia təmin olunduğundan, dövlət rüsumu və xidmət haqqı ilə bağlı tələb də təmin edilməli, cavabdehlərdən ödənilmiş 30 manat dövlət rüsumu və 0,4 manat xidmət haqqı tutularaq iddiaçıya ödənilməlidir.
32. Belə olan halda, məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 birgə qaydada 592,82 (beş yüz doxsan iki manat səksən iki qəpik) manat əsas borc, 28,95 (iyirmi səkkiz manat doxsan beş qəpik) manat faiz borcu olmaqla, ümumilikdə 621,77 (altı yüz iyirmi bir manat yetmiş yeddi qəpik) manat məbləğində pul, habelə 30 (otuz) manat ödənilmiş dövlət rüsumunun və 0,4 (qırx qəpik) manat xidmət haqqının əvəzi alınaraq iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilməlidir.
33. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
34. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.
35. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.
36. Eyni Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
37. Qeyd olunan Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
38. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
Nəticə hissəsi:
39. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 birgə qaydada 592,82 (beş yüz doxsan iki manat səksən iki qəpik) manat əsas borc, 28,95 (iyirmi səkkiz manat doxsan beş qəpik) manat faiz borcu olmaqla, ümumilikdə 621,77 (altı yüz iyirmi bir manat yetmiş yeddi qəpik) manat məbləğində pul, habelə 30 (otuz) manat ödənilmiş dövlət rüsumunun və 0,4 (qırx qəpik) manat xidmət haqqının əvəzi alınaraq iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Aynur Behbudova