Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2(060)-4739/2025 16.10.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Kazımov Elçin Məmməd oğlunun sədrliyi, Bəhramlı Ümid Fəxri oğlunun katibliyi, İddiaçının vəkili və nümayəndəsi Nümayəndə1, Cavabdehin vəkili və nümayəndəsi Nümayəndə2 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə Sumqayıt Şəhər Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 70000 manat məbləğində pulun və 300 manat dövlət rüsumunun əvəzinin alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, o, xx.xx.2016-cı il tarixdə Cavabdeh ilə kredit müqaviləsi bağlamışdır. Həmin müqaviləyə əsasən cavabdeh ondan 50000 ABŞ dolları (85000 manat) borc pul almışdır. Lakin cavabdeh həmin məbləğdən bu günə qədər, sonuncu dəfə 2025-ci ilin yanvar ayında 5000 manat olmala, cəmi 15000 manat vəsait qaytarmışdır. Göründüyü kimi, cavabdeh müqavilə üzrə öhdəliklərini yerinə yetirməmişdir. Onu da qeyd edim ki, cavabdehdən borcunu qaytarmasını dəfələrlə tələb etmişdir. Eyni zamanda, xx.xx.2025-ci il tarixdə cavabdehə rəsmi pretenziya göndərmiş və həmin pretenziya xx.xx.2025-ci il tarixdə cavabdeh tərəfindən qəbul edilmişdir. Buna baxmayaraq, Cavabdeh bu günə qədər qalan 70000 manat borcunu qaytarmamışdır. Göstərilənlərə əsasən iddia təmin olunmalıdır. Məhkəmə iclasında iddiaçının Nümayəndə1 iddia tələbini müdafiə edərək iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında cavabdehin vəkili və nümayəndəsi Nümayəndə2 iddia tələbini qəbul etmədi. O, qeyd etdi ki, verilən borca faiz tətbiq edilmişdir və cavabdeh borcunu artıqlaması ilə qaytarmışdır. Buna görə də iddia təmin oluna bilməz. Məhkəmə, proses iştirakçılarını dinləyib, iş materiallarını araşdıraraq və iş üzrə sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan: - Notarial qaydada təsdiq edilmiş xx.xx.2016-cı il tarixli kredit müqaviləsindən görünür ki, Cavabdeh idiaçıdan faizsiz olaraq 50000 ABŞ dolları borc almışdır və 6 ay müddətinə geri qaytarmağı öhdəsinə götürmüşdür. - Notarial qaydada təsdiq edilmiş xx.xx.2023-cü il tarixli müqaviləyə düzəlişə dair müqavilədən görünür ki, xx.xx.2022-ci il tarixli kredit müqaviləsinə dəyişiklik edilərək Cavabdeh idiaçıdan aldığı borcu xx.xx.2024-cü il tarixədək geri qaytarmağı öhdəsinə götürmüşdür. - AR DİN BDYPİ-nin xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, “Mercedes Benz S 350” markalı ** FA *** dövlət qeydiyyat nömrəli nəqliyyat vasitəsi xx.xx.2024-cü il tarixdə Cavabdeh adına qeydiyyata alınmış, xx.xx.2024-cü il tarixdə alqı-satqı müqaviləsi əsasında onun adından qeydiyyatdan çıxarılaraq İddiaçı adına rəsmiləşdirilmişdir. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, Cavabdeh iddiaçıdan 50000 ABŞ dolları (85000 manat) faizsiz borc almışdır. Sumqayıt şəhər 3 saylı notariat ofisində xx.xx.2016-cı il tarixdə kredit müqaviləsi bağlanmış və həmin müqavilə üzrə cavabdeh xx.xx.2017-ci il tarixədək pulu geri qaytarmağı öhdəsinə götürmüşdür. İşdən görünür ki, həmin borcdan hazırki tarixədək 15000 manat qaytarılsa da, 70000 manat borc qaytarılmamışdır. Məhkəmə iddia tələbi ilə bağlı aşağıdakı hüquq normalarının qeyd edilməsini zəruri hesab edir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətlərdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə görə, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Bu Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş diqər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Sözügedən Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 80-ci maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Həmin Məcəllənin 82.1-ci maddəsinə əsasən hamıya bəlli olan hallar və ya faktlar mübahisə edilə bilməz və onların sübuta ehtiyacı yoxdur. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh 70000 manat alınaraq İddiaçı verilməlidir. Eyni zamanda iddia tələbinin təmin edilən hissəsi 70000 manat olduğundan iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumunun əvəzi kimi 300 manat da cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Borcun tamamilə qaytarılması barədə cavabdehin dəlilləri əsassızdır, çünki o, bu halları təsdiq edən mötəbər sübutları məhkəməyə təqdim edə bilməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Yenə də həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh 70000 manat borc və 300 manat dövlət rüsumunun əvəzi tutularaq İddiaçı verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Elçin Kazımov
Məhkəmə qərarları › İş №e-2(060)-4739/2025
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(060)-4739/2025
16.10.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver