Məhkəmə qərarları › İş №e-2(060)-4741/2025

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(060)-4741/2025

23.01.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2(060)-4741/2025 23.01.2026 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ iddiaçı LPO İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı borcun tutulması barədə iş üzrə (açar sözlər: borcun tutulması, ekspert rəyi) Giriş hissə: Hakim İmamverdiyeva Pərvin Arif qızının sədrliyi, Vəlixanova Pəri Murtuza qızının katibliyi, iddiaçı LPO İddiaçı Açıq Səhmdar Cəmiyyətinin etibarnamə üzrə nümayəndəsi Nümayəndə2, Cavabdeh1 iştirakları ilə iddiaçı LPO İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı borcun tutulması tələbinə dair mülki işə Sumqayıt Şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: a) iddia tələbi

1. İddiaçı cavabdehlərə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 21 iyun 2019-cu il tarixli, MBNP ***-*******FİMSA210619-01 nömrəli kredit müqaviləsi üzrə banka ödənilməmiş cəmi 5112.71 (beş min yüz on iki manat 71 qəpik) manat məbləğində borcunbundan 4944.72 (dörd min doqquz yüz qırx dörd manat 72 qəpik) manat əsas borcun, 112.79 (bir yüz on iki manat 79 qəpik) manat müqavilə müddəti üçün hesablanmış faiz borcunun və 55.20 (əlli beş manat 20 qəpik) manatı isə kredit müqaviləsinin müddəti bitəndən sonra AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən illik 5%-lə əsas borca hesablanmış faiz borcunun və iş üzrə ödənilmiş 71.13 (yetmiş bir manat 13 qəpik) manat dövlət rüsumunun cavabdehlər Cavabdeh1 və Cavabdeh2 birgə qaydada tutularaq ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Sumqayıt filialı ilə Cavabdeh1 arasında “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli Fərmanına müvafiq olaraq bağlanmış 21 iyun 2019-cu il tarixli, MBNP ***-*******FİMSA210619-01 nömrəli kredit müqaviləsinə əsasən 3 aprel 2015-ci il tarixli, 030415/183207 nömrəli kredit müqaviləsi üzrə əsas borc məbləğinin restrukturizasiyası üçün Cavabdeh1 5 (beş) il müddətinə, illik 1 (bir) faiz dərəcəsi ilə 7503.22 (yeddi min beş yüz üç manat 22 qəpik) manat məbləğində güzəştli şərtlərlə kredit verilmişdir. Cavabdeh1 kredit verilərkən Cavabdeh2 ilə bank arasında 21 iyun 2019-cu il tarixli, MBNP ***-*******FİMSA210619-01/ZM/1 nömrəli Zaminlik müqaviləsi bağlanmışdır. Bu müqavilənin 2.2-ci bəndinə əsasən zamin durmuş şəxs borc alanın kredit müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədiyi və ya lazımınca yerinə yetirmədiyinin nəticəsində əmələ gələn faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və bununla bağlı digər zərərin əvəzinin ödənilməsinə görə bank qarşısında borc alan ilə eyni həcmdə məsuliyyət daşıyır. Kredit müqaviləsinin 1.1, 2.4 və 3-cü bəndlərinə əsasən Cavabdeh1 kredit müqaviləsi ilə müəyyən edilmiş müddətdə və qaydada kredit məbləğini və ona hesablanacaq faizləri ödəmək barədə bank qarşısında öhdəlik götürsə də o, bu öhdəlikləri lazımınca yerinə yetirməmişdir. Kredit müqaviləsinin şərtlərinə əsasən borcalan bu müqavilə üzrə kreditin qaytarılması və faizlərin ödənilməsi öhdəliklərini yerinə yetirmədikdə və kreditin bütün məbləğinin, kreditdən istifadəyə görə faizlərin və müqavilədə nəzərdə tutulmuş cərimələrin ödənilməsini tələb etməyə bankın hüququ vardır. Borcun ödənilməsi barədə cavabdehlərə dəfələrlə şifahi müraciət olunmasına və bildirişlə isə yazılı qaydada xəbərdar edilmələrinə baxmayaraq cavabdehlər kredit borcunun banka ödənilməsi üçün heç bir tədbir görməmişlər. Göründüyü kimi bank tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, cavabdehlər həmin müqavilə üzrə üzərlərinə düşən öhdəlikləri yerinə yetirməmişdir. Bu səbəbdən də Cavabdeh1 21 iyun 2019-cu il tarixli, MBNP ***-*******FİMSA210619-01 nömrəli kredit müqaviləsi üzrə 11 sentyabr 2024-cü il tarixə banka ödənilməmiş cəmi 5112.71 (beş min yüz on iki manat 71 qəpik) manat məbləğində borcu vardır. Bundan 4944.72 (dörd min doqquz yüz qırx dörd manat 72 qəpik) manatı əsas borc, 112.79 (bir yüz on iki manat 79 qəpik) manatı müqavilə müddəti üçün hesablanmış faiz borcu və 55.20 (əlli beş manat 20 qəpik) manatı isə kredit müqaviləsinin müddəti bitəndən sonra AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən illik 5%-lə əsas borca hesablanmış faiz borcu təşkil edir. b) iddiaya etiraz

3. Cavabdeh tərəfindən iddiaya etiraz daxil olmamışdır.

c) məhkəmə icraatı iştirakçılarının izahatları

4. Məhkəmə iclasında iştirak edən iddiaçı LPO İddiaçı Açıq Səhmdar Cəmiyyətinin etibarnamə üzrə nümayəndəsi Nümayəndə2 iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbini müdafiə etdiyini bildirdi və iddia tələbinin təmin edilməsini xahiş etdi. Əlavə olaraq qeyd etdi ki, xx.xx.2022-ci il tarixdə X1 1500 manat ödəniş etməklə zaminlik müqaviləsinə xitam verilməsi üçün müraciətinə baxılmış, X1 zaminliyinə xitam verilmişdir. Həmin məbləğ hesabdan çıxarışda öz əksini tapır.

5. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 bildirdi ki, iddianı qəbul etmir. Əvvəla, hazırkı işdə iddiaçının nümayəndəsi ona kredit verilməsi prosesində iştirak etməmişdir. İkincisi, onun kredit borcu Prezidentin sərəncamına düşmüşdür. Bu halla əlaqədar borcu silinməli, onunla bağlanmış müqavilədəki məbləğ 7000 manat yox, 6000 manat olmalı idi. Lakin o, borcu restrukturizasiya edilərkən müqaviləyə baxmamış imzalamışdır. Prezidentin sərəncamına düşən hissədəki məbləğin borcundan çıxılmasını tələb etmişdir. Bundan başqa bank bağlandıqdan sonra ödəniş etməmişdir. Ödəniş etməsi ilə bağlı da ona xəbərdarlıq olunmamışdır. Xəbərdarlıq edilsə idi, ödəniş edərdi. Bank neçə illər gözləmiş, faizlər yığıldıqdan sonra borcu tələb etmişdir. Həmçinin, etdiyi ödənişlər isə nəzərə alınmamışdır. Məhkəmə tərəfindən verilmiş suallara cavab olaraq bildirdi ki, onun hesablamalarına görə qalıq borcu ən çoxu 2500-3000 manat olar. Cavabeh qeyd edilənlərin nəzərə alınmasını və işə ədalətli baxılmasını xahiş etdi.

6. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada (SMS xəbərdarlığın AZEMİS vasitəsi ilə göndərilməsinə dair bildirişə əsasən) xəbərdar edilməsinə baxmayaraq iş üzrə digər Cavabdeh2 məhkəmə iclasına gəlməmiş və məhkəməyə gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-nin 185-ci maddəsinə əsasən məhkəmə işə həmin cavabdehin iştirakı olmadan baxmağı mümkün hesab etmişdir.

Əsaslandırıcı hissə:

a) mülki işin materialları

7. LPO İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh1 arasında bağlanmış 21 iyun 2019-cu il tarixli, MBNP ***-*******FİMSA210619-01 nömrəli kredit müqaviləsindən görünür ki, Bank tərəfindən 3 aprel 2015-ci il tarixli, 030415/183207 nömrəli kredit müqaviləsi üzrə əsas borc məbləğinin restrukturizasiyası üçün Cavabdeh1 5 (beş) il müddətinə, illik 1 (bir) faiz dərəcəsi ilə 7503.22 (yeddi min beş yüz üç manat 22 qəpik) manat məbləğində güzəştli şərtlərlə kredit verilmişdir.

8. LPO İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh2 arasında bağlanılmış 21 iyun 2019-cu il tarixli, MBNP ***-*******FİMSA210619-01/ZM/3 nömrəli Zaminlik müqaviləsindən görünür ki, Cavabdeh2 kreditor qarşısında borclunun kredit müqaviləsi üzrə öhdəliklərin tam həcmdə yerinə yetirilməsinə görə məsuliyyəti tam olaraq üzərinə götürmüşdür.

9. xx.xx.2024-cü il tarixli xəbərdarlıq məktubundan görünür ki, LPO İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən Cavabdeh1 və Cavabdeh2 yaranmış borcu ödəməyəcəyi təqdirdə məhkəməyə müraciət olunacağı barədə yazılı bildiriş ünvanlanmışdır.

10. xx.xx.2024-cü il tarixli maliyyə arayışından görünür ki, LPO İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə bağlanmış müqaviləyə əsasən Cavabdeh1 xx.xx.2024-cü il tarixə 4944.72 manat əsas, 112.79 manat müqavilə müddəti üçün hesablanmış faiz və 55.20 (əlli beş manat 20 qəpik) manatı isə kredit müqaviləsinin müddəti bitəndən sonra AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən illik 5%lə əsas borca hesablanmış faiz borcu olmaqla, cəmi 5112.71 manat borcu vardır.

11. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2025-ci il tarixli, 9/4379 saylı rəyindən görünür ki, Cavabdeh1; ~ xx.xx.2019-cu il tarixli müqavilə üzrə (güzəşt müddəti 0 ay) ödəniş cədvəli və hesabdan çıxarış nəzərə alınmaqla, xx.xx.2024-cü il tarixə 4944.25 manat əsas, 120.31 manat faiz borcu; ~ xx.xx.2019-cu il tarixli müqavilə üzrə (güzəşt müddəti 12 ay) ödəniş cədvəli və hesabdan çıxarış nəzərə alınmaqla, xx.xx.2024-cü il tarixə 4879.04 manat əsas, 118.72 manat faiz borcu vardır.

b) mülki iş üzrə tətbiq edilən hüquq

12. Azərbaycan Respublikası Mülki Məcəlləsi: Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır; Maddə 399.1. Müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur; Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; Maddə 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Maddə 445.2.1.Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır və icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Maddə 465.2. Əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər; Maddə 470.1. Zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Maddə 472.1. Borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Maddə 477.0. Zaminliyə aşağıdakı hallarda xitam verilir: 477.0.4. zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda. Belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Maddə 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Maddə 739.2. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. (əvvəlki redaksiyada)

13. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 24 dekabr 2014-cü il tarixli Qərarı: “İcranın gecikdirilməsi zamanı qanunla nəzərdə tutulmuş minimal faizlərin ödənilməsi imkanı MM-in 445.7-ci maddəsindən irəli gəlir. Həmin normada pul öhdəliklərinin spesifik xüsusiyyətləri nəzərə alınmaqla, pul məbləğinin ödənilməsinin gecikdirilməsinin xüsusi hüquqi nəticələri müəyyən edilmişdir. Belə ki, göstərilən maddənin tələblərinə görə, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, MM-in 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir.”

14. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir; Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 103.1. Ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Maddə 119. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır;

c) məhkəmənin mövqeyi

15. İşin müəyyən olunmuş faktiki hallarına mübahisənin maddi hüquqi əsasları baxımından qiymət verən məhkəmə hesab edir ki, kredit müqaviləsinə əsasən borc məbləğinin ödənilməsi ilə bağlı öhdəliyi pozaraq, müqavilə ilə nəzərdə tutulan müddətdə ödəməyən, onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar və öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyan cavabdeh müqavilə üzrə iddiaçıya olan borcunu ödəməlidir.

16. Bu mənada məhkəmə iddiaçı tərəfin dəlilləri ilə razılaşır.

17. Borcun əsası olan kredit müqaviləsindən görünür ki, 03 aprel 2015-ci il tarixli, 030415/183207 nömrəli kredit müqaviləsi üzrə əsas borc məbləğinin restrukturizasiyası üçün cavabdehə 5 (beş) il müddətinə, illik 1 (bir) faiz dərəcəsi ilə 7503.22 (yeddi min beş yüz üç manat 22 qəpik) manat məbləğində güzəştli şərtlərlə kredit verilmişdir.

18. Cavabdehlər aylıq ödənişlərin vaxtında yerinə yetirilməsi ilə bağlı öhdəliyini pozmuş, iddiaçı isə cavabdehlərdən qalıq əsas borc 4944.72 manat əsas, 112.79 manat müqavilə müddəti üçün hesablanmış faiz və AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 55.20 manat faiz borcunun tutulmasını xahiş etmişdir.

19. Məhkəmə işdə olan ödəniş cədvəlləri ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” 28 fevral 2019-cu il tarixli Fərmanının 8.8-ci bəndinə əsasən güzəştli kredit dedikdə fiziki şəxslərin vaxtı keçmiş kredit borclarının restrukturizasiyası məqsədilə onlara banklar tərəfindən illik faiz dərəcəsi 1 faiz, banklara isə Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən illik faiz dərəcəsi 0,1 faiz olmaqla 5 il (1 il güzəşt müddəti ilə) müddətinə verilən kreditlər nəzərdə tutulur.

20. İş materiallarında olan və iddiaçı tərəfindən əlavə edilmiş ödəniş cədvəli həmin Fərmanın tələblərinə uyğun tərtib edilmiş, cavabdeh tərəfindən təqdim edilmiş ödəniş cədvəlində isə güzəşt müddəti müəyyən edilməmişdir.

21. İşin hərtərəfli, tam və obyektiv araşdırılması məqsədilə Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(060)-4741/2025 nömrəli qərardadı ilə mülki iş üzrə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmiş, ekspertizanın aparılması Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinə tapşırılmış və icraat dayandırılmışdır.

22. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2025-ci il tarixli, 9/4379 nömrəli ekspert rəyindən görünür ki, Cavabdeh1 xx.xx.2019cu il tarixli müqavilə üzrə (güzəşt müddəti 0 ay) ödəniş cədvəli və hesabdan çıxarış nəzərə alınmaqla, xx.xx.2024-cü il tarixə 4944.25 manat əsas, 120.31 manat faiz borcu; xx.xx.2019-cu il tarixli müqavilə üzrə (güzəşt müddəti 12 ay) ödəniş cədvəli və hesabdan çıxarış nəzərə alınmaqla, xx.xx.2024-cü il tarixə 4879.04 manat əsas, 118.72 manat faiz borcu müəyyən edilir.

23. Ekspert rəyində tədqiqat metodu göstərilmiş, tədqiqat prosesi ətraflı təsvir edilmiş, ekspert rəyini şübhə altına alan digər hallar aşkar edilməmişdir. Odur ki, məhkəmə ekspert rəyini mötəbər sübut qismində qəbul edir, Fərmanın tələblərinə uyğun tərtib edilmiş ödəniş cədvəlini əsas götürməklə müqavilə üzrə əsas borcun ekspert rəyində göstərilən məbləğdə, yəni 4879.04 manat tutulmalı olması qənaətinə gəlir.

24. Faiz borcunun məbləğinə gəldikdə ekspert rəyində faiz borcunun məbləği 118.72 manat göstərilsə də, iddiaçı 112.79 manat həcmində borc tələb etdiyindən, məhkəmə işə tələblər üzrə baxdığından faiz borcunun iddia tələbində göstərilən məbləğdə, yəni 112.79 manat tutulmalı olması qənaətinə gəlir.

25. Qeyd olunmalıdır ki, banklar əsasən bağladıqları kredit müqavilələri ilə faizlər əldə etmək üçün fəaliyyət göstərirlər və nəticə etibarilə verilən əsas borcla yanaşı, kredit müqaviləsində nəzərdə tutulan faizlərin əldə edilməməsi bankları ödənilməyən bu məbləği dəyərləndirmək imkanlarından məhrum edir. Buna görə də, kredit borcunu vaxtında ödəməməklə borclu kreditora faktiki olaraq əldən çıxmış fayda şəklində zərər vurmuş olur.

26. Məhkəmə həmçinin qeyd edir ki, iddia tələbi Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış pulun tutulması hissəsində qismən əsaslıdır.

27. Belə ki, adı çəkilən Qərarda göstərilmişdir ki, Kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. Bu zaman pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi illik beş faizdən yüksək olduqda, kreditor tərəfindən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsi ilə əlaqəli şəkildə kreditin ödənişi üzrə gecikdirilmiş vaxt üçün həmin Məcəllənin 449.1-ci maddəsinə müvafiq olaraq müəyyənləşdirilən miqdarda faizlər hesablanır.

28. İddiaçı Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən illik 5% ilə əsas borca (4944.72 manat) 55.20 manat faiz hesablamışdır.

29. Məhkəmə əsas borcun məbləğinin 4879.04 manat olması qənaətinə gəldiyindən, faiz borcu da həmin məbləğə uyğun hesablanmalı və 54.40 manat (4879.04 manat / 100 X 5 : 360 bank günü X 80 gecikmə günü) faiz borcu tutulmalıdır.

30. Məhkəmə zaminə münasibətdə qeyd edir ki, kreditor və borclu arasında bağlanan müqavilədən irəli gələn öhdəliklərin icrasını təmin edən zaminlik müqaviləsi aksessor xarakter daşıyır. Zaminliyin aksessor xarakteri ondan ibarətdir ki, zaminlik müqaviləsi icra edilməyən və ya lazımınca icra edilməyən əsas öhdəliyin icrasını təmin etmək məqsədi ilə borclunun öhdəliyinə əlavə kimi çıxış edir.

31. Mülki Məcəllənin zaminlik münasibətlərindən bəhs edən XXİV fəslinə aid 477-ci maddəsində zaminliyə xitam verilməsinin əsasları müəyyən olunmuş, göstərilmişdir ki, zaminliyə zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda, belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir.

32. Nəzərə alınmalıdır ki, bu müddət kəsici müddətdir. Kəsici müddət dedikdə – şəxsin müəyyən zaman ərzində öz hüququndan istifadə etməməsi nəticəsində həmin hüquqa xitam verilməsini nəzərdə tutan müddət başa düşülür. Belə hallarda hüquqa xitam verilməsi yalnız zamanın keçməsindən deyil, müəyyənləşdirilmiş müddət ərzində hüquq sahibinin hərəkətsiz qalmasından irəli gəlir. Kəsici müddət subyektiv hüququn həyata keçirilməməsi və ya lazımi qaydada həyata keçirilməməsi halında bu hüququn vaxtından əvvəl xitamına səbəb olur. İddia müddəti cavabdehin verdiyi ərizə əsasında tətbiq edildiyi halda, kəsici müddət məhkəmənin öz təşəbbüsü ilə həyata keçirilir.

33. Hazırkı iş üzrə zaminin məsuliyyəti LPO İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh2 arasında bağlanılmış 21 iyun 2019-cu il tarixli, MBNP ***-*******FİMSA210619- 01/ZM/1 nömrəli zaminlik müqaviləsi əsasında yaranmışdır.

34. Bu halda həmin Cavabdeh2 qarşı iddia ərizəsi kredit müqaviləsi üzrə öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində verilə bilərdi. İş materiallarından görünür ki, tərəflər arasında bağlanmış kredit müqaviləsinin müddəti xx.xx.2024-cü il tarixdə bitmiş və həmin vaxtdan keçən 1 il müddətində, yəni xx.xx.2025-ci il tarixədək zaminə qarşı iddia irəli sürülməli idi.

35. Məhkəmə qeyd edir ki, elektron məhkəmə informasiya sistemində işə aid məlumatdan görünür ki, iddiaçı hazırkı iddia ərizəsi ilə məhkəməyə xx.xx.2025-ci il tarixdə, saat 17:23:42-də müraciət etmiş, mülki iş xx.xx.2025-ci tarixdə qeydiyyata alınmışdır.

36. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia eyni zamanda zamin qismində Cavabdeh2 yönəldiyindən, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıdığından, zaminin məsuliyyəti aradan qaldıran hər hansı hal aşkar edilmədiyindən məhkəmə hesab edir ki, iddia zaminə münasibətdə də təmin edilməlidir.

37. Məhkəmə xərclərlə bağlı məsələni müzakirə edərək hesab edir ki, iddia qismən təmin olunduğundan, iddiaçı tərəfindən ödənilmiş 71.13 manat dövlət rüsumunun iddianın təmin olunan hissəsinə uyğun olaraq 70.42 manat hissəsi cavabdehlərdən iddiaçının xeyrinə tutulmalıdır.

38. Cavabdeh borcun məbləğini mübahisələndirdiyindən, məhkəmənin təşəbbüsü ilə ekspertiza tədqiqatı aparıldığından və ekspert rəyi ilə cavabdehin borc məbləğinə münasibətdə şübhələrinin qismən haqlı olduğu üzə çıxdığından, rəydə əsas borcun iddiaçının tələb etdiyindən aşağı məbləğdə olduğu təsdiq olunduğundan ekspertiza tədqiqatının dəyəri iddianın təmin olunan hissələrinə mütənasib mülki proses tərəflərindən tutulmalıdır.

39. Məhkəmə cavabdehin izahatında qeyd etdiyi hallara münasibətdə bildirir ki, mülki məhkəmə icraatında sübutetmə institutu və sübutetmə yükünə dair qeyd olunmalıdır ki, hüquqi həqiqət prinsipi mülki prosesdə tərəflər və məhkəmə arasında müəyyən iş bölgüsünə gətirib çıxarır: tərəflər işin faktiki hallarını təqdim edir, məhkəmə isə sübutları qiymətləndirir və sonda hüququ tətbiq edir. Belə iş bölgüsü Roma hüququnun “da mihi factum, dabo tibi ius” (“mənə faktları ver, mən sənə uyğun hüququ verəcəm”) prinsipinə əsaslanır. Hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Təqdim olunmuş sübutlar əsasında həqiqətin müəyyən edilməsi isə məhkəmə tərəfindən sübutların düzgün qiymətləndirilməsindən asılıdır. Mülki işlər üzrə icraatda çəkişmə prinsipi isə tərəflərin öz hüquqi mövqeyini müdafiə etməsi üçün irəli sürdüyü tələb və etirazların əsaslarının sübut edilməsi imkanlarını və vasitələrini müəyyən edən sübutetmə qaydasıdır.

40. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını MPM-nin 77.1-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz. İstisnanı yalnız MPM-nin 82 və 106.3-cü maddələrində göstərilən hallar təşkil edir. MPM-in 14.1-ci maddəsində nəzərdə tutulmuş vəzifələr çərçivəsində işə baxan məhkəmə hansı halların iş üçün əhəmiyyət kəsb etdiyini, hansı tərəfin onları sübut etməli olduğunu və ya verilən tələbin təmin olunması üçün hansı halların sübut edilməli olduğunu tərəflərin istinad edibetməməsindən asılı olmayaraq onlarla müzakirə etməlidir. Sübutların qiymətləndirilməsi faktların müəyyənləşdirilməsi imkanına dair məntiqi fəaliyyətdir və işdə olan sübutlar əsasında işin həll olunması deməkdir. Sübutların qiymətləndirilməsi məhkəmə tərəfindən ilkin (məhkəmə araşdırmasının sonunda) və yekun (müşavirə otağında məhkəmə qətnaməsi qəbul edilərkən) qiymətləndirməni nəzərdə tutur. İlkin qiymətləndirmə ayrı-ayrı faktların müəyyən edilməsi üçün hər bir sübutun aid edilməsi, mümkünlüyü, mötəbərliyi və yetərliliyi nöqteyi-nəzərindən onun predmetinin keyfiyyətinə dair keçirilir. Sübutetmənin son mərhələsi məhkəmə tərəfindən bütün sübutların yoxlanılması əsasında verilən yekun hüquqi qiymətdir. İş üzrə qərarın əsasında yalnız obyektiv, qərəzsiz, hərtərəfli və tam yoxlanılmış sübutlar dayana bilər. Sübutların bu cür qiymətləndirilməsi məhkəmə iclasında sübutetmə predmetinə daxil olan tərəflərin bildirdiyi bütün faktların hərtərəfli, tam və qərəzsiz tədqiqi əsasında və yalnız qanuna əsaslanaraq hakim tərəfindən həyata keçirilir. Hər bir sübut aidiyyət, mümkünlük, mötəbərlik nöqteyi-nəzərindən, bütün sübutların məcmusu isə iş üzrə sübut edilməli olan faktların yetərliliyi baxımından qiymətləndirilir. Heç bir sübut məhkəmə üçün əvvəlcədən müəyyən edilmiş qüvvəyə malik deyil.

41. Konstitusiya Məhkəməsinin Plenumu qərarlarında qeyd etmişdir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir (“Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” 2016-cı il 23 fevral tarixli Qərar).

42. Belə ki, cavabdeh borcu mübahisələndiriyindən ekspertiza təyin edilmiş və ekspert rəyi alınmışdır. Cavabdeh tərəfindən təkrar ekspertizanın keçirilməsi ilə bağlı vəsatət daxil olmamışdır. Bundan başqa işdə olan hesabdan çıxarışdan göründüyü və cavabdeh özünün də etiraf etdiyi kimi ödəmələri bank ləğv prosesində olarkən dayandırdığından iddiaçı qanunvericiliyə uyğun olaraq məhkəməyə müraciət etməyə haqlı olmuşdur. Odur ki, məhkəmə cavabdehin etirazında göstərdiyi dəlillərlə razılaşmır.

43. Beləliklə, məhkəmə belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməli, 4879.04 manat əsas, 112.79 manat faiz, 54.4 manat faiz (AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış) və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 70.42 manat pul Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq LPO İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməli və keçirilmiş ekspertiza xərcinin əvəzi olan 100 manatın 20 manatı iddiaçıdan, 80 manatı isə cavabdehlərdən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN:**********; AZ34CTRE********************; SWİFT: CTREAZ22, Müxbir hesab: AZ41NABZ013601**********3944: Kod:210005; VÖEN:**********) ödənilməlidir.

Nəticə hissəsi:

44. Göstərilənlərə əsasən və MPM-in 119, 216-220, 227, 233, 358, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

qət etdi:

İddia qismən təmin edilsin. 4879.04 manat əsas, 112.79 manat faiz, 54.4 manat faiz (AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış) və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 70.42 manat olmaqla, cəmi 5116.65 manat məbləğində pul Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada LPO İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulsun. İddia qalan hissədə təmin edilməsin. LPO İddiaçı Açıq Səhmdar Cəmiyyətindən 20 manat, Cavabdeh1 və Cavabdeh2 80 manat məbləğində ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (VÖEN:**********; AZ34CTRE********************; SWİFT: CTREAZ22, Müxbir hesab: AZ41NABZ013601**********3944: Kod:210005; VÖEN:**********) ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə (“Elektron məhkəmə” İnformasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Pərvin İmamverdiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar