Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2(060)-4736/2023 06.10.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Abdullayev Emin Ağamusa oğlunun sədrliyi, X1 oğlunun katibliyi ilə, iddiaçı X2 "xxxx" ASC-nin Cavabdeh qarşı kredit borcunun qaytarılması tələbinə dair mülki işə Sumqayıt Şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X2 "xxxx" ASC (bundan sonra - iddiaçı) Cavabdeh (bundan sonra – cavabdeh) qarşı kiçik iddialara dair sadələşdirilmiş icraat qaydasında, iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, 4718,29 manat əsas borc, 87,56 manat faiz borcu və iş üzrə ödənilmiş 69,30 manat dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Bakı filialı ilə cavabdeh arasında bağlanmış 30 sentyabr 2019-cu il tarixli kredit müqaviləsinə əsasən cavabdehə 60 ay müddətinə, illik 1 faiz dərəcəsi ilə 4718,29 manat məbləğində kredit verilmişdir. Bank tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, cavabdeh həmin müqavilə üzrə üzərinə düşən öhdəlikləri yerinə yetirməmişdir. Borcun ödənilməsi barədə cavabdehə dəfələrlə şifahi müraciət olunmasına, habelə xx.xx.2022-ci tarixli, **********488 saylı bildiriş məktubunun göndərilməsinə baxmayaraq, cavabdehlər borcun ödənilməsi üçün heç bir tədbir görməmişlər. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadı ilə iş üzrə iddia icaatına keçilmişdir. İddiaçının nümayəndəsi elektron formada ərizə ilə məhkəməyə müraciət edərək işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə iclası barədə məlumat verilməsinə baxmayaraq cavabdeh məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra - MPM) 185-ci maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəfindən iş üzrə aşağıdakı sübutlar tədqiq edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BPQMİ-nin MAPS şöbəsinin arayışlarından və şəxsiyyət vəsiqələrindən görünür ki, cavabdeh xx.xx.1977-ci ildə, ünvan 1 ünvanında qeydiyyatdadır. İş materialları ilə müəyyən edilir ki, cavabdeh xx.xx.1977-ci ildə anadan olmuşdur. O, ünvan 2 ünvanında qeydiyyatdadır. Tərəflər arasında bağlanmış 30 sentyabr 2019-cu il tarixli, 104.L.N.1675.300919.00001 nömrəli kredit müqaviləsinə əsasən iddiaçı cavabdehə 60 ay müddətinə, illik 1 faiz dərəcəsi ilə 4718,29 manat məbləğində kredit vermişdir. 30 sentyabr 2019-cu il tarixli ödəniş cədvəlinə əsasən cavabdeh iddiaçıya olan borcunu 60 ay müddətinə aylıq ödənişlərlə qaytarmalı idi. İddiaçı tərəfindən cavabdehə borcun ödənilməsi ilə bağlı xəbərdarlıq məktubu göndərilmişdir. xx.xx.2022-ci il tarixli maliyyə arayışına əsasən cavabdehin xx.xx.2022-ci il tarixinə banka əsas borc üzrə 4718,29 manat, faiz borcu üzrə 87,56 manat olmaqla, cəmi 4805,85 manat borcu vardır. İşdə olan mədaxil qəbzindən görünür ki, iddiaçı iddia ərizəsinin verilməsi üçün 69,30 manat dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinə (bundan sonra – Mülki Məcəllə) əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür (739.1). Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər (739.2). Göründüyü kimi iddiaçı ilə cavabdeh arasında kredit müqaviləsi bağlanmışdır. Mülki Məcəllədə qeyd edilir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır (385.1). Öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür (442). Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır (445.2.1). Göründüyü kimi cavabdeh kredit müqaviləsinə əsasən üzərinə götürdüyü öhdəlikləri lazımınca yerinə yetirməmiş və onun banka əsas borc üzrə 4718,29 manat, faiz borcu üzrə 87,56 manat borcu qalmışdır. Cavabdeh kredit müqaviləsi üzrə öhdəliklərini lazımınca yerinə yetirmədiyi üçün iddiaçı müqavilə üzrə əsas və faiz borcunun tutulması tələbi ilə çıxış etməkdə haqlı olmuşdur. MPM-in 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə məhkəmə hesab edir ki, iddia təmin edildiyindən iş üzrə iddiaçı tərəfindən iddia ərizəsinin verilməsi ilə əlaqədar ödənilmiş 69,30 manat dövlət rüsumu cavabdehə aid edilməlidir. Yuxarıdakılara əsasən və MPM-in 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Əsas borc üzrə 4718,29 manat, faiz borcu üzrə 87,56 manat olmaqla, cəmi 4805 (dörd min səkkiz yüz beş) manat 85 (səksən beş) qəpik məbləğində pul və ödənilmiş 69 (altmış doqquz) manat 30 (otuz) qəpik dövlət rüsumu Cavabdeh tutularaq iddiaçı X2 "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Emin Abdullayev
Məhkəmə qərarları › İş №e-2(060)-4736/2023
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(060)-4736/2023
06.10.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver